Qazandığımız
uğurlarda Azərbaycan qadınının rolu əvəzsizdir
Sivil və tərəqqipərvər dünya hər il 8 mart - Beynəlxalq Qadınlar Gününü qadınlara yüksək hörmət və ehtiramla qeyd edir. Bu əlamətdar təqvim ümumən dünyada gender bərabərliyinin təmini ilə bağlı mübarizənin başlanğıcı, habelə qadın hüquqlarına hörmətin yüksək nümunəsi kimi tarixləşmişdir. 1857-ci il martın 8-də ABŞ-ın Nyu York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadın aşağı maaşa, iş saatının çoxluğuna və ağır iş şəraitinə etiraz əlaməti olaraq tətilə başlamışdır. Bu hadisələrdən 52 il sonra isə Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasionalının qurultayında Klara Setkin 8 martın Beynəlxalq Qadınlar Günü kimi qeyd olunmasını təklif etmiş, onun bu təklifi yekdilliklə qəbul edilmişdir.
Azərbaycan xalqı da tarixən özünəməxsus dəyərlərə, adət-ənənələrə bağlı olan yüksək zəkalı, nəcib və xeyirxah xanımları ilə qürur duymuş, ana adını uca tutmuş, qadına dərin hörmət və ehtiramla yanaşmışdır. Xalqımızın qəlbən tapındığı islam dinində də qadına, qıza və anaya yüksək ehtiram və hörmət ifadə edilmişdir. Müqəddəs hədislərdə və "Qurani-Kərim"də qadınların hüquqlarına hörmətlə yanaşmaq kişilərin qarşısında mənəvi öhdəlik kimi qoyulmuşdur. Məhəmməd Peyğəmbər (s.ə.s.) hədislərinin birində buyurur: "Qadınlarla xoş rəftar edənlərdən Allahın xoşu gəlir, çünki onlar sizin ananız, qızınız və xalanızdır".
Azərbaycan qadını mənəvi-əxlaqi keyfiyyətləri ilə daim seçilmiş, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynamışdır. Xalq yaradıcılığı nümunələrində, qədim rəvayət və dastanlarımızda yüksək mənəvi sifətlərlə səciyyələnən kamil qadın obrazlarının bədii təsviri verilmişdir. Mənəviyyatımızın təməl kitabı olan "Kitabi-Dədə Qorqud" boylarının qadın surətləri bu gün də öz məziyyətləri ilə bəşəri idealların təntənəsinə xidmət edir.
Ümumilikdə, Azərbaycanda qadın fəallığı ənənələrinin tarixi kifayət qədər rəngarəngdir: massagetlərin məğrur hökmdarı Tomris, qəhrəman qadın hökmdar Nüşabə, Şirvana hücum edən Krım xanının qoşunlarını məğlub etmiş Heyran Nisə Bəyim, orta əsrlər tariximizdən Qızıl Arslanın xanımı Qətibə xanım, orta əsrlər dövründə qadının həyat yoldaşı seçimində azadlıq hüququnu tərənnüm etmiş Məhsəti Gəncəvi, qoca Şərqin ilk diplomat qadını Sara xatun, Şah İsmayıl Xətainin qızı Məhinbanu, mərkəzləşdirilmiş Azərbaycan dövlətinin yaradıcısı Fətəli xanın həyat yoldaşı Tuti Bikə, Şuşada ilk ədəbi məclis yaratmış Xurşudbanu Natəvan və adları unudulsa da, fəaliyyətləri əfsanəyə çevrilərək təfəkkürümüzə hopan neçə-neçə Azərbaycan qadını haqqında düşüncələr bu rəngarəng palitranı daha da əlvanlaşdırır.
Azərbaycan gerçəkliyi şair və mütəfəkkirlərə qadınları həyat mənbəyi və müdriklik mücəssəməsi kimi vəsf etmək üçün zəngin tarixi material vermişdir. Dahi Nizami öz əsərlərində Məhinbanu, Nüşabə, Şirin, əfsanəvi Fitnə və yeddi gözəl kimi mükəmməl obrazlar yaratmış, görkəmli memar Əcəmi Naxçıvani tərəfindən ucaldılmış Möminə xatun türbəsi əzəmətli memarlıq abidəsi olmaqla yanaşı, xalqımızın qadına göstərdiyi ehtiramın parlaq təcəssümünə çevrilmişdir.
Tarixin konkret dönəmlərində Nigar, Həcər kimi qadınlar həm də mərdlik, şücaət, qəhrəmanlıq mücəssəməsi kimi qəbul edilmiş, döyüş meydanlarında kişilərin yaxın silahdaşları, arxa-dayağı olmuşlar. Uzağa getməyək, elə Qarabağ müharibəsinin gedişində də qadınlarımız kifayət qədər böyük qəhrəmanlıqlar, mərdliklər göstərmşlər. Xalqımız Salatın Əsgərova, Gültəkin Əsgərova kimi qəhrəman qadınlarla bu gün də qürur duyur, onların xatirəsini əziz tutur.
1918-ci ildə seçki hüququ qazanan Azərbaycan qadını XX əsrdə bir neçə əsrə bərabər inkişaf yolu keçmişdir. Xalqın maariflənməsi, mədəniyyətimizin yüksəlişi və müasir iqtisadiyyatımızın qurulmasında o, daim yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirmişdir. Cəmiyyətimizdə qadınlara göstərilən yüksək ehtiram mədəniyyət, elm, təhsil, səhiyyə və digər istiqamətlərdə onlara bilik və bacarıqlarını gerçəkləşdirmək üçün əlverişli zəmin yaratmışdır.
Xatırlatmaq lazımdır ki, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanda qadın layiq olduğu mövqeyə yüksəlmişdir. 1993-cü ilin iyununa qədər respublikanın üzləşdiyi ağır məhrumiyyətləri - xaos və anarxiya mühitini, sosial-iqtisadi, siyasi, mənəvi böhranı, qan-qadanı taleyində yaşamağa məhkum olmuş xanımlarımız rahat nəfəs alaraq böyük nikbinlik və ümidlə ictimai-siyasi həyatda fəallıq göstərməyə başlamışlar. Azərbaycan qadını oğullarının qanunsuz silahlı birləşmələrə cəlb edilərək üzbəüz qoyulması kimi tarixi faciədən qurtuldu.
Azərbaycanda gender siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsinin hüquqi əsasını məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi altında 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycanın Konstitusiyası təşkil edir. Beynəlxalq hüquqi aktlarda və konvensiyalarda əksini tapmış əsas insan hüquq və azadlıqlarının geniş şəkildə təsbit olunduğu bu Konstitusiyada qadınların cəmiyyət həyatındakı yeri və rolu, qadın siyasətinin fundamental prinsipləri də əksini tapmışdır. Əsas Qanunda gender məsələsi ilə bağlı bütün problemlərin qanunvericilik və hüquq tətbiqi səviyyəsində həllini tapması üçün zəruri hüquqi baza mövcuddur. Konstitusiyanın qadın hüquqlarının müdafiəsinə etibarlı zəmin formalaşdıran 25-ci maddəsinin 2-ci hissəsində göstərilir: "Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır".
Bu gün Avropa və Qərbdə ailə institutu ilə bağlı çox ciddi, çeşidli problemlərə rast gəlinməsinin əsas səbəblərindən biri gender probleminin süni şəkildə şişirdilərək feminizm səviyyəsinə çatdırılması, ailə münasibətləri fonunda fərdi şəxsiyyət azadlığının ziyanlı stereotip kimi qabardılmasıdır. Bu neqativ sindrom bəzi qadınların eqoistcəsinə davranmaları - iş, karyera, rahatlıq, sərbəstlik, əyləncə barədə daha çox düşünmələri, ailəni ikinci plana keçirmələri zəminində özünü göstərir. Azərbaycan qadını isə nəinki mənəvi-əxlaqi keyfiyyətləri ilə, həm də ailə dəyərlərinə yüksək hörməti ilə seçilir. Azərbaycan qadını öz həyat yoldaşına, övladlarına böyük hörmətlə, sevgi ilə yanaşır, onların qayğısını çəkir, bütün varlığı ilə ailəsinə bağlanır. Ulu öndər Heydər Əliyev Azərbaycan qadınının bu keyfiyyətlərini daim xüsusi vurğulamış, onun cəmiyyətdə layiqli yerini tutmasına çalışmışdır. Qadınların hər zaman aparıcı qüvvə olduğunu bildirən ümummilli lider onların ailə həyatındakı rolunu da olduqca yüksək dəyərləndirmişdir: "Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti və gözəlliyi, Azərbaycan xalqının milli xüsusiyyətlərinə sadiqliyi ilə tanınmışdır. Qadın ailə saxlayan bir insandır. Ona görə də bütün qadınlar bizim cəmiyyətdə çox əhəmiyyətli rol oynayırlar. Mən bunları deyərək qadınların bizim üçün nə qədər əziz olduğunu bir daha bəyan etmək istəyirəm".
Qadın siyasətinin daha çevik və işlək mexanizmlər əsasında gerçəkləşdirilməsi, yeni dövrün tələbləri səviyyəsində qurulması məqsədilə son 15 ildə beynəlxalq təcrübə də dərindən öyrənilmiş, habelə Azərbaycan Respublikası bir sıra mühüm beynəlxalq paktlara, sazişlərə qoşularaq bu sahədə qanunvericiliyini təkmilləşdirmək imkanı əldə etmişdir. Bu müddətdə respublikamız "Qadınların siyasi hüquqları" üzrə 1952-ci il tarixli, "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" 1979-ci il tarixli, "Nikaha daxil olma, nikaha daxil olmaq üçün minimal yaş həddi, nikahların qeydə alınması haqqında" 1962-ci il tarixli beynəlxalq konvensiyalara imza atmış, eyni zamanda, 2001-ci ildə BMT-nin Qadınlar üçün İnkişaf Fondunun "Zorakılıqsız Həyat" Regional Məlumatlandırma Kampaniyasına, 2002-ci ildə isə "Qafqazda gender zorakılığına qarşı 16 günlük fəaliyyət" aksiyasına qoşulmuşdur. 2001-ci ildən isə Avropa Şurasının tamhüquqlu üzvünə çevrilmiş respublikamız təşkilat çərçivəsində qadınların vəziyyətinin yaxşılaşdırılması ilə məşğul olan qurumlarla fəal əməkdaşlıq münasibətlərini genişləndirmişdir.
Konstitusiyanın qəbulundan sonra respublikamızda kişi və qadın bərabərliyinin təmini, gender balansının qorunması istiqamətində də mühüm addımlar atılmışdır. Ulu öndər Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə gender siyasətinin həyata keçirilməsi məqsədilə Qadın problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitənin yaradılmasında əsas məqsəd qadınların hüquqlarının qorunmasından və ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılmasından ibarət olmuşdur.
2000-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı (2000-2005-ci illər) təsdiq edilmişdir. Milli Fəaliyyət Planında dövlət tərəfindən qadın probleminə daim diqqət yetirilməsi, qadın problemləri ilə bağlı təxirəsalınmaz konkret tədbirlərin həyata keçirilməsi, dövlət proqramlarının hazırlanması öz əksini tapmışdır.
Müstəqil respublikamızda qadın hüquqları bu gün də etibarlı şəkildə qorunur, yüksək səviyyədə müdafiə edilir. Prezident İlham Əliyevin 2006-cı il 6 fevral tarixli sərəncamı ilə gender sahəsində vahid dövlət siyasətini həyata keçirən komitənin adı dəyişdirilmiş, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılmışdır. Bu təşkilatın ümumən Cənubi Qafqazda gender sahəsində fəaliyyət göstərən yeganə dövlət strukturu olduğu da xüsusi qeyd olunmalıdır.
Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü əsasında 2006-cı ilin dekabrında Milli Məclisdə qəbul olunmuş "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanunu da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Qanunda gender balansının qorunması ilə bağlı hüquqi tənzimləmə mexanizmi öz əksini tapmışdır. Qanunun əsas məqsədi kişi və qadınlar üçün ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanların təmin edilməsi və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasıdır.
Hazırda ölkədə 100-ə yaxın qeyri-hökumət qadın təşkilatı fəaliyyət göstərir. Ölkə rəhbərliyinin vətəndaş cəmiyyətinin inkişafına hərtərəfli dəstək verməsi qeyri-hökumət təşkilatları şəbəkəsinin genişlənməsi üçün də etibarlı zəmin formalaşdırır. Bu baxımdan 2007-ci ilin dekabrında Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması haqqında fərman böyük əhəmiyyət kəsb edir. Şuranın fəaliyyətinin mühüm bir istiqamətinin də ailə, qadın və uşaq məsələlərinə yönəlməsi dövlətin bu sahəyə xüsusi diqqətinin ifadəsidir.
Gender siyasətinin tələblərinə uyğun olaraq ölkədə qadınlarla kişilərin hüquq bərabərliyi təmin olunmuş, bütün dövlət strukturlarında qadınların dövlət idarəçiliyində rolunun artırılması istiqamətində ciddi addımlar atılmışdır. Azərbaycan qadını bu gün Milli Məclisin sədr müavini, insan hüquqları üzrə müvəkkil, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Konstitusiya Məhkəməsinin sədr müavini kimi və s. kimi yüksək postlarda təmsil olunur. Ölkə parlamentində 14 qadın deputat fəaliyyət göstərir. Respublika üzrə 30-dək rayonda icra hakimiyyəti başçılarının müavinləri qadınlardır. Minlərlə Azərbaycan qadını müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarında rəhbər vəzifələrdə çalışır.
Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi zərurəti yüksək peşəkarlıq və zəka, həmçinin yüksək əxlaqi və mənəvi keyfiyyətləri, vətənpərvərliyi və Vətənə hədsiz sədaqəti ilə seçilən gənclərin yetişdirilməsini diktə edir. Bu reallığı düzgün dəyərləndirən Azərbaycan qadını analıq missiyasını şərəflə həyata keçirərək gənclərin milli-vətənpərvərlik ruhunda yetişməsinə, milli-mənəvi dəyərlərə bağlı olmasına, layiqli insan və vətəndaş kimi formalaşmasına çalışır. Gənc nəslin düzgün təlim-tərbiyəsi, fiziki və mənəvi inkişafı, gənclərin dünya dəyərlərinə yiyələnməsinə öz töhfəsini verir.
Respublikamızda qadın hərəkatının geniş vüsət almasında, xanımlarımızın nəcib və xeyirxah məqsədlər naminə sistemli və ardıcıl fəaliyyətinin genişlənməsində Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın da xidmətləri xüsusi vurğulanmalıdır. Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər Mehriban xanım Əliyevanın şəxsiyyətində daha parlaq təcəssümünü tapır. Fondun prezidentinin çoxşaxəli fəaliyyəti milli-mənəvi dəyərlərə söykənən və intellektual yüksəlişə xidmət edən ideyaların cəmiyyətdə daha da zənginləşməsinə və möhkəmlənməsinə yönəlmişdir. Fond gender problemlərinə, qadınlara qarşı bütün zorakılıqların, ənənəvi Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılmasına da xüsusi diqqət yetirir. 2008-ci il yanvarın 16-da Heydər Əliyev Fondu, BMT-nin Əhali Fondu (UNFPA) və Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə birgə layihəyə dair sənədlərin imzalanması da deyilənlərin əyani təsdiqidir.
2008-ci ildə Bakıda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda Beynəlxalq Bakı Forumu da sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, ümumbəşəri konsolidasiya prosesində qadınların rolunun araşdırılması, bu yönümdə konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
2008-ci il sentyabrın 26-da Bakıda keçirilmiş Azərbaycan qadınlarının III qurultayı isə respublikanın sosial-iqtisadi və demokratik inkişafının keyfiyyətcə yeni mərhələsində qadın hərəkatına yenidən nəzər salmaq, son illərdə bu sahədə görülən işlərə yekun vurmaq, habelə müasir mərhələdə gender siyasəti sahəsində qarşıda duran vəzifələri dəqiqləşdirmək məqsədi daşımışdır. Qurultayda Azərbaycanda qadın hərəkatının bugünkü vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda fikir mübadiləsi aparılmış, çıxışlar dinlənilmiş, Azərbaycan Prezidentinə və beynəlxalq təşkilatlara müraciət, habelə yekun qətnamə qəbul olunmuşdur.
Hər bir cəmiyyətin xoşbəxt sabahı onun qadınlarından asılıdır. Bu gün Azərbaycan qadınının həm ailədə, həm işdə, həm də cəmiyyyətdəki layiqli mövqeyi dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqımızın firavanlığına ən ciddi təminatlardan biridir. Respublikamızda bərqərar olan demokratik mühit ölkə qadınlarının zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır. Azərbaycan dövlətinin qadınlarla bağlı həyata keçirdiyi siyasət hər cür ayrı-seçkiliyi aradan qaldıraraq, qadınların bərabər hüquqlarını və bərabər imkanlarını təmin etməyə yönəlmişdir. Əminliklə demək olar ki, bu siyasət daimi və dönməz səciyyə daşımaqla, bütövlükdə qadınların cəmiyyətdə layiqli mövqeyini hər zaman qoruyub saxlamağa imkan verəcəkdir.
8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə hər bir Azərbaycan qadınını ürəkdən təbrik edir, onlara uzun ömür, cansağlığı və vətənimizin işıqlı sabahı naminə üzərlərinə düşən çətin, lakin şərəfli missiyanın icrasında uğurlar arzulayırıq. Qarşıdan gələn bayramınız mübarək, əziz qadınlar!
Rafael CƏBRAYILOV,
Milli Məclisin deputatı
Azərbaycan.- 2010.- 5 mart.- S. 6.