Humanitar elmlərin inkişaf strategiyası milli ideologiyaya cavab verməlidir

 

Müasir qloballaşma dövründə elmi-intellektual potensial davamlı və sabit inkişafın əsas meyarına çevrilərək hər bir dövlətə qarşıya qoyduğu strateji məqsədləri inamla həyata keçirmək, dünya arenasında layiqli yer tutmaq imkanı yaradır. İqtisadi inkişaf strategiyasını elmi-texniki əsaslar üzərində qurmaqla, innovasiya inkişafını dövlət quruculuğu prosesinin mühüm təminatı sayan, proqressiv ənənələrə istinad edən dövlətlər milli tərəqqiyə nail olur, iqtisadi, sosial və intellektual inkişaf müstəvisində rəqabətə davam gətirirlər. Reallıq göstərir ki, iqtisadi modernləşmə və demokratikləşməni təmin edən mühüm faktorlardan biri də məhz elmin, təhsilin səviyyəsinin durmadan yüksəldilməsi yolu ilə insan kapitalının formalaşdırılmasıdır.

 

Hazırda nəinki Avropanın, eləcə də Uzaq Şərqin, Asiyanın iqtisadi cəhətdən xüsusi inkişaf etmiş bəzi dövlətlərinin - Yaponiyanın, Cənubi Koreyanın, Malayziyanın, Sinqapurun informasiya-kommunikasiya texnologiyaları, ümumilikdə elmi-texniki tərəqqi sahəsində heyrətamiz uğurlara imza atması bu qənaətin doğruluğunu bir daha təsdiqləyir. Həmin dövlətlərin təkcə iqtisadi deyil, həm də vətəndaş cəmiyyəti təsisatlarının və demokratiyanın inkişafı sahəsində əldə etdiyi uğurlar müasir dövrdə elmi-intellektual inkişafın cəmiyyət üçün müstəsna əhəmiyyətini qabarıq önə çıxarır.

Azərbaycan Prezidenti İlham Əliyevin son 6 ildə qarşıya qoyduğu ən mühüm vəzifələrdən biri də məhz milli inkişafda intellektual irəliləyişə nail olmaqla dövlətin siyasi suverenliyinin, davamlı iqtisadi rifahının təmin edilməsindən ibarətdir. Ölkənin innovasiyalı inkişafına keçidin zəruriliyi insan kapitalının reallaşdırılmasına və ümumi rifah səviyyəsini təkmilləşdirmək məqsədilə insanların potensial imkanlarının səmərəli tətbiqinə əsaslanan elmi strategiyanın hazırlanmasını zərurətə çevirir. Qlobal rəqabət şəraitində respublikanın elmi potensialının davamlı şəkildə yüksəldilməsi, gənc, kreativ və intellektual səviyyəli insanların istedadından maksimum istifadə edilməsi dövlətin innovasiyalı inkişafını təmin etmək baxımından son dərəcə vacibdir. Milli elm və təhsil sistemi qloballaşan dünyanın reallıqlarını, habelə yeni nəslin yetişdirilməsi, tərbiyə olunması sahəsində müasir bilik və texnologiyaları, dünyada cərəyan edən pozitiv meyillərə cavab verən mütərəqqi metodları özündə əks etdirməlidir. Vətəndaşa sərmayə qoyulması, onun fərdi keyfiyyətlərinin və qabiliyyətlərinin inkişafı müasir texniki vasitələri dərindən mənimsəmiş yeni menecerlər sinfinin yaradılması, intellektin milli inkişafda prioritet amil kimi müəyyənləşdirilməsi ölkədə həyata keçirilən siyasətin ümumi mahiyyətini təşkil edir.

Azərbaycan Prezidenti İlham Əliyev yaradıcı zəka sahiblərinin, intellektual, kreativ kadrların, istedadlı insanların dövlətin lazımi diqqət və qayğısı ilə əhatə olunmasını son dərəcə vacib sayır. Ölkə başçısı dəfələrlə vurğulamışdır ki, iqtisadi resursların insan kapitalının inkişafına yönəldilməsi yolu ilə formalaşan yeni təfəkkürlü intellektual elita respublikanın perspektiv inkişafının əsas lokomotivi - aparıcı qüvvəsi kimi çıxış edəcəkdir. Keçid dövrünün geridə qaldığı, modernləşmə istiqamətində davamlı tədbirlərin həyata keçirildiyi hazırkı mərhələdə azərbaycançılıq ideologiyası ruhunda köklənən, mütərəqqi milli və bəşəri dəyərləri əxz edən yeni intellektual elitanın formalaşdırılmasında əsas ağırlıq isə məhz humanitar (ictimai) elmlərin üzərinə düşür.

Dövlətin milli varlığını - dilini, tarixini, ədəbiyyatını, folklorunu, mədəniyyətini, bir sözlə, milli-mənəvi özünəməxsusluğunu elmi səviyyədə araşdıran, tədqiqat və təhlil obyektinə çevirən humanitar elmlərin dövrün tələbləri səviyyəsində inkişafı, sovetlərdən qalma stereotiplərdən, köhnəlmiş və səmərəsiz elmi metodologiyalardan xilası ümumən Azərbaycanın dövlətçilik ideologiyasının düzgün məcrada inkişafı nöqteyi-nəzərindən aktualdır. Bu aktuallıq, ilk növbədə, Azərbaycanın avratlantik məkana inteqrasiya yolunda olması, sivil Qərb mədəniyyətinin təsirlərinə məruz qalması ilə şərtlənir. Belə bir şəraitdə humanitar elmlərin qarşısında duran ən başlıca vəzifə tədqiqat işlərini dövlətin ideoloji təməl prinsiplərinə uyğunlaşdırmaq, habelə bu sahədə bəşəri dəyərlərin milli maraqlar çərçivəsində inteqrasiyasına nail olmaqdır.

Son illər Azərbaycanda elmi-fəlsəfi düşüncənin düzgün məcrada formalaşmasına və inkişafına, eləcə də yeni dövrün tələbi kimi cəmiyyətdə həllini gözləyən bir sıra aktual nəzəri məsələlərin həllinə böyük töhfələr vermiş Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə noyabrın 21-də keçirilən Azərbaycanda humanitar və ictimai elmlər sahəsində yaranmış vəziyyətə həsr olunmuş müşavirə bütün respublikamızda olduğu kimi, universitetdə də rəğbətlə qarşılanmışdır. Müşavirədə qaldırılan məsələlərin aktuallığı, mövcud problemlərin həlli istiqamətində atılan addımlar, milli mədəni-mənəvi oriyentasiya haqqında deyilən dəyərli fikirlər artıq keçid dövrünü arxada qoymuş və inkişafının yeni mərhələsini yaşayan Azərbaycanda mühüm amil kimi dəyərləndirilmişdir. Müşavirədə həmçinin Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun səmərəliliyi xüsusi qeyd edilmiş və elmin müxtəlif sahələrində aparılan araşdırmaların daha da genişləndirilməsi və dünya elm məkanında Azərbaycan elminin layiqincə təmsil olunmasını təmin etməyin vacibliyi vurğulanmışdır.

Azərbaycanda humanitar elmlərlə məşğul olan nüfuzlu alim və müəllimlərin, elm, təhsil müəssisələrinin rəhbərlərinin, təhsil nazirinin, Milli Elmlər Akademiyası prezidentinin iştirakı ilə keçirilən müşavirədə çox ciddi məsələlərə toxunulmuş, problemlərə açıq və rasional yanaşma nümayiş etdirilmiş, habelə böhranlı vəziyyətdən çıxış yolları ilə bağlı dəyərli təkliflər irəli sürülmüşdür.

Ən yüksək səviyyədə belə bir müşavirənin keçirilməsi, ilk növbədə onu göstərir ki, ölkə rəhbərliyi hazırkı qloballaşma əsrində ictimai elmlərin xalqın mənəvi dəyərlərinin, ideologiyasının, milli özünəməxsusluğunun qorunmasındakı, habelə tarixi kökə bağlı müasir ruhlu intellektual gəncliyin formalaşmasındakı müstəsna rolunu düzgün dəyərləndirir. Tədbirdə dövlət başçısı İlham Əliyevin ictimai elmlər sahəsində yaranmış vəziyyətdən narahatlığını diqqətə çatdıran akademik Ramiz Mehdiyev demişdir: "İlk növbədə qeyd etmək istərdim ki, bizim toplantı cənab Prezident İlham Əliyevin bilavasitə tapşırığı əsasında keçirilir. Prezident hesab edir ki, müzakirə üçün çoxlu problemlər yığılıb qalıb. Onlar haqqında ətraflı söhbətə ehtiyac vardır".

"İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsi, bu mənada, yüksək elmi siqləti, aktuallığı, obyektiv tənqidi ruhu ilə nəinki elmi-mədəni mühitdə, ümumən cəmiyyətdə böyük maraqla qarşılanmışdır. İctimai və humanitar elmlərin hazırkı problemlərinin, bu sahələrdə elmi tədqiqatların üstün və qüsurlu cəhətlərini açıb göstərən əsər, ilk növbədə, analitik təhlili ilə diqqəti çəkir. Məqalədə milli humanitar və ictimai elmlərin ümumən çağdaş dövrün inkişaf təmayüllərini duya bilməməsi, milli ideologiya və dövlətçiliklə bağlı praktik mövzulardan kənarda qalması, aktuallığını itirmiş mövzular üzərində "baş sındırması" kimi vacib məsələlər vətəndaş və ziyalı yanğısı ilə qeyd olunmuşdur.

Etiraf etmək lazımdır ki, humanitar elm sahələrinin zamanla lazımi səviyyədə ayaqlaşa bilməməsi, ictimai-iqtisadi formasiya dəyişikliyinin doğurduğu mənəvi-psixoloji problemlərə, deformasiyalara açıq elmi təhlil və müzakirə kontekstində yanaşmadan konservativcəsinə uzaq olması son 15 ildə özünü qabarıq göstərən problemlərdəndir. Respublikamız dövlət müstəqilliyinə qovuşduqdan sonra humanitar sahədə çalışan alimlərin müəyyən qismi mürəkkəb ictimai-siyasi, iqtisadi proseslər fonunda yeni dövrün aktual fəlsəfi problemlərinin araşdırılmasına xüsusi maraq göstərməmiş, yaxud buna istiqamətlənmiş tədqiqatçılıq təşəbbüsləri obyektiv elmi nəticələrin əldə edilməsi baxımından yetərli olmamışdır. Açığı, son illərədək bu problem həm də elmin maliyyələşməsi mexanizmlərinin arzuolunan səviyyədə olmaması ilə şərtlənmişdir. Lakin Azərbaycan büdcəsinin gəlirlərinin əhəmiyyətli dərəcədə artımı ölkə rəhbərliyinə təhsilə, elmə ayrılan vəsaitləri ilbəil yüksəltmək, alimlərin tədqiqatçılıq marağını stimullaşdırmaq istiqamətində ciddi tədbirlər həyata keçirmək imkanı yaratmışdır.

Ötən 6 ildə elmin inkişafının maliyyə əsasları ilə yanaşı, Avropa standartlarına cavab verən mükəmməl qanunvericilik bazasının formalaşdırılması istiqamətində də müəyyən tədbirlər həyata keçirilmişdir. Bu da təsadüfi deyildir - respublikamız elmin inkişaf prioritetlərini dünyada və Avropa məkanında cərəyan edən proseslərə inteqrasiya olunmaqla müəyyənləşdirir. Bu, respublikamızın seçdiyi inkişaf strategiyasının mahiyyətindən irəli gəlir - demokratikləşmə, siyasi liberallaşma, insan hüquq və azadlıqlarının etibarlı təminatı, habelə insan kapitalının formalaşdırılması məsələləri elmin humanistləşdirilməsini, həmin yönümdə dövrlə səsləşən mütərəqqi islahatların aparılmasını zəruri edir. "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" 31 yanvar 2008-ci il tarixli sərəncam da bu baxımdan xüsusi vurğulanmalıdır. Sənəddə qeyd olunur ki, 2001-ci ildən etibarən Azərbaycan Respublikasının Avropa Şurasına üzv olması ölkəmizin Avropa məkanına inteqrasiyasını sürətləndirmişdir. Bu proseslərin tərkib hissəsi kimi Azərbaycan Avropa ölkələrinin təhsil nazirləri tərəfindən qəbul edilmiş Bolonya deklarasiyasını imzalamaqla respublikanın ali təhsil müəssisələrinin Avropa təhsil sisteminə inteqrasiyası yolunda mühüm addım atmışdır. Azərbaycanın dünyada analoqu olmayan iqtisadi inkişafı ümumavropa təhsil məkanına inteqrasiya proseslərinin daha da sürətləndirilməsini və bu sahədə həyata keçirilən işlərin intensivləşdirilməsini tələb edir. Ölkənin intellektual potensialının gücləndirilməsinin Azərbaycanın inkişaf strategiyasının əsas müddəalarından biri olması ali təhsil sistemində islahatlara dair müvafiq dövlət proqramının hazırlanması zərurətini meydana çıxarmışdır.

Respublikanın dinamik sosial-iqtisadi inkişafının hazırkı mərhələsində dövlət idarəçiliyi sahəsində müasir idarəetmə təfəkkürünə malik ixtisaslı mütəxəssislərin yetişdirilməsi məsələsi mühüm aktuallıq kəsb edir. Mütərəqqi Qərb dəyərlərini dərindən mənimsəyən, qabaqcıl ölkələrin elmi-texniki yeniliklərini əxz edən, müasir idarəçilik məktəbi keçən gənclərin formalaşması məsələsi zaman keçdikcə tarixi zərurətə çevrilir. Azərbaycan Prezidentinin 19 oktyabr 2006-cı il tarixli "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında" sərəncamı da bu sahədə həyata keçirilən dövlət siyasətində ardıcıllığın və sistemliliyin təmin olunması məqsədi daşımışdır. Dövlət Proqramı məhz azərbaycanlı gənclərin müəyyən elmi istiqamətlər üzrə dövlət hesabına xaricdə təhsil almalarını nəzərdə tutur. Sənəd əsasında "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" hazırlanaraq Azərbaycan Prezidentinin 16 aprel 2007-ci il tarixli sərəncamı ilə təsdiq olunmuşdur. Proqrama uyğun olaraq 2015-ci ilədək dövlət 5 min azərbaycanlı gəncin xarici ölkələrdə təhsil almasını maliyyələşdirəcəkdir.

2007-ci ilin əvvəllərindən başlayaraq elm xadimlərinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə bir sıra əlavə sərəncamlar imzalanmışdır. Dövlət başçısının 23 yanvar 2007-ci il tarixdə imzaladığı sərəncamla AMEA sistemində çalışan əməkdaşların məvacibləri 50 faiz qaldırılmış, eləcə də fevral ayının 1-dən aspirantların təqaüdündə əsaslı artım baş vermişdir. Cənab İlham Əliyevin 18 aprel 2007-ci il tarixdə imzaladığı daha bir sərəncamla AMEA-nın həqiqi üzvlərinin aylıq rütbə maaşı 1000 manat, müxbir üzvlərin aylıq rütbə maaşları isə 700 manat civarında müəyyənləşdirilmişdir. Bununla belə, cənab İlham Əliyev hesab edir ki, elm adamlarının hazırkı məvacibi ümumən qənaətbəxş sayıla bilməz və ölkənin iqtisadi imkanları artdıqca bu sahəyə göstərilən diqqət və qayğı da artmalıdır. 2008-2009-cu dərs ili qarşısında AMEA sistemində çalışanların məvaciblərinin 25 faiz artırılması da elmin inkişafı naminə həyata keçirilən davamlı dövlət siyasətində növbəti addımdır.

Azərbaycan Prezidenti İlham Əliyevin 10 aprel 2008-ci il tarixli "Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında", 4 may 2009-cu il tarixli "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında", 22 may 2009-cu il tarixli "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında", 22 oktyabr 2009-cu il tarixli "Elmin İnkişafına Yardım Fondunun yaradılması haqqında" sərəncamları məhz elm sahəsində həllini gözləyən problemlərin aradan qaldırılmasına xidmət edir. Bütün bunlardan əlavə, Azərbaycanın iqtisadi sahədə keçid dövrünü başa vurması humanitar elmlərin qarşısında bir sıra yeni vəzifələri aktuallaşdırır.

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsində haqlı olaraq vurğulayır ki, Azərbaycanın davamlı tərəqqisi və iqtisadi sahədə keçid mərhələsini uğurla başa çatdırması elmi ictimaiyyət qarşısında da yeni hədəflər müəyyənləşdirir. "İndi cəmiyyətimiz qarşısında, ilk növbədə, elmi elita qarşısında mühüm vəzifələrin həlli məsələsi dayanır. Əsas məqsədimiz ondan ibarətdir ki, yaxın illərdə təhsildə, elmdə, ümumən intellektual sahələrdə ciddi dönüş yaradılmalı və biliklərə əsaslanan iqtisadiyyatın qurulması prosesi intensivləşməlidir. Ümummilli əhəmiyyət kəsb edən bir sıra məsələləri biz yeni şəraitdə təhlil etməliyik. Bütün Yer kürəsini əhatə etmiş qloballaşma milli məkana bəzən birmənalı olmayan şəkildə ciddi təsir göstərir. Belə dəyişkən siyasi, iqtisadi və sosial-mədəni paradiqmaların mövcudluğu şəraitində çalışmalıyıq ki, milli varlığımıza bağlı dəyərlərə xələl gəlməsin. Tariximizi, mədəniyyətimizi və bizi birləşdirən mənəvi dəyərləri qoruyub saxlamaq indi hər birimizin ən ümdə vəzifəsidir", - deyən akademik Ramiz Mehdiyev indiki şəraitdə fəlsəfənin və ümumiyyətlə, ictimai elmlərin aktuallığının artdığını diqqətə çatdırmış, həmçinin vurğulamışdır ki, hazırda əsas məqsəd yaxın illərdə təhsildə, elmdə və ümumən intellektual sahələrdə ciddi dönüşün yaradılmasından ibarətdir.

Azərbaycanın ictimai və humanitar elm sahələrinin müasir durumunu kifayət qədər dolğun, obyektiv və peşəkarlıqla canlandıran görkəmli akademik ümumən cəmiyyəti narahat edən neqativ təzahürlərə də kəskin iradını ifadə etmişdir. Məqalədə kifayət qədər peşəkarlıqla diqqətə çəkilən məsələləri humanitar elmlərin gələcək inkişaf strategiyasının düzgün müəyyənləşməsinə təkan verəcək elmi-konseptual baxış kimi də səciyyələndirmək olar. Əsərin ümumi ruhu deməyə əsas verir ki, ölkə rəhbərliyi hazırkı qloballaşma əsrində humanitar və ictimai elmlərin xalqın mənəvi dəyərlərinin ideologiyasının, milli özünəməxsusluğunun qorunmasında, habelə tarixi kökə bağlı milli ruhlu intellektual gəncliyin formalaşmasında müstəsna rolunu obyektiv dəyərləndirməklə yanaşı, alimlərdən bu yönümdə konkret, real iş gözləyir. Akademik Ramiz Mehdiyevin vurğuladığı kimi, ictimai elmlər sosial sifarişlərə çevik reaksiya verməli, ətalət, gözləmə və passiv seyrçi mövqeyində durmamalı, cəmiyyətin mənəvi potensialının vahid ümummilli məqsədlər naminə səfərbər olunmasında öz sözünü deməlidir.

Xatırlatmaq lazımdır ki, hələ dövlət başçısı İlham Əliyevin 10 aprel 2008-ci il tarixli "Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında" sərəncamında bu sahədə mövcud problemlərə toxunulmuş, habelə elmin qarşısında duran strateji vəzifələrdən söz açılmışdı. Sərəncamda xüsusi vurğulanırdı ki, Azərbaycanda ümumən elmin maliyyələşmə mexanizmləri və elmi işçilərin sosial təminatı məsələləri hələlik günün tələbləri səviyyəsində deyildir. Ölkədə aparıcı alimlər nəslinin yaşlaşması və gənc nəslin elmə axınının zəifləməsi elmdə kadr potensialının aşağı düşməsi təhlükəsini yaratmışdır. Mövcud vəziyyət ölkənin inkişafının üstün istiqamətlərindən olan elm sahəsində ən qısa zamanda islahatların aparılması və bununla əlaqədar bir çox vəzifələrin təxirə salınmadan sürətlə öz həllini tapması zərurətini meydana çıxarmışdır.

Həmin sənəd əsasında hazırlanaraq dövlət başçısı tərəfindən imzalanmış 4 may 2009-cu il tarixli "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında", habelə 22 may 2009-cu il tarixli "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" sərəncamlar da qarşıdakı illərdə humanitaryönlü elmi-tədqiqat institutlarının qarşısında duran vəzifələri dəqiq şəkildə müəyyənləşdirmişdir.

Elmin inkişafını nəzərdə tutan Milli Strategiyanın əsas məqsədləri ölkənin mövcud tələbləri nöqteyi-nəzərindən Azərbaycan elminin strukturunun müəyyənləşdirilməsi; Azərbaycan elminin dünya elmi, texnika və texnologiyasının prioritet istiqamətlərinə müvafiq şəkildə təşkili; respublikanın iqtisadi inkişafında elmin rolunun artırılması; yüksək ixtisaslı kadrların hazırlanmasının təmin edilməsi; mühüm sosial-iqtisadi və ictimai-siyasi vəzifələrin həlli məqsədilə Azərbaycan Respublikasında fundamental və tətbiqi tədqiqatların prioritetlərinin müəyyən edilməsindən ibarətdir. Sənəddə həmçinin fundamental elmlərə dair tədqiqatların genişləndirilməsi, elm və texnika sahəsində idarəetmə sisteminin, elmi-tədqiqat müəssisələrinin və ümumilikdə, elmin maliyyələşdirilmə mexanizmlərinin təkmilləşdirilməsi, elmi-texniki infrastrukturun müasirləşdirilməsi, elmin hüquqi-normativ bazasının yaradılması, elmin inteqrasiyasının təmin edilməsi, elmi əməkdaşların sosial vəziyyətinin yaxşılaşdırılması, beynəlxalq elmi əlaqələrin genişləndirilməsi kimi məqsədlər də mövcuddur.

Məqalədə AMEA-nın ictimai və humanitar yönümlü elmi-tədqiqat institutlarında hökm sürən vəziyyət də obyektiv təhlil edilir, müdafiəsi təşkil olunan dissertasiyaların müəyyən qisminin mövzusunun, elmi sanbalının, aktuallığının, milli ideologiyaya və dövlətçilik maraqlarına adekvatlığının arzuolunan səviyyədə olmadığı xüsusi vurğulanır. Bu gün alimlik dərəcəsinə iddiaçıların yüksək biliyə, intellektə, dünyagörüşünə malik olması dissertasiya şuralarında dürüst, obyektiv və şəffaf həllini tapmalıdır. Azərbaycan elminin gələcək taleyi, kadr potensialı indi məhz alimlik dərəcəsinə yiyələnən gənc tədqiqatçılardan asılı olduğundan, bu məsələlərə kifayət qədər ciddiliklə yanaşmaq lazımdır. Bəzi elmi-tədqiqat institutları köhnəlmiş, bəsit norma və standartlardan uzaqlaşmalı, Azərbaycan cəmiyyətinin inkişafının real problemləri üzərində işləməlidirlər.

Akademik Ramiz Mehdiyev "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsində bu məsələlər üzərində xüsusi dayanmış, dissertasiya şuralarını daha məsuliyyətlə işləməyə çağırmışdır. Filosofun bu fikri ilə də tam razılaşmaq olar ki, bu gün elmə gələn bəzi insanların əksər hallarda şəxsi keyfiyyətləri, təhlil qabiliyyətləri dünya standartlarından çox-çox uzaqdır: "Aparılan sorğular cəmiyyətdə elmi fəaliyyət sahəsinə laqeydliyin olduğunu göstərir. Bu, böyük həyəcan doğuran faktdır. Bunun səbəblərindən biri də indi elmə gələn bəzi insanların şəxsi keyfiyyətləri və analitik təhlil qabiliyyətlərinin müasir tələblərdən xeyli aşağı olmasıdır. Mövcud elmi şuralar öz iclaslarında elmin müxtəlif sahələrinə həsr olunmuş xüsusi müzakirələr keçirmir. Beynəlxalq tərkibli elmi şuralar isə heç yoxdur. Müdafiə şuraları səviyyəsiz araşdırmalara, dissertasiyaların müxtəlif yollarla yazılmasına, müdafiəsinə və elmi adların verilməsinə ciddi və tələbkarlıqla yanaşmır, nöqsanlara göz yumur. Müdafiə olunan dissertasiyaların böyük bir qismində sanballı elmi tutum və yeni elmi qənaətlər yoxdur. Belə faktların sayı isə nəinki azalmır, əksinə, artır".

Bundan başqa, dissertasiyaların işlənməsi zamanı mütərəqqi milli təcrübə ilə yanaşı, dünyanın müasir inkişaf meyillərinin də ciddiliklə nəzərə alınması vacibliyi önə çəkilir. Əsərdə inkişafın Azərbaycan modeli ilə bağlı fundamental təhlillərin aparılmaması, bu modelin uğurlarını dəstəkləyən və onun əsas meyillərini üzə çıxaran əsərlərin yazılmaması, habelə problemlə az-çox əlaqəsi olan kitabların elmi səviyyəsinin qənaətbəxş olmaması da təəssüflə qeyd olunur.

Azərbaycan cəmiyyətinin öyrənilməsi ilə bağlı tədqiqatların yox dərəcəsində olması da görkəmli akademikin əsərində xüsusi önə çəkilir. Həmçinin vurğulanır ki, azərbaycanlı mentalitetinin öyrənilməsi, ictimai fikri formalaşdıran əsas sosial-psixoloji kateqoriyalara həmvətənlərimizin münasibəti, demoqrafik vəziyyət və bir sıra digər amillərin elmi təhlili hazırda respublika üçün xüsusi məna kəsb edir: "Biz daim böyük fəxrlə deyirik ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bizə azərbaycançılıq məfkurəsini bəxş etmişdir. Onun fəlsəfəsi hər bir azərbaycanlıya imkan verir ki, o, azərbaycanlı olduğunu qürur hissi ilə desin. Lakin gənc nəslin azərbaycançılıq ruhunda tərbiyəsi prosesi heç də problemsiz deyildir. Gənclərimizin əsl azərbaycanlı kimi tərbiyəsi bizim vətəndaşlıq borcumuzdur və xalqımızın gələcəyi deməkdir. Müasir dünyada vəzifələrimizin öhdəsindən layiqincə gələ bilməyimiz üçün aidiyyəti elmi qurumlar azərbaycançılıq məfkurəsinin nəzəri-konseptual əsaslarını işləyib hazırlamalıdırlar. Gənclərimizin milli və müasir ruhda tərbiyəsi məsələləri də həmin fəaliyyət proqramının tərkib hissəsi olmalıdır".

Azərbaycanın özünəməxsus sanballı elmi məktəbi, güclü kadr potensialı olan Bakı Dövlət Universiteti də flaqman ali təhsil müəssisəsi kimi humanitar elmlərin inkişaf strategiyasının hazırlanmasında, ümumən konfransda səslənmiş dəyərli təklif və tövsiyələrin praktik surətdə reallaşdırılmasında yaxından iştirak etmək əzmindədir. Xüsusi vurğulamaq istərdim ki, akademik Ramiz Mehdiyevin müşavirədə irəli sürdüyü dəyərli təkliflərdən bəziləri son illərdə Bakı Dövlət Universitetində praktik olaraq reallaşmışdır. Humanitar elm sahələrinin köməyi ilə milli ideologiyamız olan azərbaycançılığın mahiyyətinin gənc nəslə dolğun və hərtərəfli şəkildə çatdırılması, habelə onlarda milli-mənəvi dəyərlərin, adət-ənənələrin, vətənpərvərlik, dövlətçilik ruhunun qorunub saxlanılması, düşüncədə milliliklə müasirliyin ən mütərəqqi çalarlarının yer alması üçün məqsədyönlü tədbirlər həyata keçirilir.

Universitetdə humanitar elm sahələrində dövlətçilik maraqları baxımından aktual və əhəmiyyətli olan mövzular üzrə dissertasiyaların işlənməsinə də xüsusi ciddiliklə yanaşılır. Dissertasiyaların işlənməsi zamanı mütərəqqi milli təcrübə ilə yanaşı, dünyanın müasir inkişaf meyilləri də nəzərə alınır. BDU-nun təcrübəli professor-müəllim heyəti dissertant, aspirant və doktorantlarla işi müasir dövrün tələbləri səviyyəsində quraraq həyata keçirilən elmi-tədqiqat işlərinin keyfiyyət və səmərəlilik baxımından Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə tam cavab verməsinə çalışırlar. Ümumiyyətlə, respublikada ictimai, siyasi, fəlsəfi düşüncənin düzgün formalaşması və inkişafı, habelə tarixi gerçəkliklərin adekvat dəyərləndirilməsi baxımından universitetdə dövrlə səsləşən sanballı tədqiqatların aparılması hədəflədiyimiz əsas məqsədlərdəndir.

Dünya elmi ilə inteqrasiyanın gücləndirilməsi üçün 2008-ci ilin noyabrında BDU-da Beynəlxalq elm və təhsilə inteqrasiya şöbəsi yaradılmışdır. Şöbə mütəmadi olaraq universitet əməkdaşlarını bütün elm sahələri üzrə yeni dövlət və xarici proqramlar, habelə layihələr barədə məlumatlandırır, universitet əməkdaşlarının onlarda iştirakını təmin etmək üçün maarifləndirici seminarlar keçirir. Eyni zamanda, xarici təşkilat nümayəndələrinin universitet əməkdaşları qarşısında məruzə və çıxışlarını təşkil edir.

Azərbaycan elminin dünya elminə inteqrasiyası istiqamətində həyata keçirilən tədbirlərdən biri də BDU-nun alimlərinin elmi araşdırmalarının nəticələrini xarici dövri elmi mətbuata çıxarılma yollarını müəyyən etmələridir. Azərbaycanda elmin səviyyəsinin yüksək olmasına baxmayaraq, 2008-ci ilin əvvəllərinə qədər respublikada nəşr olunan elmi jurnallardan heç biri "Thomson Reyters Agensy" kimi nəhəng təşkilatın reytinq cədvəlində təmsil olunmamışdır. 2008-ci il may ayının 7-də isə beynəlxalq "Applied and Computational Mathematics" (Tətbiqi və hesablama riyaziyyatı) jurnalı bu siyahıya daxil edilmişdir. Respublikada ilk dəfə elmi jurnala belə bir indeksin verilməsi bu istiqamətdə aparılan tədqiqatların elmi səviyyəsinin dünyanın qabaqcıl elmi mərkəzlərində aparılan tədqiqatların elmi səviyyəsi ilə uzlaşmasının bariz təzahürüdür.

Bakı Dövlət Universitetində professor-müəllim heyətinin, elmi işçilərin, aspirant və dissertantların, tələbələrin elmi əməyinin stimullaşdırılması, gənc tədqiqatçıların elmə həvəsini daha da artırmaq və alimlərin maddi vəziyyətini daha da yaxşılaşdırmaq məqsədilə BDU-nun 90 illik yubileyi ərəfəsində universitetdaxili "50+50" adlı qrant proqramı təsis edilmişdir. Proqram üzrə elm və təhsildə, eləcə də ictimai fəaliyyətdə uğurları dəyərləndirmək məqsədilə professor-müəllim heyətində 50 nəfərə, 25 aspirant və magistranta, habelə 25 tələbəyə fərdi qrantlar ayrılmışdır. Qrantların 9 ay ərzində - bu ilin oktyabr ayından 2010-cu ilin iyun ayınadək müsabiqə əsasında verilməsi qərara alınmışdır.

Biz hesab edirik ki, məqalədə qeyd edildiyi kimi, Azərbaycan elminin dünya arenasına çıxması və beynəlxalq elm məkanında elmimizin ləyaqətlə təmsil olunmasını təmin etmək üçün hər cür potensial imkanlarımız vardır. İqtisadi cəhətdən yüksək inkişaf dinamikasına malik olan Azərbaycan Respublikasının alimləri və intellektual elitası qarşısında xeyli mürəkkəb və strateji əhəmiyyətli məsələlər dayanır. Bizim fikrimizcə, bugünkü şəraitdə Azərbaycan elminin və təhsilinin strategiyasını müəyyənləşdirən üç əsas inkişaf istiqaməti var və akademikin məqaləsində bu barədə konseptual fikirlər açıqlanmışdır.

İlk növbədə, biz elmdə ölkədaxili islahatların aparılmasına nail olmalıyıq. Bu islahatların əsasında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin elmin inkişafı ilə bağlı imzaladığı "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamı dayanır. Akademik Ramiz Mehdiyevin bu il noyabrın 21-də keçirdiyi müşavirə və yazdığı "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" adlı məqalə isə həmin istiqamətdə atılan mühüm addımlardır.

İkinci istiqamət milli maraqlarımızı qoruyaraq Avratlantika elmi mühitini Azərbaycana gətirməkdir. Qloballaşma dövründə və inteqrasiya mexanizminin hərəkətə gəldiyi müasir şəraitdə möhtərəm Prezidentimiz cənab İlham Əliyev "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nı və "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nı təsdiq etməklə bunun ən səmərəli yolunu müəyyənləşdirmişdir.

Üçüncü, Avratlantika məkanında mövcud olan maddi-texniki bazanı Azərbaycanda yaratmaq, bura qabaqcıl nou-hau tipli innovasiyaları və texnologiyanı transfer etməkdir. Burada ən mühüm vəzifə müvafiq rəhbər sənədlərə əsaslanaraq büdcədən elm və təhsilin inkişafı üçün ayrılan vəsaiti məqsədyönlü istiqamətləndirməkdən ibarətdir. Çünki 2009-cu ildə elmin inkişaf fonduna 10 milyon manat, elmi-tədqiqat laboratoriya avadanlıqları alınmasına 7 milyon manat ayrılmasına baxmayaraq, bu vəsait məqsədyönlü istiqamətləndirilmədiyi üçün bugünədək demək olar ki, xərclənməmişdir.

Təbii ki, hər üç istiqamətin vəhdəti və eyni zamanda həyata keçirilməsi hesabına elmimizin və təhsilimizin inkişafında uğurlar əldə etmək olar. "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsində qaldırılan aktual problemlər Azərbaycanda elmin və təhsilin inkişaf strategiyasını müəyyənləşdirən konsepsiyanın yaradılmasına əsas verir.

Müasir dünyada rəqabətə davam gətirmək üçün hər hansı dövlət ərazisinə, əhalisinə, təbii resurslarına deyil, məhz intellektual potensialına istinad edir. Obrazlı desək, zaman keçdikcə əsgərlərin süngüsü bilikli insanların qələmi ilə əvəz edilir. Akademik Ramiz Mehdiyevin "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsində yer alan ümumi fikir həm də bundan ibarətdir ki, Azərbaycanda innovasiya təfəkkürünə malik olan, cəmiyyətin, dövlətin daha intensiv inkişafına kömək edən, kreativ və vətənpərvər kadrların yetişdirilməsi ali məktəblər qarşısında duran ən vacib məsələlərdən biridir. Göstərilən hər üç istiqamətin reallaşması, fundamental və ictimai elmlərin birgə inkişaf mexanizminin müəyyənləşdirilməsi, xaricə oxumağa göndərilən istedadlı gənclərdən başqa sahələrdə deyil, məhz universitetlərdə yeni elmi məktəblərin yaradılması məqsədilə istifadə olunması və digər bu kimi problemlər bizi çox düşündürür. Bu taleyüklü məsələlərin həllində daha fəal iştirak etmək, problemin bəzi qaranlıq məqamlarına aydınlıq gətirmək məqsədilə Bakı Dövlət Universitetində vaxtaşırı müzakirələr keçirilir. Bakı Dövlət Universitetinin professor-müəllim heyəti bu məqsədin gerçəkləşdirilməsi naminə bütün imkanlarını səfərbər edir, dövlət başçısı cənab İlham Əliyevin alimlər qarşısında müəyyənləşdirdiyi vəzifələri inamla gerçəkləşdirməyə çalışır. İnanırıq ki, görülən tədbirlər nəticəsində bütövlükdə Azərbaycan elmi özünün yeni inkişaf mərhələsinə qədəm qoyacaq, dövlətin hərtərəfli inkişafında, demokratik dəyərlərin möhkəmlənməsində, vətəndaş cəmiyyətinin formalaşmasında, ən əsası, milli ideologiyanın təbliğində əsas ağırlığı öz üzərinə götürəcəkdir.

 

 

Abel MƏHƏRRƏMOV,

Bakı Dövlət Universitetinin

rektoru, akademik,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2010.-5 mart.- S. 4.