Sumqayıt hadisələrinin, əslində, erməni ssenarisi olduğunu faktlar da təsdiqləyir

 

Azərbaycanın çağdaş tarixində unudulması mümkün olmayan, onu daim mübarizə və qisas ruhunda kökləyən elə faciəli hadisələr var ki, heç zaman xalqın qan yaddaşından silinməyəcəkdir. Təcavüzkar erməni millətçilərinin və sərsəm "Böyük Ermənistan" ideoloqlarının etnik təmizləmə və soyqırımı siyasətinin nəticələrini bütövlükdə iki milyon azərbaycanlı müxtəlif vaxtlarda öz üzərində hiss etmişdir. Bu mənfur siyasət sovet hakimiyyəti dövründə də ardıcıl şəkildə davam etdirilmişdir. SSRİ-nin süqutu isə azərbaycanlıların doğma torpaqlarından qovulması, qaçqın və köçkünə çevrilməsi kütləvi qırğınlarla müşayiət olunmuşdur. Ermənilərin özlərini dünyaya türklər tərəfindən "soyqırıma" məruz qalan, "əzabkeş millət" kimi qələmə vermələri və bu yalanlarına demokratik inkişaf yolu keçmiş dövlətləri də inandırmaları müasir dövrümüzün acı reallıqlarındandır.

Bu yaxınlarda ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində "erməni soyqırımı"nı tanınması da buna əyani misaldır. Tarixi öz maraqlarına cavab verən tərzdə saxtalaşdıran ermənilərin zaman-zaman törətdikləri qanlı olayların səhifələrini vərəqlədikcə əsl həqiqət üzə çıxır. 1988-ci il fevralın 27-28-də də məhz ermənilər Sumqayıt şəhərində böyük iğtişaşlar törətdilər. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ermənilərlə birgə təşkil etdiyi və həyata keçirdiyi ssenari nəticəsində 32 nəfər öldü. 1985-1990-cı illərdə Azərbaycanın baş prokuroru vəzifəsində çalışmış, hazırda isə Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılovla görüşüb Sumqayıt hadisələri ilə bağlı əsl həqiqətlərə aydınlıq gətirməyə çalışdıq.

 

- İlyas müəllim, erməni təbliğat maşını 22 ildir ki, Sumqayıt hadisələrinin azərbaycanlılar tərəfindən törədilməsi ilə bağlı bütün dünyada geniş iş aparır. Faktlar isə bu hadisələrin ermənilər və onların havadarları tərəfindən əvvəlcədən məqsədyönlü şəkildə hazırlanıb həyata keçirildiyini təsdiq edir. Həmin vaxt respublikanın baş prokuroru olmusunuz. Ümumiyyətlə, həmin zaman kəsiyində nə baş verirdi?

- Sumqayıtda baş verən hadisələrin mahiyyətini dərk etmək üçün bir qədər əvvələ qayıdıb müyyən məsələlərə aydınlıq gətirmək istərdim. 1985-ci ildə Yunanıstanın paytaxtı Afina şəhərində Daşnaksütyun partiyasının XXIII qurultayı keçirilmişdi. Həmin qurultayda "Ermənistanın ərazisini genişləndirmək" məsələsi müzakirə olunmuşdu. Müzakirələrin gedişində erməni ideoloqları arasında belə bir mübahisə yaranır ki, Ermənistanın ərazisini hansı dövlətin hesabına genişləndirək. Türkiyə NATO-nun üzvü, eləcə də regionda qüdrətli dövlət olduğu üçün başqa alternativlər axtarılır. Nəhayət ki, erməni ideoloqları Azərbaycan və Gürcüstan dövlətləri üzərində uzun-uzadı tərəddüddən sonra birincini seçirlər. Qurultayda ermənilər bir səs çoxluğu ilə "Ermənistanın ərazilərini genişləndirmək" planına Azərbaycandan başlamağa qərar verirlər. Sonrakı hadisələr, o cümlədən də Sumqayıtda törədilən qanlı olaylar bu planın tərkib hissəsi idi. Erməni millətçiləri Afinada qəbul etdikləri qərar barədə Moskvaya da məlumat ötürürlər. Məlumatda həmçinin Ermənistanın gələcəkdə Moskvanın geopolitik dayaq nöqtəsi ola biləcəyi açıq qeyd edilirdi. Rusiya rəsmilərinin bir vaxtlar açıq-aşkar Ermənistanı "forpost" adlandırmaları da bu baxımdan təsadüf sayıla bilməz. Şübhəsiz ki, ovaxtkı SSRİ rəhbəri M.Qorbaçov başda olmaqla, Mərkəzi Komitədə çalışan 50-yə yaxın erməni də Sumqayıt hadisələrinin baş verməsində birbaşa məsuliyyət daşıyırlar. Hadisələrə məhz bu konteksdən baxmaq lazımdır. Sumqayıt hadisələri erməni ideoloqlarının əvvəlcədən hazırladıqları və havadarları ilə birgə həyata keçirdikləri ssenarinin məntiqi nəticəsi idi.

Sumqayıt hadisələri baş verən zaman mən Cenevrə şəhərində idim. SSRİ nümayəndə heyətinin tərkibində BMT-nin İnsan Haqları Komitəsinin növbəti konfrasında iştirak edirdim. Cenevrədə olarkən İsveçrə qəzetlərində Ermənistan KP MK-nın birinci katibi K.Dəmirçiyanın geniş müsahibəsi ilə tanış oldum. O, müsahibəsində birmənalı şəkildə bildirirdi ki, Dağlıq Qarabağı Azərbaycandan qoparmaq lazımdır. 250 minə yaxın azərbaycanlının öz dədə-baba torpaqlarından zorla çıxarılması, terrora məruz qalması da bu ssenarinin tərkib hissəsi idi.

SSRİ-nin o vaxt İsveçrədəki səfiri Zoya Novojelova məni Berndə yerləşən səfirliyə dəvət edərək Sumqayıt hadisələri ilə bağlı açıqlama verməyimi xahiş etdi. Səfirlikdə Ermənistan-Azərbaycan münasibətləri, eləcə də baş verən hadisə ilə bağlı verilən sualları cavablandırdım. Qeyd edim ki, məndən bir həftə əvvəl şahmatçı H.Kasparov Berndə səfirlikdə olmuş və Azərbaycan əleyhinə təbliğat aparmışdı. Azərbaycanın çörəyi ilə böyümüş bu nankor erməni ictimaiyyəti çaşbaş salan fikirlər bildirmiş, respublikamızın ünvanına böhtanlar yağdırmışdı. Mən orada ictimaiyyətin numayəndələri ilə görüşüb Azərbaycan barəsində deyilənlərin həqiqət olmadığını diqqətə çatdırdım.

Ermənilər məkrli niyyətlərini həyata keçirmək üçün hətta öz millətlərindən olan insanlara qarşı da amansızlıq edirdilər. Fakt üçün qeyd edim ki, o vaxt Xocalı aeroportunun rəhbəri bir erməni qadın idi. Erməni millətçiləri həmin qadını öz tərəflərinə çəkə bilməyəcəklərini görərək onun evini partlatmışdılar. Partlayış nəticəsində həmin qadın, onun həyat yoldaşı və iki uşağı da həlak olmuşdu. 1989-cu ilin yekunları ilə bağlı Xankəndidə respublika prokurorluğunun müşavirəsini keçirirdik. Dağlıq Qarabağ prokurorluğunda çalışan bəzi erməni işçilər kollegiyaya gəlməyə ehtiyat edirdilər. Çünki onlara tapşırmışdılar ki, iclasa qatılacaqları təqdirdə evləri partladılacaq. Artıq həmin vaxtdan erməni ideoloqları planlı şəkildə iş aparırdılar.

- Sumqayıt hadisələrinin təşkilatçılarından olan - iki dəfə məhkum olunmuş Eduard Qriqoryan 12 il həbs cəzasına məhkum edilsə də, sonradan azadlığa buraxıldı. Hadisələrdə təqsirləndirilən digər şəxs Əhməd Əhmədov isə tutarlı dəlil olmadan məhkəmənin qərarı ilə güllələnmə cəzasına məhkum edildi. Siz istintaq materialları ilə tanış olmuşdunuzmu?

- Mənim istintaq materialları ilə tanış olmaq imkanım olmadı. Ermənilərin şikayəti əsasında SSRİ prokurorluğunda istintaq qrupu yaradıldı. İstintaq işini SSRİ baş prokurorunun mühüm işlər üzrə müstəntiqi Vladimir Semyonoviç Qalkin aparırdı. Ermənilər həmin vaxt azərbaycanlıların istintaq işini qeyri-obyektiv apara biləcəyini bəhanə gətirərək məsələyə Moskvada baxılmasına nail oldular. Sonradan da həmin istintaq işini Azərbaycana göndərmədilər. Halbuki istintaq və məhkəmə aidiyyəti deyilən bir anlayışlar var. Harada cinayət baş veribsə, istintaq da həmin məkanda aparılmalı və məhkəmə baxışı da orada keçirilməlidir. Qanun kobud şəkildə pozuldu və həmin işi də Rusiyanın vilayət məhkəmələrinə göndərdilər. O vaxt "Meydan" qəzetində məni qəddar adam kimi qələmə verirdilər ki, guya məhkəmə baxışını bilərəkdən Rusiyaya göndərmişəm. Halbuki bu mənim səlahiyyətimə aid məsələ deyildi. Cinayət hadisəsinin əsas təşkilatçısı Eduard Qriqoryan 12 il həbs cəzasına məhkum edilsə də, sonradan azadlığa buraxıldı. Hadisələrdə günahı tutarlı dəlillərlə sübuta yetirilməyən Əhməd Əhmədov isə SSRİ Ali Məhkəməsinin qərarı ilə güllələndi. Hesab edirəm ki, bu qərar da böyük planın xırda həlqəsi idi.

- Ermənistanda dövlət səviyyəsində terrorun dəstəkləndiyini, azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin həyata keçirildiyini təsdiqləyən kifayət qədər faktlar var. Beynəlxalq hüquq qanunvericiliyində təcavüzkara qarşı konkret addımların atılması üçün hansı mexanizmlər var?

- Qeyd edim ki, dünyada bir erməni təəssübkeşliyi var. XVII əsrdə Almaniyada olduğu kimi, bu gün də gücün hüququndan geniş istifadə olunur. Erməni separatçılarına hər cür dəstək göstərilir. Haqlı tərəf isə böyük məhrumiyyətlər çəkir. Bu reallığı xarici səfərlərimiz zamanı da görürük. Bu yaxınlarda Brüsseldə Avropa İttifaqı və Azərbaycan parlamenti əməkdaşlıq komitəsinin növbəti iclasında iştirak etdik. Avropalılar insan haqlarını, demokratiyanı əldə rəhbər tutaraq bu prinsiplərin qəbul edilməsini istəyirlər. Əlbəttə ki, bu prinsiplər demokratik inkişaf yolunu tutmuş dövlətlər üçün məqbuldur. Ancaq avropalılar özləri qanunun aliliyi prinsipini gözləmirlər. Azərbaycanın 20 faiz torpaqları işğal edilib,

1 milyon soydaşımız oz doğma yurdlarından qovulublar. Beynəlxalq ictimaiyyət isə buna göz yumur. Brüsseldə olarkən avropalı parlamentarilərlə söhbət zamanı bildirdilər ki, münaqişənin həllində Azərbaycan tərəfinin ərazi bütövlüyü prinsipi, Ermənistanın isə xalqların öz müqəddəratını təyinetmə prinsipindən çıxış etməsi problem yaradıb. Onlara bildirdik ki, ermənilər bir xalq kimi bu hüquqdan artıq bir dəfə istifadə edərək Ermənistan Respublikasını yaradıblar. Xalqlara mənsub olan bu prinsip Dağlıq Qarabağda yaşayan bir ovuc erməniyə aid edilə bilməz. Belə çıxır ki, ermənilər icma halında yaşadıqları bütün ölkələrdə respublika yaratmalıdırlar? Erməni ideoloqları indi də "Artsax xalqı", "Dağlıq Qarabağ xalqı" adlı uydurma formalar fikirləşiblər. Erməni yalanına dünyanın demokratik inkişaf yolunu keçmiş dövlətlərin inanması təəssüf doğurur.

ABŞ kimi dünyanın superdövləti, "demokratiyanın carçısı" kimi özünü təqdim edən bir ölkə də erməni yalanının girovuna çevrilib. ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində "erməni soyqırımı"nın tanınması da buna əyani misaldır. ABŞ bununla da dövlət maraqlarını erməni şıltaqlığına qurban verdiyini göstərdi. Əslində, bu qərarın qəbul edilməsi demokratiya maskası taxmış dövlətin iç üzünü açıb dünyaya göstərdi. Bu qərarın heç bir hüquqi qüvvəsi yoxdur. Azərbaycan tərəfi də beynəlxalq hüquqa uyğun olaraq Xocalı qətliamını dünyaya çatdırmaq üçün bütün imkanlardan istifadə etməlidir. Bu istiqamətdə son dövrlərdə aparılan işləri yüksək qiymətləndirirəm. Hesab edirəm ki, haqlı olduğumuzu sübut etmək üçün ardıcıl işlər aparmalı və beynəlxalq qanunvericiliyin tələblərinin yerinə yetirlməsinə çalışmalıyıq.

 

 

Elnur HACIALIYEV

 

Azərbaycan.- 2010.-  11 mart.- S.  4.