Prezident İlham Əliyev "Üfüq" İstehsalat Birliyinin "Dalğa" müəssisəsinin əsaslı yenidənqurmadan sonra açılışında iştirak etmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyev martın 5-də Müdafiə Sənayesi Nazirliyinin "Üfüq" İstehsalat Birliyinin "Dalğa" elm-istehsalat müəssisəsinin yenidənqurma işlərindən sonra açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı əvvəlcə müəssisənin həyətində ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyev inzibati binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısı "Dalğa" elm-istehsalat müəssisəsinin yenidənqurmadan əvvəlki vəziyyətini əks etdirən videosüjetə baxdı.

Müdafiə sənayesi naziri Yavər Camalov bildirdi ki, 1936-cı ildə yaradılan bu müəssisə keçmiş SSRİ-nin hərbi sənaye kompleksinin aparıcı qurumlarından biri olmuşdur. 1993-cü ildən 2005-ci ilədək "Dalğa" elm-istehsalat müəssisəsi Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyətini davam etdirmişdir. 2006-cı ilə qədər bu müəssisənin illik istehsal gücü 10-15 faizə enmişdi. Müdafiə Sənayesi Nazirliyi yaradılandan sonra müəssisənin dirçəliş dövrü başlamış, işçilərin sayı qısa müddətdə 80-dən 220-yə çatdırılmışdır.

Prezident İlham Əliyev müəssisədəki Heydər Əliyev fotoguşəsi ilə tanış oldu.

Sonra dövlətimizin başçısı yeni istehsal sahələrini gəzdi. Son iki ildə müəssisədə silsilə yenidənqurma tədbirləri həyata keçirilmiş, burada dünyanın ən inkişaf etmiş ölkələrində istehsal olunmuş dəzgah və avadanlıq quraşdırılmışdır. Nəticədə qısa müddətdə müəssisə dövlət sifarişlərini yerinə yetirməklə yanaşı, iqtisadiyyatın müxtəlif sahələri üçün də avadanlıq və ehtiyat hissələrinin istehsalına başlamışdır. Buradakı 4 yeni istehsal sahəsində 140-dan çox yeni iş yeri yaradılmışdır.

Yeni mexaniki emal sahəsi ilə tanışlıq zamanı bildirildi ki, burada quraşdırılmış proqramla idarə olunan dəzgahlarda mürəkkəb konstruksiyaya malik məhsulların istehsalı qaydaya salınmışdır.

Prezident İlham Əliyev hazır məhsullar və ehtiyat hissələri ilə tanış oldu.

Sınaq sahəsində quraşdırılan avadanlıq bütün hazır məhsulların yoxlanmasına imkan verir. İstehsal prosesi ən müasir standartlar səviyyəsindədir və ekoloji baxımdan təmizdir.

Silahların təmiri və yığımı sahəsində də iş prosesi müvafiq texnoloji tərtibatlarla təmin olunmuşdur və il ərzində böyük miqdarda müasir məhsulların istismara verilməsinə imkan yaradır.

Rabitə sistemlərinin təmiri və yığımı sahəsi ilə tanışlıq zamanı bildirildi ki, burada mövcud rabitə qurğularının və onların antenlərinin təmirinə, habelə antenlərin Avropa standartları səviyyəsində kütləvi istehsalına başlanılmışdır. Əlavə tədbirlər hesabına 3 il ərzində istehsalın həcmini on dəfələrlə artırmaq nəzərdə tutulmuşdur.

Müəssisədə Avropanın ən inkişaf etmiş ölkələrinin avadanlığı əsasında yaradılan konveyer tipli akkumulyator xətti də həyata keçirilən mühüm yenidənqurma tədbirlərinin bəhrəsidir. Dövlətimizin başçısı yeni sahəni işə saldı.

Bildirildi ki, bu sahədə ildə 50 min akkumulyator istehsal ediləcəkdir. Bu akkumulyatorlar həm müdafiə, həm də mülki təyinatlıdır. Altı tipdə akkumulyatorun istehsalı xarici ölkə mütəxəssislərinin yaxından iştirakı ilə həyata keçirilir. Gələcəkdə bu məhsulların yeni növlərinin yaradılması nəzərdə tutulmuş və onlar iqtisadiyyatın müxtəlif sahələrində tətbiq ediləcəkdir. İki növbədə fəaliyyət göstərən bu istehsal sahəsində 50 nəfər işlə təmin olunacaqdır.

Dövlətimizin başçısı müəssisənin ekoloji baxımdan təmiz fəaliyyətini təmin edən avadanlığa da baxdı. Ölkəmizdə 2010-cu ilin "Ekologiya ili" elan olunması ilə əlaqədar Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində də silsilə tədbirlər həyata keçirilir.

Prezident İlham Əliyevə müəssisənin ərazisində aparılan abadlıq və yaşıllaşdırma işləri barədə məlumat verildi.

Dövlətimizin başçısı kollektivə uğurlar arzuladı, tapşırıq və tövsiyələrini verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 6 mart.- S. 2.