Hərb, yoxsa sülh
Ədalətli sülhə gedən
yol döyüş meydanından keçməli olacaq
Amansız müharibənin 22-ci ildönümünü də geridə qoyduq. İllər, aylar sürətlə bir-birini əvəzləsə də, fakt faktlığında qalır: zorən hərbi münaqişəyə cəlb edilmiş Azərbaycanın 20 faizdən artıq ərazisi hələ də işğal altındadır. 1 milyondan çox soydaşımız hələ də doğma yurd-yuvalarına dönmək həsrətilə qaçqın və məcburi köçkün həyatı sürür. 16 illik atəşkəsə baxmayaraq, əslində, müharibə bu gün də bitməyib: düşmən, demək olar, hər gün təxribata əl ataraq cəbhə bölgəsindəki mövqelərimizi atəşə tutur, dinc əhali və hərbçilərimiz arasında yaralanma, ölüm halları baş verir.
İndi hər bir azərbaycanlının birmənalı qəbul etdiyi bir danılmaz həqiqət var: biz müharibədə deyil, döyüşdə müvəqqəti uğursuzluğa düçar olmuşuq! Bir millət olaraq hər an birinci Qarabağ müharibəsində itirdiyimiz torpaqları hərb yolu ilə geri qaytarmağa borcluyuq və hazır olmalıyıq!
Dəyişməz, prinsipial və
qətiyyətli mövqe
Azərbaycan iqtidarı məhz xalqın bu yekdil və birmənalı rəyinə əsaslanaraq sülh danışıqları aparır. "Zorən cəlb edildiyimiz müharibədə müvəqqəti itirdiyimiz ərazilərin son qarışınadək geri qaytarılması" əzmkarlığı ilk gündən danışıqlarda Azərbaycanın qəti, birmənalı və prinsipial mövqeyidir! Siyasi baxışlarından, mövqeyindən asılı olmayaraq, hər bir azərbaycanlı bu reallığı etiraf və qəbul edib. Reallıqsa bundan ibarətdir ki, milli maraqları daim uca tutan, xalqın iradəsinə söykənən ölkə rəhbərliyi 16 ilə yaxın müddətdə prinsipial və qətiyyətli mövqeyindən bir addım belə geri dönməyib!
Danışıqlarda rəsmi Bakının daim önə çəkdiyi dəyişməz məqam hər kəsə məlumdur: Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin qeyd-şərtsiz təmin olunması, məcburi köçkünlərin doğma yurdlarına qaytarılması və sonrakı mərhələdə Dağlıq Qarabağın hüquqi statusunun müəyyənləşdirilməsi. Bizim üçün münaqişənin başqa diplomatik həll formulu, variantı və ya mexanizmi yoxdur və ola da bilməz! Ölkə rəhbərliyi sivil dünyanın birgəyaşayış prinsiplərini təmin etməli olan beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanaraq bu dəyişməz mövqedən çıxış edir! Danışıqlar prosesində ərazilərimizin erməni işğalından tamamilə azad olunmasını tələb etməyə bizim mənəvi və hüquqi haqqımız çatır.
Beynəlxalq hüquqa aşkar
hörmətsizlik
Azərbaycanın son 16 ildəki danışıqlar prosesində ədalətli, prinsipial və beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş etdirməsi həm təcavüzkar tərəfə, həm də dolayısı ilə onu təcavüzkarlığa şirnikləndirən ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərə - ABŞ, Rusiya və Fransaya da yaxşı məlumdur. Nə etməli - biz bu məqamda beynəlxalq hüquqa ədalətsiz, "ikili standart" mövqeyindən yanaşmanın olduğunu da etiraf etməliyik. Bəli, "demokratiya çətiri" altında hələ də özünün imperialist siyasətini yürüdən, geosiyasi və iqtisadi maraqları ətrafında reveranslar edən bəzi aparıcı dövlətlərin "ikili oyunları" beynəlxalq hüququ iflic duruma gətirib. Qarabağ münaqişəsinə ədalətsiz və "ikili standart"dan yanaşma da kifayət qədər üzdədir. Hansısa təəssübkeşliklə Ermənistanın təcavüzkar dövlət olması, beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq işğalçılıq siyasəti yürütməsi açıq şəkildə etiraf olunmur. Halbuki BMT-nin hələ 1992-1993-cü illərdə qəbul etdiyi 4 qətnamədə Ermənistanın işğalçılığı birmənalı əksini tapıb. ATƏT-in, AŞ PA-nın, İKT-nin sənədlərində də Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı qeyd olunub. Bütün bunlar hüquqi və siyasi baxımdan xeyrimizə olsa da, reallıqda heç nə dəyişməyib. Dünya nizamını müəyyənləşdirən "güclər" işğala göz yummaqda, dolayısı ilə təcavüzkarı himayə etməkdədirlər.
Dövlət başçısı İlham Əliyev Qəbələ rayonunda məskunlaşmış məcburi köçkünlərlə görüşü zamanı beynəlxalq hüquq normalarının işləməməsinə haqlı etirazını bir daha ifadə etdi: "Beynəlxalq hüquq normaları, əlbəttə ki, böyük əhəmiyyət daşıyır. Azərbaycan müstəqil, suveren ölkə kimi istəyir ki, bütün məsələlər qanun çərçivəsində, dünyada qəbul edilmiş normalar əsasında həll olunsun. Əgər bu beynəlxalq qanun normaları pozulursa, onda demək olar ki, dünya birliyinin beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətini tənzimləyən mexanizmlər işləmir. Əgər dünyanın ən böyük, ən mötəbər təşkilatı - BMT-nin Təhlükəsizlik Şurasının, - bu da BMT-nin ən vacib orqanıdır, - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilmiş 4 qətnaməsi icra edilmirsə, onda hansı beynəlxalq hüquq normalarından danışmaq olar".
Hücumçu diplomatiyanın
real nəticələri
Azərbaycan son illər həm siyasi, həm də iqtisadi cəhətdən güclənib. Möhtərəm Prezidentimiz İlham Əliyevin xalqın iradəsinə əsaslanmaqla irəli sürdüyü "hücum diplomatiyası"nın effektiv nəticələri də göz önündədir. Bu gün əksər dünya dövlətləri respublikamızın regionda sülhü, inkişafı, tərəqqini, səmərəli əməkdaşlıq təşəbbüslərini dəstəkləyən dövlət olduğunu yaxşı bilirlər. Bunun əksinə olaraq Ermənistan işğalçı siyasəti ilə özünü qlobal layihələrdən təcrid edən, münaqişənin həlli ilə bağlı danışıqları süni şəkildə uzatmağa, vaxt udmağa çalışan qeyri-konstruktiv dövlət kimi tanınır. Rəsmi Bakının hücumçu diplomatiyası sayəsində bədnam erməni lobbisinin münaqişə ilə bağlı gerçəklikləri təhrif etmək, dünyanı çaşdırmaq cəhdləri puça çıxır.
Qətiyyətli diplomatiyanın real nəticələrini 7 ilə yaxın müddətdə konkret situasiyalarda dəfələrlə müşahidə etmişik. Rəsmi Bakı diaspor və lobbi quruculuğu istiqamətində effektiv tədbirlər keçirməklə erməni lobbisinə qarşı effektiv əks-hücuma nail olub. Ermənistanın təcavüzkarlığı və etnik separatizmi dəstəkləməsi, işğalçı siyasət yeritdiyi BMT, Avropa İttifaqı, ATƏT, AŞ PA, İKT kimi mötəbər beynəlxalq təşkilatların sənədlərində rəsmi əksini tapıb. Məhz ölkə rəhbərliyinin uğurlu diplomatik gedişləri nəticəsində dünyanın əksər dövlətləri Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdıqlarını birmənalı bəyan ediblər. Ermənistanın işğalçılıq siyasəti bu gün hətta onunla sıx iqtisadi münasibətlərdə olan region dövlətləri tərəfindən də etiraf olunub.
Nəticədən asılı olmayaraq, bir həqiqət də tamamilə aydındır: Azərbaycanın uğurlu xarici siyasəti qarşısında təcavüzkar Ermənistan da son illərdə əhəmiyyətli dərəcədə geri çəkilməli olub. Heç kimə sirr deyildi ki, Ermənistan 2004-cü ilədək münaqişənin paket həlli modeli üzərində israr edirdi. Təcavüzkar dövlətin rəhbərləri isə "Dağlıq Qarabağ ya müstəqil olacaq, ya da Ermənistana birləşdiriləcək" kimi sərsəm bəyanatlar verməkdən belə çəkinmirdi. Cənab İlham Əliyevin danışıqlarda nümayiş etdirdiyi rasional və qətiyyətli mövqe isə təcavüzkarı geri çəkilmək, "mərhələli həll" prinsipini qəbul etmək məcburiyyətində qoyub. Təcavüzkar dövlətin "Praqa prosesi", yəni, "mərhələli həll" modeli ətrafında danışıqları davam etdirməsi rəsmi Bakının mühüm diplomatik nailiyyətlərindən biri kimi vurğulana bilər.
Azərbaycanın hər zaman israr etdiyi yanaşma - məsələnin mərhələli həlli prinsipi ATƏT-in Minsk qrupu tərəfindən dəstəklənir. Danışıqları aparan tərəflər - Ermənistan və Azərbaycan bu prosesin iştirakçılarıdır. "Praqa prosesi" termini, sadəcə, "mərhələli həll" sözünün əvəzinə işlədilən, erməniləri və Ermənistanı qıcıqlandırmamaq məqsədi daşıyan diplomatik ibarədir. Prezident İlham Əliyev həmsədrlərin iştirakı ilə keçirilən danışıqların ərazi bütövlüyü prinsipi çərçivəsində aparılmasını da haqlı olaraq Azərbaycanın mühüm uğuru kimi dəyərləndirir. 2008-ci ilin oktyabrında Ermənistan, Rusiya və Azərbaycan prezidentlərinin birgə imzaladıqları bəyannamə də münaqişənin məhz beynəlxalq hüquq normaları əsasında həllini nəzərdə tutur. Bir sözlə, Azərbaycan son illərdə danışıqlar prosesində həm hüquqi, həm də siyasi-psixoloji üstünlüyü təmin edib.
Təcavüzkarın havadarları
Ermənistanın danışıqlar prosesində manipulyasiya etmək imkanları tükənib. Azərbaycanın uğurlu xarici siyasəti nəticəsində küncə sıxılan İrəvan isə bütün səylərini danışıqları süni şəkildə uzatmaq və pozmaq yönümündə qurub. Havadarlarının təsiri altında təcavüzkarlıq siyasətindən əl çəkməyən Ermənistan danışıqlar prosesinin qeyri-müəyyən vaxta qədər uzanmasını indi özü üçün ən sərfəli variant hesab edir. Təəssüf ki, təcavüzkara bu məqamda təsir göstərməli olan dövlətlər ona himayədarlıq edirlər. Görünən dağa nə bələdçi? Elə ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin bir neçə gün əvvəl qondarma erməni soyqırımı ilə bağlı qəbul etdiyi qətnamə təkcə qardaş Türkiyənin deyil, həm də Azərbaycanın əleyhinə yönəlib. Belə bir ədalətsiz və qərəzli qətnamənin qəbulu göstərdi ki, Azərbaycan ictimaiyyəti ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərə qarşı inamsızlıq və etimadsızlıq nümayiş etdirməkdə tamamilə haqlıdır.
Açıq deməyin vaxtı çatıb: Minsk qrupuna rəhbərlik edən dövlətlər sanki missiyalarını unudaraq təcavüzkar Ermənistana açıq-aşkar himayədarlıq edirlər. Onlardan biri qeyri-qanuni olaraq Ermənistana 1 milyard dollar məbləğində silah ötürür. Digəri Azərbaycanın iradəsinin əleyhinə olaraq separatçı rejimə hər il maliyyə yardımı göstərir. Üçüncüsü isə qondarma, saxta erməni soyqırımı iddialarını qəbul etməyən, erməni məkrinə etiraz edən vətəndaşlarına qarşı cinayət işi qaldırır, onları zindana atdırır. Budurmu ədalətli, bitərəf həmsədrlik institutu?
"Üç muşketyor"sayağı tez-tez regiona səfər edən, təcavüzkara "gözün üstə qaşın var" deməyən həmsədrlərin obyektivliyinə və tərəfsizliyinə torpaq həsrətində olan məcburi köçkünü inandırmaq çətindir!
Azərbaycanı hərbə məcbur
edənlər
Qarşıdurmada olan bütün dövlətlər bu qaçılmaz reallıqla barışmalı olublar: hər bir münaqişə son nəticədə danışıqlar masası arxasında, sülh danışıqları ilə həllini tapmalıdır. Fəqət bu yanaşmanın özü də şərtidir. Heç bir danışıq prosesi müddətsiz, nəticəsiz ola bilməz! Hər bir danışıq prosesində qarşılıqlı güzəştlər də beynəlxalq hüquqla müəyyən olunur. Təcavüzkarla təcavüzə məruz qalan dövlətdən eyni dərəcədə güzəşt tələb etmək isə beynəlxalq hüquq normalarını ayaq altına atmaqdır! Təəssüf ki, ATƏT-in Minsk qrupu da belə bir ədalətsiz yol tutub! Həmsədr dövlətlərin məsuliyyətdən tamamilə yayınması, münaqişə tərəflərinin "istənilən razılaşması"nın məqbul sayılacağını bəyan etməsi məsuliyyətsizliyin yeni formasından başqa bir şey deyil! Bəli, həmsədrlər təkcə prinsipsizlik deyil, həm də təcavüzkarı şirnikləndirmək yolu seçiblər!
Digər tərəfdən, həmsədrlərin münaqişə tərəflərinə "Gedin dil tapın, istənilən razılaşmanızı qəbul edəcəyik" təklifi isə Azərbaycanı açıq-aşkar hərbi yola yönəltməkdir! Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev Qəbələ rayon ictimaiyyəti ilə görüşü zamanı bu məqama da xüsusi toxundu: "Dünyada gedən proseslər onu göstərir ki, kim güclüdürsə, o da haqlıdır. Əfsuslar olsun ki, belədir. Amma bu, həqiqətdir və biz bu real dünyada yaşayırıq, biz virtual dünyada yaşamırıq. Hamı istəyər ki, qanunlar, beynəlxalq hüquq normaları işləsin, ədalət olsun. Ancaq biz bunu görmürük. Biz bu münaqişənin timsalında görürük ki, ədalətsizlik 20 ilə yaxındır davam edir və nə qədər də davam edəcək. Ona görə güclü olmaq üçün biz bütün imkanlarımızı səfərbər etməliyik".
Etiraf edək ki, Azərbaycan ərazicə kiçik dövlətdir. Bugünkü reallıqda isə erməni lobbisi yalanlarını hansısa böyük dövlətlərin ali qurumlarına yeridə bilər. Amma yetər! Azərbaycan münaqişənin "baş vermiş fakt" əsasında həllinə hesablanan çağırışları və ya konkret addımları rədd etmək əzmində olduğunu dəfələrlə sübuta yetirib. Biz hərb meydanında Ermənistana uduzmamışıq! Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycandakı hakimiyyət boşluğundan, nizami ordunun olmamasından istifadə edən Ermənistan, sadəcə, yaxın havadarlarının köməyi ilə döyüş meydanında müvəqqəti üstünlük qazana bildi. Yenə də öz "dayıları"nın dəstəyi ilə Xocalıda misli görünməmiş soyqırımı aktı törətdi. Şuşanı, Laçını, Ağdamı, Kəlbəcəri və digər rayonlarımızı işğal edə bildi. Amma həmin dövr çoxdan geridə qalıb.
Bugünkü Azərbaycanın gücü və imkanları da tamam başqadır. Cənubi Qafqazda güclü ordu yaradan Azərbaycan onu ən müasir silah-sursatla təmin edib. Ordumuz torpaq uğrunda canından hər an keçməyə hazır olan rəşadətli, igid, vətənpərvər hərbçilərdən təşkil olunub. Bu ordunun hər bir əsgəri, zabiti Ali Baş Komandanın "İrəli" əmrini gözləyir və üzərinə düşən məsul vəzifənin öhdəsindən mərdliklə gəlməyə hazırdır. Azərbaycanın üçrəngli bayrağını Şuşada, Laçında, Ağdamda, Kəlbəcərdə, Xocalıda və işğal altında olan digər rayonlarımızda dalğalandırmaq Azərbaycan əsgərinin borcudur!
Ali Baş Komandanımız
məmləkətinə zəfər bəxş edəcək
əsgərinə etimad bəsləyir, əsgər də
müzəffər Sərkərdəsinə güvənir!
Biz isə bu ölkənin Ali Baş Komandanına da, əsgərinə də inanırıq!
Əmrinə müntəzirik, Ali Baş Komandanımız!..
Bəxtiyar SADIQOV
Azərbaycan.- 2010.- 10mart.-
S. 2.