Azərbaycan ədliyyəsinin inkişafına dair Dövlət Proqramının icrası daim diqqət mərkəzindədir

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən son illər ərzində ədliyyə sisteminin müasirləşdirilməsi və müstəqil məhkəmə hakimiyyətinin daha da gücləndirilməsi üzrə çox mühüm həm nəzəri, həm də praktiki əhəmiyyət daşıyan əhatəli qərarlar qəbul olunmuşdur. Bu istiqamətdə əməli işlərin görülməsi ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş məhkəmə-hüquq islahatlarının məntiqi davamı olaraq onların hazırda keyfiyyətcə yeni mərhələsinin başlanması deməkdir.

Məhkəmə-hüquq islahatlarını daim diqqət mərkəzində saxlayan ölkə Prezidenti 2009-cu il fevral ayının 6-da "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı"nı təsdiq etmişdir. Müstəsna əhəmiyyətə malik olan bu vacib sənəd dövlətimizin siyasi iradəsinin növbəti təzahürü olmaqla, ədliyyə və məhkəmə sahəsində islahatların gələcək inkişaf perspektivlərini müəyyən edir. Bu proqram məhkəmə-hüquq islahatlarının daha da dərinləşdirilməsinə, ədliyyə orqanlarının və məhkəmələrin dinamik inkişafının təmin olunmasına, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsinə, normativ-hüquqi və maddi-texniki təminatın yaxşılaşdırılmasına, kadr potensialının, ədliyyə orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş kompleks və çoxşaxəli tədbirləri nəzərdə tutur. Dövlət proqramı ədliyyə işçiləri, hüquq ictimaiyyəti tərəfindən dərin rəğbət və minnətdarlıq hissi ilə qarşılanmışdır.

Dövlət proqramının ədliyyə orqanlarında icrasının təmin edilməsi ilə bağlı nazirlik üzrə 2009-cu il üçün tədbirlər planı təsdiq olunmuş və proqramdan irəli gələn vəzifələrin icrasına başlanılaraq ədliyyə orqanları tərəfindən ölkənin normativ-hüquqi bazasının inkişafı, insan hüquqlarının qorunması, əhaliyə keyfiyyətli hüquqi yardımın göstərilməsi, beynəlxalq hüquq əməkdaşlığının genişləndirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması və qanunvericiliklə ədliyyə fəaliyyətinə aid edilmiş digər sahələr üzrə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

Nazirliyin əsas səyləri sosial, mülki, iqtisadi sahələrdə, həmçinin ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətinin mütərəqqi xarici təcrübəyə uyğun hüquqi tənzimlənməsinin təkmilləşdirilməsinə yönəlmişdir. Ötən il nazirlik tərəfindən 150-dən çox normativ hüquqi akt layihəsi hazırlanmış, müxtəlif hüquq münasibətlərini tənzimləyən 1300-ə yaxın belə akt hüquqi ekspertizadan keçirilmiş, 64 normativ hüquqi akt və normativ xarakterli akt dövlət qeydiyyatına alınmışdır. Normativ hüquqi aktların layihələrinin korrupsiyaya qarşı mübarizə ilə əlaqədar ekspertizasına, insan hüquq və azadlıqları əsas meyar kimi rəhbər tutularaq onların beynəlxalq hüquqi sənədlərə uyğunluğuna xüsusi diqqət yetirilmişdir.

Qanunvericilik fəaliyyətinin dinamik inkişafı nəzərə alınaraq hüquqi maarifləndirmə işinin yaxşılaşdırılması üzrə də müvafiq tədbirlər həyata keçirilmişdir.

Əhalinin hüquqi biliklərinin artırılması, qanunların mətni ilə onların birbaşa sərbəst və təmənnasız tanış olmasına kömək məqsədilə nazirlik tərəfindən 2006-cı ildən aparılan və milli qanunvericiliyin elektron məlumat bazası əks olunmuş "eqanun.az" internet saytı interaktiv rejimdə fəaliyyət göstərir. Saytın texniki imkanlarının genişləndirilməsi, o cümlədən mətndə axtarış sisteminin yaradılması ilə bağlı layihə həyata keçirilmiş və hazırda proqram təminatının və saytın yeni versiyasının mükəmməl işləməsi üçün müasir avadanlıqlar quraşdırılır.

Ölkədəki iqtisadi artım və digər müsbət dəyişikliklərin nəticəsidir ki, 2003-cü illə müqayisədə 2009-cu ildə (təxminən 2 milyon 500 min) notariat hərəkətlərinin sayı 1,7 dəfə artmışdır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı 2003-cü illə müqayisədə 20%-dən çox, yəni, təxminən 310 mindən artıq əməliyyat aparılmışdır. Rəsmiləşdirilmiş notariat hərəkətlərinə və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə əməliyyatlara görə dövlət büdcəsinə 9 milyon manata yaxın vəsait köçürülmüşdür.

Mülkiyyət hüququnun qorunmasının və rəsmiləşdirilməsinin daha operativ həll edilməsi məqsədilə notariat kontorlarını vahid elektron şəbəkədə birləşdirən "Notariat sənədlərinin elektron məlumat bankı" informasiya sistemi təkmilləşdirilərək imkanları genişləndirilmişdir. 2009-cu ildə 30-a yaxın dövlət notariat kontoru üzrə bu sahədə iş başa çatdırılmaqla respublikanın bütün notariat qurumlarının vahid şəbəkəyə qoşulması təmin olunmuş, əməkdaşlar üçün müvafiq təlimlər təşkil edilmişdir. Artıq bütün kontorlar tərəfindən notariat hərəkətləri barədə gündəlik məlumatların elektron məlumat bankına ötürülməsinə şərait yaradılmışdır.

Notariat fəaliyyətinin tam müasir tələblər səviyyəsində qurulmasında yüksək hazırlıq səviyyəsinə və mənəvi keyfiyyətlərə malik notarius korpusunun formalaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə "Notariat haqqında" qanuna əsasən nazirlikdə yaradılmış ixtisas komissiyası xüsusi tələbkarlıqla ilk dəfə notariat fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin seçimini həyata keçirir, həmçinin hazırda çalışan notariusların müsabiqə yolu ilə peşə hazırlığını qiymətləndirir.

Qeyri-hökumət təşkilatlarının qeydiyyatı, onların fəaliyyətinin qanunvericiliyə və nizamnamə məqsədlərinə uyğunluğuna nəzarət çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən vətəndaş cəmiyyətinin formalaşdırılması üçün şəraitin yaradılması üzrə iş aparılır. Cəmiyyətimizin ayrılmaz tərkib hissəsinə çevrilmiş qeyri-hökumət təşkilatlarının sayında da artım müşahidə edilmiş, o cümlədən 2009-cu ildə 162 təşkilat dövlət qeydiyyatına alınmışdır. Hüquqi şəxs statusunu almaq istəyən təşkilatlardan daxil olmuş müraciətlərin sayına nisbətdə dövlət qeydiyyatına alınmış və dövlət reyestrinə daxil edilmiş qeyri-hökumət təşkilatlarının sayı 2004-cü illə müqayisədə 6% artmış və hazırda onların sayı 2350-yə yaxın olmuşdur.

Qanunvericiliyə uyğun olaraq hüquqi və fiziki şəxslər tərəfindən mətbu nəşrin təsis edilməsi prosedurlarının sadələşdirilmiş qaydada həyata keçirilməsi nəticəsində ötən il respublikamızda 300-dən çox mətbu nəşr uçota götürülmüş və beləliklə, ölkə üzrə KİV-nin sayı 4100-ü ötmüşdür.

Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin bilavasitə formalaşdırılmasını təmin etmək üçün vətəndaşlıq vəziyyəti aktlarındakı məlumatların elektron formata köçürülməsi ilə bağlı bu günədək 47 minə qədər akt qeydi kitabı sökülmüş, onlarda saxlanılan 10 milyondan artıq akt qeydi skanerləşdirilərək fototəsvirləri hazırlanmış və bundan sonra yenidən müasir standartlara uyğun tikilmişdir. Eyni zamanda, sənədin tərtib edildiyi əlifba və dildən asılı olaraq gün ərzində təxminən 17 min akt qeydindəki məlumatların bazaya daxil edilməsi üzrə iş təşkil olunmuş və artıq 7 milyondan çox sənəd elektron formata keçirilmişdir.

Dövlət reyestrinin əsas məlumat mənbələrindən olan "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi yaradılmış, nazirliyin 70 şəhər və rayon üzrə 86 qeydiyyat orqanında vahid şəbəkədə fəaliyyət göstərən avtomatlaşdırılmış iş yerləri təşkil olunmuş, bu orqanların, həmçinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparmaq səlahiyyəti olan icra hakimiyyəti nümayəndəliklərinin mindən çox əməkdaşı üçün genişmiqyaslı təlimlər keçirilmişdir.

Bu il fevral ayının 1-dən dövlət reyestrinin tətbiqi proqram təminatının layihəsi sınaq rejimində istismara verilmişdir.

Eyni zamanda, qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin yaradılması üzrə konseptual və texniki sənədlər hazırlanmış, digər orqanlardan təqdim ediləcək müvafiq sənədlər barədə məlumatlar ümumiləşdirilmiş, yaradılacaq informasiya resursunun strukturu müəyyən olunmuşdur.

Ən yeni elektron sistemlərin və iş metodlarının tətbiq olunduğu müasir üslubda inşa edilmiş Əhalinin Dövlət Reyestri Xidmətinin inzibati binasının açılışında dövlət başçısı cənab İlham Əliyevin iştirak etməsi ədliyyə işçiləri üçün çox əlamətdar və önəmli hadisə olmuşdur.

Dövlət proqramına müvafiq olaraq regionlarda hüquq təsisatlarının inkişafı, yerlərdə əhalinin ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılması, bu orqanların işinin əlaqələndirilməsi məqsədilə Gəncə, Şəki və Şirvan regional ədliyyə, Qax və Qəbələ qeydiyyat şöbələrinin, habelə Qəbələ rayon dövlət notariat kontorunun yeni müasir inzibati binaları istifadəyə verilmişdir.

Bununla yanaşı, məhkəmə infrastrukturunun yaxşılaşdırılması istiqamətində də əməli tədbirlər görülür. Onların maddi-texniki bazasının möhkəmləndirilməsi, inzibati binalarla təmin edilməsi və məhkəmə fəaliyyəti üçün lazımi iş şəraitinin yaradılması ilə bağlı konkret addımlar atılır.

Dünya Bankı ilə birgə həyata keçirilən "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi çərçivəsində ədliyyə orqanlarında və məhkəmələrdə idarəçiliyin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə elektron idarəetmə və sənəd dövriyyəsinin yaradılmasına başlanılmışdır.

Ədliyyə Nazirliyi ölkə Prezidentinin tapşırıqlarına əsasən, yoxsul əhalinin vətəndaş hüquqları barədə məlumatlandırılması və onların pulsuz hüquqi yardım xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi məqsədilə bölgələrdə 10 regional hüquqi məsləhət xidmətləri mərkəzlərinin yaradılmasını təmin etmişdir. Mərkəzlərin zəruri biliyə malik hüquqşünas kadrlarla komplektləşdirilməsi, həmçinin lazımi avadanlıq və qanunvericilik aktları ilə təchiz olunması istiqamətində tədbirlər həyata keçirilmişdir.

Eyni zamanda, mərkəzlər tam fəaliyyətə başlayanadək nazirlik tərəfindən bölgələrdə əhaliyə pulsuz hüquqi yardım göstərilməsini təmin etmək məqsədilə regional ədliyyə şöbələrinə də zəruri tapşırıqlar verilmişdir. Hazırda respublikamızın digər 10 regionunda hüquqi məsləhət xidmətləri mərkəzlərinin fəaliyyətə başlamaları üçün lazımi təşkilati işlər görülür.

Məhkəmə qərarlarının icrasının təşkili nazirliyin daim diqqət mərkəzində saxlanılır. Bu sahədə iş həcminin xeyli artması nəzərə alınaraq məhkəmə icraçıları xidmətinin yerli qurumlarına əlavə ştatlar ayrılmış, onların maddi-texniki bazası yaxşılaşdırılır, əməkdaşların peşəkarlıq səviyyəsinin artırılmasına ciddi fikir verilir, fəaliyyətində nöqsanlara yol vermiş bir çox işçilər intizam məsuliyyətinə cəlb edilmiş, o cümlədən tutduqları vəzifədən azad olunmuşlar. Nazirlik tərəfindən cari ildə məhkəmə qərarlarının icrasına maneçilik törədən, ondan yayınan 800-dən çox (2008-ci ildə 605) şəxs inzibati məsuliyyətə cəlb olunmuş, 46 nəfər barədə isə cinayət işi başlanmışdır.

Məhkəmə icraçılarının hüquqlarının genişləndirilməsinə, o cümlədən borclunun məcburi gətirilməsi, ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması, axtarışının elan edilməsi ilə bağlı onlara yeni səlahiyyətlərin verilməsinə, məhkəmə və digər orqanların qərarlarının icra edilməməsinə görə inzibati və cinayət məsuliyyətinin gücləndirilməsinə dair qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi barədə təkliflər hazırlanmışdır.

Ədalət mühakiməsinin həyata keçirilməsində və istintaq zamanı müasir informasiya texnologiyalarının tətbiqinə başlanılaraq məhkəmədə istifadə olunması üçün nazirlik tərəfindən aparılan cinayət işlərinin eksperimental elektron versiyası hazırlanmış və bununla bağlı hazırda cinayət prosessual qanunvericiliyinə müvafiq dəyişikliklərin edilməsi üzrə təkliflər müzakirə olunur.

Ədliyyə sisteminin inkişafında və beynəlxalq hüquqi yardımın səmərəliliyinin artırılmasında xarici əlaqələrin rolu nəzərə alınaraq nazirliyimiz 2009-cu ildə Slovakiya və Almaniya ədliyyə nazirlikləri ilə əməkdaşlığa dair sənədlər imzalamış, ümumilikdə isə son 5 ildə 13 ölkənin, o cümlədən Fransa, İtaliya, Rumıniya, Bolqarıstan, Çin, İran və digər ölkələrin ədliyyə nazirlikləri ilə belə sazişlər bağlanmışdır.

Nazirlik hazırda Azərbaycan dövlətinin qoşulduğu 14 beynəlxalq konvensiya üzrə mərkəzi və əlaqələndirici orqan qismində müəyyən edilmişdir.

Ölkəmizin iştirakçısı olduğu konvensiyalar, habelə BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal mexanizmi üzrə milli məruzələrin hazırlanmasında və təqdimatında fəal iştirak edilmişdir.

Xüsusi qeyd etmək lazımdır ki, Avropa Komissiyası ilə səmərəli əməkdaşlıq qurularaq 2009-2011-ci illər üzrə "Azərbaycanda ədliyyə islahatlarına dəstək" proqramının həyata keçirilməsi üçün razılıq əldə olunmuş və artıq onun icrası üzrə zəruri işlərin görülməsinə başlanılmışdır.

2009-cu ildə beynəlxalq hüquqi yardımın göstərilməsi ilə əlaqədar daxil olmuş sənədlər üzrə 6 mindən çox rəy və digər məlumatlar hazırlanıb aidiyyəti üzrə göndərilmişdir. Eyni zamanda, cəzaların qalan hissəsini çəkmək üçün 64 məhkumun təhvil verilməsi və alınması həyata keçirilmiş, adam oğurluğu və digər bu kimi ağır cinayətlər törədərək ədalət mühakiməsindən boyun qaçıran 6 təqsirləndirilən şəxs xaricdən respublikamıza ekstradisiya edilmişdir.

İnsan hüquqlarının müdafiəsi üzrə Azərbaycan Respublikasının Milli Fəaliyyət Planının, habelə Avropa Şurası və Avropa Komissiyasının, İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) tövsiyələrinə, Avropa Penitensiar qaydalarının tələblərinə uyğun olaraq penitensiar müəssisələrdə məhkumların hüquqlarının daha etibarlı təmin edilməsi, saxlanma şəraitinin yaxşılaşdırılması, onların əməyə cəlb olunması üzrə kompleks tədbirlər görülmüş, iri həcmli infrastruktur layihələr üzrə işlər müvəffəqiyyətlə davam etdirilmişdir.

Dövlət proqramına uyğun olaraq ən yüksək tələblərə cavab verən Bakı istintaq təcridxanasının birinci buraxılış obyektlərinin inşası başa çatdırılaraq hesabat ilində istifadəyə verilmiş, insan hüquqlarının qorunmasına daim xüsusi diqqət yetirən dövlətimizin başçısı kompleksə baş çəkərək yaradılmış şəraitlə tanış olmuşdur.

Nazirliyin tibb xidmətinin yenidən qurulması, ixtisaslı mütəxəssislərlə komplektləşdirilməsi, zəruri müasir avadanlıqlarla və dərman preparatları ilə təmin olunması məhkumların və təqsirləndirilən şəxslərin müayinəsi və müalicəsi işinin təşkilinin keyfiyyətcə xeyli yaxşılaşdırılmasını şərtləndirmişdir.

Dövlətin bələdiyyələrin fəaliyyətinə nəzarət etməsinə dair konstitusion müddəalara, "Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında" ölkə başçısının 22.06.2009-cu il tarixli fərmanı ilə verilmiş tapşırıqlara əsasən, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəliliyinin artırılması üçün əməli işlər görülmüşdür. Nazirliyin bələdiyyələrin fəaliyyəti ilə bağlı illik məruzəsi fevral ayında Milli Məclisdə dinlənilmiş və bu sahədə həyata keçirilmiş tədbirlər kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır.

Məhkəmə ekspertizalarının keyfiyyətinin yüksəldilməsinə, bu işdə operativliyin və dəqiqliyin təmin edilməsinə, habelə elmi-tədqiqat işlərinin səmərəliliyinin artırılmasına önəm verilərək nazirliyin məhkəmə ekspertizası mərkəzi üçün dünyanın aparıcı şirkətlərinin istehsal etdikləri 22 adda ən müasir kriminalistik avadanlıq alınmış, onun tədqiqat laboratoriyaları yeniləşdirilmişdir. Mərkəzdə yeni texnologiyalar tətbiq edilməklə ötən il 16 mindən çox rəy verilmişdir.

Dövlət proqramının əsas və vacib istiqamətlərindən biri də ədliyyə sistemində kadr hazırlığı və peşəkarlıq səviyyəsinin artırılmasıdır. Bu məqsədlə nazirlikdə yaradılmış müsabiqə komissiyası ədliyyə orqanlarına şəffaf prosedurlarla, müsabiqə və müsahibə yolu ilə yüksək nəzəri hazırlığa malik hüquqşünasların qəbulu prosesini həyata keçirir.

Fürsətdən istifadə edərək bildirirəm ki, hazırda ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti - sayca dördüncü müsabiqə elan olunaraq nazirlikdə sənədlərin qəbulu həyata keçirilir və gələcəyini ədliyyə orqanları ilə bağlamaq istəyən gəncləri bu müsabiqədə fəal iştirak etməyə dəvət edirəm.

Ötən il ədliyyə orqanlarında icra intizamının möhkəmləndirilməsi, işçilərin məsuliyyət hissinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilərək nazirlik və tabe qurumlar üzrə fəaliyyətində qanun pozuntularına və nöqsanlara yol vermiş 258 nəfər intizam məsuliyyətinə cəlb edilmişdir. Onlardan 24 nəfərin ədliyyə orqanlarından xaric edilməklə qulluq keçmələrinə xitam verilmiş, 22 nəfər isə tutduğu vəzifədən azad olunmuşdur.

Nazirliyin Ədliyyə Akademiyasının Nizamnaməsinə uyğun olaraq, onun strukturunda zəruri fakültələr və kafedralar təsis edilərək ilk dəfə ədliyyə, prokurorluq orqanlarına qulluğa qəbul edilən, habelə vəkilliyə namizədlərin peşə fəaliyyətinə buraxılmaları məqsədilə icbari təlimin, eləcə də hakim vəzifəsinə namizədlərin ilkin uzunmüddətli tədrisinin və hakimlərin davamlı tədrisinin keçirilməsi, həmçinin ali hüquq təhsili əsasında müxtəlif kateqoriyadan olan işçilərin peşə hazırlığının və ixtisasının artırılması qurumun qarşısında əsas vəzifə kimi müəyyən edilmişdir. Xatırladım ki, artıq 2009-cu ildə 50-yə yaxın namizəd Ədliyyə Akademiyasında ilkin olaraq icbari təlimə cəlb olunmuş və uğur qazananlar ədliyyə sahəsində peşə fəaliyyətinə buraxılmışlar.

Akademiyada ötən il 530-dan çox ədliyyə və məhkəmə işçisi, bələdiyyə üzvü və qulluqçuları, habelə digər hüquqşünaslar tədrisə cəlb edilmişlər. Hazırda bu tədris-elm müəssisəsinin potensialının möhkəmləndirilməsi istiqamətində nüfuzlu beynəlxalq təsisatlarla əməkdaşlıq həyata keçirilir.

"Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı"nın qəbul edilməsindən artıq bir il keçir. Proqramın icrası üzrə 2009-cu ildə görülmüş işlər, qarşıya çıxan problemlər və onların həlli yolları, cari ildə yerinə yetirilməli tədbirlər bu ilin yanvar ayında nazirliyin kollegiya iclasında geniş müzakirə edilmişdir.

Möhtərəm Prezidentimiz İlham Əliyevin ədliyyə orqanlarına göstərdiyi yüksək etimadın nümunəsi olan dövlət proqramında nəzərdə tutulan tədbirlərin növbəti illərdə də vaxtında və keyfiyyətlə, dönmədən yerinə yetirilməsi ilə əlaqədar qarşımızda çox mühüm vəzifələr durur. Əminəm ki, bütövlükdə möhkəm ədliyyə sisteminin formalaşdırılmasına, qanunun aliliyinin təmin olunmasına və insan hüquqlarının etibarlı müdafiəsinə xidmət edən bu proqramın icrasından gözlənilən nəticələri əldə edəcəyik.

 

 

Toğrul Musayev,

Azərbaycan Respublikası

ədliyyə nazirinin müavini,

II dərəcəli dövlət

ədliyyə müşaviri

 

Azərbaycan.- 2010.- 12  mart.- S. 3.