Çexovun qəhrəmanları səhnədə

 

Dünya şöhrətli yazıçı və dramaturq Anton Pavloviç Çexovun anadan olmasının 150-ci ildönümüdür. Təkcə rus xalqının deyil, bəşəriyyətin dəyərinə çevrilən Çexovun yubileyi Azərbaycanda da qeyd edilir.

Gənc Tamaşaçılar Teatrı bu əlamətdar gün münasibətilə yazıçının "Albalı bağı" pyesini tamaşaya qoyub. Tamaşadan əvvəl teatrın direktoru, əməkdar artist Mübariz Həmidov giriş sözü ilə çıxış etdi. Sonra tanınmış rejissor, xalq artisti İrina Perlova Çexovun teatr sənətinə verdiyi töhfələrdən danışdı. Bildirdi ki, Anton Pavloviç yazdığı pyeslərlə teatr sənətində, dramaturgiyanın inkişafında mühüm rol oynayıb. Böyük teatr nəzəriyyəçisi və rejissoru Stanislavski öz məktəbini yaradarkən məhz Çexovun metodundan yararlanıb.

Rejissor təqdim olunan "Albalı bağı" barədə söylədi ki, pyes kamera teatrında böyük uğurla tamaşaya qoyulub və repertuarda olduğu 5 il ərzində Beynəlxalq teatr festivalında Azərbaycanı təmsil edib. İki dəfə Moskva tamaşaçıları qarşısında oynanılıb. Həmin iki tamaşadan biri isə məhz Çexovun doğma kəndində nümayiş etdirilib.

İki saat ərzində fasiləsiz davam edən tamaşada əsas rolları əməkdar artistlər Şövqi Hüseynov (Lopaxin), Gülər Nəbiyeva (Şarlotta), Seyidşah Məmmədov (Firs), aktrisa İradə Rəşidqızı (Varya) və digər sənətçilər ifa edirlər.

Çexovun qəhrəmanları - Fransada yaşayan xanım Ranevskaya doğma yerlərə qayıdır, müflisləşməyə doğru gedən ailənin ata-baba yurdundakı albalı bağının hərraca qoyulduğunu gördükdə bununla razılaşmır, uşaqlıq və gənclik illərinin xatirəsini yaşatmaq üçün yollar axtarır. Bağı satılmaqdan xilas etmək üçün hətta gənc qızı Anyanı valideynləri bu bağda nökərçilik etmiş hiyləgər Lopaxinə verməyə razı olur. Əlbəttə, albalı bağının taleyinin necə olacağı, Qayevin bacısını düşdüyü vəziyyətdən necə qurtarmaq istədiyi, Şarlottanın keçirdiyi əzabları duymaq üçün tamaşanın özünə baxmaq lazımdır.

Xatırladaq ki, tamaşanın rəssamı əməkdar rəssam Tahir Tahirov, ədəbi hissə müdiri Rafiq Rəhimli, redaktor Şərqiyə İsmayılova, musiqi hissə müdiri Ülvi Cəfərov və truppa müdiri Nigar Əzimzadədir.

 

 

Zəkurə QULİYEVA

 

Azərbaycan.- 2010.-  10 mart.- S. 6.