Azərbaycan və Türkiyə birliyi tarixin sınağından bir daha uğurla çıxır

 

Qondarma "erməni soyqırımı" ilə bağlı Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qərarı elə ABŞ-ın özünün də maraq və mənafelərinə ciddi zərbədir

 

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qondarma "erməni soyqırımı"nın tanınmasını nəzərdə tutan 252 saylı qətnamənin qəbulundan sonra regionda hadisələrin inkişaf istiqaməti xüsusi diqqət mərkəzində yer almaqdadır. Çünki sözügedən komitə tərəfindən atılan addım təkcə ABŞ-Türkiyə münasibətlərinə yox, Azərbaycan-ABŞ əlaqələrinə, eləcə də Türkiyə və Ermənistan arasında qurula biləcək gələcək münasibətlərə də təsirsiz ötüşmür. Ümumi mənzərənin təhlili göstərir ki, qondarma "erməni soyqırımı"nın Konqres tərəfindən tanınması istiqamətində edilən cəhdlər həm də təkcə Türkiyə və Azərbaycanın yox, elə ABŞ-ın öz maraqlarına, mənafelərinə ciddi zərbədir.

 

Sürix protokolları Türkiyə parlamentindən geri qaytarılmalıdır

 

Proseslərin mövcud axarı artıq ABŞ-ın özündə də ciddi narahatlığa yol açmaqdadır və bu səbəbdən Dövlət Departamenti 252 saylı qətnamənin sonrakı taleyi ilə bağlı Konqreslə sıx təmaslar yaradıb. Xarici Əlaqələr Komitəsinin məlum qərarından sonra isə qeyd edilən qətnamə müzakirə üçün Nümayəndələr Palatasının gündəliyinə çıxarılmalıdır. Lakin ABŞ qanunvericiliyinə əsasən, bunun üçün Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin razılığı tələb olunur.

ABŞ dövlət katibinin köməkçisi Filip Krouli keçirdiyi brifinqdə bildirib ki, Dövlət Departamenti konqresmenlərin növbəti addımının Türkiyə-Ermənistan münasibətlərinə zərər gətirməyəcəyinə ümid edir: "Biz Xarici Əlaqələr Komitəsinin rəhbəri və digər üzvləri ilə danışmışıq. Hesab edirəm ki, onlar qəbul etdikləri qərardan sonra bizim özümüzü necə hiss etdiyimizi başa düşürlər. Biz bu məsələ ilə bağlı Konqresdə istənilən növbəti addıma qarşıyıq". Türkiyənin özündə isə ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qərarı qətiyyətlə pislənməkdə davam edir və bunun Ankara-Vaşinqton münasibətlərinə mənfi təsir göstərəcəyi vurğulanır. Eyni zamanda Türkiyə siyasi təmsilçiləri ötən ilin oktyabrında Sürixdə imzalanan və Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasını nəzərdə tutan protokolların parlamentdən geri qaytarılmasını tələb edirlər.

Türkiyə Prezidenti Abdullah Gül bu məsələyə münasibət bildirərək ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qərarı barədə deyib: "Türkiyə xalqı üçün bu qərarın heç bir etibarı yoxdur". Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan da Xarici Əlaqələr Komitəsinin qərarının cavabsız qalmayacağını bildirib. Xarici Əlaqələr Komitəsində "erməni soyqırımı" ilə bağlı qərarla bağlı keçirilən səsverməni qeyri-ciddi hesab etdiyini bildirən Rəcəb Tayyib Ərdoğan qeyd edib: "Amerikada Xarici Əlaqələr Komitəsi toplanıb. Biri əlini qaldırır, biri əlini endirir. Bu torpaqların tarixini mühakimə etmək kimi son dərəcə əsassız qərarlar qəbul edirlər. 22 nəfər "yox" deyir, 23 nəfər "hə" deyir. Guya tarixin axını dəyişir. Tarix ordakı 45 nəfərin və ya 23 nəfərin əlinə buraxılmayacaq qədər ciddi məsələdir. Tarixi gerçəkləri axtaranlar gəlsinlər Şanlıurfaya, o gerçəkləri taparlar". Baş nazirin sözlərinə görə, Türkiyə bu cür komediyalara, bu cür qeyri-ciddi yanaşmalara şirniklənməyəcək qədər böyük, uca bir ölkədir: "Xəritədə Ermənistanın yerini göstərə bilməyənlər Türkiyə ilə Ermənistan arasındakı məsələyə müdaxilə edirlər. Hala bax, hala. Yəni, biz Amerikaya təəccüblənirik. Biz lazım olanları onlara söylədik, səhv edirsiniz dedik. Biz keçmişdən dərs alacağıq, amma keçmişdə ilişib qalmayacağıq. Üzümüz həmişə gələcəyə doğru olacaq. Keçmişdə ilişib qalanlar, beynəlxalq əlaqələri kin, nifrət, intiqam duyğusu ilə quranlar hər zaman məğlubiyyətə məhkumdurlar".

Türkiyənin aparıcı mətbu orqanlarından sayılan "Hürriyet" qəzeti isə yazır ki, Xarici Əlaqələr Komitəsində qəbul olunan məlum qərardan sonra ABŞ-a qarşı hansı addımların atılacağı barədə müzakirələr aparılır: "Xarici işlər naziri Əhməd Davudoğlunun çıxışlarından anladığımıza görə, fikirləşilən tədbirlər arasında İncirlik bazasından istifadənin məhdudlaşdırılması, Əfqanıstandan türk əsgərlərinin geriyə çağırılması, Ermənistanla imzalanmış protokolların təsdiq edilməməsi kimi məsələlər var. Əlbəttə, hələ heç nə dəqiq deyil, ancaq çıxışların ümumi havası bu şəkildədir".

"Milliyet" qəzeti bildirir ki, Xarici Əlaqələr Komitəsinin "erməni soyqırımı" ilə bağlı qərarından sonra Ankaradan verilən rəsmi açıqlamalarda aşağıdakı xəbərdarlıqlar edilib. Bu qərar Türkiyə və Ermənistan arasında imzalanan protokollara ağır bir zərbə deməkdir və yaranmış şərtlər daxilində Ermənistanla münasibətlərin normallaşması tamamilə dayanmış olacaq: "Komitənin qərarı əslində Türkiyə ilə Ermənistan arasında onsuz da mövcud olmayan əlaqələrdən daha çox Ankara və Vaşinqton münasibətlərinə zərbə vurur. Ərdoğan hökuməti prosedura uyğun olaraq Sürix protokollarını Türkiyə parlamentinin Xarici Əlaqələr Komitəsinə göndərib. Lakin Baş nazir onu da bildirib ki, protokolların Məclis tərəfindən qəbul edilməsi üçün əvvəlcə Ermənistan Dağlıq Qarabağda həyata keçirdiyi işğala son qoymalıdır. Sürix anlaşmasında iştirak edən ölkələr, xüsusən də ABŞ hökuməti protokolların təsdiqi üçün Türkiyənin Qarabağ şərtindən vaz keçməsini istədilər. Lakin Türkiyə rəsmiləri hər vasitə ilə Yerevanla münasibətlərin normallaşmasının Dağlıq Qarabağ münaqişəsinin həllindən keçdiyini bildirdilər. İndi ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qərarından sonra protokol məsələsində Türkiyə rəsmiləri Ankaranın geri addım atmayacağını açıq şəkildə bəyan edirlər".

Türkiyənin ana müxalifət qüvvəsi sayılan Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Dəniz Baykal da Ermənistanla imzalanan protokolların Türkiyə Böyük Millət Məclisindən (TBMM) geri çəkilməsinin vacib olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qondarma "erməni soyqırımı" ilə bağlı qətnamə qəbul olunmasına cavab kimi, ilk olaraq protokollar gündəmdən çıxarılmalıdır: "Bu protokolların imzalanmasının Türkiyə ilə ABŞ arasında "soyqırım" müzakirələrinin aradan qalxması, Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin dost çərçivəsinə gəlməsi, Ermənistanla Azərbaycan arasındakı münasibətlərin sülh yoluna qoyulması baxımından heç bir faydası olmayıb". Baykal bir daha Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini xatırladaraq qeyd edib: "Bu işğal ortaya çıxanda Türkiyə 1993-cü ildə Ermənistanla sərhədlərini bağladı. Sərhədlər 16 il qapalı qaldı. Amma 2009-cu ildə İsveçrədə Ermənistanla protokollar imzalandı. Son günlər isə ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində yaşananlar ortaya qoydu ki, Ermənistan Azərbaycan torpaqlarında işğala son vermədiyi halda sərhədləri açmağı vəd edən protokolları imzalamağımız ABŞ-ı qane etməyib. Belə olan halda Türkiyə hökuməti dərhal protokolları Məclisdən geri götürməli və imzadan geri çəkildyini bildirməlidir".

 

Azərbaycan hər zaman olduğu kimi Türkiyəni dəstəkləyəcək

 

Türkiyənin daha bir aparıcı mətbu orqanı sayılan "Zaman" qəzeti isə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qərarından sonra Azərbaycan Prezidenti İlham Əliyevin məsələyə münasibətinə geniş yer ayırıb: "Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Abdullah Güllə telefon əlaqəsi saxlayaraq Azərbaycanın hər zaman olduğu kimi Türkiyəni dəstəkləyəcəyini ifadə edib. Prezident İlham Əliyev "erməni soyqırımı" ilə bağlı qətnamənin ədalətsiz, tarixi həqiqətləri təhrif edən və bölgədə gərginliyi artıra biləcək bir qərar olduğunu da bildirib. Qətnamənin qəbuluna qarşı çıxan Prezident İlham Əliyev Azərbaycanın hər zaman olduğu kimi Türkiyəyə dəstək verəcəyini vurğulayıb. Azərbaycanın lideri tarix boyu Azərbaycan və Türkiyə xalqlarına qarşı soyqırım törədən ermənilərin saxta tarix yazma və dünya ictimaiyyətinə qəbul etdirmək cəhdlərinin boşa çıxacağına da inandığını qeyd edib. Abdullah Gül mövqeyi və dəstəyi üçün Prezident İlham Əliyevə təşəkkürünü bildirib".

Xatırladaq ki, Milli Məclisin Sədri Oqtay Əsədov bu məsələ ilə bağlı çıxışında ABŞ dövlətinin, prezidentinin və xalqının müdriklik göstərərək qondarma "erməni soyqırımı" ilə bağlı məsələnin qanunverici orqanda qəbuluna imkan verməyəcəyinə inandığını bildirib: "Mən hesab edirəm ki, Türkiyə və Azərbaycan parlament nümayəndələri ABŞ konqresmenləri ilə işlərini çox yüksək səviyyədə qurmalıdırlar. Bunun üçün Türkiyə və Azərbaycan parlament nümayəndələri Amerikaya da getməlidirlər, Konqreslə də sıx işləməlidirlər. Türkiyəyə təzyiq Azərbaycana təzyiq etmək deməkdir. Türkiyənin Ermənistanla sərhədlərin açılması üçün irəli sürdüyü əsas şərt Dağlıq Qarabağ münaqişəsinin həll edilməsidir. Azərbaycan Türkiyəyə qarşı qəbul edilə biləcək istənilən qeyri-obyektiv qərara qarşı olacaq. Azərbaycan həmişə Türkiyənin yanındadır və bundan sonra da belə olacaq".

Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov isə qeyd edib ki, "erməni soyqırımı" layihəsi ilə bağlı məsələyə münasibətində Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qərarı qəbuledilməzdir: "Məlumatlardan görürəm ki, Nümayəndələr Palatasının sədri Türkiyənin keçmişinə görə hesabat verməli olduğunu bildirir. Əvvəla, Türkiyənin keçmişinə görə utanmağa heç bir əsası yoxdur. Hələ sübut olunmayıb ki, ermənilərin iddia etdiyi "soyqırım" olub, yoxsa yox. İkinci bir tərəfdən Türkiyə dəfələrlə təklif edib ki, bu məsələni tarixçilərin öhdəsinə buraxaq və onlar arxiv materialları əsasında həqiqəti meydana çıxarsınlar. Digər tərəfdən, əgər Türkiyə keçmişinə görə hesabat verməlidirsə, onda ABŞ dövləti qurularkən yerli hinduların qırılması hesabatını kim verməlidir? Əfqanıstanda, İraqda qırılan mülki vətəndaşların hesabatını kim verməlidir? Qarabağda, Xocalıda qırılan insanların hesabatını kim verməlidir? Konqres nümayəndələri bunu niyə demir?".

Ziyafət Əsgərovun sözlərinə görə, Türkiyə Minsk qrupunun üzvü olan həmsədr dövlətləri, o cümlədən ABŞ-ı Dağlıq Qarabağ münaqişəsinin həllinə dəvət edir: "Bunun əvəzində isə ABŞ Konqresi tərəfindən Türkiyəyə təzyiqlər edilir. Bir daha qeyd etmək istəyirəm ki, bu məsələdə beynəlxalq hüquq və beynəlxalq hüququn norma və prinsiplərini həyata keçirməli olan orqanlar həddindən artıq acizlik göstərirlər. Bu, bir daha onu göstərir ki, dünya BMT tərəfindən yox, özünü böyük dövlət sayan ölkələr tərəfindən idarə olunur".

Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov isə bu ölkədə dərc edilən "Akşam" qəzetinə verdiyi açıqlamada aşağıdakıları bildirib: "Türkiyənin problemi Azərbaycanın da problemidir. Qondarma "erməni soyqırımı" məsələsinə münasibətdə hər zaman Türkiyənin yanındayıq. Qətnamə qəbul olunduqdan sonra Azərbaycan dərhal bunu qınadı. Azərbaycan Prezidenti isə rəsmi açıqlama verdi".

"Türkiyə" qəzeti isə xatırladır ki, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qərarından sonra Azərbaycan parlamenti müraciət qəbul edərək aşağıdakıları bildirib: "Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi tərəfindən qəbul olunan və qondarma erməni "soyqırımı"nın tanınmasını nəzərdə tutan qətnamə Amerikanın sadəcə Türkiyəyə qarşı deyil, Azərbaycan da daxil olmaqla bütün türk dünyasına qarşı əsl münasibətini göstərib. Qəbul edilən qərara görə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsini qınayırıq".

 

Dünya mediası ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qərarını tənqid edir

 

Qondarma erməni "soyqırımı" ətrafında baş verənlər dünya mediası tərəfindən də diqqət mərkəzində saxlanmaqdadır. Böyük Britaniyanın nüfuzlu media orqanlarından sayılan "The Guardian" qəzeti yazır ki, 1915-ci ildə Osmanlı Türkiyəsində baş verənlərin soyqırım olub-olmaması ABŞ Konqresinin qərar verəcəyi bir məsələ deyil: "Konqresin belə məsələlərlə bağlı tarixi hökmlər verməsi üçün əxlaqi ixtiyarı yoxdur. Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qəbul edilən qərar isə Türkiyə-ABŞ əlaqələrinə zərər verdi, bir çox türkü qəzəbləndirdi. Əgər qondarma "erməni soyqırımı"nı tanıyan qətnamə Konqresə gedərsə, daha çox zərərə yol açacaq. Zəifləyən Türkiyə-ABŞ münasibətləri hər iki ölkə və bölgənin rifahı üçün çox pisdir. Qətnamənin qəbulu Türkiyə və Ermənistan arasında həssas yaxınlaşmaya da ciddi zərbədir".

Kanadada dərc olunan "Globe And Mail" qəzetinin yazdığına görə, Türkiyə 1915-ci il hadisələrilə bağlı tarixi araşdırmaların aparılmasının tərəfdarıdır və o dövrdə yaşananların soyqırım adlandırılmasının yanlış olduğunu bildirir: "Türkiyə hökumətlərin və parlamentlərin tarixi məsələlər mövzusunda qərar verməməsinin tərəfdarıdır".

Oksford Universitetində müasir tarix professoru Norman Stoun "Times" qəzetində yazır: "Osmanlı Türkiyəsində erməni faciəsi haqda ən düzgün sözü 1894-cü ildə İstanbulda erməni patriarxı Aşikyan söyləyib. 1915-ci il hadisələrindən hələ 21 il qabaq Aşikyan İstanbulun əsas erməni kilsəsində ibadət vaxtı deyirdi: "Biz türklərlə min illərdir yanaşı yaşamışıq, böyük rifaha nail olmuşuq. Əgər millətçilər bu elədikləri kimi (terror kampaniyasına başlamaq) hərəkətlər eləmək yolunu tutsalar, onda milləti məhv edəcəklər". Patriarx haqlı çıxdı. Ancaq erməni millətçilər onu və belə danışan başqa erməniləri güllələdilər. İndi Amerikanın Nümayəndələr Palatasının komitəsi 1915-ci ildə baş verənlərə soyqırımı deyir. 1914-cü ilin oktyabrında ermənilərlə problemi birdəfəlik yoluna qoymaq üçün ermənilərin liderinə Türkiyə hökumətinin üzvü olmaq təklif olundu. Ancaq o, bu təklifdən imtina etdi. Erməni liderinin izahı maraqlıdır. O dedi ki, Türkiyə hələ inkişaf edib, bu həddə çatmayıb. 1918-ci ildən sonra Türkiyə arxivlərini 4 il araşdıran britaniyalı tədqiqatçı burada soyqırımını sübut edən bir sənəd belə tapmayıb. Osmanlı Türkiyəsi imperiya kimi dağılanda, o biri imperiyalar dağılanda olduğu kimi hamı əzab çəkib, hamı qırılıb. O vaxtkı xəstəliklər, qırğınlar Türkiyənin şərqindəki əhalisinin üçdə birini məhv edib, milliyyətindən asılı olmayaraq. Hər bir türk bilir ki, Birinci Dünya müharibəsi vaxtı Türkiyədə dəhşətli hadisələr olub. Ancaq konqresmenlər bu qədər qırılan arasında təkcə erməniləri ayırıb-seçəndə, bu türklərin doğrudan da xətrinə dəyir".

Bu arada isə britaniyalı diplomat, Böyük Britaniyanın Ermənistandakı keçmiş səfiri Devid Miller London İqtisad İnstitutundakı çıxışında bildirib ki, nə qədər Britaniya və Türkiyə arasında əlaqələr iqtisadi, siyasi və hərbi maraqlara əsaslanır, bu ölkədə "erməni soyqırımı"nın tanınması məsələsi müzakirə olunmayacaq. Diplomatın fikrincə, yaxın gələcəkdə erməni məsələsi Böyük Britaniya hökumətinin və parlamentinin gündəliyinə daxil edilməyəcək: "Reallıq ondan ibarətdir ki, Ermənistan Böyük Britaniya üçün nə Azərbaycan, nə də Gürcüstandır. Bizim ölkəmiz onda maraqlıdır ki, bütövlükdə regionda müharibə olmasın. Türkiyə isə Böyük Britaniya üçün vacib strateji, iqtisadi və siyasi müttəfiqdir".

Qeyd edilənlər onu göstərir ki, ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qərarı nə qədər Ermənistanın, erməni lobbisinin maraqlarına xidmət edirsə, bir o qədər də ABŞ-ın Türkiyə, Azərbaycanla əlaqələrinə zərər vurur. Azərbaycan və Türkiyənin ABŞ üçün Ermənistandan qat-qat vacib əhəmiyyət kəsb etməsi və strateji tərəfdaş olduğu nəzərə alınarsa, qondarma "erməni soyqırımı" ilə bağlı hadisələrin inkişafı, tarixdə olmayan bir məsələnin Konqres tərəfindən tanınmasına edilən cəhdlər həm də Amerikanın maraqlarına edilən zərbə kimi qiymətləndirilə bilər.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2010.-  11 mart.- S.  6.