Azərbaycan Prezidenti İlham Əliyev Polşanın Baş naziri Donald Tuskun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Polşa Respublikasının Baş naziri Donald Tuskun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı Azərbaycan ilə Polşa arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı. Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu bildirən Prezident İlham Əliyev iqtisadi sahədə əməkdaşlığın intensivləşdirilməsinin zəruriliyini qeyd etdi. Azərbaycanın Polşa ilə əlaqələri müxtəlif sahələrdə genişləndirməkdə maraqlı olduğunu deyən dövlətimizin başçısı Baş nazirin ölkəmizə səfərinin əməkdaşlıq üçün yeni sahələrin müəyyən edilməsi, birgə fəaliyyət üçün əlavə tədbirlərin müzakirəsi baxımından əhəmiyyətli olacağına əminliyini bildirdi.

Polşa Respublikasının Baş naziri Donald Tusk ölkəmizə səfəri zamanı Fəxri xiyabanı Şəhidlər xiyabanını ziyarət etdiyini vurğulayaraq bu yerlərin Azərbaycanın tarixi yaddaşı üçün mühüm önəmli olduğunu dedi. O, ölkələrimizin tarixində bizi bir-birimizlə sıx birləşdirən məqamların olduğunu da vurğuladı. Donald Tusk əmin olduğunu bildirdi ki, onun səfəri Polşa ilə Azərbaycan arasında iqtisadi sahədə konkret layihələrin müəyyənləşməsi əlaqələrimizin daha da genişləndirilməsi baxımından səmərəli olacaqdır. Baş nazir ikitərəfli münasibətlərimizin Avropa İttifaqı çərçivəsində genişlənməsinin əhəmiyyətini vurğuladı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  11 mart.- S.  1.