Azərbaycan Respublikası
Milli Məclisinin Amerika Birləşmiş Ştatlarının Konqresinə
müraciəti
Hörmətli həmkarlar!
Bu günlərdə ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin qondarma "erməni soyqırımı"na dair qərar qəbul etməsi barədə aldığımız xəbər bizdə dərin narahatlıq və hiddət doğurmuşdur. Tarixi həqiqətlərə aşkar etinasızlığın və dövlət mənafelərinin erməni lobbisinin maraqlarına qurban verilməsinin bariz ifadəsi olan bu ədalətsiz qərarı biz Kiçik Asiya və Cənubi Qafqaz bölgəsində yeni problemlərə yol aça biləcək yanlış addım kimi qiymətləndiririk.
Erməni millətçilərinin qonşu dövlətlərə qarşı əsassız iddialarına haqq qazandırmaq üçün tam araşdırılıb obyektiv qiymətini almamış uzaq tarixi hadisələri siyasi alver predmetinə çevirməyə cəhd göstərilməsi göz qabağındadır. Tarixdə heç bir "erməni soyqırımı"nın baş vermədiyini elmi həqiqətə sadiq qalan tədqiqatçılar, o cümlədən Qərb alimlərinin özləri çoxdan sübuta yetirmişlər. "Erməni soyqırımı" haqqında uydurmalar xəstə təxəyyülün məhsulu olub saxta sənədlərə əsaslanır.
Türkiyə dövləti rəhbərliyinin Osmanlı dövrünə aid arxivləri açması, tədqiqatçıları, o cümlədən erməni alimlərini XX əsrin əvvəlləri ilə bağlı tarixi sənədlərlə tanış olmağa dəvət etməsi, habelə tarixçilərdən ibarət müştərək komissiya yaradılmasını təklif etməsi, lakin erməni tərəfinin sağlam elmi polemikadan imtina etməsi "erməni soyqırımı" əfsanəsini dünyaya yayanların iç üzünü açıb göstərir. Erməni millətçilərinin həmin təklifi rədd etməsi sübut edir ki, onları tarixi həqiqətlərin üzə çıxarılması deyil, əksinə, ört-basdır edilməsi və faktların saxtalaşdırılması daha çox maraqlandırır.
Obyektiv araşdırmalar göstərir ki, XX əsrin əvvəllərində erməni millətçiləri müasir Türkiyə Cümhuriyyətinin ərazisində və Qafqazda kütləvi terror və soyqırımı aktları törədərək, 2 milyondan artıq günahsız türkü və azərbaycanlını qətlə yetirmişlər. Son 18 ilə yaxın bir dövrdə Azərbaycan parlamenti beynəlxalq təşkilatlara və dünya ölkələrinin parlamentlərinə, o cümlədən ABŞ Konqresinə ötən əsrdə erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətlərinin, xüsusən 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı soyqırımının tanınması barədə dəfələrlə müraciət etmişdir. Təəssüf ki, sivil dünyanın gözü qarşısında baş vermiş bu dəhşətli cinayətə Amerika Birləşmiş Ştatları indiyədək heç bir qiymət verməmişdir.
Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin bu qədər ədalətsiz bir akt qəbul etməsi heyrət doğurur. Erməni millətçilərinin XX əsrin əvvəllərinə aid soyqırımı iddiaları və uydurmaları qəbul edildiyi halda onların müasir dövrdə apardıqları işğalçılıq müharibəsinə və bu zaman azərbaycanlılara qarşı törətdikləri soyqırımına göz yumulması açıq-aşkar ermənipərəst qərəzli mövqedən xəbər verir. Belə bir şəraitdə Ermənistan Respublikası bölgədə sülhün, sabitliyin və qarşılıqlı anlaşma mühitinin bərqərar edilməsinin tərəfdarı olduğunu sözdə bəyan etsə də, əslində Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamaqla və 1 milyon azərbaycanlını qaçqın və köçkün həyatına məhkum etməklə beynəlxalq hüquq normalarını və prinsiplərini kobudcasına pozmaqda davam edir.
Azərbaycan cəmiyyətində belə bir fikir kök salmışdır ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olan ən böyük amil dünyanın nüfuzlu dövlətləri tərəfindən münaqişəyə ikili standartlarla yanaşılması, təcavüzkarın öz adı ilə çağırılmaması və cəzasız qalması, işğalçı ilə işğalın qurbanının bərabər tutulmasıdır.
Münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi Amerika Birləşmiş Ştatlarının Konqresinin Nümayəndələr Palatasının komitəsində ədalətsiz qərarın qəbul edilməsi bölgədə sülh yaradılması səylərinə mane olur və danışıqlar prosesində indiyədək əldə edilmiş müsbət nəticələri heçə endirə bilər.
Lakin biz əminik ki, ABŞ-ın bölgədəki maraqlarına
zidd olan, ABŞ - Türkiyə və
ABŞ - Azərbaycan strateji
tərəfdaşlığına zərbə vura biləcək bu qərar Amerika Konqresi tərəfindən
rədd ediləcəkdir.
Ümid etmək istəyirik ki, ABŞ kimi demokratik imicə malik olan bir dövlətin rəhbərliyi
ABŞ - Türkiyə və
ABŞ - Azərbaycan münasibətlərinə
xələl gətirə
biləcək bu qərarın qəbul edilməsinə yol verməmək üçün
mümkün olan hər şeyi edəcəkdir.
Müraciət Azərbaycan
Respublikası Milli Məclisinin 2010-cu il 5 mart tarixli iclasında qəbul edilmişdir.
Azərbaycan.- 2010.- 6 mart.- S. 2.