ARDNŞ "Ekologiya İli"
çərçivəsində növbəti ağacəkmə
aksiyası keçirmişdir
Martın 13-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bütün idarə və müəssisələrinin işçiləri növbəti ağacəkmə aksiyası keçirmişlər.
Şirkətin mətbuat xidmətindən bildirmişlər ki, qurumun rəhbərliyi "Bibiheybətneft" Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) neftlə çirklənmədən təmizlənmiş mədən ərazisinə gələrək burada iməcilik iştirakçıları ilə görüşmüş və ağac əkmişlər. ARDNŞ-in prezidenti Rövnəq Abdullayev vurğulamışdır ki, ölkənin ekoloji durumunun daha da yaxşılaşdırılması istiqamətində görülən bu işlər Azərbaycanda ətraf mühitin qorunması işinə neftçilərin verdiyi ən böyük töhfələrdəndir. NQÇİ-nin neftlə çirklənmədən təmizlənmiş torpaq sahələrində 3 mindən artıq ağac əkilmişdir.
Şirkət rəhbərliyinin təmsilçiləri Qaz Emalı Zavodunun Salyan şosesində yerləşən ərazisinə də gəlmiş və ağac əkmişlər. Həmin gün burada zavodun əməkdaşları ümumilikdə 2 min ağac və gül kolu əkmişlər. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun yaxınlığındakı geniş sahədə salınan yaşıllıq massivində də neftçilərin gücü ilə 4 minə yaxın ağac əkilmişdir. Həmin gün ARDNŞ-in digər idarə və müəssisələrinin əməkçiləri də öz ərazilərində yaşıllıq və abadlıq işləri aparmışlar. ARDNŞ müəssisələrinin 5 mindən artıq əməkçisinin iştirak etdiyi iməcilikdə ümumilikdə 14 min 200-ə yaxın ağac və gül kolu əkilmiş, böyük abadlıq işləri aparılmışdır. Bu ağaclar arasında ərazinin təbii xüsusiyyətlərinə uyğun bitkilərə - küknar, şam, sərv, Eldar şamı, zeytun, meyvə ağaclarına, eləcə də qızılgül və dekorativ gül kollarına üstünlük verilmişdir.
Cari ildə ARDNŞ-in kollektivi yaşıllaşdırma tədbirləri çərçivəsində 150 min ağac, 16 min gül tingi əkməyi planlaşdırır.
AzərTAc
Azərbaycan.- 2010.- 14
mart.- S. 2.