Dövlət qayğısı
Ağdaşı daha da müasirləşdirir
Azərbaycanda
sosial-iqtisadi inkişaf yeni mərhələdə uğurla
davam edir. Qəbul edilən layihələr və proqramlar
layiqincə yerinə yetirilir. Həyata keçirilən tədbirlər
sayəsində ölkəmiz dünya iqtisadi proseslərinə
daha inamla və gərəkli tərəfdaş kimi
qoşulur. 2009-cu il də belə oldu. Azərbaycan sürətlə
inkişaf edən ölkələr arasında yerini qorudu. Halbuki
dünyanı bürümüş maliyyə böhranı
çox ölkəni sosial-iqtisadi problemlər
qarşısında qoyub. Ölkəmiz isə ötən
sınaq ilini uğurla başa vuraraq, yüksək inkişaf
tempini qoruyub saxlaya bildi. 2009-cu ildə ümumi daxili məhsul
9,3 faiz artıb. Bunu tarixi nailiyyət adlandıran Prezident
İlham Əliyev haqlı olaraq qeyd edir ki, ölkənin
bütün uğurlarının təməlində
düşünülmüş siyasət və düzgün
atılmış addımlar durur. Uğurları şərtləndirən
amillərdən biri də ölkənin bütün
regionlarının inkişaf dinamikasının diqqətdə
saxlanılmasıdır. Bu baxımdan ölkə Prezidenti
İlham Əliyevin bölgələrə səfərləri,
hər bir rayonun sosial-iqtisadi vəziyyəti ilə yerində
tanış olması, lazımi tədbirlərin həyata
keçirilməsi ilə bağlı tapşırıq və
tövsiyələrini verməsi çox əhəmiyyətli
məsələdir. Bu, ölkə rəhbəri ilə
xalqın canlı ünsiyyəti baxımından da təqdirəlayiq
haldır.
Prezident İlham Əliyevin
fevralın 12-dəki səfərini də ağdaşlılar
ölkə rəhbərinin onlara göstərdiyi diqqət və
qayğının təzahürü kimi qəbul edirlər.
Son illər Azərbaycanın
inkişaf tempinə uyğun olaraq Ağdaş rayonunda da
qazanılan nailiyyətlər göz önündədir. Ötən
il rayonda ümumi məhsul istehsalı 1,6 dəfə, sənaye
məhsulları istehsalı 4 dəfə, pərakəndə əmtəə
dövriyyəsi 10,4 faiz, əhalinin gəlirləri 26,7 faiz,
adambaşına düşən gəlirlər 25,2 faiz, orta
aylıq əməkhaqqı 25,5 faiz artıb. Əvvəlki illə
müqayisədə investisiya qoyuluşu da 2,6 dəfə
çoxalıb. Bir il ərzində açılan 1165 yeni
iş yerindən 606-sı daimidir.
Rayonda 1103510 kilovoltluq
"Ağdaş" elektrik yarımstansiyası tikilib istifadəyə
verilib. "Şəmsabad" qazpaylayıcı stansiya işə
salınıb, 23 kənd təbii qazla təmin olunub. Bir
çox səhiyyə, təhsil, mədəniyyət
ocaqları tikilib və ya əsaslı təmir olunub. Rayon əhalisinin
sosial rifah halının yaxşılaşdırılması
üçün gərəkli tədbirlər
görülüb, tədbirlər indi də davam etdirilir.
Ağdaş RİH
başçısı Rafiq Niftəliyev bildirdi ki, Prezident
İlham Əliyevin rayonda görülən işlərlə
bağlı söylədiyi xoş sözlər bütün
ağdaşlıları qürurlandırıb,
çalışacağıq ki, bundan sonra da cənab
Prezidentin tapşırıq və tövsiyələrini
vaxtında yerinə yetirək.
Rayonu gəzib-dolaşdıqca,
ayrı-ayrı adamlarla söhbətləşdikcə hiss
edirsən ki, işgüzarlıq, əhvali-ruhiyyə yüksəldir.
Təbiət, humanitar və texniki fənlər təmayüllü
gimnaziyanın direktoru Şəhla Hacıbalayevanın sevinci
daha hüdudsuzdur: - Mən sevinirəm, qürur duyuram ki,
Ağdaş ictimaiyyəti adından möhtərəm
Prezident İlham Əliyevi salamlamaq mənə nəsib oldu. Mən
bu görüşü heç vaxt unutmayacağam. Təbiətən
humanist və səmimi şəxs olan dövlət
başçısının insanlarla qayğıkeş rəftarı
hər bir ağdaşlının qəlbində xoş
duyğular oyadıb. Bizim rayonda bugünkü sosial-iqtisadi tərəqqiyə,
davamlı inkişafa əsası ulu öndər Heydər Əliyev
tərəfindən qoyulan və cənab İlham Əliyevin
uğurla davam etdirdiyi siyasi kurs sayəsində nail olub.
Son 6-7 ildə
Ağdaşda 1672 şagird yerlik 6 məktəb binası, 800
şagirdlik 40 sinif otağı tikilib, 4 məktəb əsaslı
təmir olunub. Şəhid ailələri və əlillər
üçün 48 mənzilli yaşayış binası,
Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon
şöbəsi üçün yeni inzibati bina və 9
saylı Ərazi Vergilər İdarəsinin xidmət
terminalı tikilib.
Rayon ictimaiyyətinin
nümayəndələri ilə görüşərkən Prezident
İlham Əliyev Ağdaşda görülən
abadlıq-qurucluluq işləri ilə bağlı deyib:
"Mən çox şadam ki, Ağdaşda işlər
yaxşı gedir, gözəl obyektlər istifadəyə
verilir. Əminəm ki, növbəti illərdə
regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramının ikinci mərhələsinin icrası nəticəsində
əsas məsələlər, sosial-iqtisadi məsələlər
öz həllini tapacaqdır. Bu proqramın 2010-cu ildə
başa çatması nəzərdə tutulur. Əminəm
ki, o vaxta qədər bütün əsas məsələlər
öz həllini tapacaqdır. Biz sizinlə bundan sonra da
görüşəcəyik. Əminəm ki, Ağdaşda
gözəl açılışlar hələ çox
olacaqdır".
Ağdaş Gənclər
və İdman İdarəsinin rəisi Azad Gözəlovla da
görüşdük. O, təəssüratını bizimlə
belə bölüşdü: - Beş il əvvəl möhtərəm
Prezident İlham Əliyev Ağdaşda olarkən yeni Olimpiya
İdman Kompleksinin tikintisi ilə bağlı ona müraciət
olunmuşdu. Çox şadıq ki, ölkə rəhbəri
Azərbaycan idmanına müəyyən töhfələr
vermiş Ağdaşda möhtəşəm bir Olimpiya
İdman Kompleksinin tikilib istifadəyə verilməsi
üçün qayğısını əsirgəmədi və
onun açılışında şəxsən iştirak
etdi. Belə böyük qayğıya görə cənab
Prezidentə dərin təşəkkürümüzü
bildiririk. Ümidvarıq ki, yaradılan şəraitin
müqabilində rayon gəncləri ölkə
idmanının şan-şöhrətini artırmaq,
Ağdaşın adını ucaltmaq üçün belə
möhtəşəm kompleksdən səmərəli istifadə
edəcəklər. Bir məqama da toxunmaq istəyirəm.
Ölkəmizdə savadlı və bacarıqlı
kadrların yüksək vəzifələrə təyin
olunmaları üçün hər cür şərait
yaradılır. Bu, birbaşa dövlət gənclər siyasətinin
tərkib hissəsidir. Ağdaşda gənclərin rayonun
ictimai-siyasi həyatında fəal iştirakı, müəyyən
vəzifələrə təyin olunması artıq ənənə
halını alıb. Gəncliyə göstərilən bu
qayğıya və etimada görə də möhtərəm
Prezidentimizə minnətdarlığımızı bildiririk.
Ağdaş Humanitar
Kollecinin direktoru Tənzilə Şıxıyeva ulu öndər
Heydər Əliyevi Azərbaycan rəhbəri kimi sovetlər
dönəmində Ağdaşa səfəri zamanı
qarşılayanlardan olub. Bu gün ulu öndərin layiqli
davamçısı Prezident İlham Əliyevi rayonda
qarşılayanlar arasında olduğundan da qürur
duyduğunu bildirən T.Şıxıyeva söhbət
zamanı xüsusi vurğuladı ki, həm ulu öndər
Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin
Ağdaşa səfərindən sonra uğurlu işlərə
start verilib. Bu gün Azərbaycanın regionlarında
abadlıq-tikinti-quruculuq işlərinin görülməsini,
müxtəlif sosial layihələrin və proqramların uğurla
icra olunmasını, həmçinin Ağdaşda həyata
keçirilən yenidənqurma tədbirlərini Tənzilə
Şıxıyeva ulu öndər Heydər Əliyevin
inkişaf strategiyasının və Prezident İlham Əliyevin
uzaqgörənliklə həyata keçirdiyi məqsədyönlü
siyasətin təzahürü sayır. "Yeniləşən
Azərbaycana yeni məktəb" layihəsindən söz
açan Tənzilə Şıxıyeva Heydər Əliyev
Fondunun dəstəyi ilə Ağdaşda inşa edilən
yeni təhsil və mədəniyyət ocaqlarına, həmçinin
rayonun həyatında böyük mədəni hadisəyə
çevrilmiş Habil Əliyev adına Ağdaş Musiqi Məktəbinin
tikilib istifadəyə verilməsinə görə Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya
təhsil və mədəniyyət işçiləri
adından təşəkkürünü bildirdi.
Respublikanın əməkdar müəllimi, rayon ağsaqqalı Akif Hacızadənin də ürək sözlərini dinlədik: - Mən möhtərəm Prezidentin rayonlara səfərini çox yüksək qiymətləndirirəm. Onun hər səfəri müəyyən bir uğurun, nailiyyətin başlanğıcı deməkdir. Ağdaşda həyati əhəmiyyətə malik su məsələsi həll olunmaq üzrədir. Dövlət proqramına uyğun olaraq Ağdaş şəhərinin su təchizatı probleminin həlli məsələsi Asiya İnkişaf Bankının "Azərbaycan Respublikasında kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi"nə daxil edilib. Olduqca xoşdur ki, Ağdaşda yeni su xəttinin açılışında möhtərəm Prezident İlham Əliyev iştirak etdi, rayon sakinlərinə ürək sözlərini bildirdi, yeni su xəttinin istifadəyə verilməsini Ağdaşın həyatında tarixi hadisə adlandırdı.
Rayonumuzun Kükəl kəndi ərazisində yanvarın əvvəlindən regional elektrik yarımstansiyasının tikintisinə hazırlıq gedirdi. 15 hektarlıq ərazidə 125 MVA-lıq iki transformator yarımstansiyası qurulacaq. Möhtərəm Prezident həmin yarımstansiyanın təməlini özü qoydu. Dediyim odur ki, dövlət başçısı işıqdan, sudan tutmuş hər şeyə qədər qayğı göstərir, bütün bölgələrin inkişafı, həm də hərtərəfli inkişafı üçün yorulmaq bilmədən çalışır.
Prezident İlham Əliyev Ağdaşda rayon mərkəzi xəstəxanasının yeni binasının da təməlini qoyub. 100 çarpayılıq bu xəstəxana üçün 5,3 hektar torpaq sahəsi ayrılıb. Xəstəxananın həkimi Nuru Nuruyev bildirdi ki, iki ilə istifadəyə verilməsi nəzərdə tutulan 6 korpusdan ibarət yeni xəstəxana rayon əhalisinin sağlamlığının qorunmasında, daha yüksək tibbi xidmətin təşkilində mühüm rol oynayacaq.
Bəli, Ağdaş tikilir, qurulur, yeni layihələrin icrasına başlanılır və hər bir tədbir rayon sakinlərinin gün-güzəranının yaxşılaşdırılması, rahatlığı üçün nəzərdə tutulub. Söhbət etdiyimiz ağdaşlılar hərtərəfli qayğıya görə ölkə rəhbərinə dərin təşəkkürlərini bildirməklə yanaşı, üzərlərinə düşən vəzifənin öhdəsindən ləyaqətlə gələcəklərini söylədilər.
Telman NƏZƏRLİ
Azərbaycan.- 2010.- 14
mart.- S. 3.