Azərbaycan hər zaman Türkiyənin
yanındadır
Deputatlar ABŞ Konqresinin Nümayəndələr
Palatasının Xarici əlaqələr komitəsinin lehinə
səs verdiyi qətnaməni tarixin kobud şəkildə
saxtalaşdırılması və təcavüzkara dəstək
kimi qiymətləndirdilər
Martın 5-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası giriş sözü ilə açan Milli Məclisin Sədri Oqtay Əsədov ilk olaraq qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik etdi. Daha sonra deputatlar gündəliyə təqdim olunan məsələlərə münasibət bildirərək onu təsdiq etdilər.
Cari məsələlərin müzakirəsi zamanı deputat Fazil Mustafa payçı vətəndaşların hüquqlarının qorunması istiqamətində tədbirlərin gücləndirilməsinin vacibliyini bildirdi. Onun həmkarı Vahid Əhmədov isə diqqəti ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin martın 4-də keçirilən iclasında "erməni soyqırımı"nın tanınmasını nəzərdə tutan qətnamə layihəsinin sözügedən palatanın gündəlyinə salınması lehinə qərar çıxarmasına yönəltdi. Onun fikrincə, Xarici əlaqələr komitəsinin bu addımı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə də maneələr yaradacaq. Deputat Yaqub Mahmudov da çıxışında Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin məlum qərarına Milli Məclisin münasibət bildirməsini və müvafiq bəyanat qəbul etməsini vacib saydı. Onun sözlərinə görə, burada məsələnin mahiyyəti ondan ibarətdir ki, Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsi hüquqi səlahiyyətləri çatmadığı halda, xarici ölkənin daxili işlərinə müdaxilə edir: "ABŞ konrqesmenləri unutmamalıdırlar ki, söhbət soyqırımdan gedirsə, onların yaxın keçmişdəki ulu babaları yaşadıqları ərazidə Amerika hindularına qarşı soyqırımı törədiblər. Əgər tarixi məsələlərə dövlət və Konqres qarışırsa, onda elə birinci ABŞ-ın özündən başlamaq lazımdır". Yaqub Mahmudovun fikrincə, Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin qondarma "erməni soyqırımı" ilə bağlı qərarı qard aş Türkiyənin daxili işlərinə qarışmaq kimi qiymətləndirilməlidir. "Ermənilər özləri soyqırımı həyata keçiriblər. Onlar uzun müddət azərbaycanlılara qarşı soyqırım törədiblər və bu istiqamətdə siyasətlərini davam etdirirlər. Ermənilər Xocalıda bütün dünyanın gözü qarşısında azərbaycanlılara qarşı dəhşətli soyqırımı törətdilər" - deyə deputat bildirib.
Deputat Qənirə Paşayeva da Milli Məclisin etiraz bəyanatı hazırlayaraq ABŞ Konqresinə, Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinə göndərilməsi təklifini dəstəklədi: "Hesab edirəm ki, Xarici əlaqələr komitəsinin bu qərarı dünyanın hər bir yerində yaşayan və özünü turk sayan insanlar üçün təhqirdir. Çünki tarixdə olmayan bir şeyi bu formada bir millətin adına yazmaq onu təhqir etmək deməkdir. Çox təəssüf ki, tarixdə olmayan hadisəni qəbul edən ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsi dünyanın gözü qarşısında ermənilərin törətdiyi və konkret sənədlərdə, audio, videoyazılarda əks olunan Xocalı soyqırımını görmək istəmir. Bu isə o deməkdir ki, belə mövqedən çıxış edənlər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində obyektiv mövqe nümayiş etdirə bilməz".
Deputat Elman Məmmədov bu məsələ ilə bağlı həmkarlarının fikri ilə bölüşdüyünü qeyd etdi. Onun sözlərinə görə, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qərarı Türkiyəyə növbəti təzyiqdir: "Lakin mən belə hesab edirəm ki, burada Türkiyədən çox itirən tərəf ABŞ özü olacaq. Xarici Əlaqələr Komitəsi erməni lobbisinin, cırtdan Ermənistan dövlətinin təhriki ilə atdığı bu addımla Amerikanın Türkiyə kimi müttəfiqini, eləcə də bütün Şərq dünyasını itirməsinə gətirib çıxara bilər. Biz bütün türkdilli ölkələrlə birlikdə Türkiyə ilə həmrəy olduğumuzu bildirməliyik. Bütün İslam dünyası bu həmrəyliyə qoşulmalıdır".
Deputat ATƏT-in Minsk qrupunun həmsədrlik institutnun tərkibinə də diqqət yetirməyin vacibliyini, bunun ABŞ və Fransanın qəbuledilməz mövqeyi ilə bağlı olduğunu bildirdi: "Digər bir vacib məsələ də ondan ibarətdir ki, Milli Məclis BMT-yə, Avropa Şurasına və ATƏT-ə ünvanlanmış xəbərdarlıq xarakterli bəyanatlar qəbul etməlidir. Burada göstərilməlidir ki, əgər sözügedən təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyirlərsə və bizi bu yola dəvət edirlərsə, ancaq özləri bu istiqamətdə məsuliyyətsiz, laqeyd mövqe tuturlarsa, təcavüzkarı yerində oturtmurlarsa, sabah müharibə başlasa, onun məsuliyyəti məhz həmin təşkilatların üzərinə düşəcək".
Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov isə qeyd etdi ki, "erməni soyqırımı" layihəsi ilə bağlı məsələyə münasibətində Konqresin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin qərarı qəbuledilməzdir.
Beynəlxalq hüququn prinsip və normalarının bir çox hallarda yerinə yetirilmədiyini qeyd edən Ziyafət Əsgərov Prezident İlham Əliyevin Qəbələdə məcburi köçkünlər və ictimaiyyət nümayəndələri ilə görüşündə səsləndirdiyi fikirləri xatırlatdı: "Cənab Prezident çox düzgün vurğuladı ki, Azərbaycan xalqı öz gücünə inanmalı, öz iqtisadiyyatını və ordusunu gücləndirməlidir. Xarici əlaqələr komitəsinin qərarına gəlincə, məlumatlardan görürəm ki, Nümayəndələr Palatasının sədri Türkiyənin keçmişinə görə hesabat verməli olduğunu bildirir. Əvvəla, bunun heç bir əsası yoxdur. Hələ sübut olunmayıb ki, ermənilərin iddia etdiyi "soyqırım" olub, yoxsa yox. İkinci bir tərəfdən Türkiyə dəfələrlə təklif edib ki, bu məsələni tarixçilərin öhdəsinə buraxaq və onlar arxiv materialları əsasında həqiqəti meydana çıxarsınlar. Digər tərəfdən, əgər Türkiyə keçmişinə görə hesabat verməlidirsə, onda ABŞ dövləti qurularkən yerli hinduların qırılması hesabatını kim verməlidir? Əfqanıstanda, İraqda qırılan mülki vətəndaşların hesabatını kim verməlidir? Qarabağda, Xocalıda qırılan insanların hesabatını kim verməlidir? Konqres nümayəndələri buna niyə münasibət bildirmir? Əslində məqsəd məlumdur və istəyirlər ki, Türkiyəni bu yolla Ermənistanla sərhədləri açmağa vadar etsinlər. O da qəribədir ki, Türkiyəyə deyilir ki, siz Ermənistanla sərhədlərin açılması məsələsində Qarabağ şərtindən vaz keçməlisiniz. Amma Ermənistan Konstitusiya Məhkəməsi bu məsələ ilə bağlı qərar qəbul edərkən şərtlər qoydu və həmin şərtləri heç yada da salmırlar".
Ziyafət Əsgərovun sözlərinə görə, Türkiyə ATƏT-in Minsk qrupunun üzvü olan həmsədr dövlətləri, o cümlədən ABŞ-ı Dağlıq Qarabağ münaqişəsinin həllinə dəvət edir: "Bunun əvəzində isə ABŞ Konqresi tərəfindən Türkiyəyə təzyiqlər edilir. Bir daha qeyd etmək istəyirəm ki, bu məsələdə beynəlxalq hüquq və beynəlxalq hüququn norma, prinsiplərini həyata keçirməli olan orqanlar həddindən artıq acizlik göstərirlər. Bu, bir daha onu göstərir ki, dünya BMT tərəfindən yox, özünü böyük dövlət sayan ölkələr tərəfindən idarə olunur. Mən bu səbəbdən Prezident İlham Əliyevin verdiyi bəyanatı bir daha tamamilə dəstəklədiyimi bildirirəm. Hər bir Azərbaycan vətəndaşı bu gün Prezidentin ətrafında birləşməlidir. Ancaq özümüzə güvənməliyik".
Deputat Zahid Oruc da çıxışında Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin qərarını pislədi.
Milli Məclisin Sədri Oqtay Əsədov bu məsələ ilə bağlı çıxışında yaxın tarixə qısa nəzər saldı: "Cənab Barak Obama Prezident seçildikdən sonra erməni lobbisinin qarşıya qoyduğu əsas məsələlərdən biri o idi ki, 24 aprel çıxışında soyqırım sözü işlətsin. Düzdür, Barak Obama soyqırım sözü işlətmədi, erməni dilində olan frazadan istifadə etdi. Elə həmin gün də ABŞ Konqresinin bir qrup nümayəndəsi cənab Obamaya açıq məktub yazdı. Bu məktubun məğzi ondan ibarət idi ki, əgər biz ermənilərə verilən sözü tutmasaq, gələn seçkilərdə Kaliforniya ştatında demokratlar uduzacaq. Bu da gülünc bir məsələdir. Necə yəni, bu boyda ABŞ dövlətini, Konqresini yönəldən erməni lobbisidir? Düzdür, mən buna inanmıram və bu belə də deyil. Bildyiniz kimi, 2007-ci ildə də Xarici əlaqələr komitəsində belə qərar qəbul olundu, lakin Prezident Administrasiyasının və Dövlət Departamentinin işə qarışmasından sonra bu məsələ Nümayəndələr Palatasının gündəliyinə salınmayaraq ləğv olundu. Mən inanmaq istəyirəm ki, ABŞ dövləti, Prezidenti, xalqı müdriklik göstərərək qondarma erməni soyqırımı ilə bağlı məsələnin qanunverici orqanda qəbuluna imkan verməyəcək. Mən hesab edirəm ki, Türkiyə və Azərbaycan parlament nümayəndələri ABŞ konqresmenləri ilə işlərini çox yüksək səviyyədə qurmalıdırlar. Bunun üçün Türkiyə və Azərbaycan parlament nümayəndələri Amerikaya da getməlidirlər, Konqreslə də sıx işləməlidirlər".
Milli Məclisin Sədri bildirdi ki, Türkiyəyə təzyiq Azərbaycana təzyiq etmək deməkdir: "Türkiyənin Ermənistanla sərhədlərin açılması üçün irəli sürdüyü əsas şərt Dağlıq Qarabağ münaqişəsinin həll edilməsidir. Azərbaycan da Türkiyəyə qarşı qəbul edilə biləcək istənilən qeyri-obyektiv qərara qarşı olacaq. Azərbaycan həmişə Türkiyənin yanındadır və bundan sonra da belə olacaq".
Daha sonra deputatlar gündəliyə salınmış məsələlərin müzakirəsinə keçdilər. "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) seçilməsi haqqında" məsələ ilə bağlı İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova çıxış etdi. Onun sözlərinə görə, Azərbaycan Konstitusiyasına uyğun olaraq Ombudsmanın seçilməsi ölkə Prezidenti və parlamentinin birgə həyata keçirdiyi səlahiyyətlər sırasına daxildir: "Ombudsman Prezidentin təqdimatı ilə Milli Məclis tərəfindən seçilir. Müzakirəyə çıxarılan qanun layihəsində Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 14-cü bəndi rəhbər tutularaq insan hüquqları üzrə müvəkkilin seçilməsi üçün aşağıdakı namizədlər Prezident İlham Əliyev tərəfindən Milli Məclisə təqdim olunub: Süleymanova Elmira Teymur qızı, Qurbanov Faiq Mirəsədulla oğlu, Məlik-Aslanov Teymur Ramiz oğlu. İnsan hüquqları üzrə müvəkkilin seçilməsi üçün namizədlərin təqdimatı parlamentin İnsan hüquqları komitəsinin 25 fevral 2010-cu il tarixli qərarına əsasən, Milli Məclisin müzakirəsinə tövsiyə olunub".
Bu məsələ ilə bağlı çıxış edən deputat Məlahət İbrahimqızı hər üç namizədin Ombudsman vəzifəsini tutmağa layiq olduğunu bildirdi: "Lakin mən hesab edirəm ki, Elmira Süleymanova uğurlu fəaliyyət göstərdiyindən, Azərbaycanın dünyaya tanıtdılmasında mühüm rol oynadığından yenidən onun bu vəzifəyə seçilməsi məqsədəuyğun olar". Deputat Sabir Hacıyev isə Ombudsman institutunun yaradılması və inkişafında Elmira Süleymanovanın mühüm xidmətləri olduğunu qeyd etdi. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirdi ki, dövlət strukturlarının fəaliyyəti baxımından insan hüquqları üzrə müvəkkil təsisatının yaradılması, xüsusi Konstitusiya qanununun qəbul olunması Azərbaycan dövlətinin insan hüquqlarına verdiyi önəmdir. Deputat Siyavuş Novruzov da çıxışında həmkarlarını insan hüquqlarının qorunması sahəsində fəaliyyətinə görə Elmira Süleymanovanın yenidən Ombudsman vəzifəsinə seçilməsinə səs verməyə dəvət etdi. Bundan sonra keçirilən səsvermədə 106 səs lehinə olmaqla Elmira Süleymanova yenidən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili vəzifəsinə seçildi. Sonra iclasda "Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında diplomatik pasportlara malik olan vətəndaşların qısa müddətli viza rejimindən qarşılıqlı azad olunması haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi haqqında" məsələ müzakirəyə çıxarıldı. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov layihə barədə məlumat verdi. Müzakirələrdən sonra qanun layihəsi qəbul edildi. Gündəliyə təqdim olunan digər layihə "Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında mədəniyyət mərkəzlərinin təsisi və fəaliyyət şərtləri haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi haqqında" oldu. Bu layihə haqda Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov məlumat verdi və müzakirələrdən sonra qanun qəbul edildi.
Bundan sonra "2007-ci il yanvarın 1-də Avropa İttifaqına daxil olmuş Bolqarıstan Respublikasının və Rumıniyanın yeni statusu ilə bağlı "Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında" Əsas Çoxtərəfli Sazişə dəyişikliklər və əlavələr edilməsi haqqında" Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi haqqında", "Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında" Əsas Çoxtərəfli Sazişə dair gömrük prosedurları və sənədlərin işlənməsi üzrə Texniki Əlavəyə əlavələr edilməsi haqqında" Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi haqqında", "Beynəlxalq Dəniz Təşkilatı haqqında" Konvensiyaya dəyişikliklərin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi haqqında", "Bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyət haqqında" Beynəlxalq Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi haqqında" qanun layihələri müzakirəyə çıxarılaraq qəbul edildi.
Həmçinin "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamədə, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında" Əsasnamədə, "Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında" Əsasnamədə, "Miqrasiya orqanlarında qulluq keçmə haqqında" Əsasnamədə və "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanun layihəsi haqqında", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi"ndə və Azərbaycan Respublikasının Meşə Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi barədə", "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi haqqında" qanun layihələri müzakirələrdən sonra qəbul olundu.
Qısa fasilədən
sonra parlamentin iclası öz işini davam etdirdi. Milli Məclisin
Sədri Oqtay Əsədov bildirdi ki, bir qrup deputat ABŞ
Konqresinə Nümayəndələr Palatasının Xarici Əlaqələr
Komitəsinin qəbul etdiyi qətnaməsinə etiraz əlaməti
olaraq müraciət qəbul edilməsi təşəbbüsü
ilə çıxış edib. Parlamentin
spikeri təklif etdi ki, Milli Məclisin Beynəlxalq münasibətlər
və parlamentlərarası əlaqələr komitəsinin sədri
Səməd Seyidovun rəhbərliyi ilə bu təşəbbüslə
çıxış edən deputatlardan ibarət komissiya
yaradılsın. Deputatlar spikerin bu təklifinə
müsbət münasibət bildirdilər və Milli Məclisdə
ABŞ Konqresinə müraciətin qəbul edilməsi
üçün bir qrup deputatdan ibarət komissiya
yaradıldı.
Sonra 2009-cu il 18 mart tarixli
referendum nəticəsində qəbul edilmiş "Azərbaycan
Respublikasının Konstitusiyasına əlavələr və
dəyişikliklər edilməsi haqqında" referendum
aktının tətbiqi ilə əlaqədar bəzi
qanunvericilik aktlarına dəyişikliklər və əlavələr
edilməsi barədə qanun layihəsini parlamentin İqtisadi
siyasət komitəsi sədrinin müavini Çingiz Əsədullayev
deputatların müzakirəsinə təqdim etdi. Çingiz Əsədullayev bildirdi ki, təklif edilən
əlavə və dəyişikliklər əsasən texniki
xarakter daşıyır. Dəyişikliklərə əsasən
34 qanunda "Milli Bank" sözləri "Mərkəzi
Bank" sözləri ilə əvəz edilməsi nəzərdə
tutulur. Qanun layihəsində ayrı-ayrı
qanunvericilik aktlarına təklif edilən dəyişikliklər
və əlavələr parlamentin digər komitələrində
müzakirə olunaraq Milli Məclisin plenar iclasına
tövsiyə edilib.
Parlamentin Hüquq siyasəti
və dövlət quruculuğu komitəsinin sədri Əli
Hüseynov da bu sənəddə komitəyə aidiyyəti
qanunlarda "Milli Bank" sözlərinin "Mərkəzi
Bank" sözləri ilə əvəzləndiyini dedi. Komitə sədri qanunlara edilən düzəlişlərin
məqsədəuyğun olduğunu diqqətə
çatdırdı. Milli Məclisin
Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə
bildirdi ki, qanun layihəsində bələdiyyələrin fəaliyyəti
ilə əlaqədar bir neçə sənədə düzəlişlərin
və əlavələrin edilməsi təklif edilir.
Deputatlar bu
qanun layihəsinə müsbət münasibət bildirdilər.
"Cinayət
yolu ilə əldə edilmiş pul vəsaitlərinin və
ya digər əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizənin gücləndirilməsi məqsədilə
Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarına dəyişikliklər və əlavələr
edilməsi haqqında" qanun layihəsini Milli Məclisin
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin
sədri Əli Hüseynov deputatların müzakirəsinə
təqdim etdi.
Komitə sədri bildirdi ki, hazırda mütəşəkkil
cinayətkarlıq, o cümlədən pul vəsaitlərinin
leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi
məsələləri dünyanın bütün dövlətlərini
narahat edir. Azərbaycan da qabaqcıl
ölkələrdən biri kimi bu problemin həllində ən
təkmil dünya standartlarının tətbiq edilməsi
yolunu tutub. Ölkəmiz bu məqsədlə
beynəlxalq əməkdaşlığını daha da
gücləndirib. "Cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında" qanun ötən il parlamentdə
geniş müzakirə edilərək qəbul olunub. Qanun layihəsi
barədə ətraflı məlumat verən Əli
Hüseynov dedi ki, 2009-cu il ərzində Azərbaycan
dövləti tərəfindən bu sahədə
görülmüş işlər müvafiq beynəlxalq təşkilatlar
tərəfindən müsbət qiymətləndirilib. Qanun layihəsinin qəbulu ölkəmizin bu sahədə
həyata keçirdiyi islahatlara və mübarizəyə
töhfə verəcək və Azərbaycanın beynəlxalq
təsisatlar qarşısındakı imicini daha da gücləndirəcək.
Müzakirələr
zamanı deputatlardan Vahid Əhmədov, Əli Məsimli,
Siyavuş Novruzov, Çingiz Əsədullayev, Aydın Mirzəzadə
qanun layihəsi ilə bağlı təklif və tövsiyələrlə
çıxış etdilər. Qeyd olundu ki, bu
sənədin qəbulu zəruridir.
Qanun layihəsi
səsə qoyularaq qəbul edildi.
Sonra "Məhkəmələrin
fəaliyyəti haqqında informasiya əldə etmək barədə"
qanun layihəsi (ikinci oxunuş) müzakirəyə təqdim
edildi.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin
sədri Əli Hüseynov dedi ki, sənədin birinci
oxunuşda müzakirəsi zamanı deputatlar qanun layihəsinin
konseptual baxımdan zəruriliyini vurğulayıblar. Eyni zamanda sənədlə bağlı bir sıra təkliflər
irəli sürülüb. İşçi
qrupu tərəfindən deputatların tövsiyələri
öyrənilib. Demokratik cəmiyyətdə
məhkəmə hakimiyyətlərinin müstəsna rolu var.
Bu institutun fəaliyyəti qanunvericilikdə müəyyən
edilmiş çərçivədə ictimaiyyət və cəmiyyət
üçün də açıq olmalıdır.
Sənədin müzakirəsi
zamanı deputatlardan Fazil Mustafa, İlyas İsmayılov, Rafael
Cəbrayılov, Xanhüseyn Kazımlı, Baba Tağıyev,
Siyavuş Novruzov bir sıra təkliflərlə
çıxış etdilər. Qeyd olundu ki, bu
sənədin qəbulu məhkəmə sisteminin fəaliyyətinin
daha da təkmilləşməsinə, şəffaflığının
artırılmasına səbəb olacaqdır.
Milli Məclis Sədrinin
birinci müavini, Təhlükəsizlik və müdafiə
komitəsinin sədri Ziyafət Əsgərov deputatların
qanun layihəsi ilə bağlı suallarını
cavablandırdı. Ziyafət Əsgərov qanun layihəsinin təkmil sənəd
olduğunu, onun Konstitusiyaya və 2009-cu il
18 mart tarixli referendum aktının tələblərinə
uyğunlaşdırıldığını dedi.
Qanun layihəsi
fəsillər üzrə ayrı-ayrılıqda səsə
qoyularaq qəbul edildi.
İclasda daha
sonra parlamentin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr komitəsinin sədri
Səməd Seyidov Azərbaycan parlamentinin ABŞ Konqresinə
ünvanladığı müraciətin mətnini oxudu. Deputatlar buna
müsbət münasibət bildirdilər və Milli Məclisin
ABŞ Konqresinə müraciəti qəbul edildi. (Müraciətin mətni qəzetdə dərc
olunub).
İclasın sonunda deputat Qənirə
Paşayeva Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin
deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın bütün dünyada Azərbaycan
qadınını yüksək səviyyədə təmsil
etdiyini, onun nüfuzunu qaldırdığını, ölkəmizin
birinci xanımının Fransa Respublikasının Prezidentinin
Sərəncamı ilə "Şərəf Legionu"
ordeni kimi mötəbər mükafata layiq
görüldüyünü qeyd edərək 8 Mart Beynəlxalq
Qadınlar Günü münasibətilə bütün Azərbaycan
qadınları və parlamentin deputatları adından ölkəmizin
birinci xanımını təbrik etdi. Qənirə
Paşayeva bildirdi ki, ölkəmizin birinci xanımının
bu cür beynəlxalq mükafatlara layiq görülməsi
bütün Azərbaycan qadınlarını çox
sevindirir. Çünki bu fəaliyyət
xalqımız, dövlətimiz üçün olduqca
vacibdir.
Milli Məclisin
Sədri Oqtay Əsədov bu təbriklərə parlamentin
bütün deputatlarının qoşulduğunu qeyd etdi.
YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyeva təbriklərə və ona
ünvanlanan xoş sözlərə görə minnətdarlığını
bildirərək bütün Azərbaycan qadınlarını
8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə
təbrik etdi, onlara cansağlığı, gələcək
fəaliyyətlərində uğurlar və ailə səadəti
arzuladı.
Bununla da Milli Məclisin
iclası başa çatdı.
Azərbaycan.- 2010.- 6 mart.- S. 2, 3.