Azərbaycanın sığorta-pensiya sistemi beynəlxalq mükafata layiq görülüb

 

Dövlət Sosial Müdafiə Fondu Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa müsabiqəsində "İnformasiya kommunikasiya texnologiyalarının tətbiq olunması vasitəsilə effektiv idarəetmə" nominasiyasında müsabiqənin qalibi elan olunaraq fəxri fərmanla təltif edilmişdir.

Mükafat Varşavada keçirilən Avropa forumunda Dövlət Sosial Müdafiə Fonduna təqdim olunmuşdur. Fəxri fərmanı təqdim edən BSTA-nın prezidenti xanım Korazon de La Paz və qurumun baş katibi Hans Host Konkalevski DSMF-in İKT-nin tətbiqi ilə səmərəli idarəetmə sahəsindəki fəaliyyətini qeyd etmişlər: "Biz ümid edirik ki, bu nailiyyət Avropanın sosial təminat təşkilatlarının rəhbərlərini daha da ruhlandıracaqdır".

Sosial təminat sahəsində mühüm tədbir olan Avropa forumunda Azərbaycanın mükafata layiq görülməsi ölkəmizdə pensiya islahatlarının uğurla gerçəkləşdirilməsinin əyani göstəricisidir.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən islahatlar nəticəsində aztəminatlı əhalinin sosial müdafiəsi sahəsində qurulan yeni sistem pensiyaçılar və sığortaolunanlar haqqında avtomatlaşdırılmış müfəssəl məlumatların toplanmasına və idarə olunmasına istiqamətlənib. Hazırda fondun mərkəzi məlumat bazasında ölkə əhalisinin üçdə biri, yəni, 1308432 nəfər pensiyaçı və 1 milyon 640 min nəfər sığortaolunan barədə müvafiq məlumatlar toplanıb. Fondun yerli şöbələrində müasir kompüter sistemləri qurulub, "1 işçiyə 1 kompüter" prinsipi gerçəkləşib.

Bunlardan əlavə, pensiya və müavinətlərin əhaliyə çatdırılması sahəsində bank infrastrukturlarından və elektron hökumət prinsiplərindən səmərəli istifadə olunur. Hazırda ölkə üzrə pensiyaların 97,4 faizinin ödənişi plastik kartlarla həyata keçirilir ki, bu da dünyada ən şəffaf praktika hesab olunur.

 

 

Azərbaycan.- 2010.-  14 mart.- S.  1.