"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir

 

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir

 

Dövlətimizin başçısı İlham Əliyev konfransda iştirak etmişdir

 

İqtisadi inkişaf naziri Şahin MUSTAFAYEV çıxış edərək dedi:

- Zati-aliləri, möhtərəm cənab Prezident!

Hörmətli konfrans iştirakçıları!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iqtisadi siyasətinin strateji istiqamətləri olan qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması, əhalinin maddi rifahının daha da yüksəldilməsi tədbirlərinin son 6 ildə uğurla həyata keçirilməsi nəticəsində ölkənin sosial-iqtisadi inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, 2004-2009-cu illər ərzində ümumi daxili məhsul (ÜDM) 2,8 dəfə, dövlət büdcəsinin gəlirləri 4,8 dəfə, orta aylıq əməkhaqqı 3 dəfə, minimum pensiyanın məbləği 3,8 dəfə, minimum əməkhaqqı 6,3 dəfə artmış, 33 mindən artıq yeni müəssisə, 840 mindən artıq yeni iş yeri açılmış, yoxsulluğun səviyyəsi 4,1 dəfə azalaraq 11 faizə enmişdir. Bu nailiyyətlərin əldə olunmasında 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının müstəsna rolu olmuşdur. Proqram çərçivəsində aparılmış işlər regionlarda istehsal və sosial infrastruktur təminatının yaxşılaşdırılması sahəsində inqilabi dəyişikliklərə səbəb olmuş, vətəndaşların rifahını xarakterizə edən keyfiyyət göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.

Elmi əsaslara söykənən bu strateji xəttin davam etdirilməsi məqsədilə cənab Prezident tərəfindən təsdiq olunmuş regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında iqtisadi inkişafın yeni mərhələsinin tələblərinə uyğun olaraq bütün regionlarda istehsal və emal müəssisələrinin yaradılması, infrastruktur təminatının və kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, ən müasir standartlara cavab verən təhsil, elm, səhiyyə, mədəniyyət və idman obyektlərinin inşası, əlillər və şəhid ailələri üçün yaşayış binalarının tikintisi üzrə kompleks tədbirlər nəzərdə tutulmuşdur.

II Dövlət Proqramının icrasını da şəxsi nəzarətinə götürən cənab Prezident ötən müddət ərzində regionlara 27 dəfə səfər edərək istehsal, nəqliyyat, təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və digər sahələri əhatə edən 105 obyektin açılış, 14 obyektin təməlqoyma mərasimində iştirak etmiş, 50-dən çox müxtəlif təyinatlı müəssisənin fəaliyyəti ilə tanış olmuşdur. Müntəzəm olaraq həyata keçirilən bu səfərlərin regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində müstəsna əhəmiyyəti olmaqla yanaşı, hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran spesifik vəzifələrin müəyyən edilməsini və həyata keçirilməsini təmin edir.

Möhtərəm cənab Prezident!

Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında başlanmış və Sizin böyük inamla davam etdirdiyiniz kompleks islahatlar siyasətinin məntiqi nəticəsi olaraq, 2009-cu il də ölkəmiz üçün uğurlu olmuş, qlobal maliyyə-iqtisadi böhranın Azərbaycan iqtisadiyyatına təsiri müqayisəolunmaz dərəcədə az olmuşdur. Belə ki, ÜDM 9,3 faiz, onun adambaşına düşən həcmi 7,9 faiz, qeyri-neft sektoru 3,2 faiz artmışdır. Ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7,4 milyard manat, o cümlədən regionlar üzrə 2,9 milyard manat investisiya yönəldilmiş, bu vəsaitlər hesabına infrastruktur təminatının daha da yaxşılaşdırılması və dünya standartlarına uyğunlaşdırılması ilə bağlı layihələr icra olunmuşdur. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaradılması layihələri davam etdirilmiş, 700 kilometrdən çox yol çəkilmiş və təmir olunmuş, o cümlədən ölkə başçısının bilavasitə iştirakı ilə Bakı-Quba-Rusiya dövlət sərhədi, Ucar-Yevlax, Bakı-Şamaxı, Naxçıvan-Sədərək magistral yollarının açılışı olmuş, körpülər və nəqliyyat qovşaqları, Bakıda Beynəlxalq Avtovağzal Kompleksi, yeni metro stansiyaları istifadəyə verilmişdir.

Ölkənin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsi məqsədilə Sumqayıtda və Qubada elektrik stansiyaları istifadəyə verilmiş, bir sıra stansiyaların, o cümlədən Füzuli Su Elektrik Stansiyasının inşası davam etdirilmiş, Ağdaş regional yarımstansiyasının və "Göyçay-1" Su Elektrik Stansiyasının təməli qoyulmuşdur. Bununla yanaşı, alternativ və bərpaolunan enerji resurslarının istifadəsi ilə bağlı müvafiq struktur yaradılmış, bir sıra layihələrin icrasına başlanılmışdır. Hesabat dövründə yaşayış məntəqələrinin qaz təchizatı üçün yeni qaz kəmərləri çəkilmiş, 63 kəndə qazın verilməsi bərpa edilmiş, su və kanalizasiya təchizatının yaxşılaşdırılması ilə bağlı beynəlxalq maliyyə institutları ilə birgə 62 şəhər və rayonu əhatə edən layihələrin icrası davam etdirilmişdir. Rabitə xidmətlərinin yaxşılaşdırılması məqsədilə regionlarda 74 telefon stansiyası quraşdırılmış, 80 poçt binası inşa edilmiş, ölkənin bütün ərazisini əhatə edən internet şəbəkəsinin yaradılması üzrə işlər davam etdirilmişdir.

Ekoloji tarazlığın bərpa edilməsi, ətraf mühitin qorunması ilə bağlı bir sıra tədbirlər həyata keçirilmiş, ölkə Prezidenti tərəfindən 2010-cu il "Ekologiya ili" elan edilmişdir. Ərazilərin, xüsusilə Abşeron yarımadasının yaşıllaşdırılmasına başlanılmış, Xəzər dənizinin çirklənmədən qorunması üçün 7 sutəmizləyici stansiya istismara verilmiş, Hövsan aerasiya stansiyası yenidən qurulmuşdur. Kür-Araz çayları ətrafında yaşayan əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə 12 rayonun 122 kəndində sutəmizləyici sistemlər quraşdırılmışdır.

Cənab Prezident tərəfindən Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun təməli qoyulmuş, "Təmiz şəhər" Səhmdar Cəmiyyəti Balaxanı poliqonu ərazisində yenidənqurma işləri aparmış, xüsusi çeşidləmə sahəsi yaradılmış və görülən işlərin nəticəsində yanğın və tüstülənmə hallarının qarşısı alınmışdır. "Qaradağ Sement" ASC-də ətraf mühitə təsirin azaldılması məqsədilə Avropada üstünlük verilən quru istehsal texnologiyasının tətbiqi layihəsinə başlanılmışdır.

Möhtərəm cənab Prezident!

Hörmətli konfrans iştirakçıları!

Ölkədə siyasi və makroiqtisadi sabitliyin təmin olunması, infrastrukturun inkişaf etdirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığa dövlət dəstəyinin artırılması nəticəsində rəqabətqabiliyyətli məhsul istehsal edən güclü sahibkarlar təbəqəsi formalaşmış və bugünkü konfransda ölkənin bütün regionlarını təmsil edən sahibkarlar iştirak edir. İxracyönümlü məhsulların istehsalı, daxili bazarın keyfiyyətli məhsullarla təminatı sahəsində mövcud olan böyük imkanlar uğurla reallaşdırılır və Azərbaycan məhsulları Avropaya, eləcə də dünyanın digər ölkələrinə ixrac olunur.

Cənab Prezident, Sizin şəxsi təşəbbüsünüz və göstərişiniz əsasında tikilmiş və sahibkarlığın inkişafına növbəti töhfə olan bu möhtəşəm Biznes Mərkəzinin sərgi salonunda 200-dək şirkətin nümayiş etdirdiyi beynəlxalq standartlara uyğun hazırlanmış və qablaşdırılmış məhsullar deyilənlərə ən yaxşı sübutdur.

Bununla yanaşı, hazırda bütün iqtisadi rayonlar üzrə ən müasir texnologiyalar tətbiq olunmaqla, 200-ə yaxın müxtəlif təyinatlı istehsal və xidmət sahələrinin inşası davam etdirilir. Təkcə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin iştirakı ilə 2 süd emalı və 3 konserv zavodu, 2 mebel fabriki, 4 quşçuluq, 3 qablaşdırma, 1 tikiş, 1 yuyucu toz, 4 tikinti materialları istehsalı müəssisələri və 3 müasir istixana kompleksi tikilməkdədir. Qeyri-neft sektorunda böyük potensiala malik olan və regionların iqtisadiyyatının əsasını təşkil edən aqrar sektorun inkişafının dəstəklənməsi siyasəti, o cümlədən bu sahənin vergilərdən azad olunması, fermerlərə subsidiyaların verilməsi, "Aqrolizinq" Səhmdar Cəmiyyəti vasitəsilə onların güzəştli şərtlərlə texnika, toxum, gübrə və cins mal-qara ilə təmin edilməsi, dövlətin dəstəyi ilə aqroservislərin və logistik mərkəzlərin yaradılması öz bəhrəsini vermişdir. Ötən il aqrar sektorda artım 3,5 faiz təşkil etmiş, rekord səviyyədə - 3 milyon ton taxıl yığılmış, əsas ərzaq məhsullarının istehsalı xeyli artmış, tələbat əsasən yerli istehsal hesabına ödənilməklə, ölkənin ərzaq təhlükəsizliyi təmin olunmuşdur.

Aqrar sektorda mövcud olan potensialdan daha səmərəli istifadə edilməsi, bu sahədə məhsul ixracının artırılması məqsədilə məhsulların tədarükü, saxlanılması və satışı üzrə müasir anbar komplekslərinin tikintisi üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 32 sahibkarlıq subyektinə 48 milyon manat məbləğində güzəştli kreditlər verilmişdir. Qeyd etmək lazımdır ki, tikintisi başa çatmış komplekslərin fəaliyyətə başlaması artıq istehlak bazarına öz müsbət təsirini göstərmişdir. Cari il ərzində digər komplekslərin istifadəyə verilməsi planlaşdırılır.

Bütün iqtisadi rayonları əhatə etməklə sahibkarların maarifləndirilməsi və kreditlərlə təmin olunması ilə bağlı 37 tədbir keçirilmiş, 2100 sahibkarlıq subyektinə 130 milyon manat məbləğində güzəştli kreditlər verilmiş, maliyyələşdirilmiş layihələrin 99 faizi regionların payına düşmüşdür. Azərbaycan İnvestisiya Şirkətinin yerli və xarici investorlarla birgə Göyçay və Hövsanda süd emalı, Dəvəçidə quş əti istehsalı, Masazırda duz istehsalı, Abşeron, Xaçmaz və bir sıra digər rayonlarda istixana komplekslərinin qurulması layihələri davam etdirilir. Ağstafada süd kompleksinin, Şəmkirdə quşçuluq fabrikinin, Samuxda soyuducu anbarın, istixana kompleksinin inşası, eləcə də şüşə və toxum istehsalı ilə bağlı layihələr üzrə araşdırmalar aparılır. İnvestisiya Şirkətinin təcrübəsi göstərdi ki, investisiya fəaliyyətinin azaldığı böhran ilində belə İsveçrə, Böyük Britaniya, Sinqapur, Almaniya, Türkiyə, İsrail və digər ölkələrdən olan investorlar, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı ölkəmizlə əməkdaşlığa böyük maraq göstərməkdə davam etmiş, müxtəlif layihələrin icrasına dövlət zəmanəti olmadan böyük vəsaitlər qoymuşlar. Bu isə Azərbaycanda olduqca əlverişli investisiya mühitinin formalaşmasının nəticəsidir.

Sahibkarların məlumatlandırılması və maarifləndirilməsi məqsədilə "195-2" telefon məlumat xidməti fəaliyyətə başlamış, 15 rayonda fəaliyyət göstərən vergi terminallarından əlavə, 2013-cü ilədək bütün rayonlarda belə terminalların yaradılması nəzərdə tutulur.

Sahibkarlara, xüsusilə də kənd təsərrüfatı məhsulları istehsalçılarına ticarətin müasir metod və texnologiyalarından istifadəsində dəstək olacaq "elektron ticarət" veb-portalının və ölkənin elektron iqtisadi xəritəsinin yaradılması işləri başa çatmaq üzrədir. Aparılmış kompleks tədbirlər nəticəsində keyfiyyətli və rəqabətqabiliyyətli məhsul istehsalı artmış, beynəlxalq sərgilərdə, o cümlədən yanvar ayında Berlində keçirilmiş "Yaşıl həftə" sərgisində məhsullarımıza böyük maraq göstərilmişdir.

II Dövlət Proqramının icrası çərçivəsində turizm infrastrukturunun inkişafı ilə bağlı işlər davam etdirilmiş, cənab Prezidentin iştirakı ilə Şahdağ Qış-Yay Turizm Kompleksinin təməli qoyulmuş, Gəncədə beynəlxalq standartlara cavab verən "Ramada" mehmanxanası istifadəyə verilmişdir. Hazırda müasir standartlara cavab verən 20-dək turizm obyektinin tikintisi davam etdirilir.

Möhtərəm cənab Prezident!

Hörmətli konfrans iştirakçıları!

Birinci Dövlət Proqramında olduğu kimi, yeni proqramda da sosial infrastrukturun daha da inkişaf etdirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması prioritet vəzifələrdəndir. Ötən müddət ərzində Bakıda, Sumqayıtda və respublikanın 12 rayonunda müharibə əlilləri və şəhid ailələri üçün 707 mənzillik 23 yaşayış binası istifadəyə verilmişdir. Əmək pensiyalarının plastik kartlarla ödənilməsi sistemi təkmilləşdirilmiş, pensiyaçıların 97,3 faizi bu sistemə qoşulmuşdur. Yeri gəlmişkən bildirmək istəyirəm ki, qaza görə borcların silinməsi əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsinə, cənab Prezident, Sizin göstərdiyiniz diqqət və qayğının daha bir bariz nümunəsi olmuş, bu qərar əhali tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

2009-cu ildə 44-ü regionlarda olmaqla, 63 səhiyyə müəssisəsi tikilib istifadəyə verilmiş, 62-si regionlarda olmaqla, 87 məktəb binası tikilmiş və əsaslı təmir olunmuş, bədən tərbiyəsi və idman sahəsində işlər davam etdirilmiş, 7 olimpiya idman kompleksi, Bakı Tennis Akademiyası istifadəyə verilmiş, Bakıda Gimnastika Kompleksinin təməli qoyulmuşdur.

Ötən illərdə olduğu kimi 2009-cu ildə də Heydər Əliyev Fondu çoxşaxəli fəaliyyəti ilə Dövlət Proqramının icrasına öz töhfəsini vermişdir. Məhz fondun təşəbbüsü ilə əhalinin daha çox ehtiyac duyduğu bir çox obyektlər, o cümlədən 1600 şagird yerlik 6 məktəb binası və "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində xəstə uşaqların ümid yeri olan Talassemiya Mərkəzi inşa olunmuşdur.

Hörmətli konfrans iştirakçıları!

Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 2009-cu il ərzində 5300-dən çox yeni müəssisə yaradılmış, 54 min 500-ü daimi olmaqla 74 min iş yeri açılmışdır. Ötən il regionların sosial iqtisadi inkişafı sahəsində görülmüş işlərin nəticəsində əhalinin gəlirləri 8 faiz artmışdır.

Beləliklə, 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mükəmməl, praqmatik və qətiyyətli siyasəti nəticəsində bütün sahələrdə böyük nailiyyətlər əldə olunmuş, Dövlət Proqramının uğurlu icrasının möhkəm təməli qoyulmuşdur.

Möhtərəm cənab Prezident, Sizi əmin etmək istəyirəm ki, müəyyən etdiyiniz prioritet istiqamətlərə uyğun olaraq, bütün rayon və kəndlərin tarazlı inkişafına nail olunması və Dövlət Proqramından irəli gələn vəzifələrin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsi üçün bütün imkanlarımızı səfərbər edəcəyik.

Diqqətinizə görə minnətdaram.

 

***

 

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Mübariz AĞAYEV Mingəçevirdə həyata keçirilən quruculuq işlərindən danışaraq dedi ki, son illər şəhərin siması tamamilə dəyişmişdir. Ölkənin energetika qüdrətinin artırılması məqsədilə elektrik stansiyalarının modernləşdirilməsi, həmçinin bir sıra infrastruktur layihələrinin gerçəkləşdirilməsi nəticəsində şəhərdə işsizlik problemi demək olar ki, aradan qaldırılmışdır. Mübariz Ağayev bildirdi ki, regionların sosial-iqtisadi inkişafına dair 1-ci Dövlət Proqramının icrası sayəsində 60 yaşlı Mingəçevir yenidən gənclik dövrünü yaşayır.

Altmış ildən artıq tarixi olan Mingəçevirin energetika, sənaye şəhəri kimi formalaşması, inkişafı və dirçəlişi məhz ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Şəhərimiz tarixən özünəməxsus gözəlliyi, abadlığı, işgüzar mühiti ilə seçilmişdir.

Möhtərəm cənab Prezident!

Məhz Sizin diqqət və qayğınız sayəsində, Heydər Əliyevin yadigarı olan Mingəçevir şəhəri respublikanın hər bir bölgəsi kimi yenidən intensiv inkişaf mərhələsinə qədəm qoymuş, sözün əsl mənasında, yeniləşmiş, ötən əsrin 70-80-ci illərində olduğu kimi unikal sənaye və energetiklər şəhərinə çevrilməkdədir. Mingəçevirin siması tanınmaz dərəcədə dəyişmiş, sənaye, elm, turizm potensialı xeyli möhkəmlənmişdir. Siz Mingəçevirdə olarkən şəhərin perspektiv inkişaf istiqamətlərini və bu sahədə vəzifələrimizi dəqiq müəyyən etdiniz. Bunlardan biri ölkənin energetika qüdrətinin artırılmasında mühüm rolu olan Mingəçevirin enerji və sənaye potensialının daha da gücləndirilməsidir. Sizin tapşırığınızla, Dövlət Proqramına uyğun olaraq, Azərbaycan Elektrik Stansiyasında aparılan əsaslı modernləşmə işlərindən sonra onun istehsal gücü 2 dəfə artaraq 330 meqavata çatmışdır. Ölkədə istehsal edilən ümumi enerjinin 40 faizindən çoxu hazırda bu stansiyanın payına düşür.

Uğurlu sosial-iqtisadi islahatlar nəticəsində şəhərimizin sənaye potensialı güclənir, burada yeni müasir zavodlar, fabriklər tikilir. Sizin xeyir-duanızla fəaliyyətə başlayan "İnterenerji" yüksək gərginlikli elektrik beton dayaqları istehsalı, "Kür" kompüter avadanlıqları, "Mingəçevir İzolit" müəssisələri artıq yüksək texnologiya əsasında məhsul istehsal edirlər. Fəaliyyəti bərpa edilmiş "Azərneftmaş" və Mingəçevir maşınqayırma zavodlarında da istehsalın genişləndirilməsi istiqamətində zəruri tədbirlər görülür. Həyata keçirilmiş tədbirlər şəhərdə işsizlik problemini demək olar ki, aradan qaldırmış, əhalinin maddi rifah halının yaxşılaşmasına müsbət təsir göstərmişdir. Son 6 ildə 7227-si daimi olmaqla, 8033 yeni iş yeri açılmışdır. Bir faktı diqqətə çatdırmaq istərdim ki, təkcə müxtəlif səbəblərdən şəhəri tərk etmiş vətəndaşlar artıq Mingəçevirə dönürlər və burada yaşamağı, işləməyi daha məqsədəuyğun hesab edirlər.

Bu müddətdə istehsal sahələrində orta aylıq əməkhaqqı 350 manat təşkil etmiş, adambaşına düşən gəlir 1,4 dəfə, əhaliyə göstərilən ticarət, iaşə və digər xidmətlərin həcmi 5 dəfədən çox artmışdır.

Möhtərəm cənab Prezident!

Siz Mingəçevirdə olarkən demişdiniz ki, Mingəçevirin təbii imkanlarından da səmərəli istifadə olunmalı, buranın gözəl turizm zonasına çevrilməsi üçün lazımi addımlar atılmalıdır. Sizin bu sahədəki tapşırıq və tövsiyələriniz artıq uğurla həyata keçirilməkdədir.

Vaxtilə sovetlər məkanında analoqu olmayan "Kür" avarçəkmə bazası uzun illər istifadəsiz qalaraq dağılmış və tam yararsız vəziyyətə düşmüşdü. Bazanın yenidən qurulması ilə əlaqədar respublikamızın bütün beynəlxalq idman qurumlarına müraciəti cavabsız qalmışdı. Ancaq Sizin işə qarışmağınız nəticəsində indinin özündə belə unikal olan bu idman obyektinin tikintisi Dövlət Proqramına salınmış və Azərbaycanın öz daxili imkanları hesabına yenidən müasir dünya standartları səviyyəsində qurulur. Baza istifadəyə verildikdən sonra burada beynəlxalq yarışların keçirilməsi ilə yanaşı, həm də şəhərdə turizmin inkişafına daha böyük imkanlar açılacaqdır. Turizmin inkişaf etdirilməsi ilə bağlı Kür çayı sahilində artıq müasir tipli mehmanxana istifadəyə verilmiş, yeni "Sağ sahil" və "Turist" istirahət komplekslərinin tikintisinə başlanmışdır. Bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi ikinci Dövlət Proqramında da nəzərdə tutulmuşdur.

Möhtərəm cənab Prezident!

İndi şəhərimizdə hamının üzündə bir sevinc, təbəssüm duyulur. Sizin həyata keçirdiyiniz tədbirlər, göstərdiyiniz misilsiz kömək və qayğı nəticəsində bu gün əhalinin sosial problemləri artıq öz həllini tapmışdır. Mingəçevirin əvvəlki gözəlliyi, şənliyi, təravəti və xoş əhvali-ruhiyyəsi, idman və mədəni həyatı, bir sözlə, əsl şəhər həyat tərzi bu gün özünə qayıtmışdır. Mingəçevirin sakinləri adından qürur hissi ilə bildirmək istəyirəm ki, bu mühiti onlara Siz qaytarmısınız, möhtərəm Prezident!

Şəhərin mövcud infrastrukturu turizmin tələblərinə uyğun yenidən qurulur, ticarət, iaşə və xidmət sahələrinin yaradılması istiqamətində müvafiq işlər aparılır. Şəhərdə yeni parklar salınmış, fəvvarələr quraşdırılmış, bütün küçələrə asfalt döşənmiş, işıqlandırma sistemi tamamilə yenidən qurulmuş, yerüstü keçid tikilmişdir. Şəhərdə 50-dən artıq nümunəvi məhəllə yaradılmış, 300-dən artıq yaşayış binasının dam örtüyü, fasadı, eyvanları müasir üslubda yeniləşdirilmiş, mövcud liftlərin əksəriyyəti əsaslı təmir olunmuşdur.

Dövlət Proqramına uyğun olaraq şəhər stadionu əsaslı təmir edilmiş, Mingəçevir Dövlət Dram Teatrında müasir tələblərə cavab verən yenidənqurma işləri başa çatmaqdadır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında müstəsna əhəmiyyəti olan Heydər Əliyev Mərkəzinin tikintisi sürətlə davam etdirilir.

Möhtərəm cənab Prezident!

Şəhərimizin inkişafında əldə olunan nailiyyətlər bütün ölkədə olduğu kimi, Mingəçevirdə də Sizin adınızla bağlıdır. İcazə verin, bu diqqət və qayğıya görə şəhər sakinlərinin minnətdarlığını Sizə çatdırım. Əmin ola bilərsiniz ki, biz mingəçevirlilər həmişə olduğu kimi Sizin ölkəmizdə həyata keçirdiyiniz möhtəşəm quruculuq işlərində yaxından iştirak edəcək, böyük diqqət və qayğınıza əməli işimizlə cavab verəcəyik. Diqqətinizə görə sağ olun.

 

***

 

"Karat holdinq" şirkətinin icraçı direktoru Taleh QASIMOV sahibkarlığa dövlət qayğısından danışaraq qeyd etdi ki, özəl bölməyə ayrılan kreditlər və subsidiyalar ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında həlledici rola malikdir. O bildirdi ki, bu baxımdan əsasən ərzaq məhsulları istehsal edən "Karat holdinq" şirkəti öz məhsullarının çeşidini artırmaq və keyfiyyətini yaxşılaşdırmaqda daim dövlətin qayğısını hiss edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində Azərbaycan postsovet məkanında bəlkə də yeganə ölkədir ki, ərzaq təhlükəsizliyini təmin etmişdir. Bu gün ölkəmiz nəinki öz ehtiyaclarını yerli istehsal hesabına ödəyir, hətta bu məhsulları digər ölkələrə ixrac edərək, onların ərzaq təminatının yaxşılaşdırılmasına öz töhfəsini verir.

Bu nailiyyətin qazanılmasında sözsüz ki, bərqərar olmuş siyasi və iqtisadi sabitlik, əlverişli biznes mühiti, dövlətin sahibkarlığa diqqət və qayğısı həlledici amillərdir. Elə bu gün konfransın keçirildiyi bu Biznes Mərkəzi də cənab Prezidentin biz sahibkarlara göstərdiyi qayğının növbəti bir nümunəsidir.

Sahibkarlara göstərilən dövlət qayğısı və diqqət 1994-cü ildə fəaliyyətə başlamış şirkətimizin Cənubi Qafqaz regionunda yüksək keyfiyyətli qida məhsulları istehsal edən iri bir holdinqə çevrilməsinə təkan vermişdir. Müasir texnologiyaların tətbiqi, yüksək ixtisaslı kadrların hazırlanması qısa müddətdə müəssisəmizin istehsal etdiyi məhsulların çeşidinin və coğrafiyasının genişlənməsinə səbəb olmuşdur. Belə ki, fəaliyyətimizi Abşeron rayonunda başlamaqla, onu getdikcə ölkəmizin digər rayonlarına da genişləndirdik. Hazırda holdinqimizin fəaliyyəti Abşeron, Kürdəmir, Şəki rayonlarını əhatə edir. İstehsalımızın əsas istiqamətini un, müxtəlif çeşiddə makaron məhsulları, yumurta istehsalı təşkil edir. Dövlətin maliyyə dəstəyindən yararlanaraq verilən güzəştli kredit hesabına təkcə bu il, Şəki və Abşeron rayonlarında ümumi tutumu 22 min ton olan 2 elevatorun tikintisini yekunlaşdıracağıq. Qeyd edim ki, hər iki yeni elevatorda bu sahədə qabaqcıl təcrübəyə malik ABŞ-ın avadanlığından istifadə olunacaqdır. Aqrar sektora subsidiyaların və güzəştlərin verilməsi və digər tədbirlər nəticəsində rekord həcmdə taxılın yığıldığı 2009-cu ildə holdinqimiz əhalidən 80 min tondan çox yerli buğda qəbul etmişdir və əminəm ki, bu il biz bu göstəricini daha da artıracağıq.

Digər bir fəaliyyətimiz Abşeron rayonunun Məhəmmədi kəndində 900 min başlıq quşçuluq kompleksidir. Kompleks özündə inkubator, yem zavodu və damazlıq toyuqların saxlanmasını əhatə etməklə, hər gün 550 min ədəd yumurta istehsal edir. Holdinqimizdə ümumilikdə 1500-ə qədər iş yeri yaradılmış və onların ixtisas biliklərinin artırılmasına xüsusi önəm verilir.

Cənab Prezident, 2005-ci ildə Sizin xeyir-duanızla Gürcüstanın Marneuli şəhərində gündəlik 500 ton taxıl emal edən un fabrikimizi açmışıq. Məruzə edirəm ki, bu gün fəaliyyətini genişləndirən həmin müəssisənin nəzdində 80 min tonluq elevator da fəaliyyət göstərir. Müəssisəmizdə işləyən əməkdaşlarımızın hamısı Gürcüstanda yaşayan soydaşlarımızdır. Fəxrlə qeyd edə bilərik ki, yeyinti məmulatları, xüsusilə un, makaron, yumurta istehsalında bizim şirkətimiz daxili bazarda önəmli yerlərdən birini tutur və xarici həmkarlarımızın istehsal etdikləri məhsullarla tam rəqabət qabiliyyətlidir. Məhsullarımız Avropanın ən qabaqcıl texnologiyaları əsasında, xüsusilə İsveçrənin "Bühler" şirkətinin avadanlığı, habelə italyan dəzgahlarında istehsal olunur. Avtomatik və yüksəksürətli qablaşdırma gigiyena normalarına uyğun şəkildə aparılır və qablaşdırmanın çox çeşidli olması, eləcə də ən müasir tələblərə cavab verməsi satış və marketinq üçün əlverişli şərait yaradır. Artıq bu gün bizim müəssisəmizin istehsal etdiyi məhsullar Rusiya, Gürcüstan, İran kimi qonşu ölkələrə ixrac edilir.

Möhtərəm cənab Prezident, çıxışımın sonunda icazə verin, sahibkarlar adından bizə göstərdiyiniz dəstəyə, diqqətə və qayğıya görə Sizə öz minnətdarlığımızı bildirim.

 

***

 

Dəvəçi Rayon İcra Hakimiyyətinin başçısı Novruz NOVRUZOV həyata keçirilən dövlət proqramlarının bölgənin mənzərəsini tamamilə dəyişdirdiyini dedi və son vaxtlar rayonda həyata keçirilən çoxsaylı layihələr, aparılan genişmiqyaslı abadlıq və yenidənqurma işləri barədə məlumat verdi. İcra hakimiyyətinin başçısı son illər rayonda xeyli sayda istehsal müəssisəsinin yaradılmasına külli miqdarda investisiya qoyulduğunu diqqətə çatdırdı. Novruz Novruzov rayonun turizm potensialından istifadəni gerçəkləşdirmək planları barədə də danışdı:

Xalqımızın mənafeyinə və sosial rifahına xidmət edən, milli iqtisadi inkişaf modelinin tərkib hissəsi olan hər iki Dövlət Proqramının ahəngdarlıqla həyata keçirilməsi bölgənin sosial-iqtisadi mənzərəsini kökündən dəyişmişdir. Bu proqramlarda nəzərdə tutulan ölkə və yerli əhəmiyyətli çoxsaylı tədbirlər güclü vəhdət təşkil edərək bir-birini tamamlayır.

Cənab Prezident, böyük qürur və fəxrlə hesabat verərək bildirirəm ki, Sizin rayonumuzun ərazisində təməlini qoyduğunuz, ölkəmizin nəhəng tikintilərindən olan və mühüm əhəmiyyət kəsb edən Taxtakörpü Su Anbarının və Su Elektrik Stansiyasının tikintisi ilə Dəvəçi ölkənin iqtisadi infrastrukturuna daxil olmuş, onun böyük potensialı üzə çıxarılmışdır. Tikintisi uğurla davam edən Bakı-Rusiya Federasiyası magistral avtomobil yolunun Dəvəçi ərazisindən keçən hissəsinin rayon mərkəzindən kənara çıxarılması, respublikada ən böyük - uzunluğu 544 metr olan körpünün bu ərazidə inşası Dəvəçinin təkcə nəqliyyat infrastrukturuna deyil, bütün sosial-iqtisadi həyatına öz müsbət təsirini göstərməkdədir. Dövlət proqramlarında və əlavə Tədbirlər Planında Dəvəçi rayonunun sosial-iqtisadi inkişafı üçün nəzərdə tutulan bütün tədbirlər Sizin qayğınızla nəinki yerinə yetirilmiş, eyni zamanda həmin tədbirlərdən irəli gələn daha 30 layihə həyata keçirilmişdir.

Rayonda ümumi məhsul istehsalının həcmi 6 il əvvəlkindən 11 dəfə artaraq 215 milyon manata çatmışdır. Sənaye məhsullarının həcmi 2,8 dəfə, kənd təsərrüfatı məhsullarının həcmi 3,2 dəfə, orta aylıq əməkhaqqı isə 4 dəfədən çox artmışdır. Sizə məlumat vermək istəyirəm ki, rayonun sosial-iqtisadi inkişafını şərtləndirən çox mühüm göstəricilərdən biri də Dəvəçi rayonunun büdcəsinin 40 faizə qədərinin yerli daxilolmalar hesabına formalaşmasıdır. Ötən müddətdə rayonda orta və kiçik həcmli 100-dən çox layihənin reallaşdırılmasına 35 milyon manat dövlət vəsaiti yönəldilmişdir. İşsizliyin aradan qaldırılması istiqamətində görülən tədbirlər nəticəsində son bir neçə ildə rayonda beş minə yaxın yeni iş yeri açılmışdır ki, onların da iki min yeddi yüzü daimi iş yeridir.

Ölkədə sahibkarlığa göstərilən diqqət və qayğının, yaradılmış sağlam şəraitin nəticəsidir ki, "Dəvəçi Broyler" Səhmdar Cəmiyyətinin yenidən bərpa edilmiş 38 sexində ildə 10 min ton quş əti istehsal edilir. Quş ətinin dərin emalı sexinin və digər yardımçı sahələrin işə başlamasından sonra fabrikdə çalışanların sayı indiki 740 nəfərdən 1000 nəfərə çatdırılacaqdır. Gündəlik istehsal gücü 500 ton olan və 130 nəfər işçi qüvvəsinin çalışdığı "Dəvəçi Dəyirman" müəssisəsinin nəzdində ildə 50 milyon yumurta istehsal edən "Quşçuluq" kiçik müəssisəsi yaradılmışdır ki, burada da 50 nəfər işlə təmin olunmuşdur. Orta və kiçik sahibkarlıqla məşğul olan 8400 nəfərə son illərdə 11 milyon manata yaxın güzəştli kreditlər verilmişdir.

Həmişə kəndə, onun sadə insanlarına qayğısını əsirgəməyən ümummilli liderimiz torpağı kəndliyə qaytarmaqla onu yenidən öz mülkiyyətinin sahibi etdi. Siz isə, cənab Prezident, kəndlinin toxum, gübrə, damazlıq mal-qara, yanacaq, texnika ilə təmin edilməsinə dövlət dəstəyini verməklə bu sahədə çalışan yüz minlərlə insana yeni həyat, yeni nəfəs verdiniz. Bunun nəticəsidir ki, kəndlərdən şəhərlərə gedən insanlar artıq yenidən torpağa üz tuturlar. Son bir neçə ildə rayonda meyvə bağlarının sahəsi 3 dəfədən çox artırılaraq 1100 hektara çatdırılmış, 140 hektar üzüm bağı salınmışdır. Bu müddətdə tərəvəz istehsalı 2 dəfədən çox, heyvandarlıq məhsulları istehsalı və mal-qaranın baş sayı 20 faizdən çox artmışdır.

Sizin tapşırığınızla ötən ildən rayonda 20 min hektar torpaq sahəsini əhatə edəcək suvarma şəbəkəsinin yenidən qurulmasını nəzərdə tutan 11 milyon manatlıq layihənin icrasına başlanmışdır. İşlərin bu ilin sonunadək başa çatdırılması gözlənilir. Qeyri-neft sektorunun inkişafına göstərdiyiniz diqqət və qayğının nəticəsidir ki, cənab Prezident, son altı ildə rayonda aparılan abadlıq-quruculuq işlərinin həcmi 35 milyon manatdan çox olmuşdur.

Dəvəçi şəhərinin küçə və meydanları abadlaşdırılmış, müasir işıqlandırma şəbəkəsi yaradılmış, yeddi minə yaxın əhalisi olan yeddi kəndin içməli su təchizatı yaxşılaşdırılmışdır. Dəvəçi şəhərinin ən ciddi problemlərindən olan kanalizasiya xəttinin 19 kilometrində tikinti işləri başa çatmış və əsas küçələr artıq şəbəkəyə qoşulmuşdur. Qaz infrastrukturunun yenidən tikintisi böyük sürətlə davam etdirilir.

Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" devizi altında həyata keçirdiyi tədbirlər çərçivəsində 10 məktəb binası və əlavə sinif otaqları tikilib istifadəyə verilmiş, Dəvəçi şəhərinin mərkəzində Mədəniyyət sarayı əsaslı şəkildə bərpa edilmişdir.

Heydər Əliyev adına Parkın və Mərkəzin, Tarix-Diyarşünaslıq-Etnoqrafiya Muzeyinin tikintisi ilin sonunadək başa çatdırılacaqdır.

Hazırda rayonda 80 çarpayılıq yeni müasir xəstəxana binası da tikilir.

Cənab Prezident, əhalinin sosial ehtiyaclarının ödənilməsinə və rayonumuzda aparılan geniş tikinti-quruculuq işlərinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya rayonumuzun sakinlərinin sonsuz minnətdarlığını bildirirəm.

Qədim abidələrə və füsunkar təbiətə malik Dəvəçidə turizmin inkişafı imkanları ilə şəxsən tanış olmağınız və verdiyiniz tapşırıqlar bu sahəyə diqqətin artmasına səbəb olmuşdur. Turizmin inkişafı üçün altı min hektar torpaq sahəsi müəyyənləşdirilmiş və bu sahələrin yer quruluşu sənədləri hazırlanaraq müvafiq strukturlara təqdim edilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin hələ 1983-cü ildə "Azərbaycanın şəhər mədəniyyətinin nadir nümunəsi" adlandırdığı qədim Şabran və Çıraqqala tarixi qoruqlarının mühafizəsi, ərazilərinin bərpa edilməsi və abadlaşdırılması istiqamətində bütün mümkün tədbirlər görülür.

Möhtərəm cənab Prezident, Sizin böyük üzaqgörənliklə işləyib hazırladığınız və həyata keçirdiyiniz regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarına uyğun olaraq bölgələrdə müasir, güclü infrastrukturun qurulması, yeni müəssisələrin yaradılması, iş yerlərinin açılması bu gün, sözün əsl mənasında, Azərbaycan vətəndaşının sosial rifahına xidmət edir. Bildirmək istəyirəm ki, bu gün Dəvəçidə iş axtaran insanlar yox, işçi axtaran sahibkarlar vardır.

Sizin dediyiniz kimi, möhtərəm cənab Prezident, Azərbaycan çox çətin və mürəkkəb, ancaq şərəfli bir keçid dövrünü başa vuraraq özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Respublikanı tərəqqiyə və xoşbəxt gələcəyə aparan bu yeni mərhələdə biz dəvəçililər də vətənimizin çiçəklənməsi yolunda qüvvə və bacarığımızı əsirgəməyəcəyik. Diqqətinizə görə sağ olun.

 

***

 

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İSAYEV dedi ki, cəbhə bölgəsində yerləşməsinə baxmayaraq, rayon əhalisi dövlət proqramlarının uğurla reallaşmasında yaxından iştirak edir. Düşmənlə üz-üzə olan tərtərlilər öz rayonlarının tərəqqisi naminə hər bir sahədə həvəslə çalışırlar. Son illər bütün növ kənd təsərrüfatı məhsulları istehsalında əsaslı artım müşahidə edilmişdir. Dövlət Proqramının icrasının ilk ili də rayon üçün uğurlu olmuşdur:

- Cənab Prezident!

Sizin rayonumuza 2006-cı ilin martında tarixi səfəriniz, bu səfər zamanı ön cəbhədə olmağınız, rayon ictimaiyyəti ilə görüşünüz tərtərlilərdə gələcəyə olan inamı daha da artırmış, diqqət və qayğınız Tərtərin sosial-iqtisadi inkişafının sürətlənməsinə zəmin yaratmışdır. Son 5 ildə rayonumuzda ümumdaxili məhsulun həcmi 2,9 dəfə artmış, 18 yeni istehsal müəssisəsi, o cümlədən 10 adda məhsul istehsal edən süd emalı zavodu, aqrolizinq, mebel fabriki, bitki yağı istehsal edən müəssisə, quşçuluq fabriki tikilmiş, elektromexanika zavodunun fəaliyyəti bərpa olunmuşdur. Dövlət proqramlarının uğurla icra olunmasının nəticəsidir ki, 2004-2008-ci illərdə rayonda 8955 iş yeri açılmışdır ki, onlardan da 4150-si daimi iş yeridir. 2009-cu ildə isə 573 yeni iş yeri açılmışdır. Ümumdaxili məhsulun 98 faizi özəl sektorda istehsal olunur. Son 5 ildə 172 sahibkarlıq obyekti istifadəyə verilmişdir.

Möhtərəm cənab Prezident, ulu öndərimiz Heydər Əliyevin dediyi kimi, gözəl təbiəti, bərəkətli torpağı, əməksevər insanları olan Tərtər bu gün Sizin qayğınızla inkişaf etmiş kənd təsərrüfatı rayonuna çevrilmişdir. Kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların verilməsi, güzəştli şərtlərlə gübrələrin satılması hər yerdə olduğu kimi, Tərtərdə də aqrar sahənin sürətli inkişafına təkan vermişdir. Təkcə bir faktı göstərmək istəyirəm ki, rayonda əkin sahələri 1,4 dəfə artmış, rayonun tarixində ilk dəfə olaraq 2009-cu ildə 73 min ton yüksək keyfiyyətli taxıl istehsal edilmişdir. Belə yüksəlişi şərtləndirən səbəblərdən birini xüsusi qeyd etmək istəyirəm. Əsas suvarma mənbəyi olan Sərsəng su anbarının işğalından sonra tərtərlilər daim suvarma suyu problemi yaşamışlar. Sizin 2006-cı il 24 mart tarixli sərəncamınızla təsdiq edilmiş "Azərbaycan Respublikasının Ağdam, Bərdə və Tərtər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Planı"na uyğun olaraq rayonumuzda 50 yeni subartezian quyusu qazılmış, 400-ü bərpa edilmişdir. 100 hidroqurğu yenidən qurulmuş, torpaqlar meliorativ cəhətdən yaxşılaşdırılmışdır.

Möhtərəm cənab Prezident, Sizin, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın düşmən tapdağından tezliklə azad olunacağına böyük inam, ordumuzun ön cəbhədə möhkəm dayanması, torpağa olan məhəbbət nəticəsində cəbhə xəttinə çox yaxın olan Ağdərə ərazisində uzun müddət əkilməyən 6 min hektar torpaq və minalardan təmizlənmiş 600 hektara yaxın sahə bu gün tərtərlilər tərəfindən yenidən əkilib becərilir. İşğaldan azad olunmuş Şıxarx, Həsənqaya, Çaylı kəndlərində yaşayış üçün şərait yaradılmış və 206 ailə heç nədən çəkinmədən qoşunların təmas xəttinə çox yaxın olan bu kəndlərdə məskunlaşmış və təsərrüfat işləri ilə məşğuldurlar.

Əvvəlki illərdə bir çox sosial problemlərlə üzləşib sabaha ümidini itirərək rayonu tərk etmiş 400-ə yaxın ailə və ya 2 mindən çox tərtərlinin rayona qayıdaraq sosial-iqtisadi inkişaf proseslərinə qoşulması, son 5 ildə rayon əhalisinin 6 min nəfər artması cənab Prezident, şəxsən Sizə, günü-gündən qüdrətlənən dövlətimizə olan böyük inamın və dövlət proqramlarının uğurlu icrasının məntiqi nəticəsidir. Uzun illər qaz, su, işıq, yol sarıdan əziyyət çəkən, iş yerləri olmayan, abadlıq, quruculuq işləri aparılmayan Tərtərdə Sizin diqqət və qayğınız nəticəsində insanları narahat edən əsas problemlər aradan qaldırılmışdır. Bu gün rayon əhalisi fasiləsiz elektrik enerjisi ilə təmin olunur. İçməli su problemi əsasən həll olunmuş, rayon mərkəzi və 14 kənd qazlaşdırılmış, hazırda rayonun daha 35 kəndinə qaz xətti çəkilir. 200 kilometr kənd yolları əsaslı təmir edilmişdir.

Möhtərəm cənab Prezident, bu gün ərazisindən 50 kilometr cəbhə xətti keçən Tərtər Sizin qayğınızla sürətlə inkişaf edir, çox qaynar bir həyat yaşayır. Son dövrdə 154 min kvadratmetr yeni mənzil fondu istifadəyə verilmiş, 672 fərdi ev tikilmiş, 560 ailəyə həyətyanı sahə ayrılmışdır. Onu da qeyd edim ki, inşa edilən evlərin və ayrılmış torpaq sahələrinin əksəriyyəti cəbhə bölgəsinə yaxın ərazilərdə yerləşir. Ümumiyyətlə, bu gün yeni inkişaf dövrünü yaşayan Tərtərin elə bir yaşayış məntəqəsi, elə bir küçəsi, elə bir məhəlləsi yoxdur ki, orada tikinti-abadlıq işləri aparılmasın.

Rayonda infrastrukturun yaxşılaşdırılması istiqamətində mühüm işlər görülmüş, 17 təhsil, səhiyyə və mədəniyyət obyekti, 4 min nömrə tutumu olan 12 elektron ATS, 15 poçt şöbəsi tikilib istifadəyə verilmişdir. Rayon mərkəzinin də siması tanınmaz dərəcədə dəyişilmişdir. Bugünkü Tərtəri görən heç kəs inanmır ki, gündən-günə genişlənən, gözəlləşən, hər bir infrastruktura malik bu müasir şəhərin cəmi bir neçə yüz metrliyindən cəbhə xətti keçir. Hər yanan lampasının cəbhənin o tayında zülmət içində yaşayan düşmənin gözünə ox kimi sancıldığı bu şəhərdə, hər gün 2000-dən artıq işıqlandırma nöqtəsi Tərtərin gecələrini çıraqbana çevirmişdir. Dünənə qədər güllə yağışı altında olan, 700-dən artıq partlamamış mərmidən təmizlənmiş rayon mərkəzində 8 min kvadratmetr sahəsi olan mərkəzi meydan inşa olunmuş, 30 park və istirahət guşəsi salınmış, milli memarlıq üslubunda 14 fəvvarə və 27 bulaq tikilmiş, 21 prospekt və küçə yenidən qurulmuş və asfaltlanmışdır. Rayon mərkəzində 8 yeni inzibati bina tikilmiş, 77 yaşayış binası əsaslı təmir edilmişdir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün iki 16 mənzilli, bir 24 mənzilli yaşayış binası, 5 fərdi ev tikilib istifadəyə verilmiş, müharibədən zərərçəkmiş 47 fərdi ev yenidən tikilmişdir.

Siz Tərtər ictimaiyyəti ilə görüşünüz zamanı qeyd etdiniz ki, "...indi Tərtərin yeni dövrü başlayır. Mən əminəm ki, burada görülmüş işlər və bundan sonra görüləcək işlər rayonun hərtərəfli inkişafına xidmət göstərəcəkdir". Sizin uzaqgörənliklə dediyiniz bu fikir tərtərlilərin fəaliyyət proqramına çevrilmişdir. Regionların sosial-iqtisadi inkişafına dair qəbul edilmiş ikinci Dövlət Proqramında rayonun bütün sahələrini əhatə edən 41 tədbirin yerinə yetirilməsi nəzərdə tutulmuş və artıq onun icrasına başlanmışdır.

Möhtərəm cənab Prezident, bu gün düşmənlə üz-üzə olan tərtərliləri heç nə qorxutmur. Rayonda böyük ruh yüksəkliyi, əmək coşqunluğu, qurub-yaratmaq əzmi hökm sürür.

Sizi əmin edirik ki, regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramını da uğurla həyata keçirmək üçün bütün qüvvələrimizi səfərbər edəcək, respublikamızın inkişafına öz töhfəmizi verəcəyik. Diqqətinizə görə sağ olun!

 

***

 

"Ultra" şirkətinin baş direktoru Tahir MİRKİŞİLİ qeyd etdi ki, informasiya texnologiyaları sahəsi ölkənin imicini dəyişən amillərdən birinə çevrilmişdir. O, son illər Azərbaycanda bu sahədə baş verən yeniliklərdən danışaraq demişdir ki, hazırda informasiya kommunikasiya texnologiyaları ölkədə ən stabil inkişaf edən sahələrdən biridir. Bu inkişaf təhsildə informasiya proqramlarının tətbiqinə də geniş imkanlar açmışdır:

- Hazırda ölkə iqtisadiyyatının inkişafını informasiya texnologiyalarsız təsəvvür etmək qeyri-mümkündür. İnformasiya texnologiyaları sahəsi rəqabət üstünlükləri yaradan və ölkə imicini dəyişən ən mühüm amilə çevrilmişdir. Məhz bu amili daim yüksək qiymətləndirən möhtərəm Prezidentimiz bu sahənin innovativ iqtisadiyyatın inkişafı üçün çox mühüm olduğunu önə çəkərək informasiya texnologiyalarını ölkəmizdə prioritet sahə elan etmişdir. Ölkəmizdə bərqərar olmuş siyasi sabitlik, əlverişli biznes mühiti, sahibkarlığın dövlət tərəfindən dəstəklənməsi sayəsində son illərdə inkişaf etmiş aparıcı informasiya texnologiyaları şirkətlərindən biri kimi, "Ultra" şirkəti üzərinə düşən məsuliyyəti dərk edərək bu istiqamətdə keyfiyyətcə yeni və milli maraqları əks etdirən, kifayət qədər yüksək səy və dözüm tələb edən addımlar atmışdır.

Həyata keçirdiyimiz layihələrin əsas məqsədlərini aşağıdakılar təşkil edir. Birincisi, innovativ iqtisadiyyatın inkişafına çalışmaq və informasiya texnologiyalarını tətbiq etməklə elm-iqtisadiyyat-sosial həyat qarşılıqlı əlaqələrinin genişləndirilməsi, ikincisi, elektron hökumət sahəsində səmərəli və vizual idarəetmə metodlarını özündə əks etdirən xüsusi proqram resurslarının yaradılması və tətbiqi, nəhayət üçüncüsü, informasiya texnologiyaları - iqtisadi artım, informasiya texnologiyaları - elmin inkişafı, informasiya texnologiyaları - beynəlxalq inteqrasiya və digər iqtisadi-texniki və fəlsəfi bağlılıqların ölkəmizdəki strateji sosial-iqtisadi inkişafa uğurlu tətbiqi. Kifayət qədər iddialı səslənən bu məqsədləri həyata keçirmək üçün şirkətimizin təşəbbüsü ilə informasiya texnologiyaları sahəsində dünyanın 11 qabaqcıl ölkəsinin şirkətlərini birləşdirən beynəlxalq konsorsium yaradılmışdır. Konsorsiuma dünyanın nəhəng şirkətlərindən olan İntel, Microsoft, HP, Cisco kimi korporosiyalar daxildir. Konsorsiumun əsas məqsədi dünya informasiya texnologiyaları sektorunda baş verən ən mühüm yeniliklərin Azərbaycana transformasiyasıdır. Xüsusilə qeyd etmək istərdim ki, son illərdə möhtərəm Prezidentimizin bu korporasiyaların rəhbərləri ilə görüşləri belə bir konsorsiumun yaradılmasında müstəsna rol oynamışdır. Məhz bu dediklərimizi əsas tutaraq hələ 2003-cü ildən başlayaraq İntel və Microsoft korporasiyalarının dəstəyi ilə MDB və Şərqi Avropa ölkələrinin əksəriyyətinin daxil olduğu məkanda Rusiyadan sonra ikinci, yerləşdiyimiz coğrafi regionda isə birinci olan bir layihə həyata keçirilmişdir: Azərbaycanda milli marka - "NEXUS" ticarət markalı noutbukların buraxılışına başlanılmışdır.

Möhtərəm cənab Prezident, hələ o zaman "NEXUS" noutbuklarının buraxılışını Siz yüksək qiymətləndirərək şirkətimizə Azərbaycan hüdudlarını aşmağı və ixraca yönəlməyi tövsiyə etmişdiniz. Məruzə etmək istərdim ki, ötən müddət ərzində Rusiya, Turkiyə, İran, Orta Asiya ölkələri, Gürcüstan və hətta Avropa İttifaqına daxil olan Almaniya və Belçika kimi ölkələrin bazarına sınaq məqsədilə çıxarılan "Made in Azerbaijan" yarlıqlı noutbuklar çox böyük kommersiya marağına səbəb olmuşdur. Təsadüfi deyil və eyni zamanda qürurludur ki, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi və BMT baş katibinin müavini kimi dünyada bir çox nüfuzlu insanlar Azərbaycan məhsulunun istifadəçiləridirlər. Ölkəmizdə rəğbətlə qarşılanan və digər ölkələrdə rəqabətqabiliyyətli məhsul kimi qəbul edilən "NEXUS" noutbukları Sizin sahibkarlara növbəti hədiyyəniz olan bu gözəl Biznes Mərkəzinin sərgi salonunda nümayiş etdirilir.

Hörmətli konfrans iştirakçıları!

Hazırda Azərbaycanın 11 bölgəsində yerləşən nümayəndəliklərimizin Heydər Əliyev Fondunun yaxından dəstəyi ilə həyata keçirdiyi və ölkənin bütün regionlarını əhatə edən "Təhsildə informasiya texnologiyalarının tətbiqi" proqramları artıq öz müsbət bəhrəsini verməkdədir. Bu gün vahid bir mərkəzdən idarə olunan elektron tədris sistemi getdikcə təhsilin inkişafına və təhsil-cəmiyyət əlaqəsinin güclənməsinə xidmət etməkdədir.

Bununla yanaşı, son illərdə şirkətimiz tərəfindən regionlarda bir çox innovativ layihələr həyata keçirilmişdir. Belə ki, Gəncə, Sumqayıt, İsmayıllı şəhərlərində əhalinin istifadəsi üçün simsiz internet zonaları və innovasiya mərkəzləri, Naxçıvan Muxtar Respublikasında informasiya texnologiyalarının inkişafı üçün simsiz internet zonalarının yaradılması və informasiya texnologiyaları üzrə olimpiadaların keçirilməsinə dəstək və digər istiqamətlərdə vacib işlər görülmuşdür. Qazax rayonunda Heydər Əliyev Elm Mərkəzi çərçivəsində Şərqi Avropada ən müasir və ən böyük olan rəqəmli planetarium sistemi qurulmuş, xüsusi virtual interaktiv sistem yaradılmışdır. Elektrik, qaz, su ödənişlərinin avtomatik idarəedilməsi üçün proqram təminatı hazırlanmış və tətbiq edilmişdir. 2009-cu ildən başlayaraq ölkə miqyasında tərəfimizdən "Elektron imza", "Elektron maliyyə", "Elektron sənəd dövriyyəsi", "Elektron bank", "Elektron sığorta" və digər elektron hökumət layihələri həyata keçirilir.

Şirkətimiz tərəfindən ölkəmizdə ilk dəfə Heydər Əliyev Fondunda tətbiq edilmiş elektron idarəetmə sistemi dünyada ən müasir sistemlərdəndir. Öz unikallığına görə fərqlənən bu proqram məhsulları ilə biz Avropa bazarına çıxmağı planlaşdırırıq.

Möhtərəm cənab Prezident, biz milli maraqları önə çəkən, öz maraqlarımızı milli maraqlar çərçivəsində reallaşdıran bir şirkət kimi, Sizin dəstək və qayğınızı hər an hiss edirik. Məhz bu dəstəyə, yaradılmış əlverişli biznes və investisiya mühitinə arxalanaraq, beynəlxalq tərəfdaşlarımızla birlikdə qarşıdakı illərdə fəaliyyətimizi daha da genişləndirmək, ölkəmizin yüksək texnologiyalar mərkəzinə çevrilməsinə öz töhfəmizi vermək əzmindəyik. Yüksək diqqətinizə görə minnətdaram!

 

***

 

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Taleh QARAŞOV Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş ikinci Dövlət Proqramı üzrə rayonda daha qlobal məsələlərin öz həllini tapmasının planlaşdırıldığını bildirmişdir. Birinci proqramın icrası nəticəsində insanları narahat edən problemlərin əsas hissəsi aradan qalxmışdır. Bunun nəticəsidir ki, bütün bölgələr kimi, Neftçalanın da böyük tərəqqi yolunda olduğunu deyən Taleh Qaraşov qazanılmış uğurların davamlı olması məqsədi ilə görülən tədbirlər barədə məlumat vermişdir. O, həmçinin təhsil müəssisələrinin, vacib sosial obyektlərin tikintisinə dövlət qayğısı ilə yanaşı, Heydər Əliyev Fondunun dəstəyini xüsusi qeyd etmişdir:

- Birinci Dövlət Proqramı təsdiq olunarkən rayonda sənaye, tikinti, aqrar sahələrdə ciddi problemlər mövcud idi. Həmin dövrdə abadlıq-quruculuq sahəsində də nəzərəçarpacaq işlərin görülməsi mümkün deyildi. Elektrik, qaz və içməli su təchizatında ciddi çatışmazlıqlar var idi.

Bu gün isə mən bu yüksək kürsüdən bildirmək istəyirəm ki, 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında Neftçala rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin müvəffəqiyyətlə yerinə yetirilməsi nəticəsində insanları narahat edən problemlər, əsasən aradan qaldırılmış, aqrar sahədə, sənaye sektorunda, tikintidə, eləcə də əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində bir çox məsələlər öz həllini tapmışdır.

Neftçalada 10 il əvvəl insanları narahat edən problemlərin xüsusi çəkisi bu gün tamamilə yox dərəcəsinə enmişdir. Vaxtilə "neft çalası" kimi tanınan, müasirlikdən uzaq, yaşayış səviyyəsi aşağı olan bir rayon indi özünün çiçəklənmə mərhələsinə qədəm qoymuşdur. Sözün həqiqi mənasında, Neftçala bu gün böyük tərəqqi yolundadır.

Müqayisə üçün qeyd etmək istəyirəm ki, 2003-cü ildən sonrakı dövrdə Neftçalada ümumi məhsul istehsalının həcmi 5,6 dəfə, əhalinin gəlirləri 4,3 dəfə artmışdır. Ötən dövrdə rayonda 100-dən artıq yeni müəssisə yaradılmış, 1817 fiziki şəxs sahibkarlıq fəaliyyətinə başlamış, 10235 yeni iş yeri açılmışdır ki, bunun da 6682-si daimi iş yerləridir.

Möhtərəm cənab Prezident, qazanılmış uğurların daha ahəngdar və davamlı olmasını təmin etmək məqsədi ilə biz neftçalalıların da təklifləri öz əksini tapmış ikinci Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər rayonumuzda müvəffəqiyyətlə icra edilməkdədir. Nəticədə 2009-cu ildə sənaye istehsalına investisiya qoyuluşu 2003-cü illə müqayisədə 5,7 dəfə artaraq 25 milyon manat təşkil etmişdir. Burada təkcə onu demək kifayətdir ki, əgər 2003-cü ildə sənaye istehsalının həcmi ümumi daxili məhsulun cəmi 5,2 faizini təşkil edirdisə, bu göstərici 2009-cu ildə 4 dəfə artaraq 23,4 faizədək yüksəlmişdir.

Məlumat vermək istəyirəm ki, 2007-ci il avqustun 23-də rayonumuzda olarkən xeyir-duanızla istifadəyə verilmiş "Azər Yod" zavodunun 2-ci bloku artıq işə düşmüş, istehsal olunan yod məhsulunun həcmi 2 dəfədən çox artmışdır, hazırda 3-cü blokda işlər davam etdirilir. Sovetlər dövründə yod məhsullarının yeganə istehsalçısı olan və uzun illər fəaliyyətsiz qalmış bu müəssisənin məhsulları bu gün bir çox xarici ölkələrə ixrac olunur.

Rayonumuzda mövcud olan Xıllı nərə balıqartırma zavodu da fəaliyyətini genişləndirmiş, ötən il tikintisinə başlanmış "Dizain-qlas" şüşə istehsalı və "Azərpamservis" dərinlik dalma nasoslarını təmir edən müəssisələrdə yeni istehsal sahələri yaradılmışdır.

Dövlət Proqramında nəzərdə tutulan və bütün yaşayış məntəqələrinin qazlaşdırılmasını əhatə edən irimiqyaslı layihənin icrasına başlanmış, hazırda bu işlər sürətlə davam etdirilir. Bu layihənin reallaşması nəticəsində Neftçala şəhərinin qaz təchizatı tamamilə yenidən qurulacaq, həmçinin rayonun 48 kəndinin qazlaşdırılması təmin ediləcəkdir ki, bu da əhali tərəfindən böyük sevinc və minnətdarlıq hissi ilə qarşılanır.

Son illər rayonda genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir, yaşayış massivlərində yeni istirahət parkları və yaşıllıqlar salınır, müasir işıqlandırma sistemləri və fəvvarələr quraşdırılır, küçə və meydanlar, yaşayış binaları günün tələblərinə uyğun yenidən qurulur.

Möhtərəm cənab Prezident!

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası aqrar-sənaye rayonu kimi Neftçalanın böyük potensial imkanlarını da üzə çıxarmışdır. Rayonun tarixində ilk dəfə olaraq ötən il 104 min ton taxıl istehsal olunmuşdur.

Sizin diqqət və qayğınızı rayonumuzun bütün sakinləri kimi hər bir kənd əməkçisi də gündəlik həyatında hiss edir. Suvarma suyu ilə təminatdakı çətinliyi nəzərə alaraq, Sizin tapşırığınızla ötən ildən 18 min hektar əkin sahəsi olan Xol zonası adlanan əraziyə uzunluğu 25 kilometr, dəyəri 31 milyon manat olan magistral su kanalının çəkilməsinə başlanmışdır. Yeni kanal tam işə salındıqdan sonra ərazidə kənd təsərrüfatı məhsullarının istehsalı sürətlə artacaq və 24 min nəfər əhalinin həyat səviyyəsi və güzəranı durmadan yaxşılaşacaqdır.

Yeri gəlmişkən bir məsələni xüsusilə qeyd etmək istəyirəm ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasına, cənab Prezident, daim nəzarət etməyiniz və yerlərə səfərləriniz zamanı onların yerinə yetirilməsi vəziyyətini şəxsən öyrənməyiniz məsələlərin həllinə cavabdeh olan mərkəzi və yerli icra hakimiyyəti orqanlarının məsuliyyətini daha da artırmaqla onların birgə əməli fəaliyyətini gücləndirir, yerlərdə sosial əhəmiyyətli infrastruktur layihələrinin həyata keçirilməsini sürətləndirir. Bunun səmərəsini biz gündəlik fəaliyyətimizdə daha çox hiss edirik.

Möhtərəm cənab Prezident!

Dinamik inkişaf ölkəmizdə, o cümlədən Neftçalada mühüm sosial layihələrin icrası ilə müşayiət olunur. Sizin və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, çox hörmətli Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində təkcə 2009-cu ildə 5 orta məktəb binası, Qarabağ əlilləri və şəhid ailələri üçün 48 mənzilli yaşayış binası tikilib istifadəyə verilmiş, rayon Mədəniyyət və İncəsənət Sarayı, Şahmat Məktəbi və bir çox səhiyyə, təhsil, mədəniyyət obyektləri və yaşayış binaları müasir memarlıq üslubunda təmir edilmişdir.

Sizin Neftçala rayonunda olarkən dediyiniz "Neftçalanın siması dəyişir, getdikcə gözəlləşir" sözləri, möhtərəm cənab Prezident, hər bir neftçalalının qurub-yaratmaq əzmini daha da artırır. Sizin rəhbərliyinizlə dövlətimizin dəqiq hədəflərə istiqamətlənmiş sosial-iqtisadi inkişaf xəttinin uğurla davam etdirilməsi onu deməyə əsas verir ki, növbəti illərdə də regionlarda iqtisadi və sosial məsələlər öz həllini tapacaq, vətəndaş mənafeyinə xidmət göstərən iqtisadi siyasət strategiyanız daha yüksək nəticələr verəcəkdir.

Sizi əmin etmək istəyirəm ki, doğma Azərbaycanımızın tərəqqisi, xalqımızın xoşbəxt və firavan gələcəyi naminə gördüyünüz işlərdə neftçalalılar fəal iştirak edəcək, böyük diqqət və qayğınıza öz əməli işimizlə cavab verəcək, qarşımıza qoyulmuş vəzifələrin yüksək səviyyədə, ləyaqətlə həyata keçirilməsi üçün bütün gücümüzlə çalışacağıq.

Diqqətinizə görə sağ olun.

 

***

 

Prezident İlham Əliyev konfransda yekun nitqi söylədi.

 

 

Azərbaycan.- 2010.-  13 mart.- S.  3, 4.