Bakıda "Demokratik cəmiyyətdə
media: beynəlxalq və milli təcrübə"
mövzusunda konfrans keçirilmişdir
Martın 12-də Bakıda İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupun və Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə "Demokratik cəmiyyətdə media: beynəlxalq və milli təcrübə" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Avropa Şurası, ATƏT kimi nüfuzlu beynəlxalq təşkilatların təmsilçilərinin, ABŞ, Avropa və MDB-dən olan ekspertlərin, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin, dövlət rəsmilərinin, Milli Məclisin deputatlarının və jurnalistlərin iştirak etdikləri konfransda mətbuatın hazırkı vəziyyəti, söz azadlığı sahəsində problemlər və onların həlli yolları, eyni zamanda, milli və beynəlxalq təcrübə müzakirə olunmuşdur.
Konfransı açan İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupun üzvü, Belçika Konstitusiya Məhkəməsinin hakimi Jan-Pol Murman tədbirin Azərbaycanda medianın inkişafı baxımından əhəmiyyətli olacağını bildirmişdir.
Konfransda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev "Azərbaycanın strateji, coğrafi vəziyyəti və müasir sosial, iqtisadi, mədəni inkişafı kontekstində media" mövzusunda çıxış edərək bildirmişdir ki, ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra ölkəmizdə əldə edilmiş nailiyyətlər demokratik təsisatların, xüsusilə də medianın inkişafına böyük töhfələr vermişdir. Məhz ümummilli liderin səyi nəticəsində Azərbaycanda 1998-ci ildə senzuranın ləğv edilməsi demokratiyanın, aşkarlığın inkişafına, KİV-in sərbəst fəaliyyətinə güclü təkan olmuşdur. 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında", 2005-ci ildə isə "İnformasiya əldə etmək haqqında" qanunların qəbul edilməsi KİV-in hərtərəfli inkişafına təminat yaratmışdır. KİV-in kəmiyyətinə görə bu gün Azərbaycan MDB ölkələri arasında lider mövqelərdən birini tutur.
Natiq vurğulamışdır ki, ölkədə fikir, söz və məlumat azadlığının daha da inkişaf etdirilməsi məqsədilə 2008-ci ildə Prezident İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" təsdiq edilmişdir. Konsepsiyaya uyğun olaraq, 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılmışdır.
Beynəlxalq konfransda "Azərbaycanda mətbuat: problemlər və onların həlli yolları" mövzusunda çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirmişdir ki, ölkəmiz Avropa Şurasına üzv qəbul olunduqdan sonra media sahəsində də üzərinə götürdüyü öhdəlikləri uğurla yerinə yetirir. Azərbaycanda hər bir şəxs asanlıqla istənilən kütləvi informasiya vasitəsi təsis etmək və öz fikirlərini sərbəst şəkildə ictimaiyyətə çatdırmaq hüququna malikdir. Ə.Amaşov mətbuatın əsas problemi kimi onun iqtisadi dayaqlarının zəifliyini və reklam bazarının yoxluğunu göstərmişdir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov "Azərbaycanda mətbuat azadlığının təkmilləşdirilməsi üzrə yeni qanunvericilik təşəbbüsləri" mövzusunda çıxış edərək demişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddələri ölkədə mətbuat azadlığı sahəsində beynəlxalq standartların praktikada tətbiq edilməsinə imkan yaradır. Mətbuat azadlığı və informasiya əldə etmək hüququ ilə bağlı qanunvericilik beynəlxalq standartlara cavab verir. Natiq vurğulamışdır ki, Azərbaycan Konstitusiyasına edilmiş son əlavələr və dəyişikliklərin bir hissəsi məhz ölkəmizdə mətbuat azadlığının daha da inkişaf etdirilməsini nəzərdə tutur.
Digər çıxış edənlər - ispaniyalı senator Manuel Altava Laval, Belçikada fransızdilli RTBF kanalının proqram direktoru Roje Cerard, ABŞ-ın "Cavarocchi Ruscio Dennis" Assosiasiyasının birinci vitse-prezidenti Mark Vith təmsil etdikləri ölkələrdə medianın hazırkı durumundan və bu sahədə mövcud problemlərdən danışmışlar. Medianın inkişaf məsələsinin demokratik dövlətlərdə başlıca vəzifələrdən biri olduğunu vurğulayan natiqlər Azərbaycanda bu sahədə əldə edilmiş uğurları yüksək qiymətləndirmişlər.
Konfransın
sonunda qətnamə qəbul edilmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 13
mart.- S. 7.