Bədən tərbiyəsi və
idmanın inkişafı dövlət siyasətinin əsas
istiqamətlərindəndir
Bütün zamanlarda hər bir cəmiyyətin dayağını sağlam bədənli və sağlam ruhlu insanlar təşkil etmişlər. Bədən tərbiyəsi və idman insanın kamilləşməsinə və sağlamlığının möhkəmlənməsinə xidmət edir.
Hər il martın 5-i bütün dünyada Bədən Tərbiyəsi və İdman Günü kimi bayram edilir. Respublika Prezidenti İlham Əliyevin 4 mart 2005-ci il tarixli fərmanına uyğun olaraq, həmin gün ölkəmizdə də qeyd edilir.
Azərbaycan artıq beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır. Bu isə həyata keçirilən uğurlu dövlət siyasətinin məntiqi nəticəsidir. Bir tərəfdən, mövcud idman qurğuları yenidən qurulur, yaxud yeniləri inşa edilir, idmançılar hərtərəfli qayğı ilə əhatə olunur ki, bu da beynəlxalq turnirlərdə daha böyük uğurlar əldə etməyə imkan verir. Digər tərəfdən isə, Azərbaycan tez-tez qitə və dünya miqyaslı idman yarışlarına ev sahibliyi edir.
Qüvvədə olan "Bədən tərbiyəsi və idman haqqında" qanun ölkədə bədən tərbiyəsi və idman sahəsində fəaliyyətin təşkilati-hüquqi, sosial-iqtisadi əsaslarını və dövlət siyasətinin əsas prinsiplərini müəyyən edir, hər kəsin bədən tərbiyəsi və idmanla məşğul olmasına imkan yaradır.
Eyni zamanda idmanın ayrı-ayrı növlərinin inkişafına dair dövlət proqramları qəbul edilmişdir.
Hazırda ölkəmizdə 500 min nəfərə yaxın adam idmanla məşğul olur. Müqayisə üçün, 2005-ci ildə bu rəqəm 376 min nəfər təşkil edirdi.
Eləcə
də qazanılan uğurlar ildən-ilə artır. Ötən ilin nailiyyətləri
buna bariz misaldır. Belə ki, idmançılarımız 180
dünya, 228 Avropa çempionatı və birinciliyində
iştirak etmişlər. Bundan əlavə, 4296 nəfər
358 beynəlxalq turnirdə qüvvəsini
sınamışdır. Azərbaycan idmançıları
619 medal qazanmışlar ki, bu da 2008-ci illə müqayisədə
69 medal çoxdur. Olimpiya idman növlərində 37 medal əldə
edilmişdir. İlk dəfə olaraq 4 idmançımız
dünya çempionu adını qazanmışdır.
Kütləvi
yarışlara, tələbələrin spartakiada və
universiadasına 20 ali təhsil məktəbi cəlb
edilmişdir. Keçən il ölkəmizdə 33 beynəlxalq
turnir təşkil olunmuşdur.
Təbii ki, əsas diqqət
idmanın maddi-texniki bazasının möhkəmləndirilməsinə
yönəldilir. Keçən il paytaxtın Hövsan və
Şağan qəsəbələrində, eləcə də
Şəmkir, Şərur və İsmayıllı
rayonlarında yeni olimpiya kompleksləri tikilib istifadəyə
verilmişdir. Hazırda ölkədəki olimpiya komplekslərinin
sayı 24-ə çatır.
Yeni ildə
idmançılarımızı mötəbər
yarışlar gözləyir. Bunların arasında Sinqapurda
yeniyetmələrin idman oyunları, Rumıniyada Qara dəniz
oyunları, İranda islam oyunlarını və s. qeyd emək
olar.
Bu gün yüz minlərlə
azərbaycanlının da bayramıdır. Gənclər və
İdman Nazirliyi, gənclər təşkilatları, idman
klubları və federasiyalar, təhsil müəssisələri
bədən tərbiyəsi və idman gününü qeyd edəcək.
Bayram münasibətilə Gənclər və İdman
Nazirliyi tədbirlər planı hazırlamışdır. Bu
gün müxtəlif tədbirlər keçiriləcək,
paytaxtın mərkəzində idmançıların
nümunəvi çıxışları olacaq. Həmçinin
gənc nəslin ən yaxşı nümayəndələri
və ən yaxşı idmançılar
mükafatlandırılacaqlar.
Rizvan HİLALOĞLU
Azərbaycan.- 2010.- 5 mart.- S. 6.