Türkün soyqırımı

 

Soyqırımı bütöv əhali qruplarının, etnosların irqi, milli, etnik, yaxud dini əlamətlərə görə tamamilə və ya qismən məhv edilməsi deməkdir. Ermənilər türklər tərəfindən onlara qarşı soyqırımı törədildiyini iddia etsələr də, hələ indiyə qədər bununla bağlı tutarlı fakt ortaya qoya bilməyiblər. Türkiyə tərəfinin təkidinə baxmayaraq, Ermənistan arxivlərin birgə öyrənilməsini və araşdırılmasını istəməyib. Qondarma "soyqırımı"nı tanıyan ölkələr də tarixdə nəyin baş verdiyini araşdırmaq məqsədilə Türkiyəyə tədqiqatçı göndərməkdə maraqlı olmayıblar. Tarix isə sübut edir ki, ermənilər soyqırımına məruz qalmamış, öz mənfur əməllərini, sərsəm "böyük Ermənistan" xülyalarını gerçəkləşdirmək üçün Azərbaycan və Anadolu türklərinə qarşı XX əsrdə ən dəhşətli soyqırımı törətmişlər.

 

Cənubi Azərbaycanda soyqırımı

 

Erməni və assur (aysor) silahlı birləşmələri 1917-1918-ci illərdə Cənubi Azərbaycanda da türk-müsəlman əhalisinə qarşı soyqırımı cinayətləri həyata keçirmişlər. Ermənilər öz məkrli niyyətlərinə çatmaq üçün xristian təəssübkeşliyi ilə Cənubi Azərbaycan ərazisində yerləşdirilən assurlardan da (yerli camaat onları cilo adlandırırdı) istifadə edirdilər. İri dövlətlərin himayəsinə arxalanan erməni-assur hərbi birləşmələri öncə Urmiya şəhəri ətrafında hərbi mövqe tutaraq, yerli əhalini soyub-talayır, gündüz barışığa vəd versələr də, gecələr şəhərin ayrı-ayrı məhəllələrini yandırıb, viran qoyurdular. Onlar bu cinayətlərdə toplardan da istifadə edirdilər ki, bu da əhali arasında kütləvi qırğına səbəb olurdu. Seyid Əhməd Kəsrəvinin yazdığına görə, şəhəri top atəşinə tutan ermənilər əhali arasında vahimədən istifadə edərək, şəhərə daxil olmuş, dinc əhaliyə divan tutmuş, evləri yandırmış, kütləvi qətl-qarət törətmişlər. 1918-ci il martın 17-də, axır çərşənbə günü erməni daşnakları və assurlar 500-dən çox evi odlayıb, 10 mindən çox azərbaycanlını qırmışlar. Xalq arasında "Urmi bəlvası" kimi yad olunan bu qanlı faciələr indi də xatirələrdən silinməmişdir.

Urmiya, Salmas, Xoy, Maku, Dilməqan şəhərlərində və onların ətrafındakı kəndlərdə Azərbaycan türklərinin soyqırımı davam etdiyi vaxt Osmanlı ordusu soydaşlarımızın yardımına gəldi. 1918-ci ilin iyununda Xoy şəhərinə çatan türk ordusu oradan Salmasa doğru hərəkət etdi. Bir neçə günlük döyüşlərdən sonra erməni ordusu darmadağın edildi, onlar qaçmağa başladı. Lakin ermənilər geri çəkilərkən belə, kəndlərə od vurur, insanları qətlə yetirir, məğlubiyyətlərinin acığını dinc əhalidən çıxırdılar.

Həmin vaxt daşnak qaniçəni Andronik Xoy şəhərini ələ keçirmək və erməni-assur silahlı dəstələri ilə birləşmək üçün 8 min nəfərlik hərbi qüvvə ilə Culfa yolundan hərəkət etdi. Ermənilər Xoy şəhərini ələ keçirib, əhalini qırdıqdan sonra özləri ilə gətirdikləri 10 min erməni ailəsini burada yerləşdirmək və Azərbaycanın bu hissəsini Ermənistana birləşdirmək niyyətində idilər. 1918-ci il iyunun 24-də Andronikin ordusu Xoy şəhərini mühasirəyə aldı. Ermənilər Urmiyada törətdikləri vəhşilikləri burada da davam etdirdilər. Lakin şəhər sakinləri silahlı müdafiə dəstəsi yaradaraq düşmənə ciddi müqavimət göstərdilər. Şəhərin müdafiəsində qadınlar da iştirak edirdilər. Ermənilər şəhəri top atəşinə tutdular. Lakin bu vaxt Salmas tərəfdən Osmanlı ordusunun yaxınlaşdığını görən ermənilər məğlub olacaqlarını hiss edib, gəldikləri yolla da geri döndülər. Ermənilər yeni-yeni məkrli planlar qurur, zəif müdafiə olunan şəhər və kəndlərə basqınlar edir, yeni faciələr törədirdilər. Onlar rusların Urmiya gölündəki hərbi gəmisindən də istifadə etməyi nəzərdə tuturdular. 180 nəfər yaxşı təlim görmüş erməni-assur hərbçisinin əlində olan bu gəmi vasitəsilə Şərəfxana limanına çıxmaq və oradakı gəmiləri ələ keçirmək istəyirdilər. Lakin onlar sahilə çıxarkən Osmanlı və Azərbaycan türkləri ilə döyüşdə məhv edildilər. Beləliklə, onların bu planı da baş tutmadı.

Ermənilər 1917-1918-ci illərdə Cənubi Azərbaycanın qərb bölgələrindəki onlarla şəhər və kəndi viran qoymuş, talan etmiş, kişi, qadın, uşaq və qocalara fərq qoymadan, ümumiyyətlə, 190 minə yaxın Azərbaycan türkünü qətlə yetirmişdilər.

 

Bakıda 1918-ci ilin mart-aprel soyqırımı

 

S.Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak rejiminin hakimiyyəti dövründə Azərbaycanda güclənməkdə olan milli dirçəliş prosesi bolşevik-daşnak qruplarını hərəkətə gətirdi. "Daşnaksütyun"un liderlərindən olan Kaçaznuni bununla bağlı yazmışdı: "Bolşeviklərə qarşı ancaq iki partiya real qüvvə kimi duruş gətirə bilərdi - "Müsavat" və ermənilərin "Daşnaksütyun" partiyaları. Bolşeviklərlə mübarizədə qalib gəlmək üçün bu partiyalar hökmən birləşməliydilər, bu isə ağlasığmaz idi. Bakının erməni əhalisinə gəlincə, onlar üçün bolşevik diktaturası "Müsavat" diktaturasından daha məqbul idi. Elə buna görə də bizimkilər (daşnaklar) Bakıda daha çox bolşeviklərə xidmət edərək onun dayağına çevrilirdi".

Bolşeviklərin yerli əhali arasında heç bir nüfuzu, sosial dayağı yox idi. Bunu 1917-ci ilin oktyabrında Bakı Sovetinə keçirilən seçkilərin nəticələri də aydın sübut edirdi. Seçkilərdə cüzi səs qazanan bolşeviklər "Müsavat" partiyasına ciddi şəkildə uduzmuşdu. "Müsavat"ın Azərbaycanın ərazi muxtariyyəti və siyasi hakimiyyət uğrunda inamlı mübarizəsi bolşevikləri ciddi narahat edirdi. Elə buna görə də, Şaumyan Bakıda azərbaycanlılara qarşı milli qırğın törədərək xalqın oyanmaqda olan milli-azadlıq, qurtuluş hərəkatını beşikdə ikən boğmaq, "Müsavat" partiyasının sosial bazasını zəiflətmək, müsəlmanlara "dərs vermək" istəyirdi.

Bakının türk-müsəlman əhalisinə qarşı soyqırımına ciddi hazırlaşan Şaumyan Stalinə məktub yazaraq Qafqaz qırmızı ordusunun təşkili üçün təcili surətdə on milyon rubl göndərilməsini xahiş edirdi. Bolşeviklərin Şaumyana göndərdikləri ərzaq eşelonları bu dövrdə Şimali Qafqazda yaranmış Terek-Dağıstan müsəlman hökumətinin maneçilik törətməsi nəticəsində Bakıya yetişməsə də, ermənilər Moskvadan böyük mənəvi dəstək aldılar. 1917-ci ilin 29 dekabrında Lenin Türkiyə ərazisində ermənilərə muxtariyyət verilməsinə dair sənəd imzaladı. Bu sənəd daşnak-bolşevik ittifaqını daha da gücləndirdi. Bakıda azərbaycanlılara qarşı törədilən 1918-ci ilin mart soyqırımında "Daşnaksütyun" bolşeviklərin zərbə qüvvəsini təşkil etdi. Digər tərəfdən, S.Şaumyanın təşkilatçılığı ilə Birinci Dünya müharibəsi cəbhələrindən geri çəkilən erməni əsgər və zabitləri Bakıda cəmləşdirildi. Sonradan 1918-ci il aprelin 19-da Bakı Sovetinin yığıncağında Şaumyan etiraf etmişdi ki, Bakının milli tərkibi onu çox qorxudurmuş və o, erməni-daşnak alaylarının köməyindən heç cür imtina edə bilməzdi.

Bakıda azərbaycanlılara qarşı törədilən soyqırımının əsas təşkilatçısı və icraçısı V.Leninin Qafqaz işləri üzrə müvəqqəti fövqəladə komissar təyin etdiyi Şaumyan idi. Onun təşkil etdiyi "qırmızı ordu"nun tərkibi də, demək olar ki, tamamilə ermənilərdən ibarət olmuşdur.

Bu cinayəti həyata keçirmək üçün bəhanə lazım idi. Bu məqsədlə "Evelina" münaqişəsi törədildi. Azərbaycan milyonçusu Hacı Zeynalabdin Tağıyevin Lənkəranda xidmət edən oğlu Məhəmməd Tağıyev təsadüfən öz əlindəki silahdan açılan atəş nəticəsində həlak olmuş, müsəlman alayının zabitləri onun dəfnində iştirak etmək üçün Bakıya gəlmişdilər. Dəfn mərasimindən sonra zabitlər "Evelina" gəmisi ilə Lənkərana qayıtmalı idilər. Əlverişli məqamın yetişdiyini görən ermənilər gizli şəkildə Rus Milli Şurası, Xəzər matrosları, eser və menşevik partiyaları arasında belə bir şayiə yaydılar ki, "Evelina" ilə gedən zabitlər Lənkəranda olan müsəlman hərbi dəstələri ilə birlikdə Muğandakı rus-molokan kəndlərini məhv etmək tapşırığı almışlar. Bu təxribat xarakterli şayiə öz nəticəsini verdi. Bakıda olan bütün qeyri-azərbaycanlı siyasi və hərbi qüvvələr "Evelina" gəmisinin tərk-silah edilməsinə tərəfdar oldu. Təcili şəkildə martın 30-da Bakı şəhəri mədən-zavod rayonlarının İnqilabi Müdafiə Komitəsi yaradıldı. İnqilabi Komitənin təşəbbüsü ilə "Evelina"nın Lənkərana yola düşməsi dayandırıldı və gəmidəki zabitlər tərk-silah edildi. Müsəlman əhali məscidlərə toplanaraq silahların qaytarılmasını tələb etdi. Vəziyyətin ciddi xarakter aldığını görən Azərbaycanın milli təşkilatlarının nümayəndələri İnqilabi Komitəyə gəlib alınmış silahları "Hümmət" müsəlman bolşevik komitəsi vasitəsilə qaytarmağa cəhd göstərdilər. Martın 30-da N.Nərimanovun evində Ş.Şaumyanla və həmin gün İnqilabi Müdafiə Komitəsində M.Ə.Rəsulzadə ilə keçirilən görüşlərdə müəyyən razılıq əldə edilməsinə, silahların qaytarılmasına vəd verilməsinə baxmayaraq, bolşevik-daşnak komissiyası sözünə əməl etmədi.

Martın 30-da saat 16.40 radələrində erməni kilsəsinin yanında toplaşan daşnak dəstələri müsəlmanlara ilk atəş açdılar və soyqırımına başladılar. Martın 31-də səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan "Kərpicxana", "Məmmədli" və digər Azərbaycan məhəllələrinə hücum etdilər. Şaumyanın xahişi və Leninin xüsusi göstərişiylə Saritsından göndərilən 2 təyyarə havadan, hərbi gəmilər isə dənizdən şəhərin azərbaycanlılar yaşayan məhəllələrini bombalamağa başladılar. Azərbaycan xalqına divan tutmaq üçün əllərinə girəvə düşmüş daşnaklar erməni neft sənayeçilərinin birjalarında qoyulmuş toplardan Abşeronun şimalındakı kəndləri də atəşə tutdular.

Martın 31-də səhərə yaxın bütün erməni hərbi dəstələrinin başçıları və silahlanmış erməni ziyalıları İnqilabi Müdafiə Komitəsinin qərargahına gəldilər. Onlar qısa vaxtda təlimatlandırılaraq müsəlman məhəllələrinə göndərildilər. Yaxşı silahlanmış və hazırlanmış erməni əsgərləri müsəlmanların evlərinə soxulur, sakinləri öldürür, onları xəncər və süngü ilə doğrayır, uşaqları yanan evlərin içinə atır, körpə uşaqları süngülərin ucuna keçirirdilər. Dinc əhalini qorxudan dəhşətə gətirib, istədiklərinə nail olmaq üçün hər cür vəhşiliyə əl atan bolşevik-erməni cəlladları müsəlman qadınlarını daha ağır formada qətlə yetirirdilər: şəhərin təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 müsəlman qadının meyiti tapılmışdı. Çoxlu gənc qadını diri-diri divara mıxlamışdılar. Qaçıb canını qurtarmağa çalışan əhalini gülləbaran etmək üçün şəhərin müvafiq yerlərində əvvəlcədən pulemyotlar qoyulmuşdu.

Bir çox müsəlman məhəllələri məhv edildikdən sonra martın 31-də axşamüstü İçərişəhərin alınması əməliyyatı başlandı. Bununla bağlı Fövqəladə İstintaq Komissiyası sədrinin Ədliyyə Nazirliyinə təqdim etdiyi məruzədə aşağıdakı faktlar göstərilir: Nikolay (indiki İstiqlaliyyət) küçəsilə hücuma keçmiş erməni əsgərlərinə başlıca olaraq erməni ziyalılarının nümayəndələri rəhbərlik edirdilər. Belə dəstələrdən biri evə girib, səkkiz qadın və uşağı güllələmişdi. Başqa dəstə Fars küçəsində Bala Əhməd Muxtarovun evinə girərək, doqquz müsəlmanı küçəyə çıxarmış və kilsə meydanında güllələmiş, meyitlərin ikisini "Dağıstan" mehmanxanasının alovu içinə atmışlar...

Dəhşətli soyqırımına məruz qalan azərbaycanlılar martın 31-də müqaviməti dayandırdılar. Lakin erməni daşnak birləşmələri azərbaycanlılara qarşı soyqırımını aprelin 2-si gecədən xeyli keçənədək davam etdirdilər. Rəsmi məlumatlara görə, mart-aprel soyqırımı nəticəsində Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirilmişdi. Bolşevik-daşnak birləşmələri "Kaspi" mətbəəsini, "Açıq söz" qəzetinin redaksiyasını, "İsmailiyyə" (hazırda Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binası) binasını yandırmış, "Təzəpir" məscidinin minarələrini top atəşi ilə zədələmişdilər.

Bakı Sovetinin antiazərbaycan siyasətini xalqa nümayiş etdirən mart soyqırımına qədər Azərbaycanın milli demokratik qüvvələri Rusiya tərkibində milli-məhəlli muxtariyyət tələbi ilə çıxış edirdilərsə, artıq qırğınlardan sonra bu ümidlər boşa çıxdı. Mart soyqırımı nəticəsində Azərbaycan xalqına yabançı olan sovetləşmə ideyasına güclü zərbə vuruldu, xalqın milli birliyini və qədim ənənələrə malik müstəqil dövlətçiliyini bərpa etmək əzmi daha da gücləndi.

 

 

(Ardı var)

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2010.- 13 mart.- S. 7.