Azərbaycanlı alim beynəlxalq mükafata layiq görülmüşdür

 

AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru Vəli Hüseynov müasir Azərbaycan elmini dünya səviyyəsində tanıdan, tükənməz elmi potensiala, zəngin məlumat bazasına malik tədqiqatcıdır.

Fizika-riyaziyyat elmləri doktoru Vəli Hüseynov 1988-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fizika fakültəsini, 1994-cü ildə isə aspiranturasını bitirmişdir. Elə həmin il "Xarici maqnit sahəsində neytrino-lepton prosesləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 2003-cü ildə Naxçıvan Dövlət Universitetinin "Ümumi və nəzəri fizika" kafedrasının müdiri seçilmiş və həmin il Bakı Dövlət Universitetində "Xarici maqnit sahəsində lepton prosesləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru adını qazanmışdır. Yüksək elmi təşkilatçılıq bacarığına və təcrübəsinə malik olan alim 2003-cü ildən NDU-nun elmi işlər üzrə prorektoru, 2004-cü ildən isə həm də AMEA-nın Naxçıvan bölməsinin Təbii Ehtiyatlar İnstitutunun laboratoriya rəhbəri işləmişdir. Bu müddətdə NDU əməkdaşlarından 100 nəfəri elmlər doktoru və elmlər namizədi alimlik dərəcəsi almış, onların elmi əsərləri nüfuzlu xarici elmi nəşrlərdə, o cümlədən "Science Citation Index" jurnalında dərc olunmuş, universitetdə beynəlxalq və respublikamiqyaslı çoxlu sayda tədbirlər keçirilmiş, universitet əməkdaşlarının beynəlxalq elmi tədbirlərdə iştirakı təmin olunmuş, xaricdəki universitet və elmi mərkəzlərlə əlaqələrin qurulması sahəsində əhəmiyyətli addımlar atılmışdır. Elmi işlər üzrə prorektor kimi Vəli Hüseynov NDU-da informasiya-kommunikasiya texnologiyalarından istifadəyə xüsusi əhəmiyyət vermişdir. Hazırda universitetdə elmi tədqiqat işlərində, tədris prosesində və idarəetmədə İKT imkanlarından geniş istifadə olunur.

Fizika-riyaziyyat elmləri doktoru Vəli Hüseynov bu günlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin müavini vəzifəsinə seçilmişdir. Görkəmli alim yüksək enerjili elementar zərrəciklər fizikası, sahənin kvant nəzəriyyəsi, astrofizika sahəsində tədqiqatlar aparır. Elmi işləri xarici maqnit sahəsində neytrino-lepton proseslərinin, bu proseslərdə ortaya çıxan polyarlaşma effektlərinin və spin assimmetriyalarının tədqiqinə həsr olunub. Alim 60-dan çox elmi əsərin müəllifidir. Məqalələri Azərbaycan Respublikası, ABŞ, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Yaponiya, Almaniya, İtaliya, Rusiya, Bolqarıstan, Türkiyə, Sinqapur və digər ölkələrin elmi jurnal və məcmuələrində, o cümlədən "Physical Review D", "Journal of physics G: Nuclear and Particle physics", "Yadernaya fizika" kimi nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunmuşdur. O, həmin ölkələrdə keçirilən beynəlxalq simpozium və konfranslarda elmi məruzələrlə çıxış etmişdir. Tanınmış alimin çoxşaxəli elmi-pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmiş, o, "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına, akademik Həsən Abdullayev adına mükafata layiq görülmüşdür. Müxtəlif illərdə Tempus, İntas, Beynəlxalq Astronomiya Birliyi, Beynəlxalq Təmiz və Tətbiqi Fizika Birliyi, Alman Tədqiqat Birliyi, Rusiya Fundamental Tədqiqatlar Birliyinin qrantlarını qazanmışdır. Alim haqqında biblioqrafik məlumat ABŞ-da nəşr olunan "Dünyada Kim Kimdir - 2009" beynəlxalq ensiklopedik nəşrə daxil edilmişdir.

Bu yaxınlarda isə həmyerlimiz daha böyük bir uğurla həmkarlarını sevindirmişdir. Nüvə fizikasının ayrıca bölməsi - elementar zərrəciklər fizikası sahəsində beynəlxalq miqyasda tanınan Vəli Hüseynov İngiltərənin Kembric şəhərindəki Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən elementar zərrəciklər fizikası və astrofizika sahəsindəki elmi nailiyyətlərinə görə Beynəlxalq Eynşteyn mükafatı ilə təltif edilmişdir. Eynşteyn mükafatı azərbaycanlı alimin beynəlxalq elmi aləmdəki nüfuzunun və çoxillik, səmərəli elmi xidmətlərinin göstəricisi kimi mühüm əhəmiyyətə malikdir.

 

 

Ağahüseyn ŞÜKÜROV

 

Azərbaycan.- 2010.- 13  mart.- S.  8.