Daxili Qoşunların zabitlərinə
yeni mənzillərin orderləri təqdim edilmişdir
Martın 10-da Daxili
İşlər Nazirliyinin Daxili Qoşunlarının (DQ) Nərimanov
rayonunda yerləşən "N" saylı hərbi hissəsində
zabitlər üçün yeni inşa edilmiş
yaşayış binası istifadəyə verilmişdir.
Bu münasibətlə
keçirilmiş mərasimdə daxili işlər naziri,
general-polkovnik Ramil Usubov iştirak etmişdir.
Daxili Qoşunların
komandanı, general-leytenant Zakir Həsənov bildirmişdir ki,
açılışına toplaşdığımız
zabit yataqxanası Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyevin Daxili
Qoşunların maddi-texniki bazasının möhkəmləndirilməsinə
göstərdiyi yüksək diqqət və
qayğının bariz nümunəsidir. Natiq dövlətimizin
başçısının tapşırığı ilə
son illər şəxsi heyətin sosial problemlərinin həlli
istiqamətində mühüm işlərin
görüldüyünü, Daxili Qoşunlar
üçün müxtəlif təyinatlı obyektlərin
tikilib istifadəyə verildiyini nəzərə
çarpdırmışdır.
Göstərilən diqqət
və qayğıya görə şəxsi heyət
adından dövlətimizin başçısına minnətdarlığını
bildirən komandan söyləmişdir ki, Daxili
Qoşunların əsgər və zabitləri bundan sonra da
öz xidmətlərini yüksək səviyyədə təşkil
edəcək, dövlət və dövlətçilik naminə
hər an bütün əmrləri yerinə yetirməyə
hazır olacaqlar.
Yeni mənzil alanlardan mayor
Zöhrab Əsgərov, zabit ailəsinin üzvü Səbinə
Əliyeva çıxış edərək hərbi
qulluqçulara və onların ailələrinin sosial problemlərinin
həllinə göstərdiyi diqqət və qayğıya
görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyevə dərin minnətdarlıqlarını
bildirmişlər. Bu diqqət və qayğıya əməli
işləri ilə cavab verəcəklərini, bundan sonra da
xidməti vəzifə borclarını ləyaqətlə,
şərəflə yerinə yetirəcəklərini
vurğulamışlar.
Prezident İlham Əliyevin təbriklərini
zabitlərə çatdıran daxili işlər naziri,
general-polkovnik Ramil Usubov yeni binanın istifadəyə verilməsinin
Daxili Qoşunların həyatında çox əlamətdar
hadisə olduğunu bildirmiş, şəxsi heyətə xidmətdə
uğurlar arzulamışdır.
Nazir demişdir ki, Azərbaycan
Silahlı Qüvvələrinə, daxili işlər orqanlarının,
onun ayrılmaz hissəsi olan Daxili Qoşunların sosial
problemlərinin həllinə daim diqqət yetirən Prezident
İlham Əliyev hər il bu istiqamətdə çox
mühüm addımlar atır. Bu binanın istifadəyə
verilməsi bir daha sübut edir ki, hərbçilərin sosial
problemlərinin həlli, onların yaxşı
yaşamasına əlverişli şəraitin
yaradılması ölkəmizin başçısının
daim diqqətindədir.
Nazir Ramil Usubov, eyni zamanda,
Daxili Qoşunların şəxsi heyətinin həmişə
dövlətçiliyə sədaqətlə xidmət
etdiyini xüsusi vurğulamışdır. Bildirmişdir ki,
Daxili Qoşunlarda peşəkar, mənəvi psixoloji
hazırlıq ildən-ilə inkişaf edir. Bu gün Daxili
İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi
heyəti, onun əsgərləri, gizirləri, zabitləri Vətənə,
xalqa sədaqətlə, vicdanla xidmət edir. Biz əminik ki,
Daxili Qoşunların şəxsi heyəti bundan sonra da
ölkəmizdə əmin-amanlığın, ictimai
asayişin qorunmasında, cinayətkarlığa qarşı
mübarizədə fərqlənəcəkdir.
General-polkovnik Ramil Usubov
zabitlərə yeni mənzillərin orderlərini təqdim
etmişdir.
Məlumat verilmişdir ki,
beş mərtəbədən ibarət olan bina 60 mənzillidir.
Mənzillərin 20-si bir, 32-si iki, 8-i isə
üçotaqlıdır. Mənzillər bütün
lazımi avadanlıqla təmin edilmişdir. Binanın su,
elektrik, istilik sistemi və qazanxanası vardır.
Açılışı
bildirən qırmızı lent kəsildikdən sonra mərasim
iştirakçıları mənzillərə baxmış,
burada yaradılan şəraitlə tanış olmuşlar.
AzərTAc
Azərbaycan.-
2010.- 11 mart.- S. 3.