11. Sürətli tərəqqiyə xidmət edən investisiya siyasəti

 

Bugünkü Azərbaycan müasir ölkədir, güclü iqtisadiyyata malik ölkədir, sabit ölkədir, investisiyalar üçün çox məqbul ölkədir. Xarici tərəfdaşlarla bizim əməkdaşlığımız davam edir və bu, çox sevindirici haldır. Biz öz sözümüzə həmişə sadiq olmuşuq, sözümüzlə əməlimiz arasında heç vaxt fərq olmamışdır. Ona görə Azərbaycan dünyada etibarlı tərəfdaş və dost ölkə kimi tanınır.

 

İlham ƏLİYEV

 

Qloballaşan dünyada ayrıca götürülmüş hər hansı dövlətin iqtisadi inkişafının təmin edilməsində ən önəmli faktorlardan biri də xarici və daxili investisiyalardır. 2009-cu ildə dünya iqtisadiyyatında kifayət qədər ciddi fəsadlara yol açan, gözlənilməz bir tənəzzülün əsasını qoyan qlobal maliyyə böhranı davamlı iqtisadi inkişafa nail olunmasında investisiyaların nə dərəcədə vacib rol oynadığını əyani olaraq nümayiş etdirdi. Dünyanın bir çox ölkəsində qlobal böhran nəticəsində həm daxili, həm də xarici investisiyaların həcmində elə bir azalma qeydə alındı ki, bu, onların iqtisadi inkişafının geriləməsində əsas rol oynayan amillər sırasında xüsusi yer tutdu. Bununla yanaşı, o da faktdır ki, investisiyaların həcminə, xüsusən də, xarici mənbələr hesabına yatırılan sərmayələrə təsir göstərən amillərdən biri də biznes mühitinin əlverişliliyi, sərmayədarların hüquqlarının qanunvericilik əsasında nə dərəcədə qorunmasından xeyli dərəcədə asılıdır. Daha bir önəmli məqam isə yatırılan investisiyaların mənfəət dərəcəsi, onların dönərliliyi ilə bilavasitə bağlı olmasıdır.

 

Xarici investorların yeni ünvanı - müstəqil Azərbaycan

 

Son illərin, xüsusən də, qlobal iqtisadi böhranın özünü qabarıq şəkildə büruzə verdiyi dövrün təhlili bir daha göstərir ki, Azərbaycan əksər xarici dövlətlərdən fərqli olaraq əvvəlki kimi yenə də investisiya yatırılması baxımından dünyanın ən cəlbedici ölkələrindən biridir. Elə bu səbəbdən xarici investorların Azərbaycana marağı kifayət qədər böyükdür və ölkəmizə qarşıdakı dövr ərzində də yatırılacaq sərmayələrin həcmi milyardlarla dollar həcmində ölçüləcək. Bunun başlıca səbəbləri əlbəttə ki, Azərbaycanda investisiya mühitinin əlverişliliyi, investorların hüquqlarının qanunvericilik əsasında yüksək səviyyədə qorunması, ölkəmizin etibarlı tərəfdaş olduğunu dəfələrlə təsdiqləməsi, sərmayələrin yönəldildiyi sahələrdə cəzbedici mənfəətlər əldə olunması və bu qəbildən olan digər amillərdir. Digər tərəfdən, Azərbaycanın iqtisadi cəhətdən artıq qüdrətli bir dövlət olması, valyuta ehtiyatlarının 21 milyard dollara yaxınlaşması, artan maliyyə imkanları ölkəmizin özünün daxildə əsas investora çevrilməsinə şərait yaratmaqla bərabər, onun xaricdə də yatırdığı sərmayələrin həcminin yüksələn xətt üzrə inkişaf etməsinə səbəb olmaqdadır.

Lakin Azərbaycanın investisiya aləmində öz sözünü deyən dövlətlərdən birinə çevrilməsinə gedən yol o qədər də asan olmayıb, gərgin zəhmətin, kifayət qədər dəqiq düşünülmüş iqtisadi inkişaf strategiyasının, onun uğurla həyata keçirilməsinin məntiqi nəticəsidir. Xüsusən də, nəzərə alınsa ki, Azərbaycanın ikinci dəfə dövlət müstəqilliyini əldə etdiyi tarixi şərait xeyli mürəkkəb olub, ölkəmizə edilən kənar təsirlər bir sıra hallarda olduqca təhlükəli xarakter daşıyıb, bu fonda iqtisadi və siyasi cəhətdən qüdrətli bir dövlət yaratmaq missiyasının elə də asan olmadığını bir daha təsəvvür etmək olar. Lakin müstəqil Azərbaycanın memarı olan ümummilli lider Heydər Əliyev bu tarixi missiyanı uğurla yerinə yetirdi, siyasi sabitliyi olan, iqtisadiyyatı sürətlə inkişaf edən bir dövlət qurdu. İlk illərdə ulu öndər Azərbaycanın inkişafını təmin edəcək əsas amillərdən biri sayılan xarici investisiyaların ölkəmizə cəlb edilməsi üçün qəti və həlledici addımlar atdı, bütün xarici təzyiqlərə rəğmən, "Əsrin müqaviləsi" kimi nəhəng bir transmilli sazişin imzalanmasına nail oldu. Bundan sonra Azərbaycan xarici investorların üz tutduğu əsas məkanlardan birinə çevrildi, ölkəmizə yatırılan sərmayələrin həcmi yüz milyonlarla dollar təşkil etməyə başladı. Ulu öndərin bu fonda diqqət yetirdiyi mühüm məqamlardan biri də beynəlxalq miqyasda Azərbaycanda yaradılan investisiya mühitinin cəlbediciliyi, xarici sərmayədarlar üçün yaradılan şərait və bu qəbildən olan digər məsələlərin təşviqi idi. Qeyd olunan məqsədlə həm ölkədə, həm də onun xaricində Azərbaycanın investisiya mühitinə həsr olunan beynəlxalq konfransların keçirilməsinə də xüsusi diqqət yetirilir, bunun üçün dünyanın aparıcı təşkilatları ilə əməkdaşlıq dairəsi genişləndirilirdi. 1995-ci ilin noyabrın 29-da Londonda Adam Smit İnstitutunun təşkilatçılığı ilə keçirilən və "Azərbaycanda investisiya imkanları" adlanan beynəlxalq konfransda çıxışı zamanı Heydər Əliyev qeyd edirdi: "Aydındır ki, hər hansı xarici investor üçün ən mühüm cəhət bu və ya digər ölkədə ictimai-siyasi şəraitin necə olmasıdır. Azərbaycanda ictimai-siyasi sabitlik təmin olunmuşdur, möhkəm təmin olunmuşdur, müvafiq təminatlar yaradılmışdır, qanunlar hökm sürür və respublika həyatının bütün sahələrinə nəzarət etməyə və məhz götürdüyümüz, gələcəkdə də inkişaf edəcək həmin iqtisadi xətti təmin etməyə qadir olan dövlət var.

Ona görə də mən sizin hamınızı bizimlə fəal əməkdaşlıq etmək üçün Azərbaycana dəvət edirəm. Ölkəmizə gələn hər bir investor özünün təkliflərinə müvafiq olan dəstək və yardım ala bilər, ən başlıcası isə - mehriban münasibətlə qarşılanacaqdır. Çünki biz belə əməkdaşlığı istəyirik, arzu edirik, ona maraq göstəririk. Biz Azərbaycana xarici kapital axınını istəyirik, öz iqtisadiyyatımızı dünya iqtisadiyyatına qovuşdurmaq istəyirik. Ona görə də mən sizi dəvət edirəm".

Proseslərin sonrakı gedişi belə dəvətlərin, keçirilən bu kimi beynəlxalq konfransların xarici investorların Azərbaycana üz tutmasında kifayət qədər mühüm rol oynadığını göstərdi. Bununla yanaşı, Azərbaycanda investisiya mühitinin daha da yaxşılaşdırılması üçün ulu öndərin diqqət yetirdiyi mühüm məqamlardan biri də müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi, yeni qanunların yaradılması idi. 1995-ci ildə respublikamızda investisiya mühitinin daha da yaxşılaşdırılması məqsədilə "İnvestisiya fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu imzalanaraq qüvvəyə mindi. Məhz bu qanunla Azərbaycan ərazisində investisiya fəaliyyətinin ümumi sosial, iqtisadi və hüquqi şərtləri müəyyənləşdirildi, mülkiyyət formasından asılı olmayaraq bütün investorların hüquqlarının bərabər müdafiəsinə təminat verildi. İqtisadiyyata investisiyaların cəlb olunması məqsədilə hökumət tərəfindən həyata keçirilən "açıq qapı" siyasəti isə xarici sərmayələrin, müasir texnologiyaların, dünya idarəetmə təcrübəsinin ölkə iqtisadiyyatına cəlb edilməsində indi də mühüm rol oynayır.

Onu da bildirək ki, xarici investorların Azərbaycana gəlişini stimullaşdırmaq məqsədilə onlara qanunvericilikdə nəzərdə tutulanlarla yanaşı, əlavə hüquqi təminatlar da verilir. Belə hüquqi təminatlara misal olaraq aşağıdakıları göstərmək mümkündür: qanunvericiliyin pisləşməsinə qarşı. İnvestisiyalar həyata keçirilən zaman mövcud olan qanun 10 il ərzində qüvvədə olacaq; investisiyaların milliləşməsinə (millətin və dövlətin maraqlarına zidd olan hallar istisna olmaqla) və rekvizisiyasına (təbii fəlakətlər, epidemiyalar və fövqəladə hallar istisna olmaqla) qarşı. Milliləşmə ya rekvizisiya həyata keçirilsə, zərərçəkmiş xarici investorlar təcili və adekvat kompensasiya ilə təmin olunurlar: dövlət orqanları tərəfindən qeyri-qanuni hərəkətlərə yol verilərsə, bunun nəticəsində zərərçəkmiş xarici investorlara kompensasiya ödənilir; vergilərin ödənilməsindən sonra əldə olunan gəlirin azad repatriasiyası.

Bununla yanaşı, indi Azərbaycanda xarici investisiyalı şirkət dövlət qeydiyyatından keçdikdən sonra daha digər qeydiyyatlardan keçmədən və icazələr almadan Azərbaycanda kommersiya ilə məşğul ola bilər. Həmçinin Prezidentin 2002-ci il 3 sentyabr tarixli fərmanına əsasən kommersiya fəaliyyətinin əksər növləri üçün lisenziyalaşdırma ləğv olunub. Bunun nəticəsində lisenziyanın alınması bank işi, sığorta, audit, daşınmalar, qiymətli kağızlar üzrə fəaliyyət və s. üçün tələb olunur. Xarici investorların Azərbaycanda özəlləşdirmədə iştirak edə bilməsi üçün də onlara lazımi şərait yaradılıb. Vergi və gömrük qanunvericiliyi sahəsində görülən işlər də xarici investorları Azərbaycana cəlb olunması baxımından əhəmiyyətli rol oynayır.

 

Azərbaycan bundan sonra da xarici investorların üz tutduğu əsas məkanlardan biri olacaq

 

Qeyd edilənlər 1994-cü ildən indiyə qədər olan müddət ərzində Azərbaycana milyardlarla dollar həcmində xarici investisiyanın yatırılmasına səbəb olub. Qarşıdakı dövr ərzində də Azərbaycana yatırılacaq xarici investisiyanın həcmi kifayət qədər böyük olacaq. Proqnozlara görə, investisiyaların cəlb olunması baxımından enerji sektoru yenə xarici şirkətlər və iş adamları üçün cəlbedici olaraq qalacaq. Məlumat üçün bildirək ki, Azərbaycan iqtisadiyyatına xarici şirkətlərlə imzalanmış PSA (Production Shearing Agreement) tipli neft-qaz müqavilələri üzrə təxminən 60 milyard dollar həcmində investisiyaların qoyulması nəzərdə tutulub. Artıq göstərilən məbləğin yarısından çoxu indiyə kimi neft və qaz yataqlarının işlənməsi çərçivəsində ölkəmizə yatırılıb. Təkcə 15 il ərzində "Azəri-Çıraq-Günəşli" yataqları blokunun işlənməsi üzrə investisiyaların həcmi 21 milyard 395 milyon dollar, bonuslar, akrhesabı və pay ödənişləri isə 413 milyon dollar təşkil edib.

"Əsrin müqaviləsi" ilə yanaşı, digər əhəmiyyətli layihə hesab olunan "Şahdəniz" yatağının işlənməsi məqsədilə yatırılan investisiyaların həcmi artıq 5,5 milyard dollar, bonuslar, akrhesabı və pay ödənişləri isə təxminən 88 milyon dollar təşkil edib. Lakin "Şahdəniz" layihəsinin ikinci mərhələsinin başlanması ilə bağlı buraya yatırılan investisiyaların həcmi qarşıdakı dövrdə 20 milyard dollara kimi artacaq.

Xəzərin Azərbaycan sektorundakı yeni perspektiv strukturların kəşfiyyatına investisiya qoyuluşları 2 milyard 760 milyon manat və ya təxminən 3,5 milyard dollar məbləğində qiymətləndirilir. Bu sahələrdə, o cümlədən "Ümid", "Babək", "Abşeron", "Naxçıvan", "Zəfər", "Məşəl", "Qarabağ", "Əşrəfi" və "Dan ulduzu" yataqlarında 2015-ci ilədək yeni quyuların qazılması planlaşdırılıb. O da sevindirici haldır ki, yeni perspektiv strukturların kəşfiyyatına investisiya qoyuluşlarını Azərbaycan əsasən öz imkanları hesabına həyata keçirəcək. Bu isə yeni quyuların işlənməsindən Azərbaycanın daha çox mənfəət götürməsi deməkdir.

Lakin enerji sektoru ilə yanaşı, digər sahələr də ölkəmizdə xarici investorlar üçün cəlbedici olaraq qalır və buna misal olaraq yeni yatırılacaq digər əcnəbi sərmayələrin təyinatını göstərmək olar. Onlardan biri olan Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) artıq 2010-cu ildə Azərbaycan iqtisadiyyatına 200 milyon dollardan artıq sərmayə yatıracağını açıqlayıb. Bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Frensis Deley bildirib ki, bu il AYİB korporativ sektorda böyük layihəni, maliyyə sektorunda isə doqquz layihəni maliyyələşdirməyi planlaşdırır. Onun sözlərinə görə, bank layihələrinin 50 faizi enerji sektorunu, 25 faizi maliyyə sektorunu, 6 faizi mikromaliyyə institutlarını, 3 faizi qeyri-bank kredit təşkilatlarını və 5 faizi korporativ sektoru əhatə edir. Qeyd edək ki, bank ötən il Azərbaycan iqtisadiyyatına 200 milyon dollardan artıq vəsait ayırıb və yuxarıda göstərildiyi kimi, gələn il də bu qədər məbləğ ayırmağı nəzərdə tutur. İndiyə qədər isə sözügedən bankın Azərbaycan üçün nəzərdə tutduğu ümumi investisiyasının həcmi 1 milyard dollara çatır.

Lakin Azərbaycana investisiya yatırımı və kredit ayrılması baxımından təkcə AYİB fərqlənmir. Bu sırada Dünya Bankı (DB) da aparıcı rollardan birini oynamaqdadır. Xatırladaq ki, Azərbaycan Dünya Bankı ilə 1992-ci ildən əməkdaşlıq edir. Ötən müddət ərzində bank Azərbaycana 2 milyard ABŞ dolları məbləğində maliyyə yardımı göstərib. Hazırda Dünya Bankı Azərbaycanda icra olunan "Abşeron yarımadasında neftlə çirklənmiş ərazilərin təmizlənməsi", "Dəmir yolu və ticarətin dəstəklənməsi", "Korporativ və dövlət sektorlarında mühasibatlıq", "Azərbaycanda magistral avtomobil yollarının yenidən qurulması", "Azərbaycan maliyyə sisteminin modernləşməsi", "Milli su təchizatı və kanalizasiya xidmətləri" və bir sıra digər layihələri maliyyələşdirir. Bu siyahıya digər nüfuzlu maliyyə təşkilatlarının və ölkələrin adını da əlavə etmək mümkündür.

 

Ölkəmizin özünün də investisiya qüdrəti artır

 

İqtisadi cəhətdən kifayət qədər güclənən Azərbaycan xaricdən investisiya cəlb etməklə bərabər, həm də özü daha güclü potensial investor kimi çıxış etməyə başlayıb. Məsələn, Gürcüstanın qaz infrastrukturunun inkişafı və yenidən qurulmasında əsas investor olan Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) yaxın beş il ərzində bu ölkənin qazlaşdırılmasına 100 milyon dollar həcmində sərmayə qoymağı planlaşdırır. 2009-cu ildə isə bu məqsədlə yatırılan investisiyaların həcmi 20 milyon dollara çatıb.

Xatırladaq ki, 2008-ci ilin dekabrında Azərbaycan Dövlət Neft Şirkəti və Gürcüstan hökuməti 22 regional qazpaylaşdırıcı şirkətin "Socar Georgia Gas"ın idarəçiliyinə verilməsi haqda müqavilə imzalayıb. Müqaviləyə görə, şirkət üç il ərzində qaz istehlakçılarının sayının 55 min abonentdən 150 min abonentə çatdırılmasını və Gürcüstanın qaz infrastrukturunun inkişafına 40 milyon dollar həcmində investisiya qoyuluşunu üzərinə götürüb. Hazırda Azərbaycan Gürcüstana əsas təbii qaz ixracatçısıdır. Bir müddət əvvəl isə ARDNŞ-nin törəmə müəssisəsi olan "SOCAR Georgia Gas" Gürcüstanın Duşeti rayonunda yeni qazpaylayıcı şəbəkəni istismara verib. Ümumiyyətlə, "SOCAR Georgia Gas" 3 il ərzində Gürcüstanın 30 şəhərini və rayonlarını qazla təmin etməyi planlaşdırır.

Ancaq Azərbaycan Gürcüstanın təkcə enerji infrastrukturuna investisiya yatırmır. Rəsmi Bakı həm də qonşu ölkənin nəqliyyat sektoruna investiysiya qoyuluşunu davam etdirməkdədir. Bu məqsədlə Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsində Gürcüstanın payının maliyyələşdirilməsi məqsədilə bu ölkəyə məxsus "Marabda-Kartsaxi Dəmir Yolları" MMC-yə güzəştli şərtlərlə (illik 1 faizlə 25 illiyə) 200 milyon dollar məbləğində kredit ayırıb və bu məbləğin daha da artırılması gözlənilir.

Azərbaycanın investisiyalar qoyduğu ölkələr arasında Türkiyə xüsusilə fərqlənir. Türkiyədə də Azərbaycanın diqqət yetirdiyi sahələr sırasında enerji infrastrukturu əsas yer tutur və bu istiqamətdə vacib əhəmiyyətə malik işlər görülüb. Belə ki, 2008-ci ilin birinci yarısında "SOCARTurcasInjaz" şirkətlər alyansı Türkiyənin nəhəng "Petkim" neft-kimya kompleksinin nəzarət səhm paketinin alınmasına dair sövdələşməni başa çatdırıb. 2014-cü ilə qədər "Petkim" və təsislərinə 10 milyard dollar yatırılacaq, "Ceyhan" limanında ayrıca ümumi tutumu 15 milyon ton olan çənlər quraşdırılacaq. "Petkim"ə lazımi maliyyə yatırıldıqdan sonra bu şirkət Türkiyənin neft-kimya məhsullarına olan tələbatının təxminən 60 faizini ödəyəcək. Bundan əlavə, kompleksin xammal ilə təchizatı üçün ARDNŞ "Petkim"in yanında neft emalı zavodunun inşasına dair layihənin reallaşmasına başlayıb. Bu məqsədlə 2008-ci ilin ikinci yarısında xüsusi SOCAR-Turcaz şirkəti təsis edilib. Neft emalı zavodunun ilkin gücü ildə 8-10 milyon ton həcmində dəyərləndirilir, layihənin dəyəri isə 4 milyard dollar civarındadır.

Həmçinin perspektivdə ARDNŞ Ceyhanda neft emalı və neft-kimya kompleksinin inşasını planlaşdırır. Layihəni 2006-cı ilin dekabrında ARDNŞ və Turcaz tərəfindən təsis edilmiş "SOCAR&Turcas Enerji A.S." həyata keçirəcək. NEZ iki mərhələdə yaradılacaq. Birinci mərhələdə neft emalı kompleksinin, ikinci mərhələdə isə neft-kimya kompleksinin yaradılması nəzərdə tutulur. Layihənin gücü ildə 10-15 milyon ton neft təşkil edəcək.

Əlbəttə ki, xaricə yatırılan investisiyalar təkcə Türkiyə və Gürcüstanla məhdudlaşmır. Postsovet ölkələrindən Ukrayna, Belarus və Moldova da Azərbaycan investisiyalarının potensial hədəfləri sırasında yer alır. Artıq Moldovada Azərbaycan investisiyası hesabına yanacaq terminallarının tikintisi həyata keçirilib. Lakin rəsmi Kişinyov bu sahədə Azərbaycanla əməkdaşlığı bir qədər də genişləndirmək niyyətində olduğunu bildirir. Ukrayna isə Azərbaycanı öz ərazisində neft emalı zavodu tikməyə dəvət edir və bu məsələ rəsmi Bakının diqqət mərkəzindədir. Rumıniya da ərazisində Azərbaycanın böyük neft-yanacaq kompleksi inşa etməsini istəyir. Azərbaycan tərəfi isə Şərqi Avropanın enerji infrastrukturunda daha mühüm rol oynamaq, həmçinin bu sahədən böyük miqdarda gəlir əldə etmək üçün Ukrayna və Rumıniyada belə enerji komplekslərinin tikintisi məqsədilə layihələndirmə işlərini nəzərdən keçirib və perspektivdə həmin ölkələrə Azərbaycanın investiysiya axınının başlanacağı gözlənilir.

 

Daxildə yatırılan sərmayələrdə əsas investor Azərbaycan özüdür

 

2007-ci ildə ilk dəfə olaraq Azərbaycan iqtisadiyyatına yatırılan daxili investisiyalar xarici investisiyaları üstələyib və ölkənin valyuta ehtiyatlarının çoxalması daxili investisiyaların həcminin artırılması üçün əlverişli şərait yaradıb.

Ümumiyyətlə, son illər ərzində daxili investisiyaların xarici sərmayələri qabaqlamasını ekspertlər qanunauyğun hal kimi qiymətləndirir. Bütövlükdə xarici investisiyaların həcmi 2000-ci ildən başlayaraq 2005-ci ilə qədər artıb. Ancaq neft sektorunda hasilatın pay bölgüsünə əsasən, xarici şirkətlərin üzərlərinə götürdükləri öhdəlikləri 2005-ci ilə qədər artıq investisiya şəklində həyata keçirməsi investisiya strukturunda onların payının azalması ilə nəticələnib. Lakin bunun əvəzində xarici sərmayədarlar qeyri-neft sektoruna daha çox investisiya yatırmağa başlayıb. Təsadüfi deyil ki, son beş il ərzində qeyri-neft sektorunda xarici investisiyanın çəkisi artan xətt üzrə inkişaf edib. Lakin qeyri-neft sektorunda üstünlük yenə də daxili investisiyalara məxsusdur.

Daxili investisiyaların struktur təhlili göstərir ki, Azərbaycan enerji sahəsilə yanaşı, qeyri-neft sektorunun inkişafına da xüsusi önəm verir. Bunu investisiyaların tərkibinə nəzər yetirməklə də aydın müşahidə etmək mümkündür. Belə ki, 2007-ci ildə bütün maliyyə mənbələrindən əsas kapitala 6,8 milyard manat investisiya yönəldilib və həmin vəsaitin 59,6 faizini və ya 4 milyard manatını daxili investisiyalar təşkil edib. Daxili sərmayələrin 78,3 faizi istehsal təyinatlı obyektlərin inşasının davam etdirilməsi üçün istifadə olunmuşdur. Qeyri-neft sektorunda inşaat işlərinə yönəldilmiş sərmayənin həcmi də əvvəlki ildən 28,8 faiz artıq olub. Analoji hal daha böyük rəqəmlərlə 2008 və 2009-cu illərdə müşahidə olunub.

Azərbaycan Prezidentinin "İnvestisiya fəaliyyətinin genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2006-cı il 30 mart tarixli sərəncamına əsasən yaradılan "Azərbaycan investisiya şirkəti" ASC həm dövlətin, həm də özəl müəssisələrin payçısı kimi çıxış edərək ölkənin investisiya fəaliyyətinin genişlənməsində mühüm rol oynayır. Şirkətin fəaliyyətinin prioritet istiqamətlərindən biri Azərbaycan müəssisələrinin ixracyönümlü və idxalın əvəzləşdirilməsinə yönəlmiş layihələrində iştirak və həmin layihələrə yerli və ya xarici investorların cəlb edilməsidir.

Görülən işlər nəticəsində 2003-2008-ci illərdə ölkə iqtisadiyyatına 44 milyard dollar investisiya qoyulub və bu da müstəqillik illərində Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunun 77 faizi deməkdir. Bu dövrdə bütün maliyyə mənbələri hesabına əsas kapitala qoyulmuş investisiyanın həcmi son beş ildə 33,5 milyard manat təşkil edib, bunun 53,2 faizi daxili, 46,8 faizi isə xarici investisiyalar olub. 2008-ci ildə istifadə edilmiş investisiyanın həcmi 2003-cü il səviyyəsini 3 dəfə üstələyib, adambaşına düşən investisiyanın həcmi 2003-cü illə müqayisədə 605,8 manat çox olub. 2003-cü ildə ümumi investisiyaların həcmində daxili investisiyaların payı 24,8 faiz olduğu halda, 2008-ci ildə bu göstərici 78,6 faiz təşkil edib.

2009-cu il ərzində isə ölkəmizə 9,2 milyard dollar investisiya qoyulub ki, bunun da 7,3 milyardı daxili sərmayədir. Bundan başqa, 2009-cu ildə Azərbaycanda bir neçə nəhəng layihənin təməli qoyulub, yaxud da ki, o layihələrin müəyyən hissəsi icra edilib. Buna misal olaraq xarici investorların 400 milyon dollar həcmində vəsait yatıracağı yeni böyük sement zavodunun təməl daşının qoyulmasını, sərmayə dəyəri 400 milyon dollar qiymətləndirilən yeni məişət tullantıları emalı zavodunun inşasına başlanmasını, Sumqayıtda ən azı 10 nəhəng zavodun qurulmasının planlaşdırılmasını və digərlərini göstərmək olar.

 

Ölkəmizdə əlverişli investisya mühitinin mövcudluğu beynəlxalq miqyasda da etiraf olunur

 

Azərbaycanda əlverişli investisya mühitinin olması beynəlxalq miqyasda da xüsusi qeyd olunur və aparıcı dünya təşkilatlarının hazırladıqları hesabatlarda bu amil daim ön plana çəkilir. Məsələn, 1971-ci ildə yaradılan Dünya İqtisadi Forumunun ötən il yaydığı "Qlobal Rəqabət Hesabatı 2009-2010" adlı sənəddə ölkələrin rəqabət qabiliyyəti 110 sahə üzrə vəziyyətə dair açıq informasiyalar əsasında qiymətləndirilib. Qiymətləndirmə zamanı adları hesabata daxil edilən ölkələrdə sahibkarlar arasında sorğular keçirilməsindən də istifadə olunub.

"Qlobal Rəqabət Hesabatı 2009-2010" sənədi isə dünyanın 133 ölkəsini, o cümlədən postsovet dövlətlərini əhatə edib və burada azad rəqabət şəraitinin yaradılması baxımından Azərbaycan 2008-ci illə müqayisədə 18 pillə irəliləyib. Belə ki, 2008-ci ildə Azərbaycan 69-cu yerdə dayanırdısa, ötən il ölkəmiz 51-ci pilləyə kimi irəliləyib və qlobal rəqabətlilik indeksi baxımından MDB-nin lider dövləti olub. Azərbaycanın belə yüksək göstəriciyə nail olmasını şərtləndirən amillər sırasında ilk olaraq ölkəmizdə mövcud olan güclü makroiqtisadi sabitlik və bu sahədə daim edilən islahatlar mühüm rol oynayıb. Bundan əvvəl isə Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası dünyanın 183 ölkəsində biznes qurulması şəraiti ilə bağlı "Doing Business-2010" adlı hesabatında bəyan edib ki, biznes sahəsində həyata keçirilən son islahatlar sayəsində Azərbaycan bu ölkədə iş qurulması sahəsində çox əlverişli mühit yaradıb. Xatırladaq ki, əvvəlki hesabatda Azərbaycan bir nömrəli islahatçı dövlət elan olunmuşdu. Ötən il açıqlanan yeni hesabatda isə bildirilib ki, sahibkarlıq fəaliyyətinin rahatlığı və əlverişliliyi baxımından Azərbaycan yenə də bir çox MDB dövlətlərini qabaqlayır.

Bütün bunlar iqtisadiyyatın bir çox sahələrində olduğu kimi, investisiya sahəsində də Azərbaycanın aparıcı dövlətlərdən biri kimi çıxış etdiyini göstərir.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2010.-  14 mart.- S.  2.