Xalq öz tarixinə sahib çıxmalıdır

 

"Azərbaycan: beynəlxalq münasibətlər və diplomatiya tarixi" kitabının təqdimat mərasimindən qeydlər

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudovun və tarix elmləri doktoru Kərim Şükürovun dördcildlik "Azərbaycan: beynəlxalq münasibətlər və diplomatiya tarixi. Dövlətlərarası müqavilələr və digər xarici siyasət aktları. 1639-1828" kitabının birinci cildi təqdim edilmişdir.

Nəşr institutun və Regionların İnkişafı İctimai Birliyinin "Vətən tarixi" layihəsinin növbəti birgə məhsuludur. Kitaba ümummilli lider Heydər Əliyevin "Böyük siyasət aparmaq üçün bilik, təcrübə lazımdır. Gərək dünya siyasətini dərk etməyi, təhlil etməyi, ondan nəticə çıxarmağı bacarasan" sözləri epiqraf seçilmişdir.

Akademiyanın birinci vitse-prezidenti akademik Arif Həşimov tariximizin öyrənilməsində, onu saxtalaşdırmaq istəyənlərə sanballı cavab verilməsində kitabın rolunu yüksək qiymətləndirmiş, fundamental nəşrin ərsəyə gəlməsində zəhməti olanlara minnətdarlığını bildirmişdir.

Yaqub Mahmudov demişdir ki, Azərbaycan ictimaiyyətində tarixi biliklərə böyük maraq vardır. Təsadüfi deyildir ki, ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdışından sonra, ilk növbədə, tarix məsələlərindən başladı. Onun tapşırığı ilə deportasiyalar, Azərbaycan xalqına qarşı soyqırımı, ayrı-ayrı şəxsiyyətlərimizin həyat və fəaliyyəti araşdırıldı, çox mühüm tədbirlər görüldü, qərarlar verildi. Ulu öndər qətiyyətlə bəyan etdi ki, xalq öz tarixinə sahib çıxmalıdır. Xalq tarixinə sahib çıxanda məğlubedilməz olur. Tarixini bilməyən xalq isə məhvə məhkumdur. Xalq tarixinə yiyələnəndən sonra onu qorumağın vasitələrini axtarıb tapacaqdır.

Azərbaycan çox qədim tarixi olan dövlətçiliyə malikdir. Beş min illik dövlətçilik tariximizdə Azərbaycanın ayrı-ayrı sülalələri - Eldəgizlər, Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər zaman-zaman imperiyaya çevrilib təkcə Azərbaycanı yox, Yaxın və Orta Şərqi idarə etmişlər. Səfəvilər Osmanlı və Habsburqlar imperiyaları ilə yanaşı, dünya problemlərini həll etmişdir. Azərbaycansız dünya problemləri həll olunmamışdır. Müəlliflərin istəyi odur ki, hər bir oxucu dərindən anlasın: Azərbaycanın zəngin diplomatiya tarixi vardır və o, hər zaman dünya problemlərinin həllində iştirakçı olmuşdur. Qoy tədqiqatçılarımız diplomatiyamızın tarixini XIX əsrdən başlayıb öyrənməklə kifayətlənməsinlər, daha qədimlərə, miladdan əvvələ əl atsınlar. Albaniya, Atropatena dövlətlərimizin Roma imperiyası ilə sıx diplomatik əlaqələri olmuşdur. Elçilər mübadiləsi, məktublaşmalar məlumdur. Başqa sözlə, biz hələ eramızdan əvvəl dünya meydanına çıxmışıq, diplomatiya tariximiz çox zəngindir.

Natiq qeyd etmişdir ki, kitaba əsasən, dövlətlərin xarici siyasət kursunu müəyyən edən direktiv sənədlər, diplomatik fəaliyyətin yekun sənədləri - dövlətlərarası müqavilələr (traktat, pakt, konvensiya, protokol və s.) daxil edilmişdir. Məlumdur ki, dövlətlərarası müqavilələr həm diplomatiyada, həm beynəlxalq münasibətlər tarixində, həm də beynəlxalq hüquqda öyrənilir. Bu, Azərbaycanda da belədir. Lakin dövlətlərarası müqavilələr Azərbaycan üçün xüsusi əhəmiyyətə malikdir. Bu da təsadüfi deyildir. Belə ki, yalnız dövlətlərarası müqavilələr beynəlxalq münasibətlər və Azərbaycanın diplomatiya tarixini ardıcıl və sənədli şəkildə ortaya çıxarmağa imkan verir.

Yaqub Mahmudov nəşrin elmi-təcrübi əhəmiyyətindən, buraya daxil edilmiş sənədlərin mahiyyətindən ətraflı danışmış, Regionların İnkişafı İctimai Birliyinə təşəkkürünü bildirmiş, digər qeyri-hökumət təşkilatlarının da üzünü "millətə çevirməsini" arzulamışdır.

Kərim Şükürov kitabın konsepsiyasından danışaraq vurğulamışdır ki, burada bütün sənədlər dinamikada verilmişdir. Bu da Azərbaycan tarixinin çox mühüm məsələlərini izləməyə kömək edir. Başqa sözlə, müəlliflər tərtibat zamanı bir sənədin digər bir sənədi "açmasına", dərk edilməsinə imkan verməsinə çalışmışlar. Bu zaman dünya praktikasında belə kitabların hazırlanması təcrübəsi öyrənilmişdir.

AMEA İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva, Bakı Slavyan Universitetinin dekanı Adil Rəcəbli, A.A.Bakıxanov adına Tarix İnstitutu direktorunun müavini Cəbi Bəhramov, Dövlət Neft Akademiyasının professoru Camal Mustafayev, AMEA-nın müxbir üzvü Ağasəlim Ələsgərov çıxış etmiş, kitabın məziyyətlərindən danışmışlar.

Regionların İnkişafı İctimai Birliyinin sədri Seymur Quliyev bu cür layihələrin bundan sonra da icra ediləcəyini bildirmiş və Moskva kitabxanalarının birindən əldə olunmuş İ.Şopenin "İstoriçeskiy Pamyatnik Sostoyaniya Armyanskoy Oblasti v Epoxu yeqo Prisoyedineniya k Rossiyskoy İmperii" kitabının surətini Tarix İnstitutunun kitabxanasında saxlanılmaq üçün Yaqub Mahmudova təqdim etmişdir. Bu mənbədə çox qiymətli faktlar vardır.

Nəfis tərtibatda nəşr olunmuş "Azərbaycan: beynəlxalq münasibətlər və diplomatiya tarixi. Dövlətlərarası müqavilələr və digər xarici siyasət aktları. 1639-1828" kitabının bu cildi 1639-cu il Qəsri-Şirin müqaviləsi ilə başlanır. Həmin müqavilə 1514-1639-cu illərdə müəyyən fasilələrlə davam edən Səfəvi-Osmanlı müharibələrinin yekun sənədidir. Toplu Rusiya ilə İran arasında 1828-ci il Türkmənçay müqaviləsi ilə başa çatır. Kitabda 50-dək müxtəlif sənəd və material toplanmışdır. Bu sənəd və materiallar şərti olaraq dörd yerə bölünür: bilavasitə Azərbaycan dövlətlərinin (Səfəvi dövləti, xanlıqlar, ADR və b.) sənədləri; bir sıra dövlətlərin bu və ya digər dərəcədə Azərbaycana aidiyyəti olan sənəd və materialları; Azərbaycan diplomatiyasında adı çəkilən və ya istinad edilən bəzi xarici siyasət aktları; beynəlxalq münasibətlər və diplomatiya tarixində Azərbaycanın spesifik xüsusiyyətlərini müəyyən etmək üçün müqayisələr aparmaqdan ötrü digər türk dövlətləri və ya region ölkələrinə dair xüsusi siyasət sənədləri.

İkinci cildə 1829-cu il Rusiya - Osmanlı Ədirnə müqaviləsi - 1918-ci ilin aprelinədək olan sənədlər, üçüncü cildə 1918-1920-ci illər-Azərbaycan Xalq Cümhuriyyəti dövrü sənədləri, dördüncü cildə 1921-1991-ci illər - sovet dövrü sənədləri daxil ediləcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 16  mart.- S.  3.