Mədəniyyət tariximizin
parlaq səhifələri
Azərbaycanda Milli Teatrın
yaradılmasından 137 il keçir. Mirzə Fətəli
Axundovun 10 mart və 17 aprel 1873-cü il tarixdə tamaşaya
qoyulmuş "Lənkəran xanının vəziri" və
"Hacı Qara" komediyaları bu şərəfli vəzifəni
ləyaqətlə yerinə yetirdi. Milli teatrımızın
yaradılmasında Həsən bəy Zərdabi, Nəcəf
bəy Vəzirov və Əsgərağa Adıgözəlovun
misilsiz xidmətləri var. İlk teatr binasını tikdirən
də məşhur milyonçu Hacı Zeynalabdin
Tağıyev olub. Ötən 137 il ərzində də milli
teatrın inkişafında fədakarcasına
yaşayıb-yaratmış insanların mənalı həyat
yolu heç vaxt unudulmur. Nəsillər bir-birini əvəz
etdikcə sənət korifeyləri xatırlanır,
onların təcrübəsindən, qoyub getdikləri mənəvi
irsdən öyrənilir. Milli teatrın təşkilində,
təşəkkül tapmasında Hüseyn Ərəblinski,
Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Möhsün Sənani,
Fatma Qədiri, Münəvvər Kələntərli,
İsmayıl Osmanlı, Ağasadıq Gəraybəyli, Rza Əfqanlı,
Mərziyə Davudova, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu,
Yusif Vəliyev, Barat Şəkinskaya, Səməndər Rzayev,
Leyla Bədirbəyli, Hökumə Qurbanova, Həsənağa
Turabov, Nəcibə Məlikova və başqa müqtədir sənətkarların
böyük rolu olmuşdur.
Şərqdə ilk dəfə
olaraq peşəkar teatrın Bakıda yaranması
xalqımızın milli-mənəvi dəyərlərinin
qorunmasında, təbliğində, estetik zövqün
formalaşmasında, maariflənmənin sürətlənməsində
mühüm vəzifələr yerinə yetirərək
mütərəqqi ideyaların əsl carçısına
çevrildi. Ümummilli lider Heydər Əliyev Azərbaycan
Milli Teatrının qazandığı böyük nailiyyətlərlə
bağlı deyirdi: "Teatrımızın böyük
tarixi, böyük ənənələri, gözəl
nümunələri var. Milli teatr bu gün də, gələcəkdə
də yaşayacaqdır".
Mədəniyyət
tariximizin parlaq səhifələrini şərəflə
yazan milli teatr dövlət müstəqilliyimiz
qazanıldıqdan sonra öz inkişafının yeni mərhələsinə
qədəm qoydu. Milli teatra diqqət və qayğı daha da
artırıldı. Aktyor və rejissorların səmərəli,
mükəmməl fəaliyyət göstərməsi
üçün teatr binalarının təmiri, bərpası
başlamış, eləcə də yaradıcı kollektivlərin
əməkhaqları dəfələrlə
artırılmış, ayrı-ayrı istedadlı, görkəmli
sənətkarlara fəxri adlar, mükafatlar, Prezident təqaüdü
verilmişdir. Yaradıcılıq şəraitinin daha da
yaxşılaşdırılması yolunda dövlət tərəfindən
vaxtaşırı müxtəlif tədbirlər həyata
keçirilmiş, sənətkarların, dramaturqların,
rejissorların yubileyləri qeyd edilmiş və bu gün də
bu tədbirlər davam etməkdədir. Azərbaycan
teatrının beynəlxalq əlaqələri də
genişlənmişdir. Respublikada fəaliyyət göstərən
27 dövlət teatrının və bu şəbəkəyə
daxil olan digər qurumların səmərəli fəaliyyətini
təmin etmək məqsədilə dövlət onlara hər
cür qayğı göstərir. Əlbəttə,
teatrların fəaliyyətini dünya standartlarına
uyğun şəkildə təmin etmək üçün
zamanın tələblərindən asılı olaraq müxtəlif
sərəncamlar imzalanır, proqramlar həyata keçirilir,
yeni layihələr hazırlanır.
Ölkə Prezidenti İlham
Əliyevin 19 fevral 2007-ci il tarixdə imzaladığı
"Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi
haqqında" sərəncamda milli mədəniyyətimizin
inkişafında böyük rol oynayan teatrların maddi-texniki
bazasının möhkəmləndirilməsi və
yaradıcılıq potensialının
yaxşılaşdırılması üçün bir
sıra tədbirlərin həyata keçirilməsi nəzərdə
tutulmuşdur.
Əgər biz həmişə
fəxr və fərəhlə deyiriksə, Şərqdə
ilk teatr, ilk opera Azərbaycanda yaradılıb, deməli,
qazanılmış ənənələri qoruyub inkişaf
etdirmək üçün müasir dövrdə hər bir mədəniyyət
müəssisəsi dünya standartları səviyyəsində
fəaliyyət göstərməlidir. Əgər ötən
əsrin əvvəllərində insanları maarifləndirmək
naminə heç bir maliyyə təminatı olmayan, əksinə,
nadan qüvvələr tərəfindən təzyiqə, təqibə
məruz qalan bir dövrdə ağıllı və
savadlı insanlar bu zülmətin içində
çıxış yolu taparaq teatr yarada bilirdilərsə,
indi hər cür şərait və köməyin olduğu
zamanda lazımdır ki, dünya arenasına çıxmaq
üçün həm də xarici ölkələrdə
kadr hazırlığı, müştərək layihələr
əsasında həyata keçirilsin. Dövlət
başçısı İlham Əliyev tərəfindən
"Azərbaycan teatrı 2009-2019-cu illərdə"
Dövlət Proqramı"nın təsdiq edilməsi
haqqında sərəncam imzaladı. Azərbaycan
teatrının zəngin bədii irsinin və
yaradıcılıq ənənələrinin qorunması,
milli-mənəvi dəyərlərin təbliği və
dünya mədəniyyətinə inteqrasiyanı təmin etmək,
milli teatr sənətinin davamlı inkişafını dəstəkləmək
məqsədilə dövlət proqramı təsdiqlənmişdir.
Proqramda mövcud vəziyyətə uyğun olaraq Azərbaycan
teatrının maddi-texniki bazasının möhkəmləndirilməsi,
yaradıcılıq potensialının inkişaf etdirilməsi,
habelə teatr təhsil sisteminin
yaxşılaşdırılması məqsədilə
onillik müddətinə bir sıra vacib tədbirlərin
hazırlanıb həyata keçirilməsi nəzərdə
tutulmuşdur.
Bu proqramın təsdiqində
məqsəd ondan ibarətdir ki, teatr siyasətinin
formalaşması və teatr prosesində idarəetmənin
optimallaşdırılması üçün bu sahədə
islahatlar aparılsın, hər bir teatr binası standartlara
uyğun səviyyədə təmin olunsun, onların
maddi-texniki bazası möhkəmləndirilsin. Yeni teatr siyasətinin
doğru-düzgün həyata keçirilməsi, həm də
mədəniyyətin hərtərəfli təbliği ilə
bağlıdır. Eləcə də ümumbəşəri
və milli-mənəvi dəyərlərin qorunması
dünya mədəniyyətinə inteqrasiyanı təmin etməklə
əlaqəli şəkildə həyata keçirilərsə,
bu, ümumilikdə sənətin inkişafına səbəb
olur. Bu baxımdan da həm maliyyə və informasiya
resurslarından səmərəli istifadə edilməlidir, həm
də hər bir teatrın repertuarı günün tələblərinə
uyğun formalaşmalıdır.
Proqramda qarşıya qoyulan
vəzifələrin həyata keçirilməsi nəticəsində
təbii ki, bir sıra nailiyyətlər əldə
olunacaqdır. Ən başlıcası isə milli teatr sənəti
həm qorunub saxlanılacaq, həm də inkişaf etdiriləcəkdir.
Onun şəbəkəsi müasir tələblərə
uyğun qurulsa, bu, bir tərəfdən də
tamaşaçının teatra olan tələbatının
ödənilməsi üçün şərait
yaradacaqdır. Qədim teatrı həm də gəncləşdirmək
gərəkdir. Bunun üçün istedadlı gənclərin
teatra cəlb olunmasına önəm verilməlidir.
Proqramda öz əksini tapan
tədbirlərin on il ərzində müntəzəm davam
etdirilməsi nəzərdə tutulur. Elə tədbirlər
var ki, onlar iki ildən bir həyata keçirilməlidir. Məsələn,
müasir dövrün teatr problemlərinə həsr
olunmuş beynəlxalq elmi-praktik konfransların təşkili.
İldə bir dəfə də nəzərdə tutulan tədbirlər
var. Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi
altında həyata vəsiqə alacaq belə tədbirlərdən
biri 2011-ci il üçün nəzərdə tutulub: Beynəlxalq
Kukla Teatrları Assosiasiyasının iştirakı ilə
"Kukla teatrı həftəsi"nin keçirilməsi
dövlət proqramına əsasən on il ərzində
xarici ölkələrin tanınmış teatr kollektivlərinin
Azərbaycana dəvət olunması
planlaşdırılıb. Eləcə də paytaxtda
tanınmış teatr xadimlərinin iştirakı ilə
seminarların təşkil edilməsi bu sahədə müəyyən
nailiyyətlərin qazanılmasına səbəb
olacaqdır.
Teatr binaları təmir
olunur, aktyor və rejissorların, eləcə də digər sənət
adamlarının hərtərəfli fəaliyyəti
üçün şərait yaradılır. Əlbəttə,
teatr binasının təmiri teatr sənətinin təkmilləşməsi
deyil. Əsas məsələ repertuarın düzgün
qurulmasıdır. Bu səbəbdən də Mədəniyyət
və Turizm Nazirliyində müəyyən layihələr
hazırlanır, yeni iş prinsipləri qurulur. Teatr sahəsində
çalışanların yaradıcılıq
baxımından öz işlərini dünya səviyyəsində
qurmaları üçün həyata keçirilən hər
bir şeyin bünövrəsində yeni təfəkkür
dayanmalıdır. Teatrın əvvəlki şöhrətini
özünə qaytarmaq üçün nazirlik tərəfindən
mədəniyyət ocaqlarının rəhbərlərinə
qətiyyətlə tapşırılıb ki, hər bir
teatrın yaradıcı kollektivi adıçəkilən
quruma öz layihəsini təqdim etsin. Mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev deyir: "Biz öz növbəmizdə
ən yaxşılarını seçərək maliyyələşdirəcəyik.
Daha əvvəlki illərdə olduğu kimi dövlət
sifarişi olmayacaq. Çalışacağıq ki, klassik və
müasir dramaturqlara, dünya ədəbiyyatının
nümunələrinə müraciət olunsun. İndi teatrlar
işlərini elə qurmalıdırlar ki, onların təqdim
etdiyi tamaşalar dünya standartlarına uyğun gəlsin. Əyalət
çərçivəsindən çıxmaq
lazımdır".
Ötən il teatr
binaları təmir edilərək istifadəyə verildikdən
sonra bəzi teatrlar birləşdirildi. Məsələn,
kamera, gənclər və gənc tamaşaçılar
teatrları. Bu üç yaradıcı kollektivin bir araya gələrək
fəaliyət göstərməsi həqiqətən də,
uğurlu alındı. Kəmiyyətdən çox keyfiyyət
daha önəmlidir. Bu mənada teatrların birləşdirilməsi
yenə də davam edəcəkdir. Sayı çox, işi
olmayan teatrlar bu gün heç kimə lazım deyil. İndi
dünyada başqa tələblər var. Teatr
yarandığı gündən cəmiyyətin qabaqcıl,
aparıcı qüvvələrindən biri olub.
Adıçəkilən dövlət proqramında təkcə paytaxtda deyil, Naxçıvan Muxtar Respublikasında, həmçinin digər bölgələrdə, o cümlədən qaçqın və məcburi köçkünlük şəraitində fəaliyyət göstərən dövlət teatrlarına da hər cür zəruri qayğının göstərilməsi nəzərdə tutulub. Əlbəttə, ilk növbədə, bu mədəniyyət ocaqlarında maddi-texniki bazanın möhkəmləndirilməsi ön plana çəkiləcəkdir. Çünki teatr sahəsində tədbirlərin uğurlu keçməsi üçün maddi-texniki bazanın günün tələbləri səviyyəsində qurulması çox vacibdir. Bədnam erməni qonşularımızın xalqımıza qarşı yeritdiyi ədalətsiz müharibədə təkcə insanlarımız deyil, maddi-mənəvi dəyərlərimiz də terrora məruz qaldı. Neçə-neçə tarixi abidəmiz sıradan çıxarıldı, təmayülü dəyişdirildi. Bir sıra teatrlar öz doğma yurdlarından didərgin düşdü. Məsələn, İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Şuşa, Füzuli, Ağdam və sairə. İki ildir ki, müxtəlif yerlərdə, ağır şəraitdə tamaşa hazırlayan Füzuli teatrı öz doğma ocağına yaxın əraziyə - Horadizə qayıdıb. Ağdam teatrı Bərdədə fəaliyyət göstərir. İrəvan Dövlət Azərbaycan Dram Teatrına yeni bina verilib. Şuşa teatrı Bakıda məskunlaşıb. Yəqin ki, bir gün bu teatrların hamısının bəxtinə gün doğacaq, onlar öz əvvəlki yerlərində fəaliyyətlərini davam etdirəcəklər.
Qəbul edilən proqramların, imzalanan sərəncam və layihələrin həyata keçirilməsində məqsəd budur ki, bütün sahələrdə baş verən güclü inkişaf teatr aləmində də öz əksini tapsın. Mədəniyyət ocaqlarının salonları tamaşaçı sarıdan korluq çəkməsin. Təqdim olunan əsərlər müasir dünyagörüşünü əks etdirsin, sanballı, mükəmməl təsir bağışlasın. Yəni, Azərbaycan teatrı gələcəkdə istənilən tamaşası ilə dünya səhnəsinə çıxa bilsin. Müasir inteqrasiyanın tələbi budur.
Bu il fevralın 22-də Bakıda ilk dəfə olaraq milli teatr festivalının açılışı oldu. On ay müddətində davam edəcək bu mühüm tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev festival barədə ətraflı məlumat verdi. O bildirdi ki, festivalın işində 27 teatrın iştirak edəcəyi nəzərədə tutulub. Bu festivalın təşkilində məqsəd teatrlara tamaşaçı marağını artırmaqdır. Festival müddətində tanınmış teatr tənqidçilərinin, aktyor və rejissorların iştirakı ilə "dəyirmi masa" da təşkil olunacaq. Milli teatr festivalının açılış mərasimində xalq yazıçısı Elçinin "Ölüm hökmü" romanı əsasında hazırlanan eyni adlı tamaşası tədbir iştirakçılarına təqdim olundu. Mərasim çərçivəsində Gənc Tamaşaçılar Teatrının foyesində Azərbaycan teatr tarixini əks etdirən fotosərgi də nümayiş olundu.
YUNESKO-nun Beynəlxalq Teatr İnstitutunun bir sıra konqresinin Bakı şəhərində keçirilməsi də nəzərdə tutulub. Əlbəttə, belə konqresin baş tutması üçün bəşəri əhəmiyyət daşıyan əsərlərin səhnədə təcəssümü vacibdir. Eləcə də onilliyin sonunda Bakıda beynəlxalq festivalın keçirilməsi yeni bir mərhələnin başlanğıcı olacaq. İnanırıq ki, Azərbaycan teatr aləmində həqiqətən, gözlədiyimiz dönüş olacaq. Başlanacaq yeni mərhələnin uğurlu olması üçün isə hər bir icraçının nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsində göstərəcəyi qəti mövqedən, məsuliyyətdən, dəstək və qayğıdan çox şey asılıdır.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2010.- 10
mart.- S. 6.