Prezident İlham Əliyev bütün türk dünyasının rəğbətlə qəbul etdiyi güvənli liderdir

 

Müasir dövrdə hər bir dövlət məhz iqtisadi sahədə qazandığı nailiyyətlərlə gündəmə gəlir, uğurlu xarici siyasət yürütmək imkanı qazanır. İqtisadi cəhətdən qüdrətli olmayan dövlətin dünya çapında öz mənafeyini və təhlükəsizliyini lazımi səviyyədə təmin etməsi də mümkün deyildir. Qarşıda duran hədəfləri düzgün müəyyənləşdirən siyasi liderlər ölkələrini irəliyə aparır, onun hərtərəfli təhlükəsizliyini təmin etməyə nail olurlar.

Qürur doğuran haldır ki, qardaş Azərbaycana da məhz belə bir praqmatik düşüncəli, vətənpərvər lider rəhbərlik edir. Cənab İlham Əliyevin yeni dünya nizamını düzgün qiymətləndirməsi, qlobal proseslərə xalqının mənafeyinə uyğun nüfuz etmək bacarığı, realist siyasəti qardaş Azərbaycanın qısa zamanda bölgədə və bütövlükdə Avropa məkanında nüfuzlu dövlətə çevirməsini təmin edib. Prezident İlham Əliyevin yeritdiyi uğurlu diplomatiya sayəsində dünya siyasətinə təsir imkanları getdikcə artan Azərbaycanın bütövlükdə Avratlantika coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq paytaxtına, beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrildiyi getdikcə daha qabarıq sezilir. Azərbaycanın bütün həyati əhəmiyyətli sahələrində böyük uğurlara yol açan sosial-iqtisadi siyasəti inamla davam etdirən İlham Əliyevin çoxşaxəli fəaliyyəti ölkə hüdudlarından kənarda da diqqətlə izlənilir, böyük rəğbətlə qarşılanır. Azərbaycanı hər zaman özünə yaxın strateji müttəfiq, qardaş ölkə sayan Türkiyə onun bügünkü iqtisadi və siyasi uğurlarına ürəkdən sevinir və böyük qurur hissi keçirir. Qısa müddətdə qardaş məmləkətin keçdiyi böyük yolun uğurları bizdə - türk xalqında böyük məmnunluq hissi doğurur. Son 2 ildə bir çox dünya ölkələrində özünü qabarıq göstərən qlobal maliyyə böhranının Azərbaycana ciddi təsir göstərməməsi Prezident İlham Əliyevin yürütdüyü iqtisadi siyasətin düzgünlüyünü, habelə ölkənin və xalqın milli maraqlarına cavab verdiyini bir daha təsdiqləyir. Prezident İlham Əliyevin yenilməz iradəsi, müdrikliyi və bacarığı Azərbaycanın sürətli inkişafına səbəb olmuşdur.

2009-cu ildə dünya iqtisadiyyatının 1,1 faiz səviyyəsində enməsi, ticarət dövriyyəsinin isə 11 faizdən çox azalması fonunda Azərbaycanın ötən il qazandığı iqtisadi nailiyyətlər son dərəcə təqdirəlayiqdir. Böhrana baxmayaraq, ölkə ümumi daxili məhsulda 9,3 faizlik artıma nail olub. Sənayedə 8,6 faiz artım olub. Bunların fonunda illik inflyasiya cəmi 1,5 faiz təşkil edib, yoxsulluğun səviyyəsi 11 faizə enib. Bütün dünyanın "belini bükən" böhran fonunda qardaş ölkənin strateji valyuta ehtiyatları 3 milyard dollar ataraq 20,4 milyard ABŞ dollarına çatıb.

Bütün bu iqtisadi uğurlarla yanaşı, Azərbaycan həm də regionun və Avropanın enerji təhlükəsizliyində öz sözünü deyir. Bu gün Azərbaycanın karbohidrogen ehtiyatlarının Qərbə nəqli prosesində Türkiyə Cümhuriyyəti də yaxından iştirak edir və bu prosesdən iqtisadi dividendlər əldə edir. Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı ümumən regionda iqtisadi dirçəliş və tərəqqinin vacib şərti kimi çıxış edir.

Hər bir dövlətin xarici siyasətində yaxın müttəfiqlər olur. Türkiyə-Azərbaycan münasibətlərinin də bu baxımdan taleyin sərt sınaqlarından üzüağ çıxdığını, bütün sahələrdə dinamik inkişaf etdiyini xüsusi vurğulamağa ehtiyac yoxdur. İki qardaş ölkə arasında müttəfiqlik münasibətləri son illərdə ən yüksək pilləyə yüksəlmiş, əbədi və dönməz xarakter almışdır. Ölkələrimiz arasında əlaqələr tarixi-siyasi zəmin üzərində inkişaf etməklə bütövlükdə regionun siyasi taleyinin müəyyənləşməsində mühüm rol oynayır. Bu gün bölgədə Türkiyə və Azərbaycanın iştirakı olmadan hər hansı layihəni gerçəkləşdirmək mümkün deyildir.

Hər iki strateji müttəfiq eyni zamanda bir sıra regional layihələrin həyata keçirilməsi sahəsində də səmərəli və fəal əməkdaşlıq edir. Xüsusən də tikintisinə başlanılmış Bakı-Tbilisi-Qars dəmiryolu xətti Azərbaycan və Türkiyənin regional mövqeyini və tranzit əhəmiyyətini nəzərəçarpacaq səviyyədə artırır. Bununla belə, Türkiyə ilə Azərbaycan arasındakı iqtisadi münasibətlər heç də sırf enerji-kommunikasiya layihələri ilə məhdudlaşmır. Bu gün türk iş adamlarının Azərbaycanda genişmiqyaslı bizneslə məşğul olmasına, qeyri-neft sektorunda mühüm layihələr həyata keçirməsinə bütün zəruri imkanlar yaradılıb. Əlverişli sərmayə mühiti türk iş adamlarının ölkənizə inamını da getdikcə artırır. Bunun nəticəsi olaraq ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi ildən-ilə artır. 2003-cü ildə Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 300 milyon ABŞ dolları təşkil etdiyi halda, hazırda bu rəqəm 1 milyard dollara yüksəlib. 2004-cü ildə Azərbaycanın xarici ticarətində 4-cü yerdə olan Türkiyə hazırda 2-ci yerdə dayanır. Azərbaycan neftinin əsas alıcısı olan İtaliyanı istisna etsək, hazırda Türkiyə Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı sayılır. Bu gün qardaş Azərbaycanda 400-dən artıq türk şirkəti fəaliyyət göstərir və həmin şirkətlərdə 5 min Türkiyə, 50 mindən artıq Azərbaycan vətəndaşı çalışır. Türk iş adamları indiyədək qardaş məmləkətin iqtisadiyyatına 3 milyard dollardan artıq sərmayə yönəldib.

İki ölkənin iqtisadi əməkdaşlığından danışarkən Böyük Atatürkün "Yurdda sülh, cahanda sülh" devizinə uyğun hər il keçirilən Avrasiya İqtisadi Zirvələrinin əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Avrasiya İqtisadi Zirvələri barış, zənginlik və paylaşma layihəsi olaraq daha geniş coğrafi zolaqda əməkdaşlıq imkanları açır. Mərmərə Vəqfi olaraq biz də bu toplantıların keçirilməsinə öz dəstəyimizi veririk.

Türkiyə Azərbaycanın üzləşdiyi ən ağrılı problemin - Dağlıq Qarabağ münaqişəsinin hələ də ədalətli həllini tapmamasından narahatdır. Təcavüzkar Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən uzanan bu münaqişə bütövlükdə Cənubi Qafqazın inkişafını sarsıdır. Müəyyən qüvvələrin iki qardaş ölkə arasında soyuqluq yaratmaq cəhdlərinə baxmayaraq, Türkiyə bu məsələdə qardaş Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Türkiyə ictimaiyyətinin yekdil fikri daim belə olub ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmayınca, Türkiyə ilə Ermənistan arasında hansısa işbirliyindən, sərhədlərin açılmasından söhbət gedə bilməz. Baş nazirimiz hörmətli Rəcəb Tayyib Ərdoğan ötən il Bakıya səfərləri zamanı türk millətinin bu mövqeyini bir daha qətiyyətlə bəyan etdi.

Azərbaycanın ərazilərinin işğal altında olması həm də Türkiyənin problemidir. Türkiyə dövləti və xalqı hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanındadır və onun səmimi dostluq və qardaşlıq münasibətini uca tutur, yüksək dəyərləndirir. Ulu öndər Heydər Əliyevin dediyi kimi, "Biz bir millət, iki dövlətik". Rəsmi Ankara münaqişənin ədalətli həllinə çalışır, bunun üçün üzərinə düşən qardaşlıq dəstəyini əsirgəmir. Sevindirici haldır ki, ölkələrimiz müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən BMT, Avropa Birliyi, ATƏT və Avropa Şurasında bir-birinə lazımi dəstəyi verirlər. Rəsmi Ankara bütün beynəlxalq toplantılarda Azərbaycanın haqlı mövqeyini müdafiə edərək Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarını dərhal və qeyd-şərtsiz azad etməsi tələbini irəli sürür. Xüsusi vurğulamaq istərdim ki, cənab İlham Əliyevin münaqişənin həlli istiqamətindəki uğurlu diplomatik gedişləri, qətiyyəti və prinsipiallığı bizi ürəkdən sevindirir. Azərbaycan Prezidenti haqlı olaraq vurğulayır ki, münaqişə yalnız beynəlxalq hüquq norma və prinsipləri əsasında həllini tapmalıdır.

Bu günlərdə bədnam erməni lobbisinin təsiri altında Amerika Konqresində qondarma "soyqırımı" məsələsinin ciddiliklə gündəmə gəlməsi iki qardaş ölkənin də milli maraqlarına qarşı yönəlmiş təhdiddir. Təəssüf ki, tarixi saxtalaşdırmaq yolunu tutmuş ermənilərin cəfəng iddiaları dünyanın ən demokratik məmləkəti iddia edən böyük dövlətlərin də mövqeyinə təsirsiz keçmir. Belə bir şəraitdə rəsmi Ankara ümumtürk birliyi xəttini gücləndirməyə daha çox üstünlük verir. Türkiyə Cümhuriyyəti istər bədnam erməni lobbisinə, istərsə də terrorçu PKK təşkilatına qarşı mübarizədə müttəfiq saydığı Qərb dövlətlərindən gözlədiyi siyasi və mənəvi dəstəyi məhz tarixi tellərlə bağlı olduğu türkdilli dövlətlərdən ala biləcəyini yaxşı başa düşür. Bu mənada qardaş Azərbaycanın Türkiyə dövlətinə və xalqına göstərdiyi diplomatik, siyasi və mənəvi dəstəyi çox yüksək qiymətləndiririk. Beynəlxalq miqyasda Türkiyə Cümhuriyyətinə qarşı hər hansı bir bədnam kampaniya başlayanda, - elə ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin cəfəng qətnaməsində olduğu kimi, - hər zaman Azərbaycan Respublikası və milləti dərhal yanımızda oldu, haqq səsimizin dünyada daha aydın eşidilməsi üçün var qüvvəsini sərf etdi. Bu gün qardaş Azərbaycanın Prezidenti İlham Əliyevin, ölkənin digər rəhbər şəxslərinin, parlament və hökumət təmsilçilərinin, bütün ictimaiyyətin birmənalı şəkildə məlum qətnaməni pisləməsi və erməni yalanının ifşasında böyük səy göstərməsi Türkiyədə həssaslıqla, minnətdarlıqla qarşılanır. İlham Əliyevin liderliyindəki Azərbaycan Türkiyənin, bütün türk dünyasının mənafeyini məhz dövlətçilik məsələsi kimi qəbul etdiyini daim əməli işlərlə təsdiqləyib.

Türk dövlətlərinin, xalqlarının, diaspor təşkilatlarının vahid ideya və məqsədlər uğrunda mübarizə aparması, ideoloji-siyasi cəbhədə eyni nöqtəyə vurması, bədnam erməni lobbisinə qarşı mütəşəkkil mübarizəyə qoşulması hazırda Prezident İlham Əliyevin ən çox səy göstərdiyi məsələlərdəndir. Rəsmi Bakının tarixi, siyasi və dini baxımdan Azərbaycana yaxın olan türkdilli respublikalarla ikitərəfli və çoxtərəfli münasibətlərin genişləndirilməsi təşəbbüsləri də bu məqsədə xidmət edir.

Prezident İlham Əliyevin fəaliyyətini yaxından izləyən hər kəs təsdiqləyə bilər ki, bu gün Azərbaycan türk dövlətlərinin inteqrasiyası prosesinin, sadəcə, iştirakçısı deyil, həm də ən fəal təşəbbüskarlarındandır. Türkdilli xalqların bu və digər məsələlərdə əməkdaşlıq etməsini şərtləndirən mühüm amillərdən biri də onların əlverişli coğrafi məkanda yerləşmələri, ümumdünya əhəmiyyətli enerji və kommunikasiya imkanlarına malik olmalarıdır. Eyni dilə, soy-kökə, mədəniyyətə, tarixə, folklora malik türk xalqlarını bu gün iqtisadi həyat birliyi bütövləşdirir, sarsılmaz edir, vahid millət halında formalaşdırır.

Azərbaycan Prezidentinin türkdilli xalqların ideya birliyinin təmin edilməsi istiqamətindəki fəaliyyətinin başlıca səbəbi bu gün az qala bütün dünyanı cəfəng, iftira xarakterli təbliğatının təsiri altına salmağa çalışan, nəinki Türkiyə və Azərbaycana, bütövlükdə böyük türk dünyasına qənim kəsilən bədnam erməni lobbisinə qarşı effektiv əks-hücumun təşkili zərurəti ilə şərtlənir. Türk dövlətlərinin, xalqlarının, diaspor təşkilatlarının vahid məqsədlər uğrunda mübarizə aparması, ideoloji-siyasi cəbhədə eyni nöqtəyə vurması, çirkin erməni təbliğatına qarşı mütəşəkkil mübarizəyə qoşulması qarşıda duran başlıca məqsədlərdən biridir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Türkdilli ölkələrin dövlət başçılarının 2009-cu ilin noyabrında Naxçıvanda keçirilmiş IX zirvə görüşü Türkiyə, Azərbaycan, Qazaxısan və Türkmənistan arasında münasibətlərin keyfiyyətcə yeni mərhələdə intensiv inkişafı, ümumi səylərin vahid məqsədlər naminə səfərbər olunması baxımından mühüm nəticələrlə yadda qalmışdır. Faydalı müzakirələrlə yadda qalan zirvə toplantısında türk dövlətləri aralarında hərtərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin yaradılması vacibliyini önə çəkmişlər. Eyni zamanda türkdilli dövlət başçıları ildə iki dəfə görüşmək barədə razılığa gəlmişlər. Rəsmi imzalanmış Naxçıvan Bəyannaməsinə görə isə yaxın perspektivdə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması nəzərdə tutulur.

Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan Prezidenti İlham Əliyev türkdilli dövlətlərlə əlaqələrin daha geniş coğrafi arealda genişləndirilməsinə çalışmaqla bütövlükdə türk dünyasının qəbul etdiyi, rəğbət bəslədiyi güvənli lider statusunda çıxış edir. Bu əzmkar fəaliyyət milli-dini yaxınlıq amili və təəssübkeşlik prinsiplərindən bir qədər də irəliyə gedərək bütövlükdə türkdilli xalqların dünya siyasətindəki tarixi yerini, beynəlxalq proseslərə təsir imkanlarını və nüfuzunu təmin etməyə yönəlmiş müqəddəs amal, məsuliyyətli missiyadır.

 

 

dr.Akkan SUVER,

Türkiyənin Mərmərə

Qrupu Strateji və

Sosial Araşdırmalar

Vəqfinin başqanı

 

Azərbaycan.- 2010.- 11 mart.- S.  5.