Türkiyənin xarici siyasəti və
Rusiya: qlobal sülhə regional yanaşma
"Rossiya v qlobalnoy politike" jurnalında Türkiyənin xarici işlər naziri, professor Əhməd Davudoğlunun "Türkiyənin xarici siyasəti və Rusiya: qlobal sülhə regional yanaşma" adlı məqaləsi dərc edilmişdir. Müəllif həmin məqalədə Türkiyənin xarici siyasət xəttinin xüsusiyyətlərini və prioritetlərini açıqlayır, Rusiya və Cənubi Qafqaz regionu ilə Türkiyənin münasibətləri məsələsi üzərində ətraflı dayanır. AzərTAc Ə.Davudoğlunun məqaləsini oxuculara təqdim edir.
Soyuq müharibənin başa çatması bəşər tarixində yeni bir mərhələnin - sülh və sabitlik mərhələsinin başlanmasından xəbər verirdi. Bir-biri ilə qarşıdurma vəziyyətində olan iki blokun birbaşa toqquşması riski aradan qaldırılmış, bununla da bəşəriyyətin başının üstünü almış təhlükə sovuşmuşdur. Lakin qlobal nüvə holokostu təhlükəsinin aradan qalxması heç də avtomatik olaraq yeni və sabit dünya nizamı yaranmasına gətirib çıxarmamışdır. Əvəzində Yer kürəsinin bir çox guşələrində dərin geosiyasi sərhəd xətləri yaranmış, bunların bir qismi dağıdıcı müharibə və münaqişələr doğurmuşdur. Bu gün geriyə nəzər salaraq deyə bilərik ki, soyuq müharibə başa çatandan sonra başlanmış dövr daha sabit beynəlxalq münasibətlər sisteminə keçid üçün aralıq dövr olmuşdur və yenə aralıq dövr olaraq qalır, hərçənd bu sistemin özü hələ də inkişafın erkən mərhələsindədir.
Köhnə dünya nizamından yaxa qurtarmış və yeni dünya nizamı qurulması yoluna qədəm qoymuş planetimiz yenidən dəyişikliklər və yenidənqurma əzablarını yaşamalı olur. Beynəlxalq münasibətlər sistemində qüvvələr nisbəti oyun meydanının hamarlanması və tədricən çoxqütblü dünyanın formalaşması istiqamətində dəyişdikcə, formal qurumlar yaradılması yolu ilə bu meyilləri möhkəmlətməyə ehtiyac getdikcə artır.
Beynəlxalq münasibətlərin bütün sahələrində - BMT-də islahatar aparılması üçün çox uzanmış cəhdlərdən başlamış dünya maliyyəsinin daha ağıllı şəkildə idarə edilməsinə yönəlmiş səylərə qədər hər sahədə fəaliyyətə çağırış səslərini eşitmək olar. Şübhə yoxdur ki, yoxsulluğun aradan qaldırılması və qlobal istiləşmə kimi ciddi problemlərin həllinə imkan verəcək daha səmərəli və humanist dünya nizamı yaradılması hamımızın xeyrinə olar. Məsələ bizim fəaliyyətə nə dərəcədə hazır olmağımızda, səylərimizi səfərbər edərək əlaqələndirə bilməyimizdə, qarşıya qoyulmuş məqsədə nə dərəcədə tez nail ola biləcəyimizdədir.
Türkiyə
bütün ölkələrin, hər bir cəmiyyətin və
ayrılıqda götürülmüş hər bir
insanın rifahına xidmət edəcək ədalətli və
davamlı dünya nizamının bərqərar olmasının
mümkünlüyünə inanır. Bizim fikrimizcə, bu yol yerli və
regional bloklar yaradılmasından keçir. Regional problemlərə
həssas yanaşmaq, dialoqun inkişaf etdirilməsi və
qarşılıqlı etimadın bərpa olunması qeydinə
qalmaq, regionlarda əməkdaşlığın möhkəmləndirilməsi
üçün stimulları gücləndirmək
lazımdır. Biz psixoloji maneələri aradan qaldırmaqla,
fikrimizi və ürəyimizi bir-birimizə açmaqla,
resursları birləşdirməklə vəziyyəti
yaxşıya doğru dəyişdirə bilərik və dəyişdirməliyik.
Rus məsəlində deyildiyi kimi: "Hamı çiynini
versə - ağır olmaz".
Türkiyə bu prinsipləri
rəhbər tutaraq bir sıra qonşu və daha uzaq regionlarda
təhlükəsizlik, sabitlik və tərəqqi işinə
öz töhfəsini vermək üçün fəal iş
aparır. Bizim bu sahədə əldə etdiyimiz nəticələr
göz qabağındadır. Bu fəaliyyətin
yekunlarını daha dəqiq qiymətləndirmək
üçün səylərimizin təməlini təşkil
edən ideyalara nəzər salmaq faydalı olar.
Altı prinsip və üç xüsusiyyət
Türkiyənin müasir
xarici siyasəti altı prinsipə əsaslanır.
Birinci prinsip azadlıq ilə
təhlükəsizlik arasında tarazlığın müəyyən
edilməsi prinsipidir. Təhlükəsizlik bir dövlət
üçün, bir ölkə və bir insan
üçün yaxşıdırsa, o, başqalarına da
fayda verəcəkdir. Lakin təhlükəsizliyi
azadlığın ziyanına və ya əksinə təmin
etmək olmaz. Deməli, onların arasında düzgün nisbəti
tapmaq lazımdır.
İkinci prinsip sülh
prosesinə bütün regional qüvvələrin fəal cəlb
edilməsini nəzərdə tutur. Biz qonşu ölkələrdə
"problemlərin sıfıra endirilməsi" siyasəti
yeridirik və hesab edirik ki, proses iştirakçıları
bir-birinə etibar edə bilərlərsə, bu məqsədə
çatmaq tamamilə mümkündür.
Üçüncü prinsip
qonşu regionlara münasibətdə səmərəli
diplomatiya yeridilməsini nəzərdə tutur. Bizim məqsədimiz
əməkdaşlığı maksimum intensivləşdirməkdir.
Bu, qonşularımızın hamısının xeyrinə
olar. Bu məqsədə nail olmaq üçün qonşu
dövlətlərlə münasibətlərimizi
"hamı üçün təhlükəsizlik",
"yüksək səviyyədə siyasi dialoq",
"qarşılıqlı iqtisadi asılılıq",
habelə "mədəni harmoniya və
qarşılıqlı hörmət" prinsipləri əsasında
qururuq.
2009-2010-cu illərdə BMT Təhlükəsizlik
Şurasının üzvü və geniş spektrli problemləri
həll etmək məcburiyyətində qalmış beynəlxalq
birliyin məsul üzvü olaraq biz öz xarici siyasətimizdə
dünya arenasında əsas oyunçularla bir-birini
qarşılıqlı tamamlayan fəaliyyətə can atmaq
kimi ifadə oluna bilən dördüncü prinsipə əməl
edirik.
Beşinci prinsip
qarşılıqlı maraq doğuran məsələlərin
həllinə təkan vermək üçün beynəlxalq
forumlardan və yeni təşəbbüslərdən səmərəli
istifadə edilməsini nəzərdə tutur. BMT, NATO,
İslam Konfransı Təşkilatı kimi qurumlarda Türkiyənin
nüfuzunun artmasının, habelə bir sıra yeni qurumlarla
qarşılıqlı münasibətlər
yaradılmasını məhz bu mövqedən qiymətləndirmək
gərəkdir. Onu da xatırlamaq lazımdır ki, Türkiyə
Afrika İttifaqı, Ərəb Dövlətləri
Liqası, Karib hövzəsi ölkələri Assosiasiyası
və Amerika Dövlətləri Təşkilatı kimi bir
sıra aparıcı regional təşkilatlarda müşahidəçi
statusu almışdır.
Bizim xarici siyasət xəttinin
altıncı prinsipi əvvəlki beş prinsipə əsaslanır.
Bu, ictimai diplomatiyaya diqqəti artırmağımız sayəsində
"Türkiyənin yeni obrazını" yaratmaq prinsipidir.
Mahiyyət etibarilə bizim
yanaşma regionda mübahisələrə son qoymağa və
münaqişələrin həll edilməsi, müsbət dəyişikliklərin
stimullaşdırılması, mədəniyyətlərarası
ünsiyyətin və qarşılıqlı
anlaşmanın inkişaf etdirilməsi üçün
novator mexanizmlərin və kanalların köməyi ilə
sabitliyi möhkəmlətməyə yönəlmişdir.
Beləliklə, deyə bilərik
ki, bizim xarici siyasətimizin üç fərqləndirici
xüsusiyyəti vardır. O, böhrana deyil, gələcək
dünya nizamı qurmaq arzusuna istiqamətlənmişdir. Biz
yaranan təhdidlərə münasibət bildirmək əvəzinə,
münaqişələrin həllinə yaradıcı
yanaşmalar təklif edirik. Bundan əlavə, bizim siyasətimiz
sistemli xarakter daşıyır və beynəlxalq problemlərin
bütün spektrini ehtiva edir.
Bu gün Türkiyə Afrikadan
Cənubi Amerikaya, Şərqi və Cənubi Asiyadan Karib
hövzəsi ölkələrinə qədər Yer kürəsinin
müxtəlif hissələrində ümdə məsələlərin
həllində iştirak etməklə həqiqətən
çoxvektorlu və genişəhatəli xarici siyasət
yeridir. Bundan əlavə, Ankara dinc yanaşı yaşama,
qarşılıqlı hörmət, dostluq, həmrəylik və
müxtəlif mədəniyyətlər, ideologiyalar və
dinlər arasında əməkdaşlıq prinsiplərini fəal
möhkəmləndirir. Beş il bundan əvvəl Türkiyə
BMT-nin himayəsi altında İspaniya ilə birlikdə
"Sivilizasiyalar İttifaqı" yaratmışdır. Bu
layihə mədəniyyətlərarası dialoqun dərinləşməsinə
və ekstremizmə qarşı mübarizəyə yönəlmiş
qlobal səylərin flaqmanına çevrilməlidir. Zəngin
mədəni irsə malik olan Rusiya Federasiyası da bu tarixi əhəmiyyətli
tədbirə sanballı töhfə vermək
üçün zəruri olan hər şeyə malikdir.
"Böyük
İyirmilik" dövlətlərinin üzvü olan
Türkiyə beynəlxalq maliyyə qurumlarında islahatlara və
yeni dünya standartlarının qəbul edilməsinə,
davamlı iqtisadi inkişafı və sabit maliyyə sistemini təmin
edəcək, habelə daha səmərəli iqtisadi arxitektura
yaradılmasına kömək edəcək təşəbbüsləri
dəstəkləyir. Digər tərəfdən, inkişaf
etməkdə olan donor ölkə kimi Türkiyə inkişaf
etməkdə olan ölkələrə kömək əlini
uzadır və BMT tərəfindən ifadə edilmiş
Minilliyin İnkişaf Məqsədlərinə nail olmağa
töhfə verir.
Cənub Şərqi Avropa
ölkələrinin əməkdaşlığı təşəbbüsündə
bizim hazırda sədr olmağımız və gələcəkdə
Asiyada etimadın möhkəmlənməsi tədbirləri və
qarşılıqlı fəaliyyət konfansında, habelə
bu ilin ikinci yarısında Avropa Şurası Nazirlər Komitəsində
prezidentliyimiz regional əməkdaşlığın təkmilləşdirilməsi
üçün mühüm imkanlar verir. Türkiyə və
Rusiya kəskin regional məsələlərin həllində
həmrəylik nümayiş etdirərək bütün
istiqamətlərdə birgə işləyə bilərlər.
Unutmaq olmaz ki, Türkiyənin
xarici siyasəti nadir tarixi təcrübəyə və
coğrafiyaya əsaslanır. Bu bizim məsuliyyət hissimizi
daha da gücləndirir.
Bu cür tarixi məsuliyyət
Türkiyənin yaxın zonalara, o cümlədən Qafqaz, Xəzər
və Qara dəniz hövzələri, Balkanlar, Aralıq dənizinin
şərq sahilləri və Fars körfəzindən
Şimali Afrikaya qədər Yaxın Şərqə
marağını əsaslandırır. Bu kontekstdə
Türkiyə-Rusiya münasibətləri və Cənubi
Qafqazda vəziyyət məsələləri üzərində
daha ətraflı dayanmaq istərdim.
Türkiyə-Rusiya münasibətləri
Rusiya ilə bizi bağlayan
nümunəvi qonşuluq münasibətlərinə kölgə
sala biləcək heç bir problem yoxdur. Münasibətlərimiz
qarşılıqlı faydalı əsasda inkişaf edir və
son 19 ildə Türkiyə-Rusiya əlaqələrinin
bütün sahələrində irəliləməsindən
çox məmnunuq. Biz Rusiyanı çox qiymətli tərəfdaş,
dünyada mühüm böyük dövlət və regional
qarşılıqlı fəaliyyət baxımından əsas
oyunçu hesab edirik. Vurğulamaq istərdim ki, tərəflərin
ümumi marağına, qarşılıqlı etimada və
şəffaflığa əsaslanan əməkdaşlığın
daha da inkişaf etdirilməsi bizim xarici siyasət xəttinin əsas
prioritetlərindən biridir. Türkiyə-Rusiya münasibətləri
Türkiyənin çoxşaxəli xarici siyasətinin
ayrılmaz tərkib hissəsi olaraq qalır.
Son iki ildə həyata
keçirilmiş yüksək səviyyəli səfərlər
də bizim münasibətlərə ciddi töhfə
vermişdir. 2009-cu ilin fevralında Prezident Abdullah Gül
Rusiyada dövlət səfərində olmuş, Baş nazir Rəcəb
Tayyib Ərdoğan keçən ilin mayında Soçiyə
getmiş, Rusiyanın Baş naziri Vladimir Putin isə 2009-cu
ilin avqustunda Türkiyədə işgüzar səfərdə
olmuşdur. Bu il yanvarın 12-13-də Ərdoğan Moskvada səfərdə
olmuşdur. Həmin səfərdə mən də onu
müşayiət etmişəm. Mən keçən ilin
iyulunda da Moskvaya gəlmişdim. Şübhəsiz, həmin səfərlər
iki ölkə arasında münasibətlərə əlavə
təkan vermişdir.
Prezident Gülün Rusiyaya səfəri
ikitərəfli münasibətlər tarixində Türkiyə
dövlətinin başçısının Rusiyaya ilk
dövlət səfəri olmuşdur (bu səfərin daha bir
mühüm xüsusiyyəti ondan ibarət olmuşdur ki,
Türkiyə Prezidenti Tatarıstan Respublikasında - Türkiyə
ilə mədəni və tarixi əlaqələr saxlayan
Rusiya Federasiyasının mühüm regionunda olmuşdur). Səfər
zamanı hər iki ölkənin lideri Birgə Bəyannamə
imzalamışlar. Bu sənəddə
qarşılıqlı münasibətlərin təməli
qoyulmaqla bərabər, həm də ikitərəfli maraq
doğuran məsələlərin demək olar ki,
hamısına dair gələcək regional əməkdaşlığın
"yol xəritəsi" təklif edilir. Sənəddə təsdiqlənir
ki, 2004-cü ildə qəbul edilmiş Birgə Bəyannamədə
göstərilən məqsəd, yəni
qarşılıqlı münasibətlərin səviyyəsini
yüksəltmək və bizim qarşılıqlı
münasibətləri "çoxşaxəli dərin tərəfdaşlıq
səviyyəsinə" çatdırmaq məqsədinə
nail olunmuşdur. Yeni razılaşmalar da yüksək səviyyədə
siyasi iradənin - "bizim münasibətləri keyfiyyətcə
yeni səviyyəyə çatdırmaq və onları dərinləşdirmək"
əzminin təzahürüdür.
Bu kontekstdə Türkiyə
və Rusiya ali siyasi rəhbərlik səviyyəsində
dövlətlərarası mexanizm (Ali Əməkdaşlıq
Şurası) yaratmağı qərara almışlar. Biz
inanırıq ki, bu orqan ikitərəfli münasibətlərin
inkişafına kömək edəcək və regional sabitliyə
töhfə verəcəkdir. Ali Əməkdaşlıq
Şurası çərçivəsində ilk
görüş 2010-cu ilin birinci yarısında
planlaşdırılır.
1990-cı illərin əvvəlindən
iqtisadi və energetika sahələrində əməkdaşlıq
Türkiyə-Rusiya münasibətlərinin hərəkətverici
qüvvəsinə çevrilmişdir. Biz fəxrlə deyirik
ki, ticarətin həcmi xeyli artmışdır - 2008-ci ildə
Rusiya bizim əsas ticarət tərəfdaşımız
olmuşdur (əmtəə dövriyyəsinin həcmi 38
milyard dollara çatmışdır). 2009-cu ildə isə
Rusiya bizim ikinci ticarət tərəfdaşımız
olmuşdur (ticarət dövriyyəsinin həcmi təqribən
22 milyard dollar, o cümlədən ixracın həcmi 3 milyard
dollar və idxalın həcmi 19 milyard dollar olmuşdur). Lakin
təəssüf ki, enerji ehtiyatları idxalı nəticəsində
Ankaranın ticarət balansında ciddi kəsir
yaranmışdır (2009-cu ildə Türkiyə ölkədə
istehlak edilən qazın yarısından çoxunu və
neftin dörddəbir hissəsini Rusiyadan idxal etmişdir). Biz
tarazlığın əldə olunmasına böyük əhəmiyyət
veririk və Rusiya ilə ticarətin şaxələndirilməsi
məqsədini güdürük. Lakin əminik ki,
böhranın ikitərəfli ticarətdə neqativ nəticələri
bu il aradan qaldırılacaqdır. Bundan əlavə, 2015-ci ilə
qədər bizim əmtəə dövriyyəsi hər iki
Baş nazirin bu il yanvarın 13-də Moskva
görüşündə planlaşdırdığı kimi,
100 milyard dollara çatmalıdır.
İqtisadiyyatın digər
sahələri də diqqətəlayiqdir. Türkiyəli
podratçıların Rusiyada həyata keçirdiyi layihələrin
ümumi dəyəri 30 milyard dollara çatmışdır.
Türkiyənin Rusiyada birbaşa investisiyalarının həcmi
6 milyard dolları, rusiyalıların Türkiyədə
birbaşa investisiyalarının həcmi isə 4 milyard
dolları aşmışdır. 2008-ci ildə Rusiyadan
Türkiyəyə səfər etmiş turistlərin sayı
2,8 milyon nəfər, 2009-cu ildə isə 2,6 milyon nəfər
olmuşdur. Bundan əlavə, Rusiya firmalarının Türkiyənin
energetika infrastruktur layihələrinə və Türkiyənin
turizm sektoruna marağının getdikcə artmasını fərəhlə
müşahidə edirik. Enerji sahəsində əməkdaşlıq
Türkiyə-Rusiya münasibətlərinin mühüm
aspektidir. Rusiya Türkiyə üçün enerji
daşıyıcılarının mühüm təchizatçısıdır.
"Mavi axın" qaz kəməri layihəsi enerji sahəsində
əməkdaşlığı yeni strateji səviyyəyə
çatdırmışdır. Rusiyanın iştirakı ilə
yeni layihələr (məsələn, Türkiyədə
atom-elektrik stansiyası tikintisi) və Samsun-Ceyhan neft kəməri
layihəsinə Rusiyanın investisiyaları gündəmdə
mühüm yer tutur.
İnanıram ki, ikitərəfli
münasibətlər, siyasi, iqtisadi və energetika sahələrində,
habelə mədəniyyət və təhsil sahəsində
Rusiya ilə qarşılıqlı fəaliyyət bundan sonra
da inkişaf edəcəkdir. Regional və beynəlxalq məsələlərə
dair dialoq da davam etdiriləcəkdir. Bu dövrdə Moskva ilə
münasibətlər çox ümidvericidir və 2009-cu ilin
fevralında iki prezident tərəfindən imzalanmış
Birgə Bəyannamədə göstərildiyi kimi, bu
münasibətlərin daha da inkişaf etməsi
üçün bizdən asılı olan hər şeyi edəcəyik.
Cənubi Qafqaz
Rusiyanın şimalından
Türkiyənin cənubuna qədər uzanan dəhlizin mərkəzindəki
sülhün bərqərar olmasına və iqtisadi
inkişafa ciddi ehtiyac duyulan münaqişə regionu yerləşir.
Bura Qafqazdır. Qərbi Asiyada hazırkı vəziyyət
müəyyən mənada Şərqi Asiyanın iki nəhəng
dövləti - Çin və Yaponiya arasında yerləşən
Koreya yarımadasındakı çıxılmaz vəziyyəti
xatırladır. Buna görə də Türkiyə-Rusiya
münasibətləri barədə danışanda biz bu
münasibətlərin bütövlükdə Avrasiya qitəsində
vəziyyət üçün nə qədər
böyük əhəmiyyət kəsb etməsini başa
düşməliyik.
Əsrlər boyu Şərq
ilə Qərb, Şimal ilə Cənub arasında yerləşən,
müxtəlif dillərdə danışan və müxtəlif
dinlərə etiqad edən müxtəlif xalqların, etnik
qrupların məskunlaşdığı Cənubi Qafqaz, əlbəttə,
dünyanın siyasi xəritəsində ən çox maraq
doğuran və proqnozlaşdırıla bilməyən məkandır.
Türkiyə və Rusiya sərhədlərinə
bitişik olan Cənubi Qafqaz istər türklər, istərsə
də ruslar üçün həmişə xüsusi rol
oynamış, hər iki ölkənin diplomatik gündəliyində
mühüm yer tutmuşdur. Bu gün həmin regionun strateji əhəmiyyəti
daha da artmışdır və bu səbəbdən burada
regional sabitliyə və əməkdaşlığa ehtiyac bu
gün həmişəkindən daha artıq hiss edilir.
Türkiyə özünün xarici siyasətində Cənubi
Qafqaza xüsusi yer ayırır, orada sülhü, təhlükəsizliyi
və firavanlığı təmin etməyə
çalışır. Bu, təkcə Qafqaz xalqları ilə
Türkiyəni bir-birinə bağlayan tarixi və humanitar tellərlə
izah edilmir. Həmin xalqların bəziləri ilə türk
xalqı arasında ortaq mədəni və etnik xüsusiyyətlər
vardır. Əsas məsələ ondan ibarətdir ki, ərazi
etibarı ilə böyük olmayan bu bölgədə vəziyyət,
təəssüf ki, yenə də qeyri-sabitdir. ATƏT
üzvü olan ölkələrin ərazisində
üç böyük münaqişə təqribən 20
ildir ki, həll edilməmiş qalır.
Cənubi Qafqaz respublikaları
müstəqilliyini bərpa etdiyi vaxtdan burada sülh və
firavanlığın bərqərar olması
üçün bizdən asılı olan hər şeyi etməyə
çalışmışıq. Ermənistan da daxil olmaqla hər
üç respublikanın suverenliyini ilk olaraq tanıyan
dövlətlərdən biri Türkiyə olmuşdur. Lakin
Ermənistan tərəfindən Azərbaycan
torpaqlarının işğal edilməsi və bu səbəbdən
Dağlıq Qarabağ ətrafında yaranmış
münaqişə regional və dünya miqyaslı əməkdaşlığın
davam etdirilməsini çətinləşdirmişdir.
Türkiyənin Azərbaycanla
münasibətləri həmişə bənzərsiz olmuşdur.
Bu, müştərək tarixə, dinə və mədəniyyətə
malik xalqlarımızı birləşdirən xüsusi
qardaşlıq tellərindən irəli gəlir. Buna görə
də Bakı ilə bizim mühüm siyasi münasibətlərimiz
yaranmışdır. Tez-tez təşkil edilən
qarşılıqlı səfərlər, eləcə də
qarşılıqlı maraq doğuran məsələlər
barəsində daimi dialoq və həmrəylik də buna dəlalət
edir. Bizim iqtisadi əməkdaşlığımız daim
genişlənməkdədir. Ticarət dövriyyəsinin həcmi
2,5 milyard dollara çatmışdır. Bundan əlavə,
Türkiyə Azərbaycan iqtisadiyyatına xarici sərmayələr
yatırmaq baxımından liderlik edir.
Sevindirici haldır ki, Azərbaycan
inkişaf etməkdə olan demokratiya, artan iqtisadiyyat, insan
kapitalı və təbii ehtiyatlar sayəsində Qafqazda cazibə
mərkəzinə çevrilmişdir. Lakin Dağlıq
Qarabağ ətrafında münaqişənin tənzimlənməməsi
və ölkə ərazisinin 20 faizinin Ermənistan tərəfindən
işğal edilməsi Azərbaycanın və
bütövlükdə regionun həmin mühüm potensialdan
istifadə etməsinə mane olur.
Türkiyə ATƏT-in Minsk
qrupunun üzvü olmaqla lap əvvəldən Qarabağ
münaqişəsinin Yerevan ilə Bakı arasında
danışıqlar vasitəsilə, dinc yolla tənzimlənməsinə
fəal tərəfdar olmuşdur. Çox təəssüf
ki, münaqişənin özü kimi köhnə olan mexanizm
də hələlik nəzərəçarpacaq konkret nəticə
verməmişdir. Buna görə də prezidentlər İlham
Əliyev və Serj Sarkisyan arasında danışıqlarda bu
yaxınlarda əldə edilmiş tərəqqi çox
vacibdir. Bu, tarixin özünün nadir imkan
yaratdığı bir vaxtda intensiv dialoq vasitəsilə
konkret nəticələr əldə etməyin zəruriliyini
bir daha vurğulayır. Bununla bərabər, ATƏT-in Minsk qrupu
tərəfləri fikir ayrılıqlarını aradan
qaldırmaq və barışığa nail olmaq
üçün konkret addımlar atmağa sövq edə biləcək
yeganə beynəlxalq vasitə olaraq qalır.
Məlum səbəblərə
görə, Ermənistanla bizim münasibətlərimiz
başqa məcrada olmuşdur və indiyə qədər
Ankaranın Cənubi Qafqazda görmək istədiyi dolğun
mənzərədə çatışmayan element kimi
qalmaqdadır. Lakin biz ümidimizi itirmirik ki, Ermənistanla əlaqələri
gec-tez bərpa etmək mümkün olacaqdır və bu məqsədlə
etimadın möhkəmləndirilməsi üzrə birtərəfli
tədbirlərə əl atırıq. 2007-ci ildə normal
ikitərəfli münasibətlər yaradılması məqsədilə
hər iki ölkənin yüksək vəzifəli məmurları
arasında dialoq üçün diplomatik kanalı işə
salmaq mümkün olmuşdur.
Bu səylər 2009-cu ildə
öz səmərəsini vermişdir. Hər iki dövlətin
məsul siyasətçiləri bu qənaətə gəlmişlər
ki, genişəhatəli dinc tənzimləmə
üçün əlverişli məqam yetişmişdir.
Ölkə daxilində fəaliyyətimizin kəskin tənqid
edilməsinə baxmayaraq, biz həmin planı qətiyyətlə
həyata keçirməyə başlamışıq. Gərgin
əmək və intensiv danışıqlar sayəsində
2009-cu il oktyabrın 10-da Sürixdə iki protokol
imzalanmışdır.
Bu, indiyə qədər iki
qonşu xalqı bir-birindən ayıran hüquqi və
psixoloji maneələrin aradan qaldırılması istiqamətində
irəliyə doğru atılmış misilsiz
addımdır. Lakin Yerevanla bütün dialoq ərzində
biz həmişə özümüzə hesabat vermişik ki,
bu başıbəlalı regionda çoxdan gözlənilən
sülhün və sabitliyin bərqərar olması
üçün təkcə türk-erməni
barışığı kifayət deyildir.
Biz bu əqidədəyik ki,
Türkiyə ilə Ermənistan arasında münasibətlərin
normallaşmasında tərəqqi Dağlıq Qarabağ
münaqişəsinin həllinə yönəlmiş konkret
addımların köməyi ilə tamamlanmalı və
inkişaf etdirilməlidir. Yalnız bu münaqişənin hərtərəfli
tənzimlənməsi şərti ilə biz
barışıq ab-havasını qoruyub saxlaya bilərik, regionda
dialoqa, əməkdaşlığa və sülhə əngəl
törədən qalan maneələri aradan qaldıra bilərik.
Bu isə, əlbəttə, siyasi iradə və əzmkarlıq
tələb edir.
Hər iki protokol
imzalandıqdan dərhal sonra ratifikasiya edilmək
üçün Türkiyə parlamentinə göndərilmişdir.
Həmin protokollar barəsində Ermənistan Konstitusiya Məhkəməsinin
rəyi gözlənilməz maneə olmuşdur. Bu maneəni
aradan qaldırmaq lazımdır. Əgər bütün tərəflər
özlərini məsuliyyətli aparsalar və Cənubi
Qafqazda hərtərəfli sülhün bərqərar
olmasına töhfə verməyə çalışsalar, zənnimcə,
Türkiyə parlamenti həmin protokolları tezliklə
ratifikasiya edəcəkdir. Bu, iki xalqın barışması
prosesini asanlaşdırmaqla bərabər, həm də yeni gələcəyə,
sülhün, tərəqqinin və əməkdaşlığın
bərqərar olmasına yol açar. Bu baxımdan ən təxirəsalınmaz
zərurət ondan ibarətdir ki, qondarma hüquqi problemlər
adı ilə sülhə və sabitliyə nail olmağa əngəllər
törədilməsin.
Gürcüstana gəldikdə
isə, xalqlar arasında dərin tarixi və mədəni əlaqələr,
ortaq sərhəd, irimiqyaslı nəqliyyat-energetika infrastrukturu,
gürcü və abxaz mənşəli Türkiyə vətəndaşları
Türkiyə Cənubi
Qafqazın bütün dövlətlərini müstəqilliyini,
suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir,
bu mənada Gürcüstan da istisna deyildir. Həmin ölkələr
müstəqilliyini bərpa etdiyi vaxtdan bizim prinsipial
mövqeyimiz belə olmuşdur və biz əvvəlki kimi bu
mövqedən çıxış edirik. Rusiya ilə bizim
gözəl münasibətlərimizi və çoxşaxəli
tərəfdaşlığımızı nəzərə
alsaq, 2008-ci ilin avqust hadisələrindən son dərəcə
narahat olmuş ölkələr sırasında Türkiyənin
də olmasını təsəvvür etmək çətin
deyildir.
Bu gün Ankara və Moskva,
eləcə də Bakı və Tbilisi Cənubi Qafqazı
genişəhatəli və möhkəm sülh zonasına
çevirməyə həmişəkindən daha çox
çalışır. Köhnəlmiş münaqişələrin
həllində hamının marağı vardır. Bu da
öz növbəsində ölkələrimizin liderlərinin
öz regionunun taleyi üçün məsuliyyət hissini
gücləndirəcəkdir. Köhnə yaraları
sağaltmağa imkan verəcək humanitar əlaqələrin
möhkəmlənməsində maraqlı olmağımız
da bizi birləşdirir. Biz hamımız köhnə
düşmənçiliyi unutmaq və müştərək
tariximizin müsbət cəhətlərini gələcəyə
istiqamətləndirmək istəyirik. Ən əhəmiyyətlisi
odur ki, biz hamımız Cənubi Qafqazda işıqlı gələcək
qurmağa çalışırıq.
Münaqişələri
qarşılıqlı məqbul yollarla tənzimləmədən
regionda davamlı sülhün və sabitliyin mümkün
olmadığını başa düşdüyümüzdən,
biz kompromislər axtarışını asanlaşdırmaq və
sürətləndirmək üçün yeni regional forum
yaradılmasını təklif etmişik. Bu ideyanın mahiyyəti
ondan ibarətdir ki, regional problemlərin həlli və
etimadın möhkəmlənməsi üçün beş
ölkənin - Azərbaycan, Gürcüstan, Ermənistan,
Rusiya Federasiyası və Türkiyənin liderləri
danışıqlar masası arxasında əyləşməlidirlər.
Türkiyə Qafqazda Sabitlik
və Əməkdaşlıq Platforması yaradılması təşəbbüsü
ilə çıxış edərək bu prosesin asan
olmadığını etiraf etmişdir, çünki
mövcud münaqişələr, eyni zamanda, həm belə
bir qurumun yaranması üçün əsas, həm də bu
ideyanın reallaşması prosesində başlıca maneədir.
Üstəlik, Qafqazda hansısa bir təşkilat yaratmaq təklifi
əvvəllər də irəli
sürülmüşdür. 1990-cı illərdən bəri
bir sıra oxşar təşəbbüslər irəli
sürülmüş, lakin onların hamısı xoş məramlara
xidmət etdiyinə baxmayaraq, gerçəkləşməmiş
qalmışdır. Biz əvvəlki uğursuzluqları yada
salaraq elə qurum yaratmağa hazırlaşırıq ki, o,
regionun əsas simaları arasında dialoqa, ideya mübadiləsinə
və etimadın möhkəmlənməsinə kömək
edə bilsin. Hesab edirik ki, bu, ötəri hadisə deyil,
sürəkli proses olacaqdır. Platforma ideyasının
özü gələcəkdə zorakılığın
ümidverici alternativini və münaqişəli vəziyyətlərin
tənzimlənməsi vasitəsini yarada bilər.
Cənubi Qafqazda davamlı
sülhə və sabitliyə nail olmağa yönəlmiş
səylərimizin nə ilə nəticələnəcəyindən
asılı olmayaraq, bir məsələ aydındır:
Türkiyə regionda sülh prosesinin fəal
iştirakçısı kimi qalacaq və vəziyyətin
normallaşması üçün Rusiya ilə əməkdaşlıq
etmək naminə möhkəm və konstruktiv tərəfdaşlıq
yaradılması səylərini davam etdirəcəkdir.
Soyuq müharibə
dövrünün başa çatmasından 20 il
keçmişdir və bu gün qloballaşma prosesi yeni mərhələyə
qədəm qoyur. 1990-cı illərə qədər
dünyanın siyasi nizamını müəyyən edən
şərtlər indikindən qat-qat aydın idi, hərçənd
aparıcı böyük dövlətlər arasında
münasibətlər bəzən təhlükəli dərəcədə
kəskinləşirdi. Bu gün biz tamamilə başqa, qlobal
dünyada yaşayırıq. Demokratiya, insan hüquqları və
bazar iqtisadiyyatı beynəlxalq münasibətlər sisteminin
təməlini təşkil edir. Dünənki düşmənlər
müasir, qarşılıqlı asılı qlobal
iqtisadiyyatda tərəfdaşlara çevrilir. Bu baxımdan,
Moskva ilə Ankara arasında münasibətlər bizim regionda
onun hüdudlarından kənarda struktur amildir. Türkiyə-Rusiya
münasibətləri həqiqətən Ankaranın
çoxşaxəli xarici siyasətinin ayrılmaz tərkib
hissəsi kimi təsəvvür edilir. Bu münasibətlər
ən adi ticarət əlaqələri kimi
başlanmış, lakin sürətlə inkişaf edərək
əməkdaşlığın yeni-yeni sahələrini
ehtiva etmişdir. Mən çox məmnunam ki, münasibətlərimiz
strateji əhəmiyyət kəsb etmişdir.
Çoxsaylı təhdidlər,
məsələn, mütəşəkkil və transmilli cinayətkarlıq,
qeyri-leqal immiqrasiya, mədəniyyətlərarası və
dini dözümsüzlük, ekstremizm və terrorizm Türkiyə
ilə Rusiya arasında qarşılıqlı əlaqələrin
möhkəmlənməsini tələb edir.
Bu fikirlər regional problemlərə
də aiddir. Türkiyənin və Rusiya Federasiyasının
üzərinə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin,
sabitliyin və tərəqqinin bərqərar olması
işində səylərin birləşdirilməsi
üçün tarixi və mənəvi məsuliyyət
düşür və əgər biz qarşımızda duran
problemlərin və onların həlli yollarının eyni
cür başa düşülməsi əsasında əməkdaşlıq
etsək, öz borcumuzu daha asanlıqla yerinə yetirə bilərik.
Biz Cənubi Qafqazda kompromisi və mehriban qonşuluq münasibətlərini
təbliğ etməklə planetdəki başqa münaqişələrin
tənzimlənməsinə, habelə həmrəylik və
qarşılıqlı anlaşma şəraiti
yaradılmasına kömək edərik. Bizim ortaq regionumuzun
bugününü formalaşdırmaq və onun
işıqlı gələcəyini hazırlamaq
üçün bunları etməliyik.
Azərbaycan.- 2010.- 7 mart.- S. 4.