ABŞ Konqresinin uydurma "erməni soyqırımı"nın tanınması ilə bağlı qərarı Fransa mətbuatında geniş tənqid olunur

 

Amerika Birləşmiş Ştatları Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin uydurma "erməni soyqırımı"nın tanınması barədə qəbul etdiyi qərar erməni lobbisinin güclü olduğu Fransa kimi ölkənin kütləvi informasiya vasitələrində geniş tənqid olunur.

Nüfuzlu "Le Monde" qəzeti bununla əlaqədar "Hillari Klinton Konqresin Ermənistana dair qərara səsverməsinə mane olmaq istəyir" sərlövhəli yazı dərc etmişdir.

Məqalədə bildirilir ki, Amerikanın dövlət katibi martın 5-də verdiyi bəyanatda Osmanlı imperiyası dövründə "ermənilərin kütləvi şəkildə "soyqırımı"na məruz qalması" barədə Konqresin komitəsində qəbul olunmuş qərarının ləğv edilməsi üçün Amerika Administrasiyasının "çox ağır vəziyyətdə" işləməli olacağını bildirmişdir. Xanım Klinton bununla Türkiyəni sakitləşdirməyə çalışır.

Qəzet yazır ki, Türkiyə rəsmiləri Konqresin komitəsində qəbul olunmuş bu qərarın nəinki Türkiyə-Amerika əlaqələrinə, habelə son vaxtlar Türkiyə ilə Ermənistan arasında əldə edilmiş razılıqlara ciddi mənfi təsir göstərəcəkdir.

Yazıda qərarın Türkiyədə böyük narazılıq doğurduğu, ölkənin İstanbul digər şəhərlərində izdihamlı mitinq nümayişlərin keçirildiyi bildirilmişdir.

Məqalədə Amerika konqresmenlərinin bu qərarına qardaş Türkiyəni həmişə dəstəkləyən Azərbaycanın münasibətinə toxunulmuşdur. Qeyd olunmuşdur ki, Azərbaycan parlamenti ermənipərəst konqresmenlər tərəfindən səs çoxluğu ilə qəbul edilmiş qərarın regionda stabilliyin qorunmasına mənfi təsir göstərəcəyini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini çətinləşdirəcəyini bəyan etmişdir.

Fransanın "Le Fiqaro", "Les Echos", "Liberation" digər mətbu orqanları da Amerika konqresmenlərinin bu qərarını pisləmiş, ABŞ-ın bütün sahələrdə yaxın tərəfdaşı olan Türkiyə kimi bir dövləti itirmək təhlükəsi qarşısında olduğunu, islam ölkələrində nüfuzuna ciddi təsir göstərəcəyini vurğulamışlar.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.- 2010.- 7 mart.- S. 1.