Əmrə müntəzir əsgər

 

 Ötən ilin yekunlarına görə, yenə iqtisadi inkişaf göstəriciləri baxımından dünyada lider mövqedən çıxış edən Azərbaycanın ordusu da gündən-günə güclənir. Ümumiyyətlə, sosial-iqtisadi inkişaf proqramlarında nəzərdə tutulan möhtəşəm vəzifələrin uğurla reallaşmasını təmin etməklə xalqın həyat səviyyəsini yüksəltməyə bacarıqla nail olan Azərbaycan Prezidenti İlham Əliyev Ali Baş Komandan kimi ordumuzun qüdrətlənməsinə də böyük önəm verir, müharibəyə zorla cəlb edilmiş ölkəmizin bu münaqişənin bütün parametrlərində hərbi üstünlüyünü gerçəkləşdirmək üçün siyasi uzaqgörənlik, müdrik sərkərdə iradəsi və qətiyyəti nümayiş etdirir.

 

Təəssüf ki, Qarabağ müharibəsinin birinci mərhələsində ölkəmizdə hakimiyyət uğrunda tüğyan edən siyasi çəkişmələr düşmənlərimizin üstünlük qazanmasına rəvac verdi. Nəticədə xeyli ərazi itirdik, çox sayda şəhid verdik, bir milyon nəfərə yaxın soydaşımız doğma yurd-yuvalarından, isti ev-eşiklərindən didərgin salınıb qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum edildi.

Müharibə isə hələ bitməyib. Elan olunmuş atəşkəs də əslində nisbi xarakter daşıyır. Reallıq belədir: cəbhə bölgəsində demək olar ki, hər gün güllə səsləri eşidilir. Atəşkəs dövründəki şəhidlərimizin sayı da təəssüf ki, çoxdur. Uzun illərdən bəri davam edən sülh danışıqlarının ermənilərin sayəsində nəticəsiz qalması isə bu günün reallıqları barədə ciddi düşünməyi aktuallaşdırmışdır.

Artıq dövlətimizin sükanı arxasında dayanıb xalqa rəhbərlik edənlərin də, tərəddüd etmədən ürəyinin istəyi, qəlbinin hökmü ilə taleyini Prezidentinə etibar edən xalqımızın da səbri tükənmişdir. İndi yuxarılarda da, aşağılarda da müharibə kəlməsi tez-tez eşidilir. Həm də çox cəsarətlə.

Bu günlərdə Qarabağın mərkəzi sayılan Bərdədə gerçəkləşən Daxili Qoşunlar Günü münasibətilə ərazidəki "N" saylı hərbi hissənin yürüşü bölgə əhalisinə yüksək əhval-ruhiyyə, sözün həqiqi mənasında, qələbə əzmi bəxş etdi. Azərbaycanın qədim məskəni olan Bərdəni iki hissəyə bölən Nizami küçəsindən keçən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgər və zabitlərinin cəsarətlə atılan qətiyyətli addımları bölgə əhalisinə ölçüyəgəlməz döyüş ruhu verir, qələbəyə səsləyir, illərdən bəri adamların ürəyində qövr edən intiqam hissini alovlandırırdı. Küçə boyu əsgərlərin pişvazına çıxan rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər, evdar qadınlar, baxça uşaqları əllərindəki yaz çiçəklərini - bənövşə və novruzgüllərini hərbi hissənin döyüşçülərinə hədiyyə edir, bahar ətirli gülləri bir addımlıqdan keçən hərbi maşınların üstünə atırdılar. Qisas anının yaxınlaşdığını duyan Qarabağ camaatının üzü gülür, gözlərindən sevinc yağırdı.

Yürüşün keçdiyi küçədə yerləşən Tofiq İsmayılov adına şəhər 1 saylı orta məktəbin sinif müəllimi Kəmalə Süleymanova duyğularını bizimlə bölüşür:

- Bu yaz günündə Novruz bayramının yaratdığı xoş ovqatın üstünə hərbçilərimizin nizami keçidi sevinc, fərəh gətirdi. Əsgərlərin görüşünə dərs dediyim ikinci sinif şagirdləri ilə çıxmışam. Uşaqlar əllərindəki novruz səmənilərini, gül-çiçəyi əsgərlərə bağışlayır, əsgərlər isə öz növbəsində uşaqları öpür, başları üzərinə qaldırırdılar. Gördüyümüz mənzərə, müasir döyüş texnikası, boy-buxunlu, pəhləvan cüssəli hərbçilər qəlbimizi qürurla doldurur. Ali Baş Komandan İlham Əliyevin misilsiz tarixi xidmətləri hesabına yenilməz və qüdrətli ordumuz var. Biz Prezidentə inanır, ordumuza güvənirik. Zərrə qədər də şübhəmiz yoxdur ki, işğal altında olan torpaqlarımız tezliklə yağı tapdağından azad olunacaqdır. Novruz tonqallarını yəqin ki, gələn il Şuşada, Ağdamda, Laçında qalayacağıq.

...İzdiham getdikcə daha da böyüyür. Texnikanın səsini eşidən insanlar evdə qərar tuta bilmir, əsgələrin görüşünə tələsirlər. Qəhrəmanlığı dillər əzbəri olan şəhid Mürvətin anası Ələviyyə xanım da əsgərlərlə görüşə tələsənlər arasındadır. Bölgədə elə bir hərbi hissə tapmaq olmaz ki, Ələviyyə ana ora getməmiş olsun. Hər dəfə də əlidolu, pay-püşlə gedər. Ya böyük bir qazanda plov dəmləyib aparar, ya da yarpaq dolması. Ələviyyə ananın bu seçimi təsadüfi deyil. Deyir ki, şəhid balam Mürvət həm plovu, həm də yarpaq dolmasını çox xoşlayırdı. Əsgərlərin hamısı mənim balamdı, onlara canım qurbandır. Ələviyyə ana yenə dolu zənbillə gəlmişdi hər dəfə böyük təskinlik tapdığı bu görüşə. Özü bişirdiyi Novruz şirniyyatını həvəslə əsgərlərə paylayırdı. Kiminə şəkərbura, paxlava, kiminə də badambura düşürdü. Əsgərləri doğma balası kimi bağrına basıb, üz-gözündən öpür, ucadan səslənirdi:

- Balalarım, düşməndən qisasımızı alın. Sizdən qələbə istəyirik. Ali Baş Komandanımızın rəhbərliyi ilə sizin qazanacağınız zəfər anaların göz yaşını qurudacaq, babaların bükülmüş qəddini düzəldəcək, şəhidlərimizin nigaran ruhlarına təsəlli olacaqdır.

Bərdədə gerçəkləşən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının təşkil etdiyi bu hərbi keçid uşağın-böyüyün də, qadının-kişinin də ən əsas istəyini dilə gətirmişdi. Yerbəyerdən ucalan "Qələbə!" sədaları ürəkləri bu arzuyla döyünən ağbirçək nənələrin, nur çöhrəli babaların, bahar tumurcuqlarına, körpə fidanlara bənzəyən, dili nəğməli-şeirli uşaqların xeyir-duası kimi döyüşçülərin arxasınca səpilirdi. İnam vardı ki, Ali Baş Komandanın döyüş əmrinə müntəzir qüdrətli ordumuz, bu orduya bütün varlığı ilə dayaq olan əhali xalqımızın qəhrəmanlıqlarla dolu tarixinə yeni və şanlı səhifələr yazmağa qadirdir. O gün uzaqda deyil!

 

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2010.- 13  mart.- S.  6.