Nəsillərə örnək

 

Azərbaycanın ziyalı qadınları bütün dövrlərdə qətiyyəti, cəsarəti və müdrikliyi ilə seçilmiş, yüksək mənəvi idealların, nəcib, xeyirxah təşəbbüslərin tərəfdarı kimi çıxış etmiş, dünyada sülhün, əmin-amanlığın, sabitliyin bərqərar olmasına çalışmışlar. Belə əməl sahiblərindən biri də görkəmli ictimai-siyasi və dövlət xadimi Hökümə İsmayıl qızı Sultanova idi. O, ilk Azərbaycan qadını idi ki, respublika Nazirlər Sovetinin sədr müavini vəzifəsinədək ucalmışdı. Hökümə Sultanova haqqında çox yazılıb, lakin o, elə bir şəxsiyyət idi ki, nə qədər yazılsa da, yenə deməyə təzə söz tapılır.

 

Kiçik yaşlarından atasını itirən Hökümə xanım həyatın burulğanlarından, keşməkeşli olaylarından məharətlə çıxmışdı. 19 yaşında Azərbaycan Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi seçilmişdi. O zaman bu gənc və zərif qızın çalışqanlığına və dözümlüyünə hamı heyran olurdu. Ona tapşırılan bütün işləri vaxtında yerinə yetirir, eyni zamanda bir neçə vəzifəni icra edir və yoruldum demirdi. O, həm AKGİ MK katibi, həm "Pioner" jurnalının redaktoru kimi məsul vəzifələrdə çalışmış, həm də Moskvadakı Qırmızı Professuranın Bakı bölməsində təhsilini davam etdirmişdi. Müxtəlif vaxtlarda H.Sultanova "Hücum" və "Şərq qadını" jurnallarının da redaktoru olmuşdur. 26 yaşında Azərbaycan KP MK-nIn şöbə müdiri vəzifəsində çalışmışdı. Hələ o zaman biliyi, bacarığı və işgüzarlığı ilə yaşıdlarından seçilmişdi. O, həm alim, həm jurnalist, həm də istedadlı yazıçı kimi tanınmışdı.

İşləməklə yanaşı təhsilini və siyasi biliyini artıran H.Sultanova 1936-cı ildə o vaxtkı Marksizm-Leninizm İnstitutunu bitirmiş və uzun müddət indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində, Azərbaycan Dövlət Neft Akademiyasında və Azərbaycan Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri vəzifələrində çalışmışdı. İşlədiyi bütün sahələrə ürəyinin bir parçasını qoymuşdu. Lakin müqəddəs peşə saydığı müəllimliyə daha çox bağlı olmuşdu.

Moskvada fəaliyyət göstərən yazıçı Vaynsberqin 2004-cü ildə işıq üzü görən "Kiçik bacı" adlı əsəri Hökümə Sultanovanın həyatına həsr edilmişdir.

Onun yetirmələrinin əksəriyyəti sonralar görkəmli elm, mədəniyyət və ictimai-siyasi xadim olmuş, məsul vəzifələrdə çalışmışdır. Akademik Məmməd Cəfər Cəfərov, akademik İbrahim İsmayılov, şair Zeynal Xəlil, görkəmli alim Mirzağa Quliyev, Gövhər Tanrıverdiyeva, Yaqut Dilbazi və başqalarının həyatda düzgün mövqe tutmalarında H.Sultanovanın böyük əməyi olmuşdur.

Hökümə xanım 1941-1947-ci illərdə "Azərnəşr"in direktoru, 1947-1951-ci illərdə Nazirlər Kabinetinin İncəsənət İşçiləri üzrə İdarəsinin rəisi (o vaxtlar bu idarə Mədəniyyət Nazirliyini əvəz edirdi), 1952-1954-cü illərdə Azərbaycan SSR-in Baş Litoqrafiyasının rəisi, 1954-1960-cı illərdə isə Nazirlər Soveti sədrinin müavini vəzifələrində çalışmışdır. 1960-cı ildən H.Sultanova respublika Qadınlar Şurasının sədri kimi fəaliyyət göstərmişdir.

Onunla çalışanlar deyirdilər ki, H.Sultanova incə qəlbli, xalqını və vətənini böyük məhəbbətlə sevən, ər hünərli bir xanım idi, millətimizin qadınlarına xas olan bütün müsbət xüsusiyyətləri özündə cəmləşdirirdi.

Hökümə Sultanova respublika Qadınlar Şurasının sədri vəzifəsində çalışarkən yüzlərlə qadını müdafiə etmiş, onlara ən çətin məqamlarda dayaq olmuş, yardıma ehtiyacı olanlara kömək əli uzatmış, haqsızlığa qarşı mübarizə aparmış, problemlərin haqq-ədalətlə həlli üçün heç nəyi əsirgəməmişdi. O, həmişə tabeliyində olanların problemləri və mənzil şəraiti ilə maraqlanırdı. Evi olmayanların mənzillə təmin edilməsinə, yaxud ailəvi yataqxanalarda yerləşdirilməsinə özü nəzarət edirdi. Bu yolla neçə-neçə gənc ailənin isti ocağının bünövrəsini qoymuş, bir çox ailənin dağılmasının qarşısını almışdı. O, gənc ailələrin problemlərini bəzən bir söhbəti, yaxud müdrik bir kəlamı ilə həll edirmiş. Geniş kütlə qarşısında çıxışı zamanı tez-tez deyirdi: "Qadının səadəti və xoşbəxtliyi öz əlindədir". Bu, həqiqətən belədir, çünki evin isti ocağını qorumaq hələ ta qədimdən qadının üzərinə düşüb, uşaqların tərbiyəsində və onların layiqli insan kimi yetişməsində ananın rolu misilsizdir. Ailəni süfrə başına yığan, evdə müsbət ab-hava yaradan qadındır. Çoxsaylı məruzələrinin birində Hökümə xanım vurğulamışdır: "Böyüməkdə olan nəslin tərbiyəsində qadınların rolu xüsusilə şərəflidir. Biz insanın bu və ya digər mənəvi keyfiyyətlərinin dərin köklərini nəzərə çarpdırmaq istədikdə deyirik: bu keyfiyyətlər onun qanına ana südü ilə keçmişdir. Bu obrazlı və çox yığcam ifadədə nə qədər dərin məna vardır! Ana südü ilə uşaqlarımıza vətənə məhəbbət, insanpərvərlik, əməyə hörmət, yüksək mənəviyyat kimi nəcib ideyalar aşılanır".

İctimai işdən başqa Hökümə xanımın elmi fəaliyyəti də böyük maraq doğurur. Əsərlərinin əksəriyyəti Azərbaycanda qadın hərəkatının inkişaf yoluna həsr edilmiş, respublikada bu mövzunu tədqiq edən ilk qadın araşdırıcılarımızdan olmuşdur. O, qadın probleminə həsr edilmiş bir sıra kitab və məqalələrin müəllifi idi. "Səadət", "40 bahar", "Xoşbəxtlik", "Ayna Sultanova", "Sovet Azərbaycanının xoşbəxt qadınları", "Ceyran Bayramova" və başqa kitabları həmişə geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanmışdır. Təəssüf ki, bəzi əsərləri ya yarımçıq qalmış, ya da işıq üzü görməmişdir.

Hökümə xanım tək deyildi, onun tələbələri, sadiq dostları var idi, onlar bu insanın başladığı şərəfli işi bu gün layiqincə davam edirirlər. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin (keçmiş Partiya Tarixi İnstitutu) direktor müavini, dosent Lətifə Əliyeva müəllimi Hökümə Sultanovanı tez-tez xatırlayır, onun müdrik kəlamlarını tez-tez misal gətirir. Lətifə xanım deyir ki, universitetin tarix fakültəsini bitirəndən sonra əlaçı tələbə kimi onu AKP MK yanında fəaliyyət göstərən Partiya Tarixi İnstitutuna işə göndəriblər. O vaxt onu gülər üzlə qarşılayanlardan biri Hökümə xanım olub və neçə illər bir otaqda işləyiblər. Hökümə xanım həmin illərdə Partiya Tarixi İnstitutunda baş elmi işçi vəzifəsini icra edirdi və gənclərə əsl müəllim, yol göstərən, yardım edən idi. Kimin nə problemi olurdu, yanına məsləhətə gəlirdi, o da həmin adama mümkün olan köməyi edirdi. Rəsmi qaydada həll edə bilmədiyi məsələləri şəxsi əlaqələri ilə yoluna qoyurdu. O, xeyirxahlıq, yaxşılıq etməkdən xüsusi həzz alırdı.

Bir sözlə, Hökümə Sultanova bütün mənalı ömrünü, ictimai-siyasi fəaliyyətini respublikanın tərəqqisinə və Azərbaycanda qadın hərəkatının inkişafına həsr etmişdi. Şəxsi həyatına çox az vaxt ayırırdı. Bu da ondan asılı deyildi. İki övlad anası idi: oğlu Yusif və qızı Nigar. Yusif, təəssüf ki, anasından əvvəl dünyasını dəyişmişdi. Bu itki Hökumə xanıma böyük zərbə olmuşdu. Qızı Nigar fəal ziyalı qadınlarımızdandır. Həyat yoldaşının xidməti vəzifəsi ilə bağlı neçə ildir Misir Ərəb Respublikasında yaşayır. Bir müddət Misirdə Azərbaycanın Mədəniyyət Mərkəzinin rəhbəri olub.

Hökümə Sultanovanın əməyinə həmişə yüksək qiymət verilmişdir. O, dəfələrlə Azərbaycan KP MK-nın və Bakı Komitəsinin üzvü və Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Qırmızı Əmək Bayrağı və "Şərəf nişanı" ordenləri, bir sıra medallarla təltif edilmiş, "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" adına layiq görülmüşdür.

 

 

Məhsəti ƏLİYEVA,

Azərbaycan Respublikası

Prezidenti İşlər İdarəsinin

Siyasi Sənədlər Arxivinin

baş elmi işçisi, siyasi

elmlər namizədi

 

Azərbaycan.- 2010.- 7 mart.- S. 6.