ABŞ Konqresi
"erməni soyqırımı"
ilə bağlı qətnaməni müzakirə
etməyəcəkdir
Bunu ABŞ Prezidenti Barak Obama və dövlət katibi Hillari Klinton bəyan etmişlər.
Barak Obama Administrasiyası Birinci dünya müharibəsi illərində uydurma "erməni soyqırımı" haqqında qətnamənin Konqresdə müzakirəsinin qarşısını almağa çalışacağını bildirmişdir.
Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qəbul olunmuş qondarma "erməni soyqırımı" qətnaməsi ABŞ Konqresində səsə qoyulmayacaqdır. Bununla bağlı Barak Obama Administrasiyası ilə ABŞ Konqresi arasında razılıq əldə olunmuşdur.
Ağ Ev rəsmisinin sözlərinə görə, qətnamənin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qəbul olunmasına baxmayaraq, qanun layihəsi sonrakı mərhələlərdə qəbul edilməyəcəkdir.
Qvatemalada səfərdə olan dövlət katibi Hillari Klinton növbəti dəfə bu məsələ ilə bağlı bəyanatla çıxış etmişdir. Dövlət katibi bildirmişdir ki, bu prosesdə biz Türkiyənin yanındayıq və müstəqil dövlətin fikirlərinə hörmətlə yanaşırıq. Lakin bununla belə, martın 5-də Kosta-Rikada dediyim kimi, Barak Obama Administrasiyası cəmi bir səs çoxluğu ilə qəbul olunmuş bu qətnamənin qəti olaraq əleyhinədir.
Xatırladaq ki, martın 4-də Barak Obama Administrasiyasının çağırışlarına və Türkiyənin etirazlarına baxmayaraq, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Osmanlı imperiyasında 1915-ci ildə baş vermiş hadisələr soyqırımı kimi qiymətləndirilmişdir. Bu barədə qərar ABŞ ilə Türkiyə arasında gərginliyə səbəb olmuşdur. Rəsmi Ankaranın reaksiyası özünü çox gözlətməmişdir. Səsvermədən dərhal sonra Türkiyənin Birləşmiş Ştatlardakı səfiri geri çağırılmışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 7 mart.- S. 1.