Qurub-yaradanların yolunu davam etdirməliyik
Mən həyatımı insanlara səadət gətirməyə bəxş etmişəm. Mən həyatımı millətimin, xalqımın rifahının yaxşılaşmasına həsr etmişəm. Həyatımı Azərbaycanda qurub-yaratmağa həsr etmişəm.
Heydər ƏLİYEV
Yaxşı insanlar qurub-yaratmağı, ev tikməyi, ağac əkməyi, kimsəsizlərə əl tutmağı, xeyirxahlığı həyatlarının mənası hesab edirlər. Onların ömrü qurub-yaratdıqları qədər uzun olmaqla bərabər, həm də insanlar üçün bir nümunə, örnək olmuşdur.
Bir çoxları kimi uşaqlıqda mən də "Ağac əkmək ən böyük savabdır" sözlərinin mənasını o qədər də dərindən dərk etmirdim. Hətta bəzi ağsaqqalların, ağbirçəklərin meyvə ağaclarını, gül kollarını necə oxşadıqlarını görəndə təəccüblənirdim. Məktəbimizin gözətçisinin qırılmış körpə çinar ağacına dayaq verib kövrəldiyini, qonşumuzun sındırılmış armud ağacının bir budağından ötrü əziz balasına necə qarğıdığını, yaxın qohumlarımdan birin limon ağacını hər gün öpdüyünü, əzizlədiyini, neçə-neçə insanın ağaclara müqəddəs bir məhəbbət bəslədiyini görəndə, "Qolun qırılsın, ay bu ağacı qıran", "Əlin qurusun bu budağı qırdığın yerdə" kəlmələrini eşidəndə qəribə hisslər keçirərdim.
Ancaq həyətimizdə ilk ağac əkəndən, onun bəhrəsini görəndən sonra keçirdiyim hisslər mənim üçün doğmalaşdı və bir ağacdan, koldan, budaqdan ötrü əziz balasına qarğıyan, bir budaq qırılanda qolun qırılsın deyən insanlar nəzərimdə müqəddəs varlığa çevrildilər.
"Əkməyib peşman olunca, ək peşman ol", "Əkdiyin sənindir, əkmədiyin heç kimin", "Əkənin payını Allah yetirər" kimi atalar sözlərinin mənasını da əkdiyim ağacın bəhrəsini görəndən, meyvəsini yeyəndən, onların kölgəsinə sığınandan sonra anlamışam.
İndi mən ağaclara canlı bir varlıq kimi baxıram, onları daha çox sevirəm. Təbiətin qoynuna daha çox can atıram. Çünki təbiətə, hər bir ağac, hər bir çiçək canlıdır, onların insanların xidmətində, sağlamlığımızın keşiyində dururlar, bizi bəlalardan qoruyurlar, xoş tamları, rəngləri, qoxuları ilə könlümüzü oxşayırlar.
Görkəmli alim, akademik Həsən Əliyevin vaxtı ilə həyəcan təbili çalmağının bugünümüz üçün nə qədər əhəmiyyətli olduğunun sirlərini öyrəndikcə təbiətin insan həyatının ayrılmaz hissəsi olduğunu bir daha yəqin edir və təbiətdə xəyanətin yolverilməzliyi qənaətinə gəlirik.
Biz təbiətə sevgini, ağac əkməyə, meşə salmağa diqqəti, ətraf mühitə, yaşıllıqlara qayğını daha çox ulu öndər Heydər Əliyevdən öyrənmişik. Bu böyük insan təbiətin, gülün, çiçəyin, hər bir ağacın, gözəlliklərin vurğunu olduğu kimi, həm də xilaskarı idi. O, bir ağacın kəsilməsinə, bir gülün solmasına belə, biganə qala bilmirdi, nəinki buna təəssüflənir, ciddi etirazını bildirir, tədbirlər görür, təbiətə ziyan vuranları millətinə, xalqına, özünə xəyanətdə təqsirləndirirdi.
Ümummilli lider hər bir kəsə təbiəti qorumağı tövsiyə edir və həm də qətiyyətlə bildirirdi: "Mən dəfələrlə demişəm, bir də deyirəm - kim hansı bir sağlam ağacı kəsirsə, hesab edin ki, o mənim qolumu, barmaqlarımı kəsir. Bundan artıq cinayət ola bilməz. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir".
Ulu öndərin dediyi bu müdrik kəlamları nəinki bir dəfə, dönə-dönə xatırlatmaq lazım gəlir. Can yanğısı ilə deyilmiş bu sözlərdən ibrət götürmək, nəticələr çıxarmaq vacibdir. Çünki təbiət insan həyatının bir parçasıdır. Bu parçanı qoparmaqla, məhv etməklə insan öz ömrünə qəsd edir.
Son zamanlarda dünyada baş verən bir çox hadisələr - müharibələr, yanğınlar, meşələrin məhv edilməsi təbiətə ciddi zərbələr vurmuş, bəşəriyyət ekoloji problemlərlə üzbəüz qalmışdır. Yaşıllıqların qırılması, çəmənliklərin, suların çirkləndirilməsi insanları sağalmaz dərdlərə düçar etmiş, xəstəliklərin artmasına səbəb olmuşdur.
2010-cu ilin ölkəmizdə "Ekologiya ili" elan edilməsi bəşəri əhəmiyyətə malik bir hadisədir. Son illər respublika ərazisində aparılan kütləvi yaşıllaşdırma tədbirləri, meşə zolaqlarının, parkların, xiyabanların salınması çoxsaylı ağacalrın, gül kollarının əkilməsi, qorunması təbiətə, insanların sağlamlığına göstərilən qayğı və diqqət kimi qymətləndirilməlidir.
Heydər Əliyev Fondunun təşkilatçılığı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ağac əkmək, yaşıllaşdırma kampaniyasının təşkil edilməsi nəticəsində ölkə ərazisində milyonlarla ağac əkilmiş, yüz hektarlarla sahələrdə yaşıllıqlar salınmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2010-cu ili "Ekologiya ili" elan etməsi ətraf mühitin qorunmasına, ekoloji tarazlığın yaradılmasına diqqətin əyani ifadəsi olmaqla, görülən işlərin daha sürətlə həyata keçirilməsinin məntiqi davamıdır. Ekoloji problemlərə həsr olunmuş müşavirədə dövlət başçısının söylədiyi fikirlər, qarşıya qoyulan vəzifələr, ciddi tələbkarlıq bunu bir daha sübut edir. Ölkəmizin rəhbəri bu müşavirədə ekoloji problemlərin aradan qaldırılmasının insan cəmiyyətinin sağlam inkişafı üçün başlıca amillərdən olduğunu nəzərə çatdırmış, bu sahədə görülən işləri dəyərləndirərək demişdir: "Bu gün Azərbaycanda yaşıllaşdırma istiqamətində vacib addımlar atılır, ağacəkmə kampanyiası uğurla davam edir. Azərbaycan vətəndaşları bu gözəl təşəbbüsə çox fəal şəkildə qoşulmuşlar..."
Azərbaycan Respublikası Prezidentinin söylədiyi bu reallıqları ölkəmizin hər bir regionunda, eləcə də təmsil olunduğum Ağcabədi rayonunun timsalında aydın görmək olar. Son beş ildə rayon ərazisində 230 mindən çox ağac, on minlərlə gül kolları əkilmiş, parklar əsaslı qaydada yenidən qurulub abadlaşdırılmış, yeni yaşıllıqlar salınmış, ekologiyaya ziyan vura biləcək gölməçələr, bataqlıqlar ləğv edilmiş, su hövzələri, kollektor-drenaj şəbəkələri təmizlənib yararlı hala salınmışdır. Rayon mərkəzində və kəndlərdə 51 subartezian quyusu qazılmışdır ki, bu da əhalinin içməli və əkin suyuna olan tələbatını xeyli yaxşılaşdırmış, yaşıllıqların, otlaqların vaxtında suvarılmasına imkan yaratmışdı. Beş kəndi əhatə edən 30 kilometr məsafəyə yeni içməli su xəttinin çəkilməsi illərlə içməli sudan korluq çəkən minlərlə insanın tələbatını ödəmişdir.
"Ekologiya ili" ərəfəsində ağcabədililər 130 min ağac, gül kolu əkməyi, ərazidə təmizlik, abadlıq işlərini genişləndirməyi, ətraf mühitin sağlamlaşdırılması sahəsində qarşıya qoyulan vəzifələri layiqincə həyata keçirməyi qərara almışlar. Ötən ilin noyabr ayından başlayaraq bu günə kimi rayon ərazisində on minlərlə ağac, gül kolları əkilmiş, yaşıllıqlara qulluq edilmiş, təmizlik işləri görülmüşdür. Baharın gəlişi ilə rayonda ağac əkmək kampaniyası gündə-günə sürətlənir.
Azərbaycanda ekologiya ilinin ətraf mühitin saflaşdırılması sahəsində yüksək nailiyyətlərlə başa çatdırılması hər bir insanın mənafeyinə, sağlamlığına xidmət edir. Çünki ekoloji problem bəşəri mahiyyət daşımaqla hər bir insanın problemidir. Məhz buna görə də ölkə vətəndaşları təbiətin, ətraf mühitin qorunmasında, yaşıllıqların genişləndirilməsində fəal iştirak etməlidirlər. Ölkəmizi inkişaf edən, gözəl, yaraşıqlı, abad görmək yalnız arzu olaraq qalmamalı, bu hər bir insanın əməlində, fəaliyyətində özünü büruzə verməlidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çox gözəl demişdir: "Mən Azərbaycanı ən yüksək inkişaf etmiş ölkə kimi görmək istəyirəm və buna nail olmaq üçün bizim hər cür imkanımız var. Xalqın iradəsi var, sabitlik var, cəmiyyət və iqtidar arasında birlik var. Mən Azərbaycanın gələcəyinə nikbinliklə baxıram və Azərbaycanın çox parlaq gələcəyinə inanıram.
Xalqımız öz Prezidentinə etibar edir, onun rəhbərliyi ilə qarşıya qoyulan hər bir vəzifənin layiqincə yerinə yetiriləcəyinə, Azərbaycanın gündən-günə inkişaf edəcəyinə inanır.
Tahir RZAYEV,
Milli Məclisin deputatı
Azərbaycan.- 2010.- 12
mart.- S. 3.