Polşa Azərbaycanın Avropa strukturlarına inteqrasiya etmək səylərini dəstəkləyəcəkdir

 

Polşa Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində Azərbaycanın Avropa strukturlarına inteqrasiya etmək səylərini dəstəkləyəcəkdir. Polşanın Baş naziri Donald Tusk bu fikri martın 10-da Azərbaycan hökumətinin başçısı Artur Rasizadə ilə geniş tərkibdə görüşdə bəyan etmişdir.

Geniş tərkibdə görüşdən əvvəl hökumət başçıları təkbətək görüşmüşlər.

Azərbaycanın Baş naziri ölkələrimiz arasında bütün sahələrdə münasibətlərin yüksək səviyyədə olduğunu qeyd etmiş və bildirmişdir ki, Polşa hökumətinin başçısının bu səfəri ölkələrimiz arasında əlaqələrin genişlənməsinə xidmət edəcəkdir. Artur Rasizadə demişdir ki, Azərbaycan Polşanın Avropa İttifaqı ilə əlaqələri dərinləşdirmək təcrübəsinə maraq göstərir.

İqtisadi sahədə Azərbaycan-Polşa əməkdaşlığının genişlənməsi üçün böyük potensial imkanların olduğunu bildirən A.Rasizadə demişdir ki, iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın qəbul etdiyi qərarların həyata keçirilməsi bu istiqamətdə mühüm rol oynayacaqdır.

Polşa nümayəndə heyətinin üzvlərinə Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı barədə, habelə ölkəmiz üçün əsas problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verilmişdir. Azərbaycanın Baş naziri qeyd etmişdir ki, bu problemin tezliklə həll edilməsi regiondakı bütün ölkələrin, o cümlədən Azərbaycan ərazisinin 20 faizini işğal etmiş təcavüzkar Ermənistanın da xeyrinə olar.

Donald Tusk onu Azərbaycana rəsmi səfərə dəvət etdiyinə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirmişdir. O qeyd etmişdir ki, Azərbaycan iqtisadiyyatı kimi, onun ölkəsinin iqtisadiyyatı da qlobal maliyyə böhranının kəskin nəticələrini hiss etməmişdir. Qonaq Azərbaycan paytaxtında müşahidə etdiyi tikinti və abadlıq işlərinin miqyasını yüksək qiymətləndirmişdir.

Polşanın Baş naziri "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində Azərbaycanı dəstəkləməkdən söhbət açaraq bildirmişdir ki, bu, ölkəmizə, o cümlədən Aİ ölkələri ilə viza rejiminin sadələşdirilməsi sahəsində böyük səmərə verə bilər.

Görüş başa çatandan sonra Artur Rasizadə və Donald Tusk mətbuat üçün bəyanatlarla çıxış etmişlər. Azərbaycan hökumətinin başçısı Azərbaycan-Polşa əlaqələrinin tarixindən söhbət açaraq qeyd etmişdir ki, Azərbaycanda milli sənayenin, mədəniyyətin inkişafına böyük töhfə vermiş Polşa ziyalılarının nümayəndələrinin - mühəndis Pavel Pototski, memar Yuzef Ploşka və başqalarının adlarını hörmətlə yad edirlər. O, Polşanın iş adamlarını ölkəmizin qeyri-neft sektorunun inkişafı üzrə investisiya layihələrində fəal iştirak etməyə çağırmışdır.

Donald Tusk ölkələrimiz arasında əməkdaşlığın müxtəlif aspektləri barədə, Azərbaycan hökumətinin başçısı ilə aparılmış danışıqlardan məmnun olduğunu bildirmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  11 mart.- S.  1.