Prezidentin mətbuat xidmətinin məlumatı
Martın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə telefonla zəng etmişdir.
Telefon söhbəti zamanı Azərbaycanın dövlət başçısı Amerika Birləşmiş Ştatları Konqresinin Nümayəndələr palatasının xarici əlaqələr komitəsində qəbul edilmiş qərarla bağlı öz etirazını ifadə edərək, onu qəti şəkildə pisləmişdir. Prezident İlham Əliyev bunu ədalətsiz, tarixi həqiqətləri kobudcasına təhrif edən, bölgədə gərginliyin artmasına xidmət edə biləcək bir qərar kimi xarakterizə etmişdir. O vurğulamışdır ki, Azərbaycan həmişə olduğu kimi Türkiyənin yanındadır və Türkiyəyə tam dəstək verməkdə davam edəcəkdir. Azərbaycan Prezidenti əmin olduğunu bildirmişdir ki, tarixin müxtəlif dövrlərində Türkiyə və Azərbaycan xalqına qarşı soyqırımı törətmiş ermənilərin tarixi saxtalaşdırmaq cəhdləri dünya ictimaiyyəti tərəfindən qəbul edilməyəcək və uğursuzluğa düçar olacaqdır.
Türkiyə Prezidenti öz növbəsində Azərbaycan Prezidentinin bu mövqeyini yüksək qiymətləndirərək minnətdarlığını bildirmişdir.
Telefon söhbəti zamanı ikitərəfli münasibətlər və
bölgədəki vəziyyətlə
bağlı fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2010.- 6 mart.- S. 1.