Xatirə yarpaqları

 

Telefonum zəng çaldı, dəstəyi qaldırdım. Zəng "Azərbaycan" qəzetindən idi. Mehriban, xoşrəftar həmkarımla xeyli söhbətdən sonra məlum oldu ki, qəzetdə 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr edilmiş səhifədə mənim çıxışım nəzərdə tutulub.

Doğrusu, çox kövrəldim. Birincisi, axı mən artıq 10 ildir təqaüddəyəm. Bir açığını deyim ki, belə bir telefon zəngini, təklifi mən 80 illik ömrümün 40 ilini işlədiyim qəzetdən - "Azərbaycan müəllimi" qəzetindən gözləyirdim... 1930-cu ildə Bakı şəhərində anadan olmuşam. Keçən əsrin 30-cu illəri Azərbaycanın tarixində ən ağır onilliklərdən biri idi. Kollektivləşmə, "qolçomaqların" bir sinif kimi məhv edilməsi, 37-ci il nəhayət, onilliyin sonunda, 1939-cu ildə Almaniyanın Polşaya hücumu ilə başlanan İkinci dünya müharibəsi... Bakıda mülkləri, müasir dildə desək, ticarət obyektləri, karvansaraları olan bəy atamız indi fəhlə olmuşdu, əlindən gələn işdən yapışmışdı - təki ailəsi korluq çəkməsin. 1918-ci ildə onun iki qardaşını, mənim iki əmimi ermənilər vəhşicəsinə öldürmüşdülər. Atam böyük ailəni çətinliklə dolandırırdı...

1938-ci ildə anam məni məktəbə yazdırdı - həmin illərdə məktəbə 8 yaşından qəbul edirdilər. Bakının 176 nömrəli məktəbində oxuyurdum. 1941-cı ilin yazında üçüncü sinfi bitirdim, lakin növbəti, 1941-1942-ci tədris ilində dördüncü sinifdə oxumaq mənə nəsib olmadı - 1941-ci il iyunun 22-də müharibə başlandı. Atalar, oğullar vətənin çağırışını gözləmədən cəbhələrə yola düşdü. Qadınlar, analar, əsgərlik yaşı çatmayan oğlanlar arxa cəbhədə - zavod-fabriklərdə, kənd təsərrüfatında onların yerini tutdu. Müharibə dörd ildən çox davam etdi... böyük insan iqtisadi qurbanlar bahasına olsa da, ölkəmiz qalib gəldi.

9 may Qələbə Gününü həyatımın ən xoş anlarından biri kimi xatırlayıram. Həmin gün Bakının qocadan tutmuş uşağadək bütün sakinləri Dənizkənarı parka axışırdı. Adamlar bir-birini tanımasalar da, görüşür, öpüşür, bir-birini təbrik edirdi. Qəfil yaylım top atəşləri eşidildi, hər yan nura qərq oldu. Mən bərk qorxdum, lakin atam məni sakitləşdirib, "Qorxma qızım, bu, qələbə münasibətilədir" dedi. Otuz yaylım atəşi açıldı...

1950-ci ildə Qızlar məktəbini bitirdim. Ali təhsil almaq arzusunda idim. Sənədlərimi Azərbaycan Dövlət Universitetinə verdim. Qəbul imtahanlarında əla qiymətlər aldığım üçün məni jurnalistika fakültəsinə qəbul etdilər. 1954-cü ildə jurnalist diplomu ilə "Azərbaycan müəllimi" qəzeti redaksiyasında əmək fəaliyyətinə başladım. İndi o dövrdən yarım əsrdən çox keçib. Bu gün redaksiyada işlədiyim ilk illərin unudulmaz xatirələri ilə yaşayıram. Redaksiya cəmi iki otaqda yerləşsə , kollektiv çox mehriban, səmimi, tanınmış qələm sahiblərindən ibarət idi. Bu xoşniyyətli, xoşrəftar, kömək əlini hər an uzatmağa hazır olan insanlara çox tez uyuşdum, özümü doğma adamların arasında hiss edirdim. İndi onların əksəriyyəti dünyasını dəyişib - Allah onlara rəhmət eləsin...

1956-cı ildə subaylığım arxada qaldı - gənc şair Sərdar Əsədlə ailə qurduq. Hər ikimiz müharibə dövrünün gəncləri olduğumuz üçün ata-analarımızdan heç ummurduq. İlk vaxtlar kirayədə qalırdıq. Sərdar "Ədəbiyyat incəsənət" qəzeti redaksiyasında işləyirdi. SSRİ Yazıçılar İttifaqının üzvü idi. Azərbaycan Yazıçılar Birliyi ailə vəziyyətimizi nəzərə alaraq bizi birotaqlı mənzillə təmin etdi. Şəraitimiz çətin olsa da, mehriban yaşayır, iki oğul, bir qız böyüdürdük. 1965-ci ildə üçotaqlı mənzilə köçdük. Həmin mənzildə düz 45 ildir yaşayırıq. Acılı-şırınlı xatirələrlə baş-başa...

1975-ci il, iyun ayı - bu, qəlbimdə sağalmaz yaralar açan tarixdir. Sərdar bizdən əbədi ayrılsa da, həmişə qəlbimizdə, könlümüzdədir. O vaxtdan 35 il keçir. Həmin il böyük oğlum Qoşqarın 17, Yaşarın 16, qızım Nazlının isə 13 yaşı var idi. Həmişə olduğu kimi, bədbəxtlik xəbərdarlıqsız gəlmişdi. Bundan sonra həyatımı necə quracağımı, övladlarıma necə təsəlli verəcəyimi, onları necə böyüdəcəyimi təsəvvür belə edə bilmirdim. Qoşqar orta məktəbi həmin il bitirmişdi, Yaşar gələn il - 1976-cı ildə məktəbi bitirməli idi. Düzü, pis təsir altına düşə biləcəklərindən, yollarını azacaqlarından çox qorxurdum. "Ot kökü üstündə bitər" rəhmətlik anamın öyüd-nəsihətləri: "Qızım, daha belini möhkəm bağla, indi sən həm övladlarının anası, həm evin kişisisən". Anamın bu sözləri məni sanki silkələdi... Sərdar dünyasını dəyişən gündən rəhmətlik anam düz 17 il keşiyimdə durdu, mənə imkanı olan hər cür köməyi etdi. Şükür Allaha, övladlarımın hər üçü ali təhsi alıb, üçü ailə qurub - indi beş nəvəm var. Qoşqarın oğlu babası Sərdarın adını daşıyır...

Əziz qadınlar! Allah bizə yaşamaq yaşatmaq kimi bir nemət bəxş edibsə, bu nemətdən ağılla istifadə etmək, gözəl, vəfalı, ailəcanlı olmaq bizim borcumuzdur. Böyük Nizami deyib: "Ağıldır insanın dövləti, varı..." Yaşadığım 80 ildə bu sözlər mənim həyatımın mayakı olub övladlarıma, tanışlarıma bunu həmişə tövsiyə etmişəm. Köhnə tanışlarım mənə "Tükəzban, maşallah, yaxşı qalmısan, sənə heç 80 yaş vermək olmaz", - deyəndə, onlara cavabım belə olub ki, bunun səbəbi atasız böyütdüyüm övladlarımın, nəvələrimin bu gün həyatda, cəmiyyətdə tutduqları yer, ləyaqətli, vicdanlı insan, vətəndaş olmalarıdır. Mənə yaşamaq eşqi verən, məni bu yaşda həyatdan zövq almağa sövq edən övladlarımın, nəvələrimin mənə göstərdikləri qayğı, hörmət, məhəbbətdir.

Azərbaycan qadını həmişə mərdliyi, ailəcanlı olması, sədaqəti ilə seçilib, fərqlənib, başqalarına nümunə olub. Bütün qadınlarımıza xoşbəxt analıq, mehriban ailə arzulayıram. Vətənimiz gözəldir, əmin-amanlıqdır. Zəngin həyat yaşamaq üçün hər cür şərait var. Gənc qızlarımıza tövsiyəm budur ki, səbirli olsunlar, həyatın çətinliklərindən qorxmasınlar, qurduqları ailənin qədrini bilsinlər.

 

 

Tükəzban ƏSƏDOVA,

əməkdar mədəniyyət

işçisi, əmək veteranı

 

Azərbaycan.- 2010.- 7 mart.- S. 6.