Bakıda Xəzərdə
təhlükəsizliyin təmin
edilməsi sahəsində
qarşılıqlı fəaliyyət
haqqında sazişin layihəsi müzakirə olunur
Martın 11-də Bakıda "Sərhəd, gömrük xidmətləri və daxili işlər orqanlarının xətti ilə Xəzər dənizində təhlükəsizliyin təmin edilməsi sahəsində qarşılıqlı fəaliyyət haqqında" sazişin layihəsinin müzakirələrinə başlanılmışdır.
İki gün davam edəcək müzakirələr Xəzəryanı dövlətlərin xarici işlər nazirləri müavinlərinin səviyyəsində və həmin dövlətlərin aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələrinin iştirakı ilə aparılır.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıxışında demişdir ki, ölkəmiz həmişə Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşır. Azərbaycan tərəfi əmindir ki, Xəzər dənizində bərabər təhlükəsizlik mühitinin yaradılması onu tam şəkildə sülh məqsədləri üçün istifadə etməyə, mehriban qonşuluq, dostluq və əməkdaşlıq zonasına çevirməyə imkan yaradacaqdır. Ümummilli lider Heydər Əliyev Aşqabad Zirvə toplantısında qeyd etmişdir ki, Xəzər dənizi mehriban qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq, dostluq, sülh və təhlükəsizlik dənizi olmalıdır.
Nazir vurğulamışdır ki, Azərbaycan Xəzər regionunda terrorçuluğa və mütəşəkkil cinayətkarlığa, narkotiklərin və silahların qeyri-qanuni dövriyyəsinə qarşı mübarizədə beynəlxalq hüququn prinsipləri və normaları çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafına xüsusi önəm verir.
Xəzər dənizinin bütün region üçün mühüm əhəmiyyət kəsb etdiyini deyən E.Məmmədyarov bildirmişdir ki, bu baxımdan Xəzəryanı dövlətlər etibarlı və təhlükəsiz kommunikasiyaların yaradılması, investisiya mühitinin yaxşılaşdırılması və enerji ehtiyatlarının mənimsənilməsi, o cümlədən regionda sülhün və sabitliyin yaradılması kimi ümumi maraqlara sahibdir.
Nazir demişdir ki, saziş layihəsi sərhəd, gömrük xidmətləri, daxili işlər, fövqəladə hallar, nəqliyyat orqanları və dəniz administrasiyalarının xətti ilə qarşılıqlı əlaqə məsələlərini əhatə etməlidir. Ümid edirik ki, bu görüşdə hazırkı layihə əsasında yekun mətn tərtib olunacaq və bu sənəd gələcəkdə təhlükəsizlik sahəsində Xəzəryanı dövlətlər arasında əməkdaşlığın yaradılması üçün hüquqi əsas kimi qəbul olunacaqdır.
Konfrans işini davam etdirir.
AzərTAc
Azərbaycan.- 2010.- 12 mart.- S.
2.