Azərbaycan sürətli inkişaf tempini 2010-cu ildə də qoruyub saxlayacaqdır

 

Bu fikri Prezident İlham Əliyev regionların 2009-2013-cü illər sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda səsləndirmişdir

 

Ölkə başçısının imzaladığı "Azərbaycan Resrublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" və "Azərbaycan Resrublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının təsdiq edilməsi haqqında" fərmanları respublikamızda yeni inkişaf mərhələsinin əsasını qoymuşdur. Respublikanın regionlarının sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının vaxtından əvvəl və uğurla icra edilməsi əyalətlərdə yaşayan əhalinin maddi rifah halının, sosial-məişət şəraitinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına, işləməyən müəssisələrin fəaliyyətinin bərrasına və yeni iş yerlərinin açılmasına gətirib çıxarmışdır.

 

2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramı çərçivəsində aparılmış işlər regionlarda istehsal sahələrinin və sosial infrastrukturların yaradılması sahəsində müsbət dəyişikliklərə səbəb olmuşdur. I dövlət proqramının uğurla icra edilməsi bölgələrimizdə böyük inkşafla müşahidə olunmuşdur ki, bu da növbəti mərhələdə daha genişmiqyaslı proqramın qəbul edilməsini vacib etmişdir. Dövlət başçısı İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda da növbəti beş ildə iqtisadi inkişafın yeni mərhələsinin tələblərinə uyğun olaraq bütün regionlarda istehsal və emal müəssisələrinin yaradılması, infrastruktur təminatının və kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi nəzərdə tutulmuşdur.

Prezident İlham Əliyev II dövlət proqramının icrasını da şəxsi nəzarətinə götürmüşdür. Prezident ötən müddət ərzində respublikanın regionlarına 27 dəfə səfər edərək istehsal, nəqliyyat, təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və digər sahələri əhatə edən 105 obyektin açılış, 14 obyektin təməlqoyma mərasimində iştirak etmiş, 50-dən çox müxtəlif təyinatlı müəssisənin fəaliyyəti ilə tanış olmuşdur. Müntəzəm olaraq həyata keçirilən bu səfərlər regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində müstəsna əhəmiyyəti olmaqla yanaşı, hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran spesifik vəzifələrin müəyyən ediliməsini və həyata keçirilməsini təmin edir.

Prezident İlham Əliyev martın 12-də Dənizkənarı Milli Parkda yeni istifadəyə verilmiş Bakı Biznes Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda iştirak etmişdir. Ölkə başçısı növbəti beş ildə də ölkəmizin uğurla inkişaf edəcəyini bildirmişdir. "Hesab edirəm ki, birinci proqramın uğurlu icrasının əsas səbəblərindən biri də ondan ibarətdir ki, proqramın icrasına daim nəzarət olmuşdur. Bu nəzarət həm mənim bölgələrə səfərlərim zamanı həyata keçirilirdi, eyni zamanda, belə müşavirələrin keçirilməsi də bu istiqamətdə çox vacib addımlardır. Yəni, əgər bu nəzarət olmasaydı və proqrama əlavələr edilməsəydi, görülən işlərə bəzən düzəlişlər edilməsəydi, yəqin ki, biz bu uğurları əldə edə bilməzdik. Bu gözəl təcrübəyə əsaslanaraq, biz 2013-cü ilə qədər nəzərdə tutulmuş bütün vəzifələri eyni qayda ilə həll etməliyik. Proqramın icrası yəqin ki, düzəlişlər tələb edəcəkdir. Çünki 2009-cu ildə qəbul edilmiş proqramda həllini gözləyən, yaxud da ki, qarşıya yeni çıxan məsələlərin hamısını nəzərdə tutmaq mümkün deyildi. Haradasa əlavələr, düzəlişlər, əlavə maliyyə mənbələrinin təşkil edilməsi məsələləri də öz həllini tapmalıdır.

Bir sözlə, hesab edirəm ki, birinci ilin yekunlarına dair daha da geniş müzakirələr aparılmalıdır. Ən önəmlisi, 2010-cu ildə görüləcək işlər haqqında geniş müzakirələr aparılmalıdır. 2010-cu ildə nəzərdə tutulmuş bütün vəzifələr uğurla və vaxtında icra edilməlidir".

Ölkə başçısı İlham Əliyevin təsdiq etdiyi regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında ölkədə sahibkarlığın dinamik yüksəlişinə də xüsusi yer ayrılıb. Proqrama əsasən, qarşıdakı illərdə sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının diversifikasiyası baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edəcəkdir. Bu siyasət iqtisadiyyatın bütün sahələrində, xüsusilə, prioritet sahələrdə işgüzar fəaliyyət üçün normativ-hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə yönəldilmişdir. Dövlət proqramında davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından kiçik və orta sahibkarlığın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində onların rolunun gücləndirilməsi öz əksini tapıb.

Kiçik və iri sahibkarlara dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə artırılması, iş adamlarının fəaliyyətinə süni müdaxilələrin aradan qaldırılması, antiinhisar və korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, biznes subyektlərinin qeydiyyatı və lisenziya sisteminin sadələşdirilərək "vahid pəncərə" prinsipi əsasında aparılması, yerlərdə regional iqtisad məhkəmələrinin formalaşdırılması, azad iqtisadi zonaların yaradılmasını nəzərdə tutan xüsusi qanunun qəbulu və digər tədbirlər hamı tərəfindən razılıqla qarşılanıb. Kənd təsərrüfatı sahəsində çalışan fermerlərin lazımi texnika, gübrə və toxumla təmin edilməsi, "Aqrolizinq" Səhmdar Cəmiyyətinin yaradılması, onların gəlir vergisindən azad edilməsi, güzəştli şərtlərlə yanacaq və motor yağları ilə təmini də sahibkarlığa göstərilən qayğının daha bir təzahürüdür.

2010-cu il yanvarın 1-dən bəzi sahələrdə vergilərin azaldılması sahibkarlığın inkişafı, daxili bazarın qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Başqa sözlə, fərdi sahibkarların gəlirinin vergiyə cəlb edilmə dərəcəsi 35 faizdən 20 faizə, müəssisələrin mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə endirilmiş, sadələşdirilmiş vergi ödəyicisi hüququ əldə etmək məqsədi ilə vergi tutulan əməliyyatların həcmi 90 min manatdan 150 min manatadək artırılmışdır.

Bu kimi qabaqlayıcı tədbirlərin görülməsi sayəsində Azərbaycan qlobal maliyyə böhranı şəraitində sürətli inkişaf tempini qoruyub saxlaya bilmişdir. Əldə olunan uğurlu nəticələr həm də əvvəlki illərdə yaradılmış möhkəm maliyyə-iqtisadi potensial hesabına mümkün olmuşdur. Prezident İlham Əliyev Azərbaycanın qlobal böhrandan az ziyan çəkməsinin səbəblərindən danışarkən respublikamızın milli maraqlara əsaslanan iqtisadi siyasət xətti yürütdüyünü xüsusi vurğulamışdır: "Azərbaycan uğurlu inkişaf yolundadır. Azərbaycan o ölkələrdəndir ki, öz iqtisadi potensialını böyük dərəcədə gücləndirə bilmişdir. Müstəqillik dövründə Azərbaycan böyük və uğurlu yol keçmişdir. 2009-cu il bütün cəhətlərdən çox böyük sınaq ili idi, həm bizim üçün, həm bütün başqa ölkələr üçün. Dünyada hökm sürən maliyyə böhranı hər bir ölkəyə təsir etmişdir. Ancaq Azərbaycan bütün çətinliklərə baxmayaraq, bu sınaqlardan şərəflə çıxdı, 2009-cu ili uğurla başa vurdu. 2009-cu ildə lazım olan bütün tədbirlər öz həllini tapmışdır, iqtisadiyyatımız təxminən 10 faiz artmışdır və bu inkişaf bu il də davam edir. Ona görə mən tam əminəm ki, şəhid ailələlərinin, Qarabağ müharibəsi əlillərinin problemləri növbəti illərdə də həll olunacaqdır. Bu istiqamətdə konkret proqramlar, planlar vardır və biz öz işlərimizi cədvəl üzrə qururuq. O ki qaldı ümumiyyətlə, Azərbaycanın gələcək inkişafına, əminəm ki, biz 2010-cu ildə də qarşıda qoyduğumuz bütün məqsədlərə çatacağıq, ölkəmizi daha da gücləndirəcəyik. Elə edəcəyik ki, Azərbaycanın inkişafı dayanıqlı olsun, hərtərəfli olsun. Hər bir vətəndaş bu gözəl şəraitdən istifadə edə bilsin".

Göründüyü kimi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə dövlət tərəfindən görülən işlərin miqyası ildən-ilə artır. Büdcə xərclərinin əsas prioritetləri xərclərin sosial və investisiya yönümlüyünün təmin edilməsindən, dövlətin müdafiə qabiliyyətini gücləndirmək üçün tələb olunan maliyyə ehtiyatlarının yaradılmasından, ünvanlı sosial yardımın, regionların sosial-iqtisadi inkişafına dair tədbirlərin, investisiya və sosial proqramların, xarici borc və öhdəliklərin maliyyə təminatından və digər tədbirlərdən ibarətdir. Builki büdcənin də sosialyönümlü və investisiya tutumlu olması deyilənlərdən xəbər verir.

Ölkə vətəndaşlarının sosial vəziyyətinin daha da yaxşılaşmasına xidmət edən islahatların davam etdirilməsi və hər ilin büdcə zərfində bu məsələnin prioritet kimi saxlanılması aparılan sosialyönümlü siyasətin məntiqi nəticəsidir. Sosialyönümlü xərclərin büdcədəki xüsusi çəkisi 34,4 faiz və yaxud 3 milyard 877,6 milyon manat təşkil edir. Bu isə 2009-cu ilin büdcə göstəricisindən təxminən 1,8 faiz çoxdur. 2010-cu ilin dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, bədən tərbiyəsi və gənclər siyasəti xərcləri üçün 3 milyard 219 milyon manat vəsait nəzərdə tutulmuşdur.

2009-cu ilin ən əlamətdar hadisələrindən biri də Prezident İlham Əliyevin ölkədə ötən əsrin 90-cı illərindən başlanmış keçid dövrünün başa çatması ilə bağlı verdiyi rəsmi açıqlama oldu. Söhbət ictimai-iqtisadi formasiya dəyişkənliyi ilə bağlı sovet təsərrüfat sistemindən, planlı iqtisadiyyatdan miras qalmış bütün iqtisadi seqmentlərin bazar prinsiplərinə uyğun tamamilə yenidən qurulması prosesinin başa çatmasından gedir. Respublikamız son 15 ildə özəlləşdirmədən, torpaq, vergi, gömrük islahatından tutmuş səmərəli idarəçiliyin vacib şərti olan struktur islahatlarınadək - böyük bir iqtisadi mərhələni inamla başa vurmuşdur.

Beləliklə, böyük uzaqgörənliklə həyata keçirilən iqtisadi siyasət ölkəmizin dünya maliyyə böhranından az itki ilə çıxmasına imkan yaratdı. Qarşıdakı dövrdə isə formalaşmış bu möhkəm təməl üzərində bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olmasına çalışmaq, iqtisadi sahədə liberallaşdırma prosesini davam etdirmək kimi mühüm vəzifələr durur. İndi ölkədə iqtisadi inkişaf tempinin qorunub saxlanması və sosial-iqtisadi proqramların uğurla həyata keçirilməsi deməyə əsas verir ki, qarşıdakı illərdə Azərbaycan daha böyük uğurlara imza atacaqdır.

 

 

E.HACIALIYEV

 

Azərbaycan.- 2010.-  14 mart.- S. 1.