"Azərbaycan
qadını naminə"
kitabının təqdimatı
olmuşdur
Heydər Əliyev İrsini Araşdırma Mərkəzi "Azərbaycan qadını naminə" kitabının təqdimat mərasimini keçirmişdir.
Azərbaycan, ingilis və rus dillərində nəşr olunan kitabda ulu öndər Heydər Əliyevin Beynəlxalq Qadınlar Günü münasibətilə müraciətləri, ümummilli liderin qadınların I qurultayındakı nitqi, qadın problemləri ilə bağlı toplantılarda çıxışları və məktubları, Prezident İlham Əliyevin dövlət qadın siyasəti ilə əlaqədar nitqləri və digər materiallar toplanmışdır.
Təqdimat mərasimində çıxış edən kitabın elmi məsləhətçisi və ön sözün müəllifi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ümummilli lider Heydər Əliyevin Azərbaycan qadınlarına göstərdiyi qayğıdan danışmışdır. O, demişdir ki, ölkəmizdə qadınlara göstərilən diqqətin nəticəsi kimi 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Bu, o vaxt üçün MDB məkanında qadın problemlərinin həlli ilə məşğul olan ilk belə qurum idi. Azərbaycan Prezidentinin 2006-cı il 6 fevral tarixli fərmanı ilə bu dövlət qurumu daha da genişləndirilərək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə çevrilmişdir. Qadın problemlərinin həlli Azərbaycan hökumətinin siyasətinin prioritet istiqamətlərindən birini təşkil etdiyini deyən H.Hüseynova, ölkəmizdə bu sahədə çox böyük işlərin görüldüyünü söyləmişdir.
Ümumiyyətlə, qadınların cəmiyyətdə fəal iştirakı üçün böyük potensialın olduğunu vurğulayan H.Hüseynova bu amildən yararlanmağın vacibliyini qeyd etmişdir. H.Hüseynova qadınlara göstərilən qayğının bariz nümunəsi kimi hər il dövlət büdcəsindən gender məsələlərinə iri həcmdə maliyyə vəsaitinin ayrıldığını söyləmişdir.
Qadınların son zamanlar ictimai-siyasi həyatda fəal mövqe tutduqlarını bildirən komitə sədri ötən ilin dekabrında keçirilmiş bələdiyyə seçkilərində qadın namizədlərin sayının artdığını, 300-dən çox qadının bələdiyyə sədri seçildiyini bildirmişdir.
Tədbirdə çıxış edən kitabın məsləhətçisi akademik Asəf Nadirov demişdir ki, qadınların cəmiyyətdə, ictimai-siyasi proseslərdə fəal iştirakı daim ulu öndər Heydər Əliyev siyasətinin tərkib hissəsi olmuşdur.
Kitabda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın qadınların beynəlxalq əhəmiyyətli tədbirlərində çıxışları da yer almışdır.
Kitab geniş oxucu kütləsi üçün
nəzərdə tutulmuşdur.
AzərTAc
Azərbaycan.- 2010.- 7 mart.- S. 5.