Fransanın Nansi Universitetində "Azərbaycan günü" keçirilmişdir

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Təqaüd Proqramı çərçivəsində xarici ölkələrdə təhsil alan tələbələr tərəfindən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və təqaüdçülərin oxuduqları ali təhsil müəssisəsində Azərbaycana həsr olunmuş müxtəlif tədbirlər keçirmələri artıq ənənə halını almışdır.

Bunun üçün ARDNŞ təqaüdçülərini bütün lazımi materiallarla təmin edir, onlara hər cür dəstək verir. Bu məqsədlə qurum tərəfindən müvafiq təbliğat diskləri, audio-video materiallar hazırlanaraq bütün tədaüdçülərə göndərilmişdir.

ARDNŞ-in mətbuat xidmətindən bildirmişlər ki, bu günlərdə Fransanın Nansi Universitetində "Azərbaycan günü" keçirilmişdir. Tədbirdə universitetdə təhsil alan, 30-dan artıq ölkəni təmsil edən yüzlərlə tələbə, bu təhsil ocağının nəzdində fəaliyyət göstərən məktəblərin çoxsaylı nümayəndələri, proqram rəhbərləri, professor və müəllim heyəti "Azərbaycan günü"nü ARDNŞ təqaüdçüləri ilə birlikdə qeyd etmişlər. ARDNŞ-in baş ofisinin Nansi şəhərinə ezam edilmiş təmsilçiləri - Muzey işinin təşkili şöbəsinin rəisi İlqar Əliyev və Kadrların hazırlanması şöbəsinin rəisi Asif Şəfəqqətov, habelə şirkətin Almaniya nümayəndəliyinin rəhbəri Elmar Məmmədov da tədbirdə iştirak etmişlər.

Mərasimdə universitetdə "Lay mühəndisliyi" ixtisası üzrə magistratura təhsili alan Orxan Heydərov, Mehdi Mehdiyev və Tahir Məmmədov Azərbaycanla bağlı hazırladıqları əhatəli təqdimat materialını nümayiş etdirmişlər. Bölmələr üzrə keçirilən təqdimatda Azərbaycanın coğrafiyası, milli rəmzləri, paytaxtı, tarixi, iqtisadiyyatı, mədəniyyəti, musiqisi, turizm potensialı, neft və qaz sənayesi haqqında ətraflı məlumatlar verilmiş, ARDNŞ-in fəaliyyət istiqamətləri barədə danışılmışdır. Tələbə və müəllimləri maraqlandıran suallar cavablandırılmışdır.

Təqdimatdan sonra universitetin foyesində Azərbaycanın milli şirniyyatları, qəlyanaltıları, sərinləşdirici içkiləri təqdim olunmuşdur. Fransa və digər Avropa ölkələrində təhsil alan tələbələr ARDNŞ-də işləmək imkanları ilə maraqlanmışlar. İştirakçılara üzərində Azərbaycanın və ARDNŞ-in rəmzləri olan xatirə hədiyyələri paylanmışdır.

Ümumiyyətlə, "Azərbaycan günü" universitetin professor-müəllim və tələbə heyətlərinin böyük marağına səbəb olmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  11 mart.- S.  7.