İçərişəhərlə tanışlıq
Polşanın Baş naziri Donald Tuskun rəhbərlik etdiyi nümayəndə heyəti martın 10-da İçərişəhərlə tanış olmuşdur.
Qonaqlar əvvəlcə İçərişəhərin baş planı ilə tanış olmuş və Qız qalasını seyr etmişlər. Onlara məlumat verilmişdir ki, XII əsrdə inşa olunmuş Qız qalası Azərbaycan memarlığının nadir incilərindən biridir.
"Şirvanşahlar sarayı kompleksi" Dövlət Tarix-Memarlıq Muzey-Qoruğu ilə tanışlıq zamanı hörmətli qonağa məlumat verilmişdir ki, XV əsrin əvvəllərində inşa olunmuş Şirvanşahlar sarayı ansamblının tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür.
Qonaqlara ötən əsrlərin yadigarı olan abidələrin qorunması və bərpasına göstərilən dövlət qayğısı barədə ətraflı məlumat verilmişdir.
Daha sonra qonaqlar metronun "İçərişəhər" stansiyasının binasına baxmışlar. Bildirilmişdir ki, stansiyanın binasının yenidən qurulmasında şəffaf şüşələrdən istifadə olunduğuna görə Bakı qala divarları kənardan rahat görünür.
Sonra qonaqlar Filarmoniya bağı ilə tanış olmuşlar.
Azərbaycan paytaxtının qədim guşəsi ilə tanışlıq qonaqlarda xoş təəssürat oyatmışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 11
mart.- S. 2.