Gəncə səhnəsinin pərvanəsi
Heç kəsə sirr deyil ki, tamaşaçı teatra adətən sənətkarın ifasına baxmağa gedir. Mənim çox sevdiyim Gəncə teatrına da həmçinin. Bu teatrda da hərənin öz yeri, öz mövqeyi. Amma prezident mükafatçısı Pərvanə Qurbanovaya tay tapmaq heç də asan deyil. Bu xanımın sənəti də, surəti də, ifa tərzi də tamaşaçını heyran edir.
Əli Əmirlinin "Varlı qadın" komediyasına baxırdıq. İlk səhnələrdə əsas rolu dilənçi bicimində bir topal qadın oynayırdı. Səsi də görkəminə görə yorğun, xırıltılı gəlirdi. Bir azdan tamaşa zalında pıçıltı gəzdi. Bəs Pərvanə hanı? O niyə oynamır?
Bir xeyli keçdi. Əsərin məzmunu belədir ki, həmin "həyatın dibindəki" qadına kimdənsə böyük miras qalır. VəE Pərvanə Qurbanova öz ampluasında, öz cazibədar libasında, şahanə görkəmində səhnəyə çıxır. Alqışlar kəsilmək bilmir. Pərvanə Qurbanova həyatın sərt dönəmində necə kəskin dəyişir, iki müxtəlif vəziyyətə uyğun necə də inandırıcı obraz yaradırdı!
Bu yaxınlarda başqa bir əsərə də baxdım. Elçin Əfəndiyevin "Qatil" pyesində Pərvanə Qurbanova Qadın rolunu oynayırdı. Əsər elə qurulub ki, iki saatdan çox çəkən tamaşa fasiləsiz, antraktsız keçdi. Əsas rolun ifaçısı Pərvanə xanım bircə dəqiqə də olsun səhnədən çıxmadı, bir an da olsun ifasına pauza verilmədi. Tamaşaçı da ki, heç də çox deyildi. Bütün bunlara baxmayaraq, Pərvanə Qurbanova əsərin sonuna kimi elə coşqun, elə ürəklə, elə şövqlə, elə yüksək temperamentlə oynadı ki... Tez-tez dəyişən müxtəlif əhvallı səhnələrdə sevincli-kədərli, xoşbəxt-faciəli anlarda tamaşaçı bircə dəfə də olsun onun yorğunluğunu, əzginliyini hiss eləmədi.
Pərvanə Qurbanova, bax, bu cür sənətinə sadiq insan, geniş diapazonlu aktrisadır. Əməkdar incəsənət xadimi Vaqif Şərifov deyir ki, Pərvanə xanım xarakterlər ustasıdır. Ən mürəkkəb məqamlarda yaratdığı obrazın daxili aləmini tam dolğunluğu ilə aça bilir. Sözün tam mənasında onun fitri istedadı vardır.
P.Qurbanovanın həyat yolu qəribədir. Erkən yaşlarından ata-anasını itirib. Qohumlarının himayəsində böyüyüb. Gəncədəki 34 saylı məktəbdə təhsil alıb. Bir ara inşaatçılar mədəniyyət sarayının nəzdindəki fortepiano kursunda oxuyub. O vaxtlar rejissor Hilal Həsənov dram dərnəyinə rəhbərlik edirdi. Pərvanə hərdən məşqlərə gələr, bir kənarda dayanıb böyük maraqla ifaçılara baxardı. Günlərin birində "Komsomol" əsərinin tamaşası hazırlanırdı. Hilal müəllim gənc qızın səhnəyə olan marağını görüb ona Humay rolunda oynamağı təklif etdi. Pərvanə böyük sevinclə razılaşdı. Onun üçün əfsanəyə bənzər məşqlər arxada qaldı. Tamaşaya ictimai baxış günü gənc aktrisanın ifasına yüksək qiymət verildi. Xalq artistlərindən Məmməd Bürcəliyevin və Zülfüqar Baratzadənin təklifi ilə o, səhnəyə dəvət olundu. Pərvanənin sevinci yerə-göyə sığmırdı. Lakin bu, dostların, qohumların, bütün ailənin böyük etirazına səbəb oldu. Gənc qızın istedadına yüksək qiymət verən aktyorlar, sənətsevərlər dönə-dönə minnətə getdilər. Axır ki, Pərvanə Qurbanova böyük səhnəyə - C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrına gəldi. Bu, 1981-ci ildə oldu.
Rejissor Vaqif Şərifov ona "Yad qızı" əsərində Naza obrazını tapşırdı. On altı yaşlı qızın emosional ifadə tərzi, nizamlı, biçimli mizanlar, məntiqi cəhətdən əsaslandırılmış psixoloji anlar obrazın təbiiliyini daha da artırırdı. Elə həmin il "Odu atma, Prometey" əsərində Aqaziya rolunu böyük uğurla oynadı və respublika mədəniyyət naziri tərəfindən keçirilən müsabiqədə "İlin ən yaxşı qadın obrazına görə" mükafatına layiq görüldü.
Uğurlar bir-birinin ardınca gəlir, Gəncə səhnəsində yeni-yeni təkrarsız obrazlar yaranırdı. "İtkin gəlin"də Əfsanə, "Unutmaq istəyirəm"də Ülviyyə, "Maral"da Maral, "Sənsiz"də Sevinc və s. Hələ səhnədə qədəmləri bərkiməmiş bir gənc qızın Şıxəli Qurbanovun "Sənsiz"ində yaratdığı Sevinci ürəklərə daha dərin yol tapdı.
Bütün bunlara görə Pərvanə Qurbanovaya 27 yaşında əməkdar artist fəxri adı verildi. Otuz beş yaşında isə o, xalq artisti adına layiq görüldü.
Respublikanın əməkdar mədəniyyət işçisi, rejissor Rafiq Atakişiyev deyir: "Hər dəfə yeni repertuar qurmaq haqqında düşünəndə istər-istəməz ilk növbədə aktrisa Pərvanə Qurbanova göz önünə gəlir. Pərvanə enerjilidir, incə duyumu var, tapşırılan obrazın xarakterinin axtarışında fəaldır. Elə buna görə də onun yaratdığı obrazlar canlıdır, həyatidir. Aktrisa öz qəhrəmanlarının daxili aləmini məharətlə açır, tamaşaçını onun duyğularına, varlığına inandırmağa çalışır. Mən Pərvanə xanımla birgə bir neçə əsəri tamaşaya hazırlamışam. "Oqtay Eloğlu"dakı Firəngiz obrazı dinamikliyi, təbiiliyi ilə fərqlənir. "Qana qan" əsərində gənc qadının fəlsəfi-psixoloji durumunu böyük məharətlə aça bilir. Bizim birlikdə hazırladığımız "Mahnı dağlarda qaldı" tamaşasındakı Şahnaz obrazına görə o, "Qızıl dərviş" mükafatı almışdır.
Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov deyir ki, hazırda repertuarımızda on ikiyə qədər əsər var. Onların böyük əksəriyyətində Pərvanə Qurbanova çıxış edir və onun hər çıxışı teatrımıza yeni tamaşaçı kütləsinin axışıb gəlməsinə səbəb olur. İndi biz bir neçə təzə əsəri səhnəyə hazırlayırıq. Xəzangül xanımın "Məhəbbətin qənimi" əsərində əsas obraz olan Sədaqət rolu Pərvanə Qurbanovaya tapşırılıb. Əminik ki, Sədaqət xanım da Pərvanə Qurbanovanın səriştəli ifası ilə Gəncə teatrının maraqlı obrazlar qalereyasında özünə layiqli yer tutacaq.
Respublikanın xalq artisti, Gəncə səhnəsinin Pərvanəsi yaşının çiçəklənən çağında, sənətinin kamillik dövründədir. Ona ecazkar səhnə aləmində yeni-yeni uğurlar arzulayırıq.
Əhməd İSAYEV
Azərbaycan.- 2010.-7
mart.- S. 6.