Şahbuzda kitaba, kitabxanalara maraq artıb

 

Şahbuz şəhərində müasir üslubda inşa olunan və ya əsaslı təmir olunaraq yenidən qurulan obyektlər çoxdur. 28 May küçəsində inşa olunan ikimərtəbəli bina yaxınlıqdakı digər sosial obyektlərdən DSMF-in rayon şöbəsindən, əhalinin sosial müdafiəsi mərkəzindən, təhsil şöbəsindən heç də geri qalmır. Obyekt müasir mebel dəstləri, informasiya texnologiyaları ilə təmin olunub. Başlıcası isə burada zəngin kitab fondu var. Onun 32945 nüsxəsi ölkə başçısının sərəncamına əsasən latın əlifbası ilə nəşr olunan kitablardır.

Müasir görkəmdə inşa olunan bu obyektə daxil olanda ümummilli lider Heydər Əliyevin bir kəlamı yadıma düşdü: "Kitabxana xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də, kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir".

Mərkəzləşdirilmiş bu kitabxana sistemi mərkəzi kitabxana ilə yanaşı, 25 filialı, uşaq kitabxanasını əhatə edir. Bu sistemdə 101 nəfər çalışır. Onların çoxu ali və orta ixtisas təhsilli mütəxəssislərdir. Əlvan Orucova, Məlahət Qafarova, Kifayət Əliyeva, Narın Cəfərova, Nərminə Quliyeva və başqaları bilik, xəzinə mənbəyi olan kitabı sevdikləri kimi, sevdirməyi də bacarırlar. Elə bu səbəbdəndir ki, son illər kitabxanalara üz tutan oxucuların sayı artıb.

Rayonda aparılan tikinti-quruculuq işləri kənd və qəsəbələrdəki mədəniyyət ocaqlarını - kitabxana, klub, mədəniyyət evlərini də əhatə edir. Mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Pirqulu Məmmədov deyir ki, artıq Şahbuzkənd, Mahmudoba, Kolanı, Biçənək, Mərəlik, Badamlı, Şada kəndlərində və Badamlı qəsəbəsində mədəniyyət ocaqlarında normal iş şəraiti yaradılıb. Bu isə xidmətin səviyyəsini artırmağa imkan verir. Həmin obyektlər müasir istilik sistemi ilə təmin olunduqlarından xidmət təşkilatlarının üzərinə düşən texniki işlər də azalıb. Türkeş kəndindəki kitabxanada əsaslı təmir işləri aparılıb, uşaq kitabxanası yeniləşib.

Əlvan Orucova son illər kitabxanada keçirilən rəngarəng tədbirlərdən həvəslə danışdı. Dedi ki, əlamətdar və tarixi günlərlə bağlı keçirilən tədbirlər, kitab müzakirələri, yazıçı və şairlərlə, müharibə veteranları ilə görüşlər gənclərin irəyincə olur. Buna görə də onlar kitabxanalarla sıx əlaqə saxlayırlar.

Rayon mərkəzi kitabxanasında fəaliyyət göstərən 4 şöbədə 30 nəfərə yaxın işçi çalışır. Əksəri qadınlardır. Burada gülzarlıq işlərinə xüsusi diqqət yetirilməsi də onların əməyi ilə bağlıdır. Səliqə-sahmana ciddi fikir verilir. Hər bir kitabxanaçı vəzifə borcunu layiqincə yerinə yetirir. Odur ki, oxucular yaradılan şəraitdən, göstərilən xidmətdən razılıq edirlər.

Qiraət zalına keçəndə orada bir neçə gəncin mütaliə ilə məşğul olduğunu gördüm. Yaşlı nəslin bir üzvü, Azərbaycanın əməkdar təbiəti mühafizə işçisi Qaşdar Əliyev burada dövri mətbuatı vərəqləyirdi. O da burada yaradılan şəraitdən ürək dolusu razılıq etdi:

- Üç il əvvələ qədər kitabxana xidmətindən söz salmağa dəyməzdi. Köhnə, yararsız və darısqal binada yerləşirdi. Elə ki müasir tipli və yaraşıqlı bina bu sahə üçün inşa olundu, onda kitabxana kollektivinin işləmək arzusu da artdı. İndi hamı həvəslə çalışır, oxucular da, elə biri mən özüm, bundan məmnun qalırıq.

Rayon qəzetinin əməkdaşı Şəhla Nəbiyeva ilə də kitabxanada rastlaşdıq. O da dedi ki, burada keçirilən tədbirlər-kitab müzakirələri və disputlar oxucularla əlaqələrin güclənməsinə səbəb olub. Bu işdə o, rayon icra hakimiyyəti aparatının köməyini də yüksək qiymətləndirdi.

Ucqar dağ rayonunun mərkəzində aparılan quruculuq tədbirlərindən digər mədəniyyət obyektlərinə də pay düşüb. "Araz" kinoteatrında yaradılan şərait də bu baxımdan diqqət çəkir. Burada gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün maraqlı və rəngarəng tədbirlər keçirilir. Artıq rayon tarix-diyarşünaslıq muzeyi də yeni binada fəaliyyət göstərir.

 

 

Məmməd MƏMMƏDOV

 

Azərbaycan.- 2010.- 7 mart.- S. 5.