Təbiət və biz

 

Biz təbiətə bəzən "ana" deyirik və bu ifadəni boş yerdən işlətmirik. Təbiət öz qoynunda bizi bəsləyib böyüdür. Dörd ünsürün - su, torpaq, yel və odun (Günəşin) mövcudluğu, bir-birini tamamlaması, həmahəngliyi ilə canlılar yaranıb. Canlılarınsa alisi insandır. Minilliklər boyu insan təbiətlə ünsiyyətdən bəhrələnib. Daş, tunc dövrlərində mağaralarda yaşayaraq, düzəltdiyi alətlərlə ov edərək qidalanıb. Zaman keçdikcə yaşamaq üçün düşünüb-daşınıb, yollar axtarıb.

Günəş sisteminin qarşılıqlı münasibəti, Yerin öz oxu ətrafında və Günəşin başına dolanması nəticəsində gecə gündüzü, bahar qışı, payız yayı əvəz edir. Qarlı qışdan sonra çöllər-düzlər, bağlar-bağatlar yaşıl rəngə, gül-çiçəyə bürünür, yayın istisi ilə meyvə-tərəvəz yetişməyə başlayır, payızda isə hasilə gələn məhsul yığılır. Beləcə, həyat davam edir. Təbiət öz çalarları, təzadları ilə gözəldir. İstisi-soyuğu, yaxını-uzağı, yaxşısı-yamanı ilə. Onda heç nə artıq deyil. Hamısının yeri var - fəlakətinin də, səxavətinin də. Təbiət canlı orqanizm olmaqla, insan ömrünü də, sanki, özünə uyğunlaşdırıb, dörd fəslə bölüb. Uşaqlıq, gənclik, ahıllıq və qocalıq. Beləliklə, insanı yaradan ulu Tanrı, yaşadansa təbiətdir desək, yanılmarıq.

Rəssam da, bəstəkar da, şair də öz əsərlərində təbiətin min bir gözəlliyini vəsf edir. Lakin onlar təbiətin yaratdığını tam əks etdirə bilmirlər. Elə buna görə biz təbiətin yaratdıqlarına təkrarsız gözəllik kimi baxırıq. Adi qanqal çiçəyinin rəng çalarlarını çəkməyə, əks etdirməyə nə rəssam fırçasının, nə də şair sözünün qüdrəti çatır. Bir müdrik baharda qurbağaların qurultusunu (səsini) təbiətin simfoniyası adlandırıb. Təbiət öz sərvətlərini bizə bəxş etməklə yanaşı, eyni zamanda ruhumuza, hiss və duyğularımıza qida verir. Onun qoynuna fəsillər boyu gah qaranlıq çökür, gah nur ələnir. Utancaq sevgililər kimi gecələr gələndə gündüz gizlənir. Təbiəti sevən adamlar mənən zəngin, həssas olur, vətəni sonsuz məhəbbətlə sevir, dostluqda, yoldaşlıqda etibarlı, sədaqətli adamlar kimi seçilirlər. Təbiət qoynunda, xüsusilə ov zamanı kəsilən bir tikə çörək heç vaxt unudulmur.

Günəşi, Ayı, ulduzu, torpağı, gül-çiçəyi, dağları, meşələri, çayları, dənizləri, daha nə bilim nələri, nələri düşündükcə fikirlər, xəyallar bizi qanadına alıb göylərə aparır. O göyə ki, hələ də sirli-sehrli olaraq qalır. Alimlər nə qədər baş sındırsalar belə, səma cisimlərini tam şəkildə öyrənə bilməyiblər və bəlkə milyon illər bundan sonra da bu, mümkün olmayacaq. Şair demişkən: "Sirrini verməyir sirdaşa dünya". Müqəddəs kitabımız "Qurani-Kərim"də Allah-taala göstərir ki, "Mən Yerdə, Göydə nə varsa, sizin üçün yaratdım". Deməli, təbiət yalnız Yerlə məhdudlaşmır. Günəş Göy cisimlərinin tacı, həyat çeşməsidir. O, sakinləri olduğumuz Yer kürəsini isidir, bütün canlılara həyat verir. Çox yox, bir neçə dəqiqəliyə Günəş sönsə, kainat zülmətə qərq olar, buz bağlayar, həyat məhv olar. Haradandır onda bu qüdrət?! Neçə il bundan əvvəl yazdığım "Günəş" adlı şeirimdə belə demişəm:

 

De, nədən alışıb, nədən yanırsan?!

De, nədən bu qədər alovlanırsan?!

Yoxsa yanmağınla bizi anırsan?!

Min sual doğulur fikrimdə mənim,

Günəş, varlığına heyranam sənin.

 

Eşqin tükənməzdir ürəyimizdə,

Sənə möhtac yaşar çay da, dəniz də.

Başına dolanır Yer kürəmiz də.

Əzəldən olmusan hər şeyə zəmin,

Günəş, varlığına heyranam sənin.

 

Hələ açılmayan nə qədər sirr var,

Hər kiçik zərrəndə gövhər var, dürr var.

Böyük qüdrətinlə Ayda da nur var.

Yenə qanad açdı xəyal yelkənim,

Günəş, varlığına heyranam sənin.

 

Nə həyat olaradı, nə biz olardıq,

Buzlu Okeantək donub qalardıq.

Sən varsan, həyat var, biz varıq artıq.

Hər səhər doğanda səcdənə gəlim,

Günəş, varlığına heyranam sənin.

 

Adamlar çətinliyə düşəndə əllərini Göyə qaldırıb Allahdan imdad diləyirlər. Namaz qıldıqda da əllər ulu Tanrının dərgahına uzanır. Biz Yaradanın göydə olduğunu fikirləşərək belə edirik və nə yaxşı ki, ağlımız belə kəsir. Yoxsa çirkləndirdiyimiz, başına min oyun açdığımız yerdə ilahi bir varlığın, qüdrətin olduğuna inanmazdıq. "Qurani-Kərim"də deyilir ki, "ey insanlar, mən Yeri və Göyü sizin üçün yaratdım". Yəni, Yer və Göy Allahın bizə əmanətidir. Biz bu əmanətin qədrini bilməli, onu nəsildən-nəslə saf, təmiz ötürməliyik. Amma bunu edirikmi?

Adi bir cümlədə sözlərin yeri dəyişəndə başqa məna alınır. Təbiətin nizamı pozulanda isə nələrin baş verdiyini çoxları görmək istəmir. Özü də yeri çirkləndirməklə qurtarmamışıq, göylərin də nizamını pozmuşuq. Atmosferdə gedən dəyişikliklər nəticəsində təbii fəlakətlər - aramsız yağışlar, daşqınlar, torpaq sürüşmələri, güclü qasırğalar, şiddətli soyuqlar və kəskin istilər dünyanı cənginə alıb. Ozon qatında dəlik əmələ gəlməsi nəticəsində qlobal istiləşmənin yaranması alimləri, dünya ictimaiyyətini təşvişə salıb, sivilizasiya məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb, təbii su mənbələrinin - bulaqların suyu azalıb. Təkcə Lerik, Yardımlı, Astara, Lənkəran rayonlarında son illər neçə-neçə bulaq quruyub.

Vətən Yerin bir xalqa, millətə mənsub olan hissəsidir, əcdadlarımızın məskunlaşdığı məkandır. Nəsildən-nəslə əmanət kimi ötürülən yurd, torpaq həm də namusumuz, qeyrətimizdir. Onu qorumaq hər birimizin müqəddəs borcudur. İnsan torpaqdan yaranıb deyirlər. Ana südü də torpaqdan hasilə gələn müxtəlif nemətlərin məhsuludur. Bir-iki gün yeyib-içməyəndə zəifləyir, taqətsiz oluruq. İnsan ən çox bir ay qidasız yaşaya bilir. "Dədə Qorqud" filmində torpaq haqqında deyilən söz hər birimizin qulağında sırğa olmalıdır: "Torpağın vətən olması üçün iki əsas şərt var: biri odur ki, gərək onu qoruyasan, ikincisi isə torpağı gərək əkib-becərəsən. Əgər qoruya bilmirsənsə, əkib becərməyə, əkib becərmirsənsə, qorumağa dəyməz". Bu müdrik kəlamın nə qədər doğru olduğunu tarix özü sübuta yetirdi. Dağlıq Qarabağı əldən verdik. Bu azmış kimi, maddi-mənəvi sərvətlərimiz, hətta məzarlıqlarımız yerlə yeksan edildi. Ermənilər indi də Arazın suyunu çirkləndirir, atom stansiyasının tullantılarını gətirib Qarabağ ərazilərində basdırır və digər qeyri-insani əməllərlə məşğul olurlar. Düşünmürlər ki, biz eyni gəminin sərnişinləriyik, son illər təbiətdə baş verən hadisələr bütün xalqlar kimi, onları da düşündürməlidir. Zəlzələlər, sunamilər, torpaq sürüşmələri, tufanlar, qasırğalar və digər anomaliyaların təbiətin ekoloji təcavüzə qarşı etirazı, harayı, hayqırtısı olduğunu dərk etməlidirlər.

Torpaq bizim varlığımızın, yoxluğumuzun məskənidir. İnsan dünyasını dəyişəndə onu torpağa tapşırırıq. Vaxt çatanda hər birimizi torpaq öz qoynuna alır. Bu, misli görünməmiş bir məhəbbətin, sədaqətin təntənəsidir. Bununla belə, torpağa qarşı ədalətsizliklər, insafsızlıqlar etdiyimizi də boynumuza almalıyıq. Bir tərəfdən onun uğrunda mübarizə aparıb qan tökürüksə, digər tərəfdən başına olmazın oyunlar açırıq.

Bir neçə il bundan əvvəl Bakıda Şəhidlər xiyabanının aşağı hissəsində - gəmiqayırma zavodunun yaxınlığındakı yamacda hansısa bir tikinti üçün özül qazdılar. Əraziyə tökülmüş külli miqdarda dəmir-betona sahə tab gətirə bilmədi, torpaq sürüşməsi baş verdi. Nə yaxşı ki, dövlət orqanları tikintini dayandırmaq haqqında göstəriş verdi və həmin yerdə çox sayda ağac əkildi. Yaponiyada, digər ölkələrdə torpağın hər qarışından səmərəli istifadə olunur, o, etibarlı mühafizə edilir. Biz isə fərqinə varmırıq. Ən bəlalı cəhətlərimizdən biri tikdiyimiz evlərin altına həddən artıq torpaq verməyimizdir. Daha böyük ev tikdirmək isə başımızın bəlasıdır. Bu işdə, elə bil, yarışa girmişik. Düşünmürük ki, sivil xalqlar daha yığcam evlər tikməklə onun hər kvadratmetrindən səmərəli istifadə edirlər. Bəli, biz torpağı qorumalıyıq, ondan istədiyimizi götürməklə əvəzində yerini doldurmalıyıq.

Hazırda ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi barədə çox danışılır, çox yazılır. Aparıcı ölkələrin nümayəndələri tez-tez toplantılara qoşulurlar. Bu, son vaxtlar daha ciddi hal alıb. Hər işdə tarazlıq lazımdır. İnsanın özündə tarazlıq, simmetriya pozularsa, bu, yalnız həmin adamın özünə problem yaradır. Təbiətdə tarazlığın pozulması isə bəşəri fəlakətlər gətirir. Deməli, təbiəti qorumaq hər kəsin borcudur.

Ekoloji tarazlığın saxlanılmasında meşələr, ağaclar mühüm rol oynayır. Meşələri təbiətin ciyəri adlandırırlar. Hələ uşaq ikən eşitdiyim "Kim nə qədər ağac əkərsə, ömrü o qədər uzanar" sözünün mənasını sonralar dərk etdim. Anladım ki, əkilən hər ağac ətrafı gözəlləşdirməklə yanaşı, havanı təmizləyir. Odur ki, müdrik adamlar həmişə meşə salmağa, ağac əkməyə savab iş, həyati əhəmiyyətli məsələ kimi baxıblar. Ağaclar torpağı eroziyadan qorumaq, güclü külək və sel sularından mühafizə etmək baxımından da çox faydalıdır. Sovetlər birliyi zamanı tez-tez iməciliklər keçirilirdi. Yəqin çoxlarının yadındadır ki, o zaman ulu öndər Heydər Əliyev həmin tədbirlərdə yaxından iştirak edirdi. Şıx çimərliyinin şimalında salınmış yaşıllıq o illərin yadigarıdır. Ümumiyyətlə, ulu öndər yaşıllığı, ağacları çox sevirdi, təbiətə qarşı amansız olanlarla barışmırdı. "Bir ağacın budağına balta çalınanda elə bil mənim qolumu kəsirlər" deyirdi.

Keçən əsrin 90-cı illərində meşələrimiz, yol boyunca salınmış yaşıllıqlar sürətlə qırılırdı. Əhali ondan yanacaq kimi istifadə edirdisə, işbazlar pul qazanırdı. Təəssüf ki, belə hallar azalsa da, kökü kəsilməyib. Aran zonalarında salınan meşə zolaqlarının yerində indi evlər tikilir, əkin-biçin aparılır.

Səliqə-sahmanlı, gün-güzəranı xoş keçən ailələr mənzillərindən gül-çiçəyi əskik etmirlər. Çünki göz oxşayr, xoş əhvali-ruhiyyə yaradır. Azərbaycansa hər birimizin evidir. Biz mədəniyyətimizə, sağlamlığımıza, onun ayrılmaz hissəsi olan ekologiyamıza daha çox diqqət yetirməliyik və çox yaxşı haldır ki, son illər bu sahəyə diqqət xeyli artıb. Gözümüzü açandan bəri Bibiheybət neft mədənini qara rəngdə görmüşdük. 10 il əvvəl buranın dəyişəcəyini, buruqlar "meşə"si arasında yaşıllıq salınacağını ağlımıza belə gətirməzdik. Magistral şose yollarımızın kənarlarında son illər salınan meşə zolaqları hər birimizin ürəyincədir. Bunlar ölkəmizə gələn, regionlarımıza baş çəkən hər bir qonaqda, turistdə xoş ovqat yaradır.

Bütün bunlar həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın "Hərəmiz bir ağac əkək" layihəsi bu işdə müstəsna rol oynayır. Ölkə başçısı İlham Əliyevin 2010-cu ili "Ekologiya ili" elan etməsi və 3 milyon ağac əkməyi qarşıya məqsəd qoyması ana təbiətə münasibətdə insanlığın təntənəsi, məhəbbət nümunəsidir. İndi bu xeyirxah tədbir ölkədə ümumxalq hərəkatına çevrilib.

Azərbaycan həm də təbiəti ilə zəngindir. Lakin etiraf etməliyik ki, bu zənginliyin qədrini lazımınca bilmirik. Düzdür, son illər xüsusən Xəzərin təmizliyi ilə əlaqədar mühüm tədbirlər həyata keçirilir. Hövsanda kanalizasiya sularının təmizlənməsi üçün tikilən qurğu buna nümunədir. Amma Xəzərdə neft-qazdan az qiymətli olmayan nərəcinsli balıqların nəsli, çox təəssüf ki, tükənmək üzrədir. Mütəxəssislərin dediyinə və müxtəlif informasiya vasitələrindən aldığımız məlumata görə, nərəcinsli balıqlar Xəzərin bizə - Azərbaycana məxsus akvatoriyasında, demək olar, yox dərəcəsindədir. Balıqçı gəmilərimizin Xəzərin Qazaxıstan, Türkmənistan sularında tez-tez saxlanılması da bunun nəticəsidir. Halbuki belə balıqların törəyib artması üçün ən yaxşı, münbit şərait bizim ərazidədir. Kür çayı bu sahədə əvəzsizdir. Kürün üstündə indi 4 nərəbalıqartırma zavodu var. Onlardan 3-ü Neftçalanın, 1-i isə Şirvan şəhərinin ərazisində fəaliyyət göstərir. Zavodların hər biri milyonlarla balıq yetişdirib Kür çayı vasitəsilə dənizə buraxır. Bəs onda niyə Xəzərin bizə aid olan hissəsində balıq qəhətə çıxıb? Bu sahənin işçiləri ilə apardığımız söhbətlərdən məlum olur ki, acınacaqlı vəziyyətin yaranmasına başlıca səbəb balıq ovunda yol verilən ciddi nöqsanlardır. Xəzərin sahili boyunca indi 5-10 metr boş yer tapmaq çətin məsələdir. Balıqçılar qeyri-standart ov alətlərilə dənizə hücum çəkir, istədikləri şəkildə ov aparırlar. Çin istehsalı olan torlar (jilkator), böyük-kiçikliyinə baxmayaraq, bütün ölçüdən olan balıqları tutub saxlayır. 1-2 kiloqramlıq nərəcinsli balıqlara Bakı, Lənkəran, Salyan, Neftçala, Şirvan şəhərlərinin bazarlarında tez-tez rast gəlinir. Halbuki onlar yetişkənlik dövrünə çatmadığı üçün yeməyə yararsızdır. Həmin balıqlar 7-8 yaşında kürü verməyə başlayır. Xəzərdə, xüsusilə onun Azərbaycana aid hissəsində tutulan balıqlardan alınan qara kürününsə, deyilənlərə görə, əvəzi yoxdur. Fransada, İngiltərədə və digər Avropa ölkələrində onun 1 kiloqramı 15 min ABŞ dolları civarındadır. Deməli, bu sahəyə daha ciddi və təsərrüfatçılıqla yanaşsaq, ondan yaxşı gəlir götürmək olar. Biz isə oturduğumuz budağı öz əlimizlə baltalayır, tamahımızla bacara bilmirik. Sovet dövründə yazda kürütökmə vaxtı təxminən 2 ay balıq ovuna icazə verilmir və bu işə ciddi nəzarət olunurdu. Bu, müxtəlif növ balıqların təbii yolla törəyib artmasına imkan yaradırdı. Balıq ovu ilə əlaqədar ən çoxu 5-6 ilə qayda-qanun yarada bilsək, sonradan istədiyimiz qədər bu əvəzsiz nemətlə özümüzü təmin edərik. Üstəlik, xarici ölkələrə də sata bilərik. Ərazilərdəki su polisi, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları bununla əlaqədar işlərində ciddi dönüş yaratmalıdırlar.

Köçəri quşların timsalında da yaşadığımız planetin hamımıza mənsub olduğunu bir daha aydın görmək olur. Bu quşlar Şimaldan qışlamaq üçün üzü Cənuba, o cümlədən respublikamızın ərazisindəki qoruqlara, müxtəlif sututarlara, göllərə pənah gətirirlər. Bir neçə il əvvəl çöl quşlarının ovuna icazə veriləndə şənbə və ya bazar günü qoşalüləni götürüb təbiətin qoynuna çıxardıq. Bu, ən yaxşı istirahətdir. "Quş qripi" ilə əlaqədar artıq 5 ildir belə ləzzətdən məhrumuq. Onu da deyim ki, o vaxtlar bəzi insafsız ovçular tərəfindən qayda-qanunun pozulduğunu da az görməmişik. "Güllə atmayınız qu quşlarına" şeirimdə belələrinə etirazımı bildirmişəm:

 

Elə bil mələkdir, göydən enibdir,

Təzə gəlin kimi geyinibdir.

Müqəddəs varlığa, sanki, dönübdür,

Güllə atmayınız qu quşlarına.

 

* * *

 

Məskəni saf sular, sonalı göllər,

Qışda qışlamağa bu yurda gələr.

İnsanı özünə o, həmdəm bilər,

Güllə atmayınız qu quşlarına.

 

* * *

 

Vəfalı olarlar biri-birinə,

Dözməz biri uça, biri sürünə.

Baxıb təbiətin möcüzəsinə,

Güllə atmayınız qu quşlarına.

 

Beləliklə, biz "Mən varam, dünya var, mən yoxam, dünya yoxdur" prinsipi ilə yaşamamalı, dünyamızı gələcək nəsillərə tarazlı, təmiz, səliqə-sahmanlı ötürməliyik.

 

 

Seyran CAVADOV

 

Azərbaycan.- 2010.- 14  mart.- S.  5.