8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə
bayram tədbiri keçirilmişdir
Martın 6-da "Avropa" mehmanxanasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirmişdir.
BMT-nin Əhali Fondunun və "Azercell Telekom" MMC-nin dəstəyi ilə təşkil olunmuş tədbirdə dövlət rəsmiləri, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Komitə sədri Hicran Hüseynova bayram ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təltif olunmuş qadınları təbrik etmişdir. Qeyd olunmuşdur ki, bu mükafatlar Azərbaycan qadınlarına göstərilmiş çox böyük etimaddır.
Tədbirdə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla xanım Əliyeva komitənin xatirə hədiyyəsinə layiq görülmüşdür.
Ötən il Azərbaycanın ictimai-siyasi həyatında fərqlənən bir sıra tanınmış qadınlara da mükafatlar verilmişdir.
Mərasimdə çıxış edənlər qadınları yüksək bir varlıq kimi dəyərləndirmişlər. Bildirilmişdir ki, bu gün Azərbaycan qadınının səsi dünyanın ən yüksək tribunalarından eşidilir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının dünyadakı nüfuzu ölkədə gender siyasəti sahəsində aparılan məqsədyönlü fəaliyyətin nəticəsidir.
Bayram tədbiri konsert proqramı ilə davam etmişdir.
Azərbaycan.- 2010.- 7 mart.- S. 3.