Milli Təhlükəsizlik orqanlarının yaranmasının 91-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir

 

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin gənclərimizin vətənpərvərlik, tariximizə, milli adət-ənənələrimizə, maddi-mənəvi dəyərlərimizə hörmət ruhunda yetişdirilməsi və tərbiyə edilməsi istiqamətində apardığı məqsədyönlü siyasətin həyata keçirilməsində Milli Təhlükəsizlik Nazirliyi daim ön sıradadır.

Milli təhlükəsizlik orqanlarının rəhbər işçilərinin, əməkdaşlarının, veteranlarının iştirakı ilə mütəmadi olaraq ölkənin ali və orta məktəblərində müəllim-professor heyəti, tələbələr və şagirdlərlə görüşlər təşkil olunur, həmin tədbirlərdə gənc nəslə Vətənə və xalqımıza məhəbbət, dövlətçilik maraqlarına və mənafelərinə sədaqət ruhu aşılanır.

Belə görüşlərdən biri də martın 11-də Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaranmasının 91-ci ildönümü ərəfəsində Yasamal rayonunda, Milli Qəhrəman Paşa Nəzərov adına 60 saylı orta məktəbin kollektivi ilə keçirilmişdir.

Tədbirdə iştirak edən Milli Təhlükəsizlik Nazirliyi Yasamal Rayon İdarəsinin əməkdaşları, təhsil ocağının pedaqoji kollektivi, şagirdlər və qonaqlar əvvəlcə məktəbin foyesində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən guşə ilə tanış olmuş, Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Məktəb direktorunun müavini Qorxmaz Şükürov kollektiv adından Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyətini qarşıdan gələn peşə bayramı münasibətilə təbrik etmiş, onlara çətin və şərəfli işlərində uğurlar arzulamışdır. O, belə bir görüşün Azərbaycanın Milli Qəhrəmanı Paşa Nəzərovun adını daşıyan məktəbdə keçirildiyi üçün milli təhlükəsizlik naziri Eldar Mahmudova minnətdarlığını bildirmişdir. Vurğulamışdır ki, təhsil müəssisələrində bu cür tədbirlərin təşkil edilməsi gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyətə malikdir.

Natiq qeyd etmişdir ki, məktəbin kollektivi Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə mərdlik, igidlik və şücaət göstərmiş P.Nəzərovun adını həmişə uca tutmaqla, təhsildə əldə etdikləri uğurlarla ona layiq olmağa çalışırlar.

Təhlükəsizlik orqanlarının veteranları Musa Orucov, Hüseyn İsgəndərov, Arif Zeynalov və Vaqif Ağayev çıxışlarında milli təhlükəsizlik orqanlarının yarandığı gündən indiyədək keçdiyi çətin və şərəfli tarixi yoldan söz açmış, ulu öndər Heydər Əliyevin bu qurumda çətinliklər bahasına həyata keçirdiyi milliləşdirmə prosesindən bəhs etmişlər. Milli Təhlükəsizlik Nazirliyinin xalqımızın maraqlarının etibarlı təminatı sahəsində gördüyü işlərin ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandığını diqqətə çatdıran veteranlar, Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində müstəqil Azərbaycanın getdikcə daha da qüdrətləndiyini vurğulamışlar.

Milli Təhlükəsizlik Nazirliyi Yasamal Rayon İdarəsi rəisinin müavini Murad Muradov tədbirin keçirilməsi üçün yaradılan şəraitə görə təşəkkürünü bildirmiş, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində milli təhlükəsizlik orqanlarının fəaliyyətinin beynəlxalq standartlara uyğun qurulması istiqamətində mühüm işlər görüldüyünü diqqətə çatdırmışdır. Milli Təhlükəsizlik Nazirliyinin son zamanlar həyata keçirdiyi uğurlu tədbirlər də ölkəmizin başçısının təhlükəsizlik orqanlarına göstərdiyi böyük etimadın, diqqət və qayğının bariz təzahürüdür.

Tədbirdə məktəblilərin ifasında Vətənimizi, xalqımızın qəhrəmanlığını tərənnüm edən şeirlər səslənmişdir. Sonda Azərbaycanın milli qəhrəmanlarının şərəfli döyüş yolunu əks etdirən sənədli film nümayiş etdirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  11 mart.- S.  2.