Almaniya Dağlıq
Qarabağ münaqişəsinin
həllində Azərbaycanın
ədalətli mövqeyini
dəstəkləyir
Azərbaycanda mətbuatın inkişafı üçün beynəlxalq təcrübəyə ehtiyac var. Qanunverici orqan olan ölkə parlamenti kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün hüquqi baza yaradıb. Həmin istiqamətdə işlər gələcəkdə də davam etdiriləcək. Bu sözləri Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov martın 12-də Almaniya Bundestaqının nümayəndə heyəti ilə keçirdiyi görüşdə dedi. Azad mətbuatın inkişafının insan hüquqlarının müdafiəsinə xidmət etdiyini bildirən Ziyafət Əsgərov ölkəmizdə bu prinsiplərə xüsusi önəm verildiyini diqqətə çatdırdı.
Milli Məclis Sədrinin birinci müavini bildirdi ki, ölkəmiz müstəqillik qazandıqdan sonra 1995-ci ildə yeni Konstitusiyasını qəbul etdi və bu prosesdə inkişaf etmiş dövlətlərin təcrübəsindən bəhrələndi. Azərbaycan dövlətinin ali məqsədi hər bir vətəndaşın hüququnu qorumaqdan, insanların layiqli həyat səviyyəsini təmin etməkdən ibarətdir. Konstitusiyanın qəbulundan sonra mətbuatın, söz və fikir azadlığının inkişafı zərurəti ortaya çıxdı və bununla bağlı ölkəmizdə mühüm işlər görüldü.
Azərbaycan-Almaniya münasibətlərinə toxunan Ziyafət Əsgərov ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə etdi. Bildirdi ki, Azərbacan Prezidenti İlham Əliyev 2007-ci ildə bu ölkəyə rəsmi səfər edib. Hər iki dövlətin qanunverici orqanlarının dostluq qrupları bu əlaqələrin inkişafında mühüm rol oynayırlar. Azərbaycan Almaniya ilə əlaqələrin genişləndirilməsinə böyük önəm verir. Milli Məclis Sədrinin birinci müavini dedi ki, Almaniya Kanslerinin və Bundestaqının rəhbərliyinin respublikamıza səfərləri ikitərəfli münasibətlərin daha da inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.
Almaniya Bundestaqının sabiq üzvü Eduard Lintner son illər Cənubi Qafqaz regionunun əhəmiyyətinin daha da artdığını qeyd edərək Kansler Angela Merkelin Azərbaycana səfərinin zəruri olduğunu bildirdi. Qeyd etdi ki, Azərbaycan Avropa dövlətləri üçün önəmli tərəfdaşdır. Həm Almaniyanın, həm də Avropanın digər ölkələrinin bir sıra məsələlərin həllində ölkəmizin yardımına ehtiyacı var. Azərbaycanla Almaniya arasında hələ XIX əsrdə qurulan əlaqələr və əməkdaşlıq bu gün də uğurla davam etdirilir. Eduard Lintner Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxundu. Bildirdi ki, Almaniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Avropa Birliyi ölkələri bu münaqişənin tezliklə həlli üçün kifayət qədər səy göstərmir. Almaniya həmin qurumdakı tərəfdaş dövlətlərə problemin həlli üçün təsir göstərəcəkdir.
Görüşdə digər məsələlərə də toxunuldu. Milli Məclis Sədrinin birinci müavini Almaniya Bundestaqının nümayəndə heyəti üzvlərinin suallarını cavablandıraraq Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin mövqeyini qonaqların diqqətinə çatdırdı.
Anar RASİMOĞLU
Azərbaycan.- 2010.- 13
mart.- S. 6.