Xoş mərama və qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq

 

Müsahibimiz Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Dmitrieviç Doroxindir

 

Azərbaycanda son illər milli mənafelərə əsaslanmaqla həyata keçirilən xarici siyasət kursunun prioritet istiqaməti güclü və müstəqil dövlət modelinin praktik surətdə reallaşdırılmasına yönəlmiş, respublikamız beynəlxalq normalara istinad edərək sivil dünyanın hüquqi-siyasi mühitini müəyyənləşdirən aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla münasibətlərini yüksək dinamizmlə inkişaf etdirmək xəttinə üstünlük vermişdir. İqtisadi, siyasi və hərbi potensialı ilə beynəlxalq münasibətlər sistemində əlahiddə yeri olan Rusiya Federasiyası ilə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, keçmiş sovetlər birliyi dövründən mövcud olan çoxşaxəli əlaqələri müasir geosiyasi gerçəkliklərə nəzərən inkişaf etdirmək rəsmi Bakının xarici siyasətində daim vacib məsələlərdən biri kimi nəzərdən keçirilir.

Sirr deyil ki, 2000-ci ilə qədər bir qədər hərarət və səmimiyyətə ehtiyacı olan ikitərəfli münasibətlər hakimiyyət olimpinə Vladimir Putinin gəlişi ilə yeni siyasi çalarla zənginləşdi. Kremlin "yeni sahibi" Dmitri Medvedevin iki il əvvəl Bakıya gerçəkləşən səfərinin yekunları isə belə bir qənaəti möhkəmləndirdi ki, biri-birilə çoxəsrlik siyasi-iqtisadi və mədəni-humanitar əlaqələrlə bağlanmış iki qonşu dövlət arasında münasibətlərin etibarlı təməllər üzərində inkişafı üçün münbit zəmin mövcuddur.

Rusiya-Azərbaycan əməkdaşlığının vəziyyəti və perspektivləri barədə fikirlərini "Azərbaycan"la bu ölkənin respublikamızdakı diplomatik missiyasının rəhbəri Vladimir Dmitrieviç Doroxin bölüşmüşdür:

 

- Cənab səfir, səlahiyyətlərinizin icrasına başladığınız vaxtdan düz bir il ötür. Bu müddəti ölkələrimiz arasındakı münasibətlərin bütöv spektri, eləcə də özünüz üçün necə dəyərləndirərdiniz?

- Rusiya-Azərbaycan münasıbətləri elə möhkəm təməl üzərində qurulub və kifayət qədər məntiqi inkişaf edir ki, bu məsələdə səfirlərin şəxsiyyəti həlledici əhəmiyyət kəsb etmir. Yəni, səfirlərin gəlib-getməsi nəyisə dəyişdirməyə qadir tarixi hadisə deyil. Ölkələrimiz arasındakı münasibətlər strateji əməkdaşlıq, yəni, iki ölkə tərəfindən biri-birinin suverenliyinin tanınıb hörmət edilməsi, eləcə də maraqların qarşılıqlı tənasübünün qorunub saxlanılması prinsipləri əsasında inkişaf edir.

Sualınızın mənimlə bağlı hissəsinə gəldikdə isə etiraf edim ki, asan olmayıb. Hər hansı bir işi başlamaq həmişə çətin olur, xüsusən də, tanımadığın şəhərdə. Bir tərəfdən ölkəni öyrənməli, insanlarla tanış olmalı, eyni zamanda, professional vəzifə səlahiyyətlərini yerinə yetirməlisən. Geridə qalan il bu qəbil məsələlərin həlli baxımından məhsuldar sayıla bilər.

- Qeyd edildiyi kimi, Rusiya-Azərbaycan qarşılıqlı əməkdaşlığının dairəsi geniş və aktualdır. Bura həm siyasi, ticarət-iqtisadi xarakterli məsələlər aid etmək olar, həm də humanitar əməkdaşlıq təşəbbüsləri , eləcə də regional münaqişələrin nizamlanmasında vasitəçilik missiyası yer alır. Rusiya üçün bu istiqamətlərdən hansı prioritet sayıla bılər?

- Adi çəkilən məsələlər ayrılıqda və küll halında bir-birilə sıx qarşılıqlı əlaqədədirlər və əhəmiyyət dərəcəsinə görə də eyni səviyyədədirlər. Ölkələr arasındakı münasibətlər, yalnız bu münasibətlərin ehtiva etdiyi bütün komponentlərin harmoniyada olduğu təqdirdə mükəmməl sayıla bilər. Eyni baxış bucağından yanaşsaq, Rusiya-Azərbaycan münasibətlərinin xarakterini də bir kəlmə ilə məhz bu cür ifadə etmək mümkündür: qarşılıqlı münasibətlərə belə bir harmoniya xasdır.

- Ölkələrimiz, birinci şəxslər səviyyəsində dəfələrlə deyildiyi kimi, strateji tərəfdaş sayılırlar. Bilmək maraqlı olardı, həmin münasibətlərdə hansı məqam üstünlük təşkil edir - siyasi konyunktura, yoxsa iki ölkənin köklü maraqları?

- Siyasi konyunktura çərçivəsində zahirən hər şeyin yaxşı olduğunu sərgiləməyə xidmət edən "dostluq aylığı", yaxud hansısa bir başqa birdəfəlik aksiya düzənləmək mümkündür. Strateji əməkdaşlıq üçünsə sizin adını çəkdiyiniz həmin o köklü, bazis maraqlarının uzlaşması zəruridir.

Rusiya və Azərbaycan qonşudurlar. 90-cı illərin əvvəllərində bizlərdən hər biri öz yolunu seçdi. Bununla belə, biz qonşumuzun inkişafında, uğurunda maraqlıyıq. Başqa cür ola da bilməz. Axı, xalqlarımızı ortaq sərhədlərdən savayı, dərin tarixi, sosial və mədəni tellər də bağlayır. Bizim əməkdaşlığımızın qayəsində siyasi şüarlar deyil, insanlar, onların maraq və taleləri durur. Bakıda bu incə, lakin mühüm məqam diqqəti xüsusilə cəlb edir. Rusiya ilə münasibətlərin keyfiyyət səviyyəsi az qala hər bir ailəyə sirayət edir.

- Dünya maliyyə böhranı ölkələrimizdən yan keçmədi. Qarşılıqlı ticarət-iqtisadi əlaqələr hansı səviyyədədir və vəziyyəti sağlamlaşdırmaq üçün hansı tədbirlər görülür?

- Rusiya tərəfinin statistikasına görə, ötən il ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi 1,8 milyard dollar təşkil etmişdir, yəni, 25 faizlik kəsir qeydə alınmışdır. Azərbaycan statistikasına əsasən isə azalma 8 faiz olmuşdur. Belə bir mənzərə təəssüfləndirsə də, faciəvi deyil. Göstəriciləri yaxşılaşdırmaq üçün fövqəladə tədbirlər görmək deyil, səmərəli biznes-layihələrin həyata keçirilməsi sahəsində ardıcıl və əməli işlər görmək lazımdır. Çətinliklər heç vəchlə əllərimizi işdən soyutmamalıdır. Bu gün bizneslə məşğul olmaq Amerikada da, Avropada da, o cümlədən MDB ölkələrində də çox çətindir. Ümid edirəm ki, bu hal müvəqqətidir.

- Vladimir Dmitrieviç, Azərbaycan investisiyalar üçün açıq ölkədir. Bu faktor rusiyalı iş adamları tərəfindən necə dəyərləndirilir? Hansı sahələr daha perspektivli sayılır? Hüquqi-müqavilə bazasının vəziyyəti qane edirmi?

- 2009-cu ildə Rusiya biznesi Azərbaycanda hər biri 20 milyon dollar dəyərində olan investisiya layihələri reallaşdırdı. Söhbət Rusiyanın VTB bankı tərəfindən "VTB-Azərbaycan" müştərək Rusiya-Azərbaycan maliyyə institutunun təsis edilməsindən, həmçinin "Baltika" şirkəti tərəfindən Xırdalandakı pivə zavodunun alınıb yenidən qurulmasından gedir. Heç bir başqa ölkə Azərbaycanda qeyri-neft sektoruna bu məbləğdə sərmayə yatırmayıb. Bütövlükdə, Rusiya investisiyaları nöqteyi-nəzərindən ötən ili rekord ili saymaq mümkündür. Və dünya maliyyə böhranı fonunda bu məqam xüsusilə diqqətəlayiqdir.

Rusiyalı sərmayəçilər başqa layihələrə də maraq göstərirlər. Hər vasitə ilə onların reallaşdırılmasına çalışacağıq. Yer ala biləcək hər hansı bir hüquqi anlaşılmazlığı aradan qaldırmaq üçün kapital qoyuluşlarının qarşılıqlı qorunması və təqdir edilməsi üzrə razılıq üzərində işləyirik.

- Bütövlükdə, Rusiya-Azərbaycan enerji dialoqunu necə səciyyələndirərdiniz (Azərbaycan qazının ixracı, "Cənub axını"nda iştirak perspektivləri, vahid enerji sisteminin yaradılması məsələləri və s.) ?

- Əsas vurğunu bu il yanvarın 1-dən etibarən Rusiyaya Azərbaycan qazının ixracına yönəltmək istərdim. Bu, unikal bir layihədir. Azərbaycan bazar qiymətləri ilə Rusiyaya istədiyi qədər mavi yanacaq ixrac edə bilər. Bu məsələdə məhdudlaşdırıcı hədd yoxdur. Rusiya heç bir ölkə ilə analoji müqavilə imzalamayıb. Bu, rəsmi Moskva ilə Bakı arasındakı münasibətlərin xüsusi xarakterini təcəssüm etdirən bir addımdır.

Ölkələrimiz MDB-nin Elektroenergetika Şurasının üzvüdürlər və bu çərçivə daxilində müxtəlif layihələr üzrə əməkdaşlıq edirlər. Rusiya və Azərbaycan enerji sistemlərinin paralel fəaliyyəti rejimində elektrik enerjisinin qarşılıqlı təchizatı həyata keçirilir. Bu sahədə İranın da daxil olduğu üçtərəfli əməkdaşlıq ideyası mövcuddur.

Azərbaycan Rusiyanın "Lukoyl" şirkətinə Xəzər dənizində Y.Korçagin adına neft-qaz yatağının istismarında texniki yardım göstərir. Ötən il Bakı-Novorossiysk boru kəməri vasitəsilə 2,5 milyon ton Azərbaycan nefti ixrac olunmuşdur ki, bu da 2008-ci ilin göstəricisindən 1,8 dəfə çoxdur.

- Yeri gəlmişkən, bir vaxtlar ortalıqda Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılması ideyası gözə dəydi. Bu təşəbbüsün taleyi nə yerdədir və yarandığı təqdirdə belə bir qurum Xəzərin delimitasiyası ətrafında uzanan danışıqlara nöqtə qoya bilərmı?

- Həmin ideya təşəbbüs olaraq qalmaqdadır. Xəzəryanı ölkələrin bəziləri belə bir təşkilatın yaradılmasını dəstəkləyir, bir qismi isə əksinə. Başlıca səbəb Xəzərin statusu barədə razılığın olmamasıdır.

Rusiya tərəfi hesab edir ki, zərurətini mövcud iqtisadi maraqların da diktə etdiyi belə bir təşkilatın yaranması nəticə etibarilə mövcud ümumi məsələlərin tənzimlənməsinə də pozitiv təsir göstərə bilərdi. Eyni zamanda, ortalıqda Xəzərin statusu ilə bağlı ümumi məxrəcə gələn mövqelər olmadıqca təşkilatın tam qüvvəsi ilə işləyə bilməyəcəyini mülahizə edən tərəflərin də arqumentlərini qəribçiliyə salmaq olmaz.

- Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir və sürəkli şəkildə gündəmdə dolaşan mülahizələrə görə Dağlıq Qarabağ münaqişəsinin açarı onun əlindədir. Münaqişənin tənzimlənməsi məsələsində Rusiya bütün imkanlarındanmı istifadə edir? Rusiya və Ermənistanın KTMT (Kollektiv Təhlükəsizlik Müqavıləsi Təşkilatı) təmsil olunması münaqışə tərəfinə əlavə preferensiyalar vermirmi?

- Rusiya Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həlli üçün ondan asılı olan hər bir şeyi edir. Ermənistanla müştərək şəkildə KTMT-də təmsil olunmağımız isə ikitərəfli münasibətlərimizə Rusiya-Azərbaycan əlaqələrində olmayan bəzi elementləri qatır. İstənilən halda, bu əməkdaşlığın məzmunu bizim vasitəçilik sahəsində ortaya qoyduğumuz mövqelərə təsir etmir.

Rusiyanın "yaranmış vəziyyətin sahibi" olması məsələsinə gəldikdə isə, bu, sadəcə, ona görə mümkün deyildir ki, ölkəmiz beynəlxalq vasitəçilərdən biri kimi çıxış edir, yəni, vahid komandada çalışır. Bu məqamı unutmaq olmaz.

- Qafqaz daim Rusiyanın milli-dövlət maraqlarının iştirak etdiyi geosiyasi arxitektura olaraq qalmaqdadır. Lakin bu həm də bir etnik rəngarənglik xəritəsidir. Regiondakı qeyri-sabitlik, etnik münaqişələr Rusiyaya bu coğrafiyada iqtisadi layihələrini həyata keçirməyə mane olmurmu, yoxsa geosiyasi maraqlar hər şeyi üstələyir?

- Rusiyanın özü bir Qafqaz ölkəsidir. Onun tərkibinə Şimali Qafqaz inzibati coğrafiyasını təşkil edən 10 region daxildir. Bu gün həmin coğrafiya mənim ölkəmin ən narahat bölgəsi, regional miqyasda təhrik və təhdid mənbəyidir.

Şimali Qafqaz problemini yalnız bütövlükdə Qafqazda təhlükəsizlik və sabitlik məfhumlarını biri digərindən təcrid etməmək şərti ilə həll etmək mümkündür. Və biz bunu məhz olduğu kimi qəbul edirik. Rusiyanın bölgədəki fəallığının bir səbəbini də elə bu amillə izah etmək olardı.

Bizim üçün vacib, önəmli olan bəzi jurnalist və politoloqların haqqında mülahizə yürütməyi xoşladıqları irreal geosiyasi sxemlər deyil, insanların rifahıdır. Bax, budur bizim əsas motivimiz - həyatın özü qədər sadə reallıq.

- Cənab səfir, rusların çox xoşladığım bir məsəli var: insan tək çörəklə yaşamır. Bəli, indiki kifayət qədər çətin zəmanədə siyasət və iqtisadiyyat sahəsindəki ikitərəfli münasibətlər sırf qarşılıqlı faydalılıq, paritet əsaslarda qurulur. Bu, normal və başadüşüləndir. Ancaq o halda ki, tərəfləri ən azından okeanlar ayırır, ortaq sərhədlər mövcud deyil. Bəs ümumi tarix, mədəniyyət, məişət, nəhayət, yaddaş kimi faktorların ehtirassız şahid kimi çıxış etdiyi məqamlarda necə?! Düşünmək istərdik ki, ölkələrimiz arasındakı mədəni-humanitar əlaqələr siyasi-iqtisadi maraqların üzərində qərar tutub inkişaf etdiyi məhz həmin təməl daşlarıdır. Dediklərimizin ən bariz və isti nümunəsi kimi bu yaxınlarda Bakının ev sahibliyi ilə keçən Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunu göstərmək mümkündür.

- Mədəni-humanitar tellər siyasi motiv və iqtisadi maraqlar kimi günün reallıqlarından doğan fundamental faktorları əvəz etmək iqtidarında olmasalar da, heç şübhəsiz, Rusiya-Azərbaycan münasibətlərinin unikal faktorları kimi çıxış edirlər.

Bu faktorun əhəmiyyəti barədə çox deyilib və yazılıb. Ən önəmlisi odur ki, Azərbaycan ziyalılarının aparıcı qüvvələri belə bir fikirdə yekdillik nümayiş etdirirlər ki, Rusiya ilə bugünkü münasibətlər, bu münasibətlərin keyfiyyət məzmunu Azərbaycan üçün faydalıdır. Və bu proses sanki qarşılıqlı xarakter alıb. Üstəlik, Rusiya-Azərbaycan forumuna Rusiya ziyalılarının elitası - 150 nəfər qatılmışdı. İndiyədək Rusiyadan nəinki Azərbaycana, heç bir MDB ölkəsinə bu cür "ulduz" tərkibli nümayəndə heyəti gəlməmişdi. Rusiya ziyalıları sanki rus siyasətçilərinin - Azərbaycan Rusiya üçün mühüm və lazımlı tərəfdaşdır! - qənaətini bir daha təsdiq etdilər.

- Bütövlükdə elm, təhsil, rus dili, gənclər siyasəti və s. məsələləri özündə ehtiva edən mədəni-humanitar əməkdaşlığın səviyyəsi qaneedicidirmi?

- Bir səfir kimi fəxr edirəm ki, Rusiya xaricdə azərbaycanlı gənclərin təhsil aldığı əsas mərkəzlərdən biri olaraq qalır. Bu gün ölkəmizin ali məktəblərində 6 min nəfərə yaxın Azərbaycan vətəndaşı dövlət təqaüdü, yaxud öz hesabına təhsil alır.

Mədəniyyət sahəsində əməkdaşlığın təbii xarakteri üstünlük təşkil edir. Yəni, hansı şəkildə- kitab, teatr qastrolları, tanınmış ifaçıların konsertləri və s.- olmasından asılı olmayaraq Rusiyanın, belə deyək, mədəni məhsulu hər hansı bir dövlət tənzimlənməsi olmadan, öz axarı ilə Azərbaycan mədəni mühitinə daxil olur.

Etnik rusların sayı ümumi əhalinin 2 faizini təşkil etsə də, rus dilinin Azərbaycanda yayılma və istifadə arealı çox genişdir. Azərbaycanlılar başa düşürlər ki, ikidillilik böyük üstünlük olmaqla yanaşı, həm də bu dil vasitəsilə dünya mədəni irsinə daha geniş inteqrasiya imkanı deməkdir. Adı gedən sahədə aramızda məhsuldar əməkdaşlıq praktikası mövcuddur.

- Azərbaycanlıların qədim və müdrik bir məsəli var, deyir, qonşun pisdir, köç qurtar. Əlbəttə, insan öz yaşayış yerini dəyişə bilər. Bəs xalqlar, ölkələr necə? Məqamına yetişən ikinci bir el kəlamını da xatırlatmaq istərdim: yaxın qonşu uzaq qohumdan irəlidir. Tale elə gətirib ki, Azərbaycanla Rusiya "çəpər" qonşusudurlar. Qonşunuzdan razısınızmı?

- Bir qədər əvvəl mehriban qonşuluğun bir elementinə toxundum. Şimali Qafqazda ciddi problemlərimizin olmasına rəğmən, bizdə qəti yəqinlik var ki, cənub qonşumuz heç vaxt həmin problemləri daha da gərginləşdirəcək bir hərəkətə yol verməz. Əksinə, yardım etməyə həvəs və canatma hiss edirik və bunu yüksək qiymətləndiririk.

Təbii ki, coğrafi yaxınlıq ən müxtəlif sahələrdə fəal əməkdaşlıq üçün obyektiv imkanlar açır. Bu gün həmin imkanlardan tam həcmdə olmasa da, istifadə olunur. Rusiya üçün ölkələrimiz arasındakı əməkdaşlığın böyük əhəmiyyəti var.

Rusiyada 2,5 milyon azərbaycanlı yaşayır. Onlar öz əməkləri ilə ölkəmin iqtisadi potensialının artmasına və möhkəmlənməsinə töhfələrini verirlər.

Bütün bunlardan sonra Azərbaycan haqqında bir qonşu kimi nəsə mənfi bir söz demək mümkündürmü?

- Vladimir Dmitrieviç, Siz həmişə siyasətçi və diplomat anlayışlarını qütbvari fərqləndirən insansınız. Məncə, siyasətçilər emosionaldırlar, gəlişigözəl sözlərə meydan verirlər, hərdən faktları təhrif etməkdən belə, çəkinmirlər. Diplomatlarsa azdanışandırlar və bu peşə adamları ilə söhbətin bir nəticəsi olur: hər şey barədə heç nə. Necə düşünürsünüz, Rusiyanın səfiri "Azərbaycan"ın oxucuları ilə tam səmimi oldumu?

- Müsahibəyə qiyməti oxucu verəcək. Və bu qiymət bütün "məhsula" - səslənən suallara və verilən cavablara aiddir. Beləliklə, oxucuların səmimiyyətimizə inamı ilə bağlı məsuliyyəti hər ikimiz bölüşürük.

 

 

Müsahibəni apardı: Xalid NİYAZOV,

 

Azərbaycan.- 2010.-  12 mart.- S.  5.