Duz-çörək müqəddəsliyi
Ulu Tanrının xəlq etdiyi bəndələrinə töhfələri arasında duz və çörək xüsusi yer tutur və müqəddəslik nümunəsi sayılır. Xörək duzu bəşər övladına çox qədimlərdən məlumdur. İnsanın onunla tanışlığının tarixi yeddi min ildən çoxdur. Dünyanın ədəbi abidələrindən hesab olunan "İliada"nın və "Odisseya"nın müəllifi, qədim yunan şairi Homer duzu müqəddəs substansiya, yəni, bütün cisimlərin və hadisələrin ilk əsasını təşkil edən maddə adlandırmışdır.
Qədim yunan filosofu Platon isə demişdir ki, duz allahların xüsusi qiymətləndirdiyi maddədir. Duza dini mərasimlərdə, ayrı-ayrı şəxslər və dövlətlər arasında müqavilələr bağlanan zaman xüsusi önəm verilmişdir. Bu kimi hallar bütün dövrlərdə və ölkələrdə baş verdiyindən onları bütün bəşəriyyət üçün ümumi sayılan ənənələr hesab etmək olar.
Xristianlıqda duz uzunömürlük, sarsılmazlıq və müdrikliklə əlaqələndirilir.
Britaniyalılar çörəksiz birtəhər keçinə bilsələr də, təzə evə duzsuz gəlmirdilər.
Sadiqlik və
dostluq duz ilə təsdiqlənirdi. Ona görə ki, duz həmişə
dəyişməz qalır, hətta suda həll edildikdən və
duz məhlulu şəklində buxarlandırıldıqdan
sonra qabın dibinə yenə də kub kristalları şəklində
çökür. Bu, duzun dəyişməz olduğundan xəbər
verir.
Katolik kilsəsində
körpəni xaç suyuna salan zaman ağzına duz da
qoyurdular.
Hind əsgərləri komandirləri qarşısında duza and içirdilər. İslam aləmində duzun dəyişməzliyini əsas tutaraq sazişləri duzla təsdiq edirdilər.
Qədim və müasir yəhudilərdə duz Allah ilə İsrail arasında sarsılmaz əlaqə rəmzi sayılır. İslam dinində çörək Allah sovqatı sayıldığından onun duza batırılıb yeyilməsi çörəyin qorunması, bu isə Tanrı və Onun təbəələri arasında birliyin olması deməkdir.
Ənənəvi yapon teatrlarında aktyorları şər qüvvələrdən hifz etmək üçün hər bir növbəti tamaşa zamanı səhnəyə duz səpirlər. Həm müsəlmanlar, həm də yəhudilər duzun adamları göz-nəzərdən qoruduğuna inanırlar. Təzə doğulmuş körpəni xata-bəladan qorumaq üçün bədəninə duz sürtülməsi halları da mövcud olmuşdur. Anadan təzə olmuş çağaları cadu nəticəsində gələn xətər-bəladan qorumaq üçün duzlu suya salmaq, yaxud dilinin altına duz qoymaq adəti xaç suyuna salmaq adətindən çox qədimdir.
Avropanın bəzi ölkələrində, xüsusilə də Hollandiyada çağaların beşiklərinə duz qoyurlar.
Duzu çox vaxt məhsuldarlıqla əlaqələndirirdilər. İnsanlar müşahidələri nəticəsində müəyyənləşdirmişdilər ki, şor sulu dənizdə yaşayan balıqlar yer üzərində yaşayan heyvanlara nisbətən daha çox törəyib artırlar. Duz yükü daşıyan gəmilərdə siçanların sürətlə artması adamlarda yüz illər ərzində belə bir fikir yaratmışdı ki, siçanlar cinsi yolla yox, duzda qalmaq nəticəsində çoxalırlar.
Pireneylərdə gəlin və adaxlı oğlan sonsuz qalmamaqdan ötrü kəbin kəsdirməyə sol ciblərinə duz qoyub gedirdilər. Fransanın bəzi bölgələrində duzu yalnız adaxlı oğlan, digər bölgələrində isə nişanlı qız aparırdı. Almaniyada gəlinin ayaqqabısının içinə duz səpirdilər.
Qədim yunan və Roma mütəfəkkirləri duzu yüksək qiymətləndirir və yazırdılar ki, bu maddə çörəkdən savayı bütün qidaları əvəz edə bilər. Onu "Tanrı sovqatı" adlandırırdılar. Dini kitablarda duz sədaqət, müqəddəslik, saflıq, allahlarla xalqlar arasında birlik rəmzi kimi dəyərləndirilir. Qədim tevtonlar (german dil qruplarında danışan qəbilələr) andiçmə zamanı barmaqlarını duz qabına salırdılar. Ərəb və türk qəbilələri duz doldurulmuş qabın üzərində saziş bağlayır və sonda ağızlarına bir çimdik duz qoyurdular.
Efiopiyada duz indiyədək də dostluq rəmzi sayılır. İki efiopiyalı dost rastlaşdıqda ciblərindən duz parçaları çıxarıb yalamaq üçün bir-birinə verir. Bundan imtina etmək dostun öz dostuna xəyanəti, dostun ömür boyu itirilməsi deməkdir.
Qədim Romada hər gələn qonağa dostluq nişanəsi kimi duz hədiyyə edirdilər. Həyatın okean sularında yarandığını çoxları bilir. Buna görə də duz insanın, heyvanların və bitkilərin qidalanma mənbəyidir. İnsan orqanizminin bütün mayesində (göz yaşında, tərdə, öddə, qanda, plazmada) duz vardır. İnsan qanı öz tərkibinə görə dəniz suyuna çox yaxındır. Dəniz suyunda Mendeleyev cədvəlindəki əsas kimyəvi elementlərin (qazlar istisna edilməklə) hamısından var. Bu isə 84 elementin və 200 kimyəvi birləşmənin olması deməkdir. Duz insan orqanizminə natural, təmizlənmiş halda daxil olanda asanlıqla mənimsənilir və müsbət təsir göstərir. Duz makrobiotikada (yunan dilindən tərcüməsi "uzunömürlük texnikası" deməkdir) ümumiyyətlə mühüm qida elementidir.
Efiopiyada bir vaxtlar "duz
pullar" dəbdə idi. Çəkisi yarım kilo gələn
brusşəkilli həmin "pullar" daş duzdan
hazırlanırdı. Afrikada hazırda da "o, yeməyinə
duz vurur", yəni, "o, zəngin adamdır" ifadəsi
işlədilir.
Vaxtilə Çində duz
pulların olmasından söz açan məşhur italyan səyyah
Marko Polo onların necə hazırlanmasını belə təsvir
edir: "Duzlu suyu böyük tiyanlarda qatılaşana qədər
qaynadır, sonra kiçik paylara ayırıb üstünə
imperatorun möhürünü vururlar. Duz pulların metal
pullara oxşaması üçün onları kürədə
bişirirlər".
Orta əsrlərdə bir
sıra Avropa şəhərlərində vergiləri duzla
ödəyirdilər.
Qədim Romada əsgərlərə
pul əvəzinə verilən duz "sol"
adlanırdı. "Sol" latın dilində "günəş"
deməkdir. İtaliyada xırda pul "soldi", Fransada
"solid" adlanırdı. Fransız sözü
"saler" "əməkhaqqı" mənasını
verirdi. Ola bilsin ki, "soldat" sözü "saler"
sözündən törənmişdir. İngilis sözü
"salary", yəni, "əməkhaqqı", özəl
telekanallarda geniş vüsət almış restoran yeməklərinin
hazırlanması zamanı çox tez-tez xatırladılan
"salat" sözləri latınca "sal", yəni
"duz" sözlərindən törənmişdir.
Romalılar göyərtini duza qoymağı
xoşlayırdılar...
Qədim yunan dilində duza
"qall" deyirdilər. Xırda alman pulu "qaller",
yaxud "geller" qədim zamanlarda duzdan
hazırlanırdı.
Bəzi tarixçilər
sübut etməyə çalışırlar ki, yemək
hazırlanmasında duzdan istifadə edilməsi
sivilizasiyanın inkişafına təkan vermişdir. Məhsulların
duzun köməyi ilə uzun müddət saxlanılması
üsulu uzaq dəniz səfərlərinin baş tutmasına,
yeni qitələrin kəşf olunmasına və dünya
haqqında təsəvvürlərin genişlənməsinə
imkan vermişdir.
ABŞ-da nəşr
olunmuş "Duzun yüz bir tətbiq üsulu"
kitabçasında bu möcüzəli maddənin
bişirilmiş tərəvəzin öz rəngini
saxlaması, dondurmanın soyuq saxlanması, qaynayan suyun daha
çox istilik ayırması, pasın və paltardakı ləkənin
təmizlənməsi, alovlanan yağın söndürülməsi,
dərilmiş güllərin uzun müddət tər-təzə
qalması, eyni zamanda tibbi məqsədlərlə işlədilməsi
məsləhət görülmüşdür. Duzdan əczaçılıqda,
gübrə istehsalında, qarı tez əridən reagentlər,
habelə sabun bişirilməsində, suyun
yumşaldılması və parçaların boyanması
üçün maddələr hazırlanmasında geniş
istifadə olunur.
Duz insanın, habelə
bütün canlıların varlığı
üçün zəruri maddədir. Duz orqanizmdə su-duz
balansının tənzimlənməsində, natrium-kalium ion
mübadiləsində iştirak edir. İncə bioloji
mexanizmlər qanda və orqanizmin digər mayelərində
natrium xlor qatılığının sabitliyini qoruyub
saxlayır. Duzun hüceyrə daxilində və xaricində
qatılıq fərqi hüceyrəyə qida maddələrinin
daxil olması və həyat fəaliyyəti məhsullarının
kənarlaşdırılması üçün əsas
mexanizm hesab olunur. Duzun qatılığının
paylanması mexanizmi sinir impulslarının neyronlarla
generasiyasında və ötürülməsində istifadə
olunur.
Məlum olduğu kimi, duz
turşu və qələvi arasında gedən reaksiya nəticəsində
əmələ gələn maddədir. Havada qəfildən
alışıb yanmaq meyilli natrium metalı
öldürücü zəhərli qaz olan xlorla birləşəndə
xörək duzu natrium xlorid alınır. Bu maddə
dünyada yeməyə yararlı yeganə mineraldır.
Xloridlər qidanı həzmə
vermək və tənəffüs etmək üçün zəruri
maddələrdir. Orqanizmin özünün hasil edə bilmədiyi
natrium olmasaydı, hüceyrələr qida maddələri və
oksigenlə təmin edilə bilməzdi, sinir
impulslarını ötürmək imkanı sıfra enərdi,
əzələlər, o cümlədən ürək əzələləri
işləməzdi.
Yaşlı adamın bədənində
təqribən 250 qram duz vardır. Duz müxtəlif fizioloji
proseslərdə daim sərf olunur. Ona görə də duz
itkisinin yerini doldurmaq həyati zərurətdir. İsti iqlim
şəraitində yaşayan və fiziki əməklə məşğul
olan insan tərlə böyük miqdarda duz itirdiyinə
görə duza tələbatı da böyük olur. Buna
görə də hələ qədim zamanlardan qulların yeməyini
duzlu edirdilər. Həddindən artıq tər tökməyən
insan lazımi miqdarda duzu yediyi ətdən alır. Şərqi
Afrikada yaşayan masailər - köçəri maldar qəbilələri
duza olan tələbatlarını kəsilən heyvanın
qanını içməklə ödəyirlər.
Duzdakı xlor ionu mədə
şirəsi əmələ gəlməsi üçün əsas
materialdır. Orqanizmdə duz daim azlıq edəndə onun
yeri natrium xlorid çox olan sümük və əzələ
toxumalarının dağılması hesabına dolur. Orqanizmdə
xroniki duz çatışmazlığı, bir qayda olaraq,
çox vaxt ölümlə nəticələnir.
Maldarlıqla məşğul
olan xalqlar xalis duzdan istifadə etmirlər. Duza olan tələbatlarını
ət və süd məhsullarından istifadə yolu ilə,
bəzən də çiy ət yeməklə ödəyirlər.
Əkinçiliklə məşğul olan xalqlar əvvəllər
tərkibində natrium xlorid olmayan bitki mənşəli yeməklərlə
qidalanırdılar. Onlar duzun konservləşdirmə xassələrini
biləndən və yeməyə duz qatandan sonra əhvallarının
yaxşılaşdığına inanaraq onu qiymətli ərzaq
kimi dəyərləndirməyə
başlamışdılar. Duzun dadsız təamı dadlı
etmək, ərzaqları təzə saxlamaq qabiliyyəti
insanlarda heyranlıq doğururdu. İnsanlar duzu sevir, həm də
ondan qorxurdular. Ona görə qorxurdular ki, həyati qüvvə
verən duz həm də öldürücülük
xüsusiyyətinə malik idi. Axı şoran torpaqlarda və
duzlu suda bütün canlılar məhv olurdu. Tərkibi 99 faiz
natrium xloriddən ibarət olan duz insanın həyat fəaliyyəti
üçün zəruridir. Orqanizmdə duzun azlıq etməsi
insanın əqli qabiliyyətini zəiflədir, hərəkətlərində
süstlük yaradır. Duzun artıqlığı da
xoşagələn nəticə vermir. O, insanın çəkisinin
artmasına, oynaqların mütəhərrikliyinin
pozulmasına, arterial təzyiqin artmasına, ürək-damar xəstəliklərinin
çoxalmasına, böyrəklərin fəaliyyətinin
pisləşməsinə, kalsium mübadiləsinin
pozulmasına səbəb ola bilir. Orqanizmdəki artıq duz
göz xəstəliklərinə - gözdaxili təzyiqin
artmasına, kataraktanın inkişafına və göz
qapağının şişməsinə də səbəb
olur. Məlum olduğu kimi, duz orqanizmdəki suyun ifraz
olunmasına imkan vermir, onun böyük hissəsi piy
toxumalarında yığılıb qalır. Orqanizmdə duz
balansını qoruyub saxlamaq böyük məharət
sayılır. Ona görə ki, duz balansının qorunub
saxlanması toxumalarda və hüceyrələrdə maddələr
mübadiləsi üçün zəruri şərtdir. İnsana
sutka ərzində orta hesabla 10 qram duz kifayətdir. Həmin
miqdar duza heyvan mənşəli ərzaqlarda olan duz da daxildir.
Ona görə də gündə 5 qram duzdan istifadə edilməsi
kifayətdir. Arıqlamaq üçün bədənindəki
artıq suyu kənarlaşdırmaq istəyən hər bir kəs
duzun miqdarını bir qədər də azaltmalıdır. Şəhərlərdə
yaşayanların rasionuna daxil olan yarımfabrikatlarda və
konservlərdə onsuz da duzun miqdarı çoxdur. Sağlam
qida üzrə mütəxəssislərin bir çoxu hesab
edir ki, insanların qida məhsulları ilə aldıqları
duz onların həyat fəaliyyəti üçün kifayətdir.
Gün ərzində fizioloji proseslər üçün
lazım olduğundan çox miqdarda (bəzən 30-40 qram)
işlədilən duz artritin, sklerozun, böyrək
daşlarının, hipertoniyanın və digər xəstəliklərin
baş verməsi səbəblərindən birinə
çevrilir.
Duzdan düzgün istifadə
edilməsinə dair məlumatı da bilmək lazımdır.
Ət bulyonuna onun hazır olmasına 20 dəqiqə
qalmış duz tökülməlidir, balıq bulyonuna kəfi
yığıldıqdan sonra duz qatılmalıdır. Tərəvəz
yeməyinə duz onun bişməsinə 5-7 dəqiqə
qalmış tökülməlidir. Lobya, noxud duzlu suda pis
bişdiyindən qazanı ocağın üstündan
götürəndən 5 dəqiqə qabaq duzlayırlar. Qızardılmış
kartofa duzu bişəndən dərhal sonra qatırlar.
Çiy ət və balıq farşı bişirilməmişdən
qabaq duzlanmalıdır.
Məlumat üçün bildirək
ki, hər bir adamın il ərzində duz payı təqribən
5-6 kiloqramdır. Bu, ildə bütün bəşəriyyət
üçün 7 milyon ton (kimyəvi istehsal sahələri
üçün bir qədər də çox) təşkil
edir.
Duz bir çox kimya sənayesi
sahəsi üçün əsas xammaldır. Kaustik soda, xlorid
turşusu, metallik natrium, sintetik qətranlar və i.a. almaq
üçün istifadə olunur.
Naxçıvan Muxtar
Respublikasında Duzdağ deyilən və tükənməz
resursları olan çox qədim daş duz mədənləri
vardır. Onun qədimdən mövcud olan şaxtalarında
insanların hələ Daş dövrünün sonlarında
laylardan duz qopardıqları daş alətlər aşkar
edilmişdir. Duzdağ və Nehrəm yataqlarında
böyük duz ehtiyatları vardır. Duzdağda müxtəlif
xəstəliklərin müalicəsi üçün
xüsusi avadanlıqla təchiz olunmuş duz mağaraları
pasiyentlərin ixtiyarına verilmişdir.
Arif HÜSEYNOV
Azərbaycan.- 2010.- 14
mart.- S. 5.