Zəmzəm gəldi, Atəş gəldi, Yel gəldi

 

Qarşıdan güllü yaz - mübarək Novruz gəlir. İllərdir ki, xalqımız bu gözəl bayramı böyük məhəbbətlə, səbirsizliklə qarşılayır, yüksək ovqatla qeyd edir. Novruzun insanların ürəyində sevgisi o qədər dərindir ki, onun adət-ənənəsinə, mərasimlərinə hamı, sözsüz əməl etməyi müqəddəs borc bilir. Novruzun gəlişini ta bineyi-qədimdən xüsusi hazırlıqla gözləmişik. Bu bayrama qədər hər həftə bir çərşənbəni xüsusi təmtəraqla qarşılayıb yola salmışıq. Hər bir çərşənbələrin öz adı, öz mənası, öz yozumu var.

 

Novruzun gözəl çərşənbələrindən üçüncüsü martın 9-da yurdumuza qədəm qoydu. Xalq arasında ona "Yel çərşənbəsi" deyirlər. Bəzi bölgələrdə isə onu "Küləkli çərşənbə", "Hava çərşənbəsi", "Yelli çərşənbə", "Külək oyadan çərşənbə" adlandırırlar. Qədim etiqadlara görə, bu çərşənbə axşamında oyanan külək ərzi dolaşaraq suyu, odu hərəkətə gətirir. Yel çərşənbəsində əsən mehin , küləyin daxilində bir hərarət olur. Gün ərzində havanın bir neçə dəfə dəyişməsi küləyin təmizlənməsi kimi başa düşülür.

Folklor nümunələrində, xüsusilə , dastanlarımızda, eləcə əski etiqadlarda Yer üzündə küləyin iki rəngi göstərilir: qara . Hətta deyimlərdə belə bir ifadə var ki, hansı qarğışdan, xoşa gəlməyən sözdən narazılıq yaransa, nənələr tez deyərdi: "Ağzından qara yellər aparsın". Yaxud da elə, obaya, ailəyə, nəslə xeyir-dua verəndə söyləyərdilər: "Üstünüzə yellər əssin". Xəzərətrafı, xüsusilə , Abşeron bölgəsində küləyi belə adlandırırlar: xəzri gilavar. Əski inamlara görə, qara külək siyah, külək bəyaz, xəzri göy, gilavar isə qırmızı libasda təsəvvür edilir. Bu rənglərin mifik mənaları var. Deyilənə görə, çərşənbə bayramında yurdumuzda dolaşan külək məhz bu dördlüyün rəngindən özünə pay alır qısa müddətdə ərzi dolaşır. Ona görə hava təbdən-təbə, rəngdən-rəngə düşür.

Xalq inamına görə, Tanrı tərəfindən idarə edilən külək özü insanların himayədarına çevrilib. Hətta bu barədə müxtəlif dini ədəbiyyatlarda da müəyyən məlumatlar var. Qurani-Kərimdə küləyin Allah tərəfindən göndərildiyi onun mərhəmətli, qəzəbli xüsusiyyətlərə malik olduğu qeyd edilir.

İlaxır çərşənbələrinin məhz üçüncüsünün küləklə bağlanması qədim zamanlardan mövcuddur. Şifahi xalq yaradıcılığında yelin müqəddəsliyi, ucalığı, qüdrəti ilə bağlı müxtəlif nəğmə, mif, əfsanə, inanc, atalar sözü, bayatılar, tapmacalar vardır.

Məlumdur ki, insanın oda, suya, küləyə, torpağa ehtiyacı yalnız Novruz günləri ilə bağlı deyil. Lakin Novruz şənliklərində bu ünsürlərin adı ilə bağlı ilaxır çərşənbələrinin qeyd edilməsi etiqadla əlaqədardır. Məsələn: "Yel qayadan aparar?" "Yelnən gələn selnən gedər", "Yel apardığını qaytarmaz", "Yelin işin bilmək olmaz", "Külək kimi hərdən bir yana əsmə" ifadələri tarixin sınağından çıxmışdır. Bayatı ağılarda da küləklə bağlı yaddaqalan, dillər əzbəri olan, hətta mahnıya, nəğməyə çevrilən folklor nümunələri çoxdur.

 

Yel əsər, toz qoparar,

Ağacdan qoz qoparar.

Yellə gələn bəlanı

Yel özü aparar.

 

* * *

 

Yel əssin, yelə dəysin,

Meh əssin, telə dəysin.

Tək əldən səs çıxar,

Əl gərək ələ dəysin.

 

* * *

 

Qara yel əsdi keçdi,

Səbrimi kəsdi keçdi.

Vətəndən gələn durna

Yaman tələsdi keçdi.

 

Bilməcələrdə xalqın təfəkkürü, idrak, düşüncə tərzi özünü büruzə verir. Ümumiyyətlə, tapmacalara adi uydurma, oyun kimi baxmaq düz deyil. Hər bir tapmacada dövrün ovqatı, həm öyrətmək, öyrənmək meyli güclüdür: "Dağdan gəlir hozu kimi, dəyirmanın tozu kimi" (külək).

 

Üç qardaşım var,

Biri sulayır,

Biri üfürür,

Biri bitirir

(yağış, külək, Günəş).

 

Yellə bağlı inanclarda müqəddəslik duyulur. Hiss olunur ki, xalq hələ qədim dövrlərdən küləyə Allahın qüdrəti kimi baxmış, ona mehr məhəbbət göstərmişdir: "Yeli əsdirəni söyməzlər", "Yelin adına nəzir deyərlər". Yel çərşənbəsi axşamı ağac altında durub niyyət edərlər Yel babanı köməyə çağırarlar. Əgər həmin anda meh hiss etsən ağacın budaqları torpağa toxunsa, deməli, arzun yerinə yetib, Tanrı diləyini eşidib. Qədim zamanlarda xırmanın mövcud olduğu vaxtlarda yellə bağlı yaranmış ən çox inanclar taxılla, çörəklə, xırmanla bağlı olardı.

Küləklə əlaqədar müxtəlif miflər mərasimlər mövcuddur. Deyilənə görə, Novruz bayramının obrazlarından biri olan Fatı qarı yeddi rəngli ip əyirib hərəsini bir bağlamaya yığaraq dizinin altına qoyurmuş. Birdən necə olursa, axırıncı bağlama qarının dizinin altından çıxıb kənara düşür. Qəzəblənən Fatı qarı Yelə qarğış edir: "Azarım-bezarım dəymiş Yel baba, hardan gəlib çıxdı axı". Bu deyinmədən sonra qarının o biri bağlamaları da dizinin altından çıxaraq diyirlənməyə başlayır. Fatı qarı buna dözməyərək qarğışı qarğışa calayır onun gileyləri, söyüşləri öz başına bəla olur. Yel baba qarının iplərini qanadına alaraq üfüqlərə qədər aparır. Deyilənə görə, o vaxtdan Fatı qarının ipləri yeddi rəngli qurşağa dönərək göydə parıldayır. Qarı da qədər edirsə, Yel babanı vura bilir, iplərini tutur. Odur ki, gur yağışdan sonra üfüqdə görünən yeddi rəngli qurşağa "Fatı qarının hanası" da deyirlər. Sonralar Fatı qarı üzünü göyə tutaraq qədər nəğmə oxusa da, Yel baba eşitmədi. Həmin nəğmələrdən:

 

Yelli babam,

Yel babam,

Telli babam,

Tel babam,

Gül babam.

Dərdimi gəl bil, babam,

Gəl babam, ay gəl, babam.

 

Bu çərşənbədə buğdanı islağa qoyub səməni göyərdirlər.

Beləcə, boz ayın müqəddəs çərşənbələrindən sayılan təbiətin ünsürləri ilə bağlı olan sudan içdik, oddan keçdik, küləyinin həzin mehinə bələndik. Qarşıdan isə müqəddəs Torpaq çərşənbəsi gəlir. İllərlə əl-ələ verərək bu əziz günlərin şərəfinə oxumuşuq:

 

Zəmzəm gəldi, Atəş gəldi,

Yel gəldi,

Təzə ömür, təzə məhsul,

il gəldi.

 

 

Azərbaycan.- 2010.-  10 mart.- S.  6.