Türkün soyqırımı
Ermənilərin azərbaycanlılara
və Anadolu türklərinə qarşı törətdikləri
soyqırımı cinayətləri faktların dili ilə
Soyqırımı bütöv əhali qruplarının, etnosların irqi, milli, etnik, yaxud dini əlamətlərə görə tamamilə və ya qismən məhv edilməsi deməkdir. Ermənilər türklər tərəfindən onlara qarşı soyqırımı törədildiyini iddia etsələr də, hələ indiyə qədər bununla bağlı tutarlı fakt ortaya qoya bilməyiblər. Türkiyə tərəfinin təkidinə baxmayaraq, Ermənistan arxivlərin birgə öyrənilməsini və araşdırılmasını istəməyib. Qondarma soyqırımını tanıyan ölkələr də tarixdə nəyin baş verdiyini araşdırmaq məqsədilə Türkiyəyə tədqiqatçı göndərməkdə maraqlı olmayıblar. Tarix isə sübut edir ki, ermənilər soyqırımına məruz qalmamış, öz mənfur əməllərini, sərsəm "böyük Ermənistan" xülyalarını gerçəkləşdirmək üçün Azərbaycan və Anadolu türklərinə qarşı XX əsrdə ən dəhşətli soyqırımı törətmişlər.
Şərqi Anadoluda ermənilərin
törətdikləri soyqırımı
Birinci dünya müharibəsi illərində ermənilərin Türkiyəyə qarşı ilk silahlı müdaxiləsi çoxdan hazırlıq gördükləri Zeytun bölgəsində oldu. Onlar Türkiyədə hərbi səfərbərliyə qarşı çıxır, qeydiyyat üçün məntəqələrə gedən müsəlmanları qətlə yetirir, qarətlər edirdilər. Zeytundakı erməni "Hnçaq" komitəsinin yığıncağında "ingilislər İskəndəruna çıxacaqları üçün Adana, Maraş işğal olunana qədər səfərbərliyə mane olmaq, ingilislərin hərəkətini dəstəkləmək, jandarmların silah və cəbbəxanalarını ələ keçirmək, hökumət məmurlarını və ailə üzvlərini öldürmək, teleqraf tellərini kəsmək" tövsiyə olunmuşdu. Bundan sonra 1915-ci ilin fevralında 800 nəfərlik erməni quldur dəstəsi Maraşın teleqraf xəttini kəsdikdən və hərbi qışlaya basqın etdikdən sonra Təkkə monastırına sığınmışdı. Ermənilərin bu əməlləri nəticəsində 25 jandarm həlak olmuş, 34-ü yaralanmışdı. Bundan əlavə, Maraşın müxtəlif yerlərində çoxlu müsəlman öldürülmüşdü. Bölgədən orduya çağırılan ermənilərin hamısı fərarilik etmişdi.
"Hnçaq" komitəsi mühüm ticarət və strateji məntəqələrdən olan Qeysəriyyədə də xeyli miqdarda silah-sursat toplamışdı. "Daşnaksütyun" da Qeysəriyyədə geniş fəaliyyət göstərirdi. Ermənilər Amerikada yaşayan soydaşlarının maddi yardımı ilə müxtəlif ticarət mallarının içərisində hissələrə ayrılmış halda göndərilən silah və sursatla da silahlandırılmışdılar. Bölgədə təşkilatlanma və təbliğat fəaliyyəti gücləndirilmişdi. Komitəçilər müxtəlif yerlərə gizli çəkilən məftillərə elektrik cərəyanı buraxmaqla müsəlman əhalini və əsgərləri öldürməyə çalışırdılar. Amerikada bomba düzəltməyi öyrənən ermənilər bu məqsədlə emalatxanalar qurmuşdular. Lakin 1914-cü ilin yanvarında bir erməninin evində bomba partlaması nəticəsində bu emalatxanada saxlanan silah və sursat hakimiyyət orqanları tərəfindən ələ keçirilmişdi. Erməni patriarxlığının hazırladığı qiyam planı hakimiyyət orqanlarına əvvəlcədən məlum idi. Odur ki, 1915-ci ilin əvvəllərində Qeysəriyyənin bir çox yerində qiyam və qətl-qarətlər vaxtından qabaq başlanmışdı.
Osmanlı dövləti səfərbərlik elan etdikdən sonra Məmuratüləzizdə də (Elazığ) müsəlman əhaliyə basqınlar edildi. Mərkəzi ingilis konsulluğunun tərcüməçisi, Osmanlı təbəəsi olan erməni casusun konsulluğa verdiyi məlumatlar səfirliyə göndərilərkən ələ keçirilmişdi. Vilayət mərkəzində ermənilərə məxsus anbarda 5000-dən çox silah, 300-ə qədər bomba, 40 kq bomba fitili, xeyli dinamit aşkar olunmuşdu. Səkur nahiyəsində ermənilər jandarmlara silahlı basqın edərək ikisini öldürmüşdülər.
Ermənilər Diyarbəkirdə də qiyama hazırlaşırdılar. Əsgərliyə getməyən və silahları ilə birlikdə ordudan qaçan ermənilər "dam taburu" adlı dəstələr təşkil edərək ev-ev gəzir, hərbi ehtiyaclar üçün pul və vəsait toplayır, boyun qaçıranları hədələyirdilər. Ruslar Cənubi Azərbaycanda Diyarbəkir istiqamətində hücum planlaşdırmışdılar. Bununla əlaqədar ermənilər Diyarbəkirdə böyük qiyam qaldırmaq fikrində idilər. Amma türk hakimiyyət orqanlarının apardıqları axtarışlar nəticəsində "dam taburu"nu təşkil edən 500 silahlı erməni yaxalanmışdı. 1000-ə qədər erməni fərarisi tutulmuş, onlardan çoxlu silah və hərbi sursat müsadirə edilmiş, silahların böyük qisminin kilsələrdə və məzarlıqlarda gizlədildiyi məlum olmuşdu.
Diyarbəkirin Silyan qəzasının Başnik kəndində gizlənən erməni quldurları 1915-ci il iyunun 28-də jandarm mühafizə dəstəsinə hücum edərək dəstə üzvlərinin əksəriyyətini qətlə yetirmişdilər. Şərq nahiyəsindəki Arazoğluda və Saniköydə əli silah tutan bütün kişilərin cəbhədə olduğundan istifadə edərək Xıdır İlyas kəndinə basqın edib qadın və uşaqları güllələmiş, süngüdən keçirmişdilər.
Ermənilər təxribat törətmək və silah gizlətmək məqsədilə müxtəlif üsullara əl atırdılar. Hələ 1913-cü ilin oktyabrında Sivasda Şirşəhri qəzasının Ezdebir nahiyəsindəki erməni monastırının keşişi evində çoxlu silah gizlətdiyi üçün həbs olunmuşdu. Başqa bir erməni keşiş 1914-cü ilin noyabrında Sivas bölgəsinin kəndlərini gəzərək ermənilər arasında Türkiyə əleyhinə təbliğat aparırdı.
Ermənilər Ərzurum bölgəsinə xüsusi əhəmiyyət verirdilər. Rusiya erməniləri buradan Türkiyəyə keçərək orada mərkəz yaratmışdılar. Ərzurum Trabzon-Van yolunun ortasında yerləşdiyindən, həm quru yolla Qafqazdan, həm də Trabzon yolu ilə Batum, Göstənçə və digər yerlərdən müntəzəm məlumat almaq, vilayətlərə silah, hərbi sursat göndərmək üçün çox əlverişli idi. Müharibə başlayan kimi vilayət mərkəzində və Bayaziddə yaşayan və ordudan fərarilik edən ermənilərin böyük bir qismi Rusiya tərəfinə keçmiş, silahlandırılıb təşkil edilən könüllü alaylar rus orduları ilə birlikdə Osmanlı ordusuna qarşı vuruşmağa başlamış və bölgənin müsəlman əhalisinə qarşı qətl-qarətlər törətmişdilər.
Səfərbərliyin elanından sonra Kağızmanda böyük qismi fərari əsgərlərdən ibarət olan ermənilər ruslar tərəfindən silahlandırılmışdılar. Orada 800-dən çox erməni toplaşmışdı. Eyni zamanda, ermənilərdən ibarət rus könüllü bölüyü də gəlmiş, beləliklə, bölgədəki silahlı ermənilərin sayı 15000 nəfərə çatmışdı. Ermənilər Osmanlı hökumətinin bölgələrlə əlaqəsini kəsmək məqsədilə poçtlara basqınlar edirdilər. Ərzincanda sui-qəsdlər, insanları atəşə tutmaq adi hal almışdı. Erməni evlərində xüsusi tərtibatlı yerlər, gizli yollar, mağaralar, evləri birləşdirən yeraltı dəhlizlər salınmışdı. Nazyan Tiqran adlı ərzincanlı erməni komitəçisi açıqca bildirmişdi ki, on beş gün də keçsəydi, komitələrin aldıqları təlimatlarla Ərzincan başdan-başa od vurulub yandırılacaq, bütün müsəlmanlar və türk əsgərləri doğranacaqdı. Lakin hökumətin vaxtında xəbər tutması ilə bu təxribatın qarşısı alınmışdı.
Erməni komitəçilərinin mühüm əhəmiyyət verdikləri bölgələrdən biri də Van-Diyarbəkir-Hələb-İskəndərun yolu üstündəki Bitlis idi. Bura yaxın olan Muş, Taloru şəhərləri keçmişdə də erməni qiyamlarının mərkəzi olmuşdu. Ermənilərin və onların avropalı havadarlarının ən çox təbliğat və təşkilat işi apardıqları bölgə isə Van idi. Erməni komitələri bölgədəki konsulluqlardan, məktəblərdən, kilsələrdən və dərnəklərdən istifadə edərək sürətlə təşkilatlanmış və quldurluğa başlamışdılar. Bölgənin daşnak liderlərinə Qafqazda, o cümlədən Qarabağda törətdikləri cinayətlərə görə Rusiya hökuməti tərəfindən edama məhkum edilmiş İşxan və Aram da qatılmışdı. Van gölünün Axtamar adasındakı ruhani məktəbi təşkilatın mərkəzinə çevrilmişdi. Van və Muşun erməni əhalisinin qiyama hazırlanmasına Vandan millət vəkili Papazyan rəhbərlik edirdi. Ətrafdakı kəndlərdə, Gevasda baş qaldıran erməni dəstələri onlarca türkü öldürmüşdülər. Quldurları tutmaq üçün Şükür kəndinə gələn jandarmlar öldürülmüş, gözləri oyulmuş, cəsədləri daşqalaq edilmişdi. 1915-ci il fevralın 27-28-də Adilcəvazdan Vana gedən 300-ə qədər siyirtli əsgər Arın adlı erməni kəndində gecələmək istərkən ermənilər buna silahlı müqavimət göstərmiş və könüllü əsgərlərdən səkkizini öldürmüşdülər.
Van bölgəsinin Mahmudiyyə qəzası qaymaqamının Daxili İşlər Nazirliyinə göndərdiyi 1915-ci il 15 mart tarixli raportda ermənilərin Mərkəhu və İstisu kəndlərində 70 dinc müsəlmanı qətlə yetirdikləri, 9 qadının namusuna təcavüz etdikləri xəbər verilirdi. Raporta şəhidlərin şəkilləri də əlavə olunmuşdu.
Osmanlılar Vanı tərk etdikdən bir neçə gün sonra rusların ön bölmələri buraya gələrək erməni dəstələri ilə birləşmişdilər. Vanın yeni hakimi Aram Manukyan şəhərin açarlarını rus komandanı Nikolayevə təqdim etmiş, Nikolayev isə onu Vanın rəsmi valisi təyin etmişdi. Vanın işğalından sonra rusların da təhriki ilə erməni qiyamları ətrafa yayılmış, erməni quldur dəstələri bir çox yerdə qətllər törətmiş və bəzi kəndləri tamamilə viran etmişdilər.
1916-cı il fevralın 16-da Ərzurum alındı. ABŞ tarixçisi St.C.Şou yazır: "Bunun ardınca bütün müharibə ərzində ən dəhşətli qırğın baş verdi: milyondan çox müsəlman kəndlisi qaçmalı oldu... Onlardan minlərcəsi Ərzincana çəkilən Osmanlı ordusu ilə birlikdə qaçmağa cəhd göstərərkən tikə-tikə doğrandı".
Muşda və ətrafında əvvəlcə 7000 erməni silahlandırılaraq kəndlərə səpələndi. Ordudan fərarilik edən ermənilər də onlara qoşuldular və Sasunda böyük quldur dəstələri təşkil olundu. Daşnak dəstələri və "Hnçaq" qrupları bölgəyə gələn "ruslara sədaqətlərini və şücaətlərini" göstərmək üçün cəbhə boyu türk kənd və qəsəbələrindəki qadın, uşaq və yaşlılara təsəvvürəgəlməz işgəncələr verib qətlə yetirirdilər.
Muş süqut edərkən erməni quldurları qarşılarına çıxan müsəlmanları rəhmsizcəsinə qətlə yetirir, qadınların namusuna toxunur, yaşlıları diri-diri yandırırdılar. Ayaz nahiyəsində 15 kəndin sakinlərinin ayaqlarına ağır at nalları vurub Hazal gölünə atıblar.
Ərzurum, Qars, Van, Bitlis, Muş, Sivas, Ankara bölgələrində ermənilər tərəfindən qətlə yetirilmiş türklərin 100-ə yaxın kütləvi məzarlığı mövcuddur. Bunların beşində minlərcə insanın skeleti tapılmışdır.
Beləliklə, erməni millətçiləri Birinci dünya müharibəsində Türkiyənin ağır vəziyyətə düşməsini sərsəm "böyük Ermənistan" yaratmaq xülyalarının həyata keçirilməsi üçün əlverişli məqam bilib Şərqi Anadolunun bir çox yerində qiyamlar təşkil etmiş, silahlı erməni quldur dəstələri gələcək Ermənistan dövləti üçün ərazi yaratmaq məqsədilə dinc türk əhalisinə qarşı dəhşətli soyqırımı törətmiş, əhalini ata-baba yurdlarından qovmuşdular.
(Ardı var)
Hazırladı: Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2010.- 12
mart.- S. 6.