"Şərq" İstehsalat Birliyinin "İqlim" müəssisəsində yeni istehsal sahələrinin açılışı olmuşdur

 

Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyev martın 5-də Müdafiə Sənayesi Nazirliyinin "Şərq" İstehsalat Birliyinin "İqlim" elm-istehsalat müəssisəsində yeni istehsal sahələrinin açılış mərasimində iştirak etmişdir.

 

"İqlim" elm-istehsalat müəssisəsində yeni istehsal sahələri ölkənin müdafiə sənayesinin inkişafına dövlət qayğısının əyani nümunəsidir. Son illər Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə aparılan yenidənqurma və əsaslı təmir, eləcə də quraşdırılan modern avadanlıq və tətbiq edilən yeni texnologiya hesabına ən müasir standartlara cavab verən müdafiə təyinatlı məhsulların istehsalı genişləndirilmişdir. Ötən il Müdafiə Sənayesi Nazirliyinin müəssisələri 2008-ci illə müqayisədə ümumi məhsul istehsalını 1,5 dəfə artırmışdır. Müdafiə təyinatlı məhsulların istehsal həcmi 2009-cu ildə 2008-ci illə müqayisədə 3 dəfə, 2005-ci illə müqayisədə isə 17,9 dəfə artmışdır. Dünyanın bir sıra dövlətlərinin müvafiq qurumları ilə sıx əməkdaşlıq edən Müdafiə Sənayesi Nazirliyi müdafiə təyinatlı məhsullarla yanaşı, yeni növ mülki avadanlığın istehsalına da başlamışdır.

Prezident İlham Əliyev yeni yaradılmış istehsal sahələri ilə tanış olmaq üçün Müdafiə Sənayesi Nazirliyinin "İqlim" müəssisəsinə gəldi.

Dövlətimizin başçısı əvvəlcə müəssisənin həyətində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstəsi qoydu.

Müdafiə sənayesi naziri Yavər Camalov Prezident İlham Əliyevə məlumat verdi ki, "İqlim" elm-istehsalat müəssisəsi 2006-cı ildən nazirliyin tərkibində fəaliyyət göstərir. Müəssisənin İSO 9001-2001 standartının tələblərinə uyğunluq sertifikatı vardır. "İqlim"in yeni istehsalat sahələrində müdafiə və mülki təyinatlı məhsullar hazırlanır, onların hissələrinin mexaniki emalı və qalvanik örtükləmə əməliyyatları yerinə yetirilir.

Prezident İlham Əliyev yeni sahənin rəmzi açılışını bildirən düyməni basdı.

Daha sonra Ali Baş Komandan İlham Əliyev müəssisənin yenidənqurmadan əvvəlki vəziyyətini əks etdirən videomateriala baxdı.

Sahənin fəaliyyəti ilə tanış olan dövlətimizin başçısı "Zəfər", "Zəfər-K", "İnam" tapançaları, PKT, PKM, "İstiqlal-1" pulemyotları və digər məhsulların yığım prosesini izlədi. Bildirildi ki, burada inkişaf etmiş ölkələrin istehsalı olan, müasir proqramlarla idarə edilən dəzgahlar quraşdırılmışdır. Prezident İlham Əliyevə məlumat verildi ki, bu dəzgahlardan istifadə etməklə məhsulların keyfiyyətinin yüksəldilməsinə və çeşidinin artırılmasına nail olunmuşdur.

Hazır məhsullarla tanış olan dövlətimizin başçısına onların texniki-taktiki göstəriciləri barədə ətraflı məlumat verildi. Prezident İlham Əliyev "Boran" artilleriya qurğusuna, iriçaplı yarımavtomat "İstiqlal" snayper tüfənginə, piyadalar əleyhinə minalara və digər məhsullara baxdı.

Dövlətimizin başçısı xromlama sahəsində oldu. Sahənin fəaliyyəti ilə tanışlıq zamanı məlumat verildi ki, burada da ən müasir avadanlıq quraşdırılmışdır.

Atıcılıq tiri ilə tanışlıq zamanı bildirildi ki, müəssisədə istehsal edilən məhsulların sınağı üçün burada hər cür şərait yaradılmış, xüsusi proqramla təmin olunmuş kompüterlər qoyulmuşdur. Atəşin dəqiqliyi, sürəti və digər göstəriciləri bu kompüterlər vasitəsilə təhlil edilir.

Prezident İlham Əliyev 14,5 millimetr çaplı snayper tüfənginin sınağını izlədi, atəşin göstəricilərinin nəticələrinə baxdı.

Dövlətimizin başçısı müəssisədə yeni yaradılmış tökmə sahəsində də oldu. Burada müxtəlif məhsullar, o cümlədən mülki təyinatlı avadanlığın istehsalı həyata keçirilir. Həmin məhsullar arasında neft-mədən sənayesində istifadə olunan avadanlığın istehsalı xüsusi yer tutur. Bu məhsullar ekoloji təmizliyi ilə seçilir.

Termiki emal sahəsi ilə də tanışlıq zamanı Prezident İlham Əliyevə burada texnoloji proseslər barədə ətraflı məlumat verildi.

Dövlətimizin başçısı görülmüş işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 6 mart.- S. 1.