Sərt döngələrdən
keçən ömür
Seyidovlar ailəsi (ailənin digər üzvləri sonralar Seyidzadə soyadı ilə tanınacaqdılar) İrəvan quberniyasının baş şəhərində yaşayırdı. Ailəlikcə, hələ desən, ulu babaları da bu yerdə dünyaya gəlmişdilər və buranın Azərbaycanın bir parçası olduğuna heç kəsin şəkk-şübhəsi yox idi. Amma yaxşı deyiblər ki, sən saydığını say...
1918-ci ilin erməni fəsadı İrəvanda yaşayan azərbaycanlı ailələrin çoxunu dədə-baba yurdundan didərgin saldı. Kiçik ticarətlə məşğul olub ailəsini dolandıran Mir Qasım kişidən də bu bəla yan keçmədi. O, erməni cəlladlarının hücumlarından xilas olmaq üçün ailəsini götürüb Tiflisə köçdü. Elə burada da ailə pərən-pərən düşdü. Uşaqlar bir balaca özlərini qanan kimi hərəsi bir səmtə üz tutdu. Xasiyyətcə inadkar olan İbrahimin də "sərgüzəştləri" o vaxtdan başladı...
İbrahimin istehsalata can atmağının səbəbi təkcə dolanışığın çətinliyi deyildi. Mir Qasım kişinin qazancı övladlarını böyütməyə və oxutmağa bəs edərdi. Lakin anasını təzəcə torpağa tapşırmış 14 yaşlı İbrahim bu vəziyyətlə barışmaq, onsuz da dərd-ələmdən üzülmüş atasına yük olmaq istəmirdi. Bir də o, azadlığı çox sevirdi, müstəqilliyə can atırdı. O, inadla təkrar edirdi: "Mən artıq yekə oğlanam, ailəyə yük olmağa ixtiyarım yoxdur..." Onu fikrindən döndərmək üçün çox dilə tutdular, ancaq buna nail ola bilmədilər. İbrahim 30-cu illərin ağır şəraitində arzuladığı "müstəqil həyat"la üzləşdi və çoxlarının düşündüyündən fərqli olaraq, "yekə oğlan" olduğunu şərəflə sübuta yetirdi...
14 yaşlı İbrahim Seyidovun ilk əmək fəaliyyəti Azərbaycanın Qusar Rayon Məhkəməsindən başladı. "Kuryer" vəzifəsindən. O, iki il bu işdə çalışdı və bir an da olsun daşıdığı vəzifənin xəcalətini çəkmədi. İki ildən sonra isə İbrahim Bakıda məskunlaşdı. Əvvəlcə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsində texniki katib, sonra isə Şmidt adına zavodda direktor köməkçisi vəzifələrində çalışdı. Respublikanın rəhbər təşkilatında və adlı-sanlı müəssisəsində daşıdığı vəzifələr kiçik olsa da, bu gənc oğlanın işgüzarlığından və bacarığından hamı razılıq edirdi. "Natamam orta savadlı" İbrahim Seyidov ali təhsilli mütəxəssislərə məxsus bilik və səriştə nümayiş etdirirdi. Bu dövrdə işindən narazı qalan yalnız İbrahim özü idi. O, təhsilini artırmaq, ali texniki ixtisasa yiyələnmək arzusunda idi. İllər keçir, yaş artır, o isə inzibati işlərdə "təpik döyməkdə" davam edirdi. Bu, İbrahimi təmin etmir, içəridən onu sıxırdı. O, irəli getmək, ölkə üçün, xalq üçün daha gərəkli işlər görmək istəyirdi. Həm də onun ailəsini didərgin salan mənfur ermənilərin acığına doğma Azərbaycanın adını şərəfləndirmək arzusunda idi.
Yaxşı deyiblər ki, niyyətin hara, mənzılin də ora...
Doğmalarına daim "sürpriz" etməyi xoşlayan İbrahimin bu dəfə sorağı ölkənin paytaxtı Moskva şəhərindən gəldi. Özü də hardan-hardan, Stalin adına 1 nömrəli maşınqayırma zavodundan (sonralar bəlli olacaqdı ki, bu zavod hərbi təyyarələr üçün hissələr hazırlayır). Qardaşı Bağıra yazmışdı: "Bir dostumun köməkliyi ilə bu zavoda işə düzəlmişəm. Maraqlı müəssisədir, işim lap ürəyimcədir. Burada işləyə-işləyə Sənaye Akademiyasına hazırlaşıram..." Burada haşiyə çıxaraq qeyd etmək yerinə düşər ki, Bağır da artıq Bakıya köçmüşdü və yüksək savadı və bacarığı sayəsində qısa müddət ərzində respublika ictimaiyyətinin dərin hörmətini qazanmışdı. İstedadlı jurnalist, tərcüməçi, diplomat və bacarıqlı təşkilatçı Bağır Seyidzadəni bir-birinin ardınca yüksək vəzifələr gözləyirdi. Sonralar o, kinematoqrafiya naziri olacaq, daha sonra ömrünün axırınadək Azərbaycan Teleqraf Agentliyinə rəhbərlik edəcəkdi...
İbrahimin qardaşına yazdıqları düz çıxdı. İki illik zavod həyatından sonra o, artıq tələbə idi. Ümumittifaq Maşınqayırma Sənayesi Akademiyasının tələbəsi.
İbrahim Seyidov 1941-ci ilin baharında Ümumittifaq Maşınqayırma Sənayesi Akademiyasını bitirib arzularını həyata keçirməyə hazırlaşırdı. O, tələbəlikdən əvvəl işlədiyi zavoda qayıtmaq istəyirdi. Ora göndəriş almaq üçün akademiya rəhbərliyinə müraciət də etmişdi. Bu tərəfdən də qardaşı Bağır dalbadal ismarıc göndərib deyirdi ki, "qayıt gəl Bakıya, burada əl-ələ verib işləyək..." Ancaq bunları deyərkən Bağır özü də bilmirdi ki, tezliklə onu diplomatik missiyanın başçısı kimi Cənubi Azərbaycana uzunmüddətli xidməti ezamiyyətə göndərəcəklər...
Qardaşların arzularına "çəpər çəkən" əsas amil isə müharibənin başlanması idi. 1941-ci ilin iyununda bütün ölkəni sarsıdan xəbər yayıldı: "Faşist Almaniyası SSRİ-yə qarşı elan olunmamış müharibəyə başlayıb".
Dinc quruculuq dövründə "sürgün və məhbəslər diyarı" kimi ad çıxarmış Sibir torpağı müharibə başlayan gündən ölkənin sığınacaq yerinə çevrildi. Dövlət Müdafiə Komitəsinin əmri ilə ölkədə qiymətli nə varsa, düşmənin sürətli həmləsi və zərbəsi altından çıxarılıb ərazinin təhlükəsiz regionuna, Sibir şəhərlərinə köçürülürdü. Müharibənin ilk həftələri üçün bu, strateji cəhətdən bir nömrəli əməliyyat hesab olunurdu və bu əməliyyatı zərrə qədər pozanı ciddi cəza gözləyirdi. Yüksək dairələrdə bunu "Böyük köç" ("Velikaya evakuasiya") adlandırırdılar. Bu ifadənin qısa məzmunu ondan ibarət idi ki, ucsuz-bucaqsız Sovetlər İttifaqının qərb hissəsi şərqə köçürdü. Bu köç təkcə canlı insan qüvvəsindən, dövlət əhəmiyyətli sənədlərdən və avadanlıqdan ibarət deyildi. İri müəssisələr, xüsusən hərbi müəssisələr işçi heyəti ilə birlikdə eşelonlara yüklənib yeni ünvana daşınırdı.
İbrahim
Seyidov akademiyanın auditoriyasından birbaşa Sibirin nəhəng
maşınqayırma zavodlarından birinə direktor
müavini təyin olunmuşdu. O dövrdə məxfilik
prinsipinə dəqiq əməl olunduğundan hər bir
müəssisənin nə istehsal yönümü, nə də
ünvanı göstərilirdi. Yalnız çox-çox
sonralar ("məxfi" qrifi götürüləndən
sonra) açıqlanacaqdı ki, İbrahimin
çalışdığı zavod Moskvadan Novosibirsk şəhərinə
köçürülmüş hərbi təyyarə
zavodudur, istehsal etdiyi məhsul isə qırıcı təyyarələrdir.
Zavod içində zavod olan (evakuasiya
dövründə "köçkün" müəssisələri
yerləşdirmək üçün ərazi
qıtlığı yarandığından bir neçə
müəssisəni eyni damın altında yerləşdirirdilər)
bu müəssisə Dövlət Müdafiə Komitəsinin,
şəxsən Baş Komandan Stalinin
tap-şırığını yerinə yetirirdi...
***
Düşmənlə
hava döyüşündə "YAK" markalı
qırıcı təyyarələr daha çox
özünü doğruldurdu. Bu sahədə
istehsalı yoluna qoymaq, yerdəki problemləri həll etməkdə
rəhbərliyə kömək məqsədilə baş
konstruktor Aleksandr Sergeyeviç Yakovlevi də Sibirə ezam
etmişdilər. O burada Dövlət Müdafiə Komitəsinın
xüsusi səlahiyyətli nümayəndəsi hesab olunurdu və
işlərin, xüsusən qırıcı təyyarələrin
istehsalının tələbə uyğun qurulması
üçün bilavasitə məsuliyyət
daşıyırdı. Ölkə başçısı
İ.V.Stalin hər gün olmasa da, günaşırı
Yakovlevə telefon açıb, inadla tələb edirdi: "Cəbhə
sizdən qırıcı təyyarələr gözləyir.
Daha çox "YAK"
qırıcıları göndərin!" Dövlət
Müdafiə Komitəsinin qərarına əsasən, 41-ci
ilin sonunadək qırıcı təyyarələrin
istehsalı müharibədən əvvəlki dövrün səviyyəsinə
çatdırılmalı idi...
Sonralar A.S.Yakovlev həmin
günləri belə xatırlayacaqdı: "...Stalinin
göstərişini yerinə yetirməmək mümkün
deyildi. Olduqca ağır şəraitdə bu
tapşırığın öhdəsindən gəlmək
isə nəhəng dağı yerindən tərpətmək
qədər çətin və ağlasığmaz
görünürdü. Amma biz bu
dağı yerindən tərpədə bildik. Hünərli və qətiyyətli insanların birgə
səyi nəticəsində əsl möcüzə
yaratdıq. 1941-ci ilin sonunadək
qırıcı təyyarələrin istehsalını nəinki
əvvəlki səviyyəsinə çatdırdıq, hətta
onu ötüb keçdik. Ayda 2260
qırıcı təyyarə döyüşə "vəsiqə"
alırdı. Bu, arxa cəbhənin Sibir bölgəsinin
görünməmiş qələbəsi idi..."
Xatirə müəllifinin vurğuladığı "hünərli və qətiyyətli insanlar" cərgəsində İbrahim Seyidovun xüsusi yeri vardı. Çünki bu cavan, yaraşıqlı, bir qədər də "ağayana" rəftarlı oğlan az müddətdə çoxlarının gümanını puça çıxarmışdı. Onu "parta arxasından qaynar qazana düşmüş təcrübəsiz tələbə" kimi qəbul edənlər tezliklə yanıldıqlarını hiss etmişdilər. İbrahim elə ilk günlərdən mühəndis-mexanik ixtisası üzrə istedadlı mütəxəssis olduğunu, direktor müavini vəzifəsində səriştəli təşkilatçı kimi qüsursuz fəaliyyət göstərdiyini sübut edə bilmişdi. İşdən kənarda mədəni və nəzakətli rəftarı ilə seçilən direktor müavini iş başında olduqca sərt və "amansız" idi. O, nöqsanların üstündən sükutla keçməyi xoşlamırdı. Sibir torpağında ağır şəraitdə görülən işlərin mahiyyətini işçilərinə başa salmağa çalışırdı: "Bizi buraya sürgünə göndərməyiblər... Biz buraya düşmənlə döyüşə gəlmişik. Və bu döyüşdən qələbə ilə çıxmalıyıq..." Bir dəfə ərazini gəzərkən İbrahimin belə bir "çıxışını" təsadüfən eşidən Dövlət Müdafiə Komitəsinin xüsusi səlahiyyətli nümayəndəsi regional yğıncaqda demişdi: "Seyidovun işçilərlə apardığı bu cür söhbətlər bizim buraxdığımız qırıcı təyyarələr qədər gərəklidir..."
Böyük Vətən müharibəsi döyüşlərində layiqli payı olan "YAK" qırıcılarının "anası", aviasiya-mühəndislik xidmətinin general-polkovniki, 6 dəfə Stalin mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı A.S. Yakovlevin "sağ əli" adını qazanmaq o qədər də asan deyildi. Amma İbrahim Seyidov belə bir şərəfə nail olmuşdu. Baş konstruktor onun mükəmməl texniki savadı və təşkilatçılıq bacarığı barədə tərifli sözlər deməkdən çəkinmirdi. Bir dəfə mühəndis-mexaniklərin təlim toplanışında baş konstruktor İbrahim Seyidovu başqalarına nümunə göstərərək söyləmişdi: "Seyidov "YAK"ların yığılma texnologiyasını o qədər mükəmməl bilir ki, sanki bu təyyarəni mən yox, o, icad edib..." Bəlkə də bu inam və etimadın nəticəsi olaraq A.Yakovlev konveyerdə qırıcı təyyarələrin fasiləsiz yığılma prosesinə nəzarəti İbrahim Seyidova həvalə etmişdi. Bu proses isə baş nəzarətçidən dərin bilik, yüksək sərvaxtlıq, iradə və dözüm tələb edirdi. Eyni zaman daxilində çoxlu sayda adamlar tərəfindən aparılan çoxşaxəli quraşdırma prosesində yol verilən xırdaca bir səhv son nəticədə faciə ilə qurtara bilərdi. Odur ki, işçilər A.Yakovlevi rəsmi konstruktor kimi tanıyıb hörmət etsələr də, bu qırıcıları bilavasitə yaradıb cana gətirən İ.Seyidov qarşısında cavabdeh idilər. Təsadüfi deyil ki, Sibirdəki fəaliyyətinin nəticəsi olaraq ölkənin aviasiya sənayesində İbrahim Seyidovu "qırıcı təyyarələr ustası" adlandırırdılar...
Sibir həyatında İbrahim daha bir "ayama" qazanmaq təhlükəsi ilə üzləşmişdi. Bu, müharibənin ilk günlərində, "Böyük köçürmə" əməliyyatı zamanı baş vermişdi. A.S.Yakovlevin xatirələrində ("Sel jizni", Moskva, "Politizdat", 1973) bu hadisə belə təsvir olunur: "...Zavod üzrə məsul növbətçi gecə saat 3-də İbrahim Seyidovu yuxudan oyadıb, məlumat verərək soruşur: - Kömür dolu eşelon gəlib, hara boşaldım? - İbrahim yorğun və yuxulu olduğu üçün qısa cavab verir: - Nəzərdə tutulan yerə... Növbətçi: - Ərazidə boş yer yoxdur... İbrahim: - Onda apar evinizə, sabah bir tədbir görərik... Müavinin bu sözlərindən qəzəblənən məsul növbətçi zavod direktoruna şikayət edir: - Sizin gənc müavininiz, deyəsən, başdan o məsələ... Vəziyyətdən hali olan direktor isə növbətçini bir qədər də həyəcanlandırır: - Hə, mənim gənc müavinim bir qədər dəlisovdur, bir də ona yersiz müraciət etsən, səni kötəkləyəcək...
Direktor
bunları deyib doyunca gülür. Sonra məsul növbətçini
başa salıb deyir ki, təzə müavin İbrahim Seyidov
zavoda dünən gecə çatıb, heç əraziyə
baş çəkməyə də macal tapmayıb... Bu
söhbətin sonu onunla bitib ki, məsul növbətçi
direktordan da çox uğunub..."
***
Beş illik
Sibir həyatı çətinliklər içərisində
keçsə də, İbrahimə çox şey öyrətdi. Aviasiya sənayesi
sahəsində dərin bilik və zəngin təcrübə,
yaxşı dostlar və rəhbər işlərdə
çalışmaq səriştəsi onun əsas qazancı
oldu. Həm də oradan paytaxta yeni vəzifə
ilə qayıtdı. 1946-cı ilin
sentyabrında Dövlət Müdafiə Komitəsi İbrahim
Seyidovu Moskva şəhərindəki 228 nömrəli hərbi
aviasiya zavoduna direktor təyin etdi. Yenə də
"köçürmə əməliyyatı", yenə
də qırıcı təyyarələrin istehsalını
bərpa etmək qayğıları, yenə də
ağır iş və yüksək məsuliyyət hissi onun
nəsibi oldu. Lakin bunların heç biri yeni
direktoru qorxutmurdu. Bir dəfə ondan soruşmuşdular
ki, "Hərbi zavodun direktoru üçün ən çətin
iş nədir?" Cavab vermişdi ki,
"Stalinlə işləmək!" Yəqin ki, bu
sözlərin şərhinə ehtiyac yoxdur...
İbrahim Seyidov
üst-üstə düz 16 il SSRİ-nin
aviasiya sənayesinə qulluq etdi, daha doğrusu, bu sahəyə
canını qoydu. Aldığı iki "Qırmızı
Ulduz" ordeni və bir neçə medalın müqabilində
cavanlığını, şuxluğunu,
sağlamlığını qurban verdi. Nəhayət
ki, iyirmi beş ildən sonra Moskva şəhəri
ilə vidalaşıb 1959-cu ildə vətəni Azərbaycana
qayıtdı.
***
Uşaqkən
doğma yurdlarından dərbədər olmuş İbrahimlə
Bağır illər ayrısı kimi bir-birinə
sarıldlar. Mir Qasım kişinin ailəsindən yadigar
qalmış nəvəsi (Bağır Seyidzadənin
qızı) Dilarə xanım danışır ki,
qardaşların bu görüşü kədərlə sevincin
qarışığından yoğrulan bir səhnəni
xatırladırdı. Bu səhnəni həyəcansız
seyr etmək mümkün deyildi. Ayrılıq
illərində xeyli dəyişmiş, yaşa dolmuş, mənsəbə
çatmış bu "ciddi" kişilər meşədə
azaraq bir-birini itirib, yenidən tapan balaca qardaşlara çevrilmişdilər.
Gözlərinin nəmini silə-silə hey
uşaqlıq illərinə, analı günlərinə
qayıdır, birgə keçirdikləri "xoşbəxt"
illərin "məzəli" əhvalatlarından
danışırdılar. Əlbəttə,
bu qəribə "tamaşanın" baş qəhrəmanı
qardaşların böyüyü İbrahim idi.
Çünki o, daha çox darıxmışdı...
İbrahim
Seyidovu vətəndə hörmətlə
qarşıladılar. Ona nüfuzlu vəzifələr təklif
etdilər. Əvvəlcə Azərbaycan
Boru-Prokat Zavodunun direktoru vəzifəsində
çalışdı. Sonra
"Neftkimyaavtomat" İstehsalat Birliyinin elmi-tədqiqat
institutunda aparıcı mühəndis kimi fəaliyyət
göstərdi. Axırıncı iş yeri isə
Dövlət Plan Komitəsi oldu. Ömrünün
sonunadək burada komitə sədrinin müavini vəzifəsini
yerinə yetirdi.
İ.Seyidov
harada işləməsindən asılı olmayaraq,
bütün biliyini və təcrübəsini Azərbaycan
xalq təsərrüfatının inkişafına sərf
edirdi. Bununla belə, onu tanıyanlar söyləyirlər
ki, İbrahimin fikri-xəyalı daim təyyarələr
"dünyasında", aviasiya aləmində olardı.
Onun ən böyük arzusu Azərbaycanda aviasiya sənayesini
inkişaf etdirmək, vətən səmasında "Azərbaycan"
markalı təyyarələr, onların şturvalı
arxasında milli pilotlarımızı görmək idi...
"Aviasiya sənayesinin
vurğunu", "qırıcı təyyarələr
ustası" İbrahim Seyidov artıq aramızda yoxdur. O, altmış beş yaşında Bakı şəhərində
dünyasını dəyişdi. Lakin
İbrahimin arzuları münbit torpağa səpilən
gül toxumu kimi çiçəklənməkdədir.
Bu gün müstəqil Azərbaycanda Milli
Aviasiya Akademiyası, habelə hərbi təyyarəçilik
məktəbi fəaliyyət göstərir. Bu təhsil ocaqlarında milli aviasiya sənayesi
üçün kadrlar yetişdirilir. Nə bilmək
olar, bəlkə onların cərgəsindən gələcəyin
Yakovlevləri, Seyidovları çıxacaq...
Yusif KƏRİMOV,
yazıçı-publisist
Azərbaycan.- 2010.- 7 mart.- S. 7.